Axar.az filologiya elmləri doktoru, professor Tərlan
Quliyevin "Kitabi-Dədəm Qorqud": Oğuznamə, yoxsa alban abidəsi?"
adlı yazısını təqdim edir:
"Dədə Qorqud kitabı"nın Drezden nüsxəsinin əlyazması üzərində
belə bir cümlə yazılıb: "Kitabı-Dədəm Qorqud
ala-lisani-taifeyi-Oğuzan". Bu cümlənin dəqiq tərcüməsi aşağıdakı
kimidir: "Oğuzlar tayfasının dilində Dədəm Qorqudun kitabı".
Gördüyümüz kimi, əlyazmanın üzərində yazılan bu cümlə bu kitabın
dəqiq şəkildə Oğuz dillərində yazıldığını bildirməklə yanaşı, içini
oxumadan belə, onun Oğuzlardan bəhs edəcəyini də güman etməyə əsas
verir. Burada isə biz hamıya adi görünən və hamının cavabını guya
çox yaxşı bildiyi bir sual vermək istəyirik: bəs Oğuzlar
kimlərdir?
Elmi ədəbiyyatın verdiyi məlumata görə, Oğuzlar eramızın VI-VIII
əsrlərində mövcud olmuş Göytürk xaqanlığı dövründə yaranmış
Orxon-Yenisey abidələrində adları ilk dəfə çəkilən türk
tayfalarından biridir. Sonralar IX-X əsrlərdə bu tayfalara Sırdərya
hövzəsi ətrafında təsadüf olunur ki, XI əsrdən sonrakı dövrlərdə də
bu tayfalar Səlcuq dövlətinin tərkibində daha geniş yer tutaraq,
bütün Yaxın Şərqə yürüşlər edirlər. Bəs, Göytürk xaqanlığı
dövründən öncə, eradan əvvəl I minillikdən eramızın V əsrinə qədər
mövcud olmuş Hun dövründə Oğuzlar kim olmuş və harada
yaşamışlar?
Bu suala isə müasir tarixşünaslıq elmi bir o qədər də dəqiq
cavab verə bilmir. Tarix elmi Hun dövründən bəhs edərkən, bu
dövlətin, bu tayfaların tərkibində digər tayfalarla yanaşı, bəzən
Oğuzların dədə-babalarının, əcdadlarının adlarını çəksələr də, yenə
də bu dövlətin tərkibində Oğuzların kim olduqları, onların bu
dövlətin tərkibində hansı rol oynadıqları və ümumiyyətlə, Oğuzların
bu zaman harada yaşadıqları bir o qədər də dəqiq bilinmir.
Doğrudur, son onilliklərdə Hun tayfalarının miladdan çox-çox
öncələrdən də Ön Asiyada yaşadıqları haqda bir sıra gözəl əsərlər
yazılsa da, amma yenə də bu fikirlər, hələ ki, elmdə son söz kimi
qəbul olunmur. Lakin artıq eramızın X-XI əsrlərindən etibarən
vəziyyət bir qədər dəyişir. Qeyd etdiyimiz kimi, Səlcuq dövlətinin
meydana gəlməsilə Oğuzların tarix səhnəsinə böyük qüvvə ilə
çıxmaları nəticəsində artıq Oğuzlar haqqında bir-birinin ardınca
məlumatlar verilməyə, əsərlər yazılmağa başlayır.
Belə ki, hamıya məlum olduğu kimi, bu məlumatların başında ilk
növbədə Mahmud Kaşğarinin "Divanü lüğət-it-türk" və Fəzlullah
Rəşidəddinin "Came ət-təvarix" əsərlərində verdikləri məlumatlar
dayanır. Daha sonralar Osmanlı, Qaraqoyunlu, Ağqoyunlu
dövlətlərinin yaranması nəticəsində Oğuzların-Türkmənlərin intibaha
yaxın bir hal yaşamaları ilə bağlı olaraq, bir-birinin ardınca
"Oğuznamə"lər meydana çıxır ki, bütün bunlar da nəhayət, demək olar
ki, XVII əsrdə Əbülqazi Bahadır xanın qələmə aldığı
"Şəcəreyi-tərakimə" əsəri ilə tamamlanır. Bütün bu əsərlərə -
bəzilərinin üzərində "Oğuznamə", bəzilərinin üzərində isə
"Oğuznamə" yazılmayan əsərlərin hər birinə baxsaq, bu əsərlərin heç
birinin əslində dastan olmayıb, müəyyən mənada, tarix kitabları,
Oğuzların, türklərin soy köklərindən, mifoloji düşüncələrindən,
tarixi şəxsiyyətlərindən, şəcərələrindən, hərbi yürüşlərindən bəhs
edən əsərlər olduğunu görərik. Bu mənada, bu əsərlər əsas etibarilə
Oğuzların tarixlərini, onların keçmişlərini qələmə aldıqları üçün
həqiqətən də "Oğuznamə" adını daşımağa tamamilə layiqdirlər. Lakin
yenə də Oğuzların intibah dövründə, təqribən, XV-XVI əsrlərdə
sonuncu dəfə üzü köçürülən, Oğuzların həyatından, məişətindən,
qəhrəmanlıqlarından, sevgilərindən, dünyagörüşlərindən bəhs edən
"Dədə Qorqud kitabı" da "Oğuznamə"dirmi?
Diqqətlə baxdıqda isə hələ yazıya alındığı zaman, bəzi boyları
"Oğuznamə" adlandırılan "Dədə Qorqud kitabı" ilə XI-XVII əsrlərdə
meydana çıxmış "Oğuznamə"lər arasında müəyyən fərqlərin olduğunu
görürük. Belə ki, XI-XVII əsrlərdə qələmə alınan "Oğuznamə"lərdə
Oğuzların tarixi kökləri, onların görkəmli şəxsiyyətləri,
dini-mifoloji düşüncələri haqqında bilavasitə əsər yazmaq qarşıya
bir məqsəd kimi qoyulursa, "Dədə Qorqud kitabı"nda biz bu məqsədi
görmürük. "Dədə Qorqud dastanları" sadəcə olaraq, Oğuzların müəyyən
bir dövr həyatlarından, məişətlərindən, qəhrəmanlıqlarından bəhs
edən əsərdir. "Oğuznamə"lərdə qoyulan məqsədlər "Dədə Qorqud
kitabı"nda da haradasa sezilirsə də, bizcə, bu da onu XV-XVI
əsrlərdə "Oğuznamə" kimi görmək istəyindən irəli gəlir.
Beləliklə, biz Oğuzlardan bəhs edən "Dədə Qorqud kitabı"nı
XI-XVII əsrlərdə yazılmış "Oğuznamə"lərlə eyniləşdirmir, sadəcə
olaraq, bu əsərin XV-XVI əsrlərdə "Oğuznamə"lər yarandığı zaman
"Oğuznamə"yə çevrildiyi fikrinin üstündə dururuq. Bizcə, "Dədə
Qorqud kitabı" XI əsrdən sonra yeni qüvvə ilə meydana çıxmış
Oğuzların deyil, daha qədim Oğuzların, Azərbaycan ərazisində ən
qədim zamanlardan, Azərbaycan tarixində Alban dövləti kimi yer
tutan, bu dövlətin təşəkkül zamanında Azərbaycanda yaşamış
Oğuzların həyatından bəhs edən bir əsərdir. Doğrudur,
qorqudşünaslıqda ara-sıra bu haqda da yazılıb. Amma bu deyilənləri
- "Dədə Qorqud kitabı"nı XI-XVII əsrlər arasında meydana çıxan
"Oğuznamə"lərlə tutuşdurmaqla yeni nəticələrə də gəlmək olar. Belə
ki, məsələn, biz "Dədə Qorqud kitabı"nda istər "Divanü
lüğət-it-türk"də, "Came ət-təvarix"də, "Şəcəreyi-tərakimə"də və
istərsə də başqa əsərlərdə gördüyümüz 24 Oğuz boyunun adına,
onların xüsusiyyətlərinə, adların izahlarına, bu boylardan çıxan
görkəmli şəxsiyyətlərin isimlərinə və digər xüsusiyyətlərə rast
gəlmirik. Sadəcə olaraq, "Kitab"ın müqəddiməsində Dədə Qorqudun
Bayat boyundan olduğu haqqında məlumat almaqla, Qayı boyunun adına
təsadüf edirik. Sonralar isə bütün "Kitab" boyu Qazanın da adına
daha çox Salur Qazan kimi rast gəlir, onun da Salur boyundan
olduğunu güman edirik. Deməli, "Dədə Qorqud kitabı"nda Dədə Qorqud
Oğuzları üçün Oğuzların sonralar "Divanü lüğət-it-türk"də, "Came
ət-təvarix"də, "Şəcəreyi-tərakəmə"də gördüyümüz 22-24 boyu artıq
keçmiş mərhələdir. Və hətta bu mənada, Oğuz tarixinin görkəmli
tədqiqatçısı Faruq Sümərin də "Oğuzlar" adlı əsərində yazdığı:
"Oğuzların 24 boydan ibarət olduqları haqda məlumatlar da XI əsrdən
qədimə getmir" fikri də özünü doğrultmur. Çünki Dədə Qorqud
Oğuzları Oğuz tarixində mühüm yer tutan 24 Oğuz tayfasını da demək
olar ki, öz içində, daxilində birləşdirir.
Məsələn, "Dədə Qorqud kitabı"nda öz əzəməti ilə təsvir olunan
Bayandır xan yəqin ki, hər hansı bir boyun, konkret şəkildə desək,
"Divanü lüğət-it-türk"də Oğuz tayfaları sırasında üçüncü yerdə adı
çəkilən, damğası verilən Bayandurlar boyunun yaradıcısı idi. Eyni
zamanda, məlum olduğu kimi, Qazan xan da atasının adının Ulaş
olmasına baxmayaraq, dastanda, adətən, Salur Qazan kimi xatırlanır.
Və hətta, "Qazan bəg oğlu Uruz bəgin tutsaq olduğu boy"da Burla
xatun Qazana "Salur bəgi, Salur görgi" kimi xitab edir. Deməli,
Qazan bəy də Salur boyunun bəyi, bu tayfanın başçısıdır.
Məlumdur ki, bu boyun da adı Mahmud Kaşğarinin "Divan"ında
Salğur boyu kimi qeyd olunmaqdadır. Hətta, maraqlıdır ki, bir yerdə
- "Basat Dəpəgözü öldürdüyü boyda" Basat Dəpəgözə soy soylayarkən,
Qazanın adını "Salur oğlu Qazan" kimi təqdim edir. Deməli, buradan
da bir daha Qazanın Salur boyunun başçısı olduğunu güman etmək
olar.
Beləliklə, bu faktların hamısı onu göstərir ki, əslində
sonralar, "Divanü lüğət-it-türk"də, "Came ət-təvarix"də,
"Şəcəreyi-tərakimə"də rast gəliyimiz boylar ilk növbədə, "Dədə
Qorqud" Oğuzları içərisində yaranmış, sonradan digər Oğuzların
arasında yayılmışdır. Bu faktı "Dədə Qorqud kitabı"ndan gətirilən
daha bariz bir nümunə ilə sübut etmək olar. Məsələn, "Qazan bəg
oğlu Uruz bəgin tutsaq olduğu" boyda belə bir cümlə var: "Anun
ardınca, görəlim, kimlər yetdi. Yigirmi dört boyun oxşayan Dəli
Tondaz yetdi. Anun ardınca bin qövm başları Dügər yetdi. Anun
ardınca bin Bəgdiz başları Əmən yetdi. Anun ardınca toquz qoca
başları Aruz yetdi. Saydıqımca oğuz bəgləri dükənsə olmaz".
Beləliklə, bu cümlələrə baxsaq, onlarda verilən digər
informasiyaları saf-çürük etmədən, bu cümlələrdə xatırlanan "bin
qövm başları Dügər"in sonralar Kaşğaridə verilən on səkkizinci boy
olan Tügərlər tayfasının başçısı, "bin Bəgdiz başları Əmən"in isə
yenə də Mahmud Kaşğaridə verilən səkkizinci boy olan Bügdüzlər
tayfasının başçısı olduğunu və bu tayfaların Qalın Oğuz içində
mövcud olduğunu deyə bilərik. Və eyni zamanda, bu
informasiyalardan, hətta bu tayfaların və bütövlükdə Qalın Oğuzun
əhalisinin sayını da güman etmək olar. Çünki "bin qövm başları, bin
Bəgdiz başları" dedikdə ən azı min nəsil, qohum-əqrəba, ailə
nəzərdə tutulur. Buradan da istər Dügərin, istərsə də Əmənin
başçılıq etdiyi tayfaların kiçik tayfalar deyil, öz ətrafında
minlərlə insanı birləşdirən tayfalar olduğu məlum olur.
"Dədə Qorqud kitabı"nda bu məlumatları oxuyarkən istər-istəməz
Mahmud Kaşğarinin verdiyi bir məlumat da yada düşür. Belə ki,
Mahmud Kaşğari 22 Oğuz boyunu sadaladıqdan sonra, yazır: " ...Bu
saydığım boylar kökdür. Bu kökdən bir sıra oymaqlar çıxmışdır.
Onları söyləmədim, sözü qısa kəsdim". Bu mənada, yuxarıdakı
cümlələrə bir daha nəzər saldıqda, Salur Qazanın dayısı Aruzun Daş
Oğuzun başçısı olduğunu bilsək də, yuxarıdakı informasiyada "toquz
qoca başları Aruz" ifadəsinin Oğuz boylarının oymaqlarına aid
olduğunu da güman etmək olar. Bizə elə gəlir ki, həm boylara, həm
oymaqlara aid belə nümunələri dastanı vərəqləməklə yenə də tapmaq
olar...
Eyni zamanda, biz "Qazılıq qoca oğlu Yegnək" boyunda üç yerdə
"24 sancaq bəgi" ifadəsinə, sonuncu – "İç oğuza Taş oğuz asi olub
Beyrək öldügi" boyunda isə üç yerdə "Üç Oq, Boz Oq" ifadələrinə
rast gəlirik. Deməli, "Dədə Qorqud" qəhrəmanlarının sonralar
Kaşğaridə, Fəzlullah Rəşidəddində, Əbülqazi xanda görəcəyimiz 22-24
Oğuz tayfalarından, Oğuzları əsasən iki yerə bölən "Üç oq, Boz oq"
bölgülərindən xəbərləri vardır. Çünki bizcə, ən azından "Dədə
Qorqud kitabı"nda rast gəldiyimiz "24 sancaq bəgi" ifadəsi təqribən
24 Oğuz tayfası, boyu bölgüsünə uyğun gəlir. Amma maraqlısı
burasındadır ki, "Dədə Qorqud kitabı"nda istər Dügər, Bəgdüz
tayfaları, istərsə də "24 sancaq bəgi" və "Üç Oq, Boz Oq" ifadələri
çox adi şəkildə deyilir və sakitcə üstündən keçilir. Və dediyimiz
kimi, Qalın Oğuz əsasən iki yerə, İç Oğuz və Taş Oğuz deyə
bölgülərə ayrılır. Sonda isə Taş Oğuz İç Oğuza asi olduqdan sonra
məğlub olarkən, Taş Oğuz bəgləri bir-bir Qazanın əlini öpərək, İç
Oğuza tabe olurlar. Bütün bunlar isə bizcə, "Kitab"ın özündən də
göründüyü kimi, "Kitab"da artıq Oğuz tayfa ittifaqının keyfiyyətcə
tamamilə yeni bir mərhələyə keçdiyini və yeni bir dövlətin, Alplar,
Alpanlar dövlətinin, Alban dövlətinin yarandığını açıq şəkildə
göstərir. Buna görə də "Kitab"da artıq ayrı-ayrı tayfaların
üzərində dayanılmır, onlar haqda geniş söhbət açılmır.
Bizcə, bu mənada "Dədə Qorqud Kitabı" Oğuz tayfalarının bir daha
birləşdiyi və Alban dövlətinin yarandığı dövrü əks etdirən
abidədir. Çünki dastandan gördüyümüz kimi, ən azından "Kitab"da
Oğuz tayfaları dəfələrlə Qalın Oğuz kimi xatırlansa da, artıq Qalın
Oğuzun başçısı Qazan xan "Oğuzlar başı Qazan" kimi deyil, "Basat
Dəpəgözü öldürdigi boyda" iki yerdə "Alplar başı Qazan", "Qazan bəg
oğlı Uruz bəgin tutsaq oldığı boyda" isə "Alpanlar başı Qazan" kimi
yad edilir.
(Ardı var)