Yuxarı

Üzüm dodağına dəyməyib... - Firəngiz

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üzüm dodağına dəyməyib... - Firəngiz

Axar.az gənc şair Firəngiz Əhmədovanın şeirlərini təqdim edir:

Sən gedəli

Böyük hərflə yaz adımı

Kiçilmişəm... sən gedəli.

Bir az yerə, bir az göyə

Çəkilmişəm... sən gedəli.

Kif tutan xəyalın mıxdan

asılıb, adın boyda.

Qasnaqlanan dodağımda

qalmısan dadın boyda.

Nişana gəlmişik tirtək,

Vurulduq... düşə bilmirik.

ələmi çürüyən pirtək,

Allahdan küsə bilmirik.

Duz tök bu naxoş ömrün,

Çaş düşən gözlərinə.

Gəl, döyüm başımı bir də,

Daş düşən dizlərinə.

Boyum çatmadı boyuna

Boyum çatmadı boyuna,

Eləcə izinə baxdım.

Sən büdrəyib yıxılan gün

Doyunca gözünə baxdım.

Gözünün yolları uzun,

Üzündən keçə bilmirəm.

Elə hey sənə gəlirəm,

Özümdən keçə bilmirəm.

Bu get-gəl çiling-ağacdır,

Atdın ürəyim yarıldı.

Mən səni görən günü

İti baxışım qırıldı.

İkiyə bölünən üzəm,

Teatrın gerbi kimi.

Film bitdi, pərdə enir

Adamların dərdi kimi.

Qanlı zəncir

Əsir üstümüzə payız küləyi,

Üzüm dodağına dəyməyib düşür.

Bu necə fəsildir gözümdə yox nəm,

Yağış kirpiyimi əyməyib düşür.

İzlərim saralmış payız yarpağı,

Düşür torpaq üstə, düşür daş üstə.

Günlərim üyüdür qara saçımı,

ələyir un kimi başımın üstə

Çırpıb həsrətini ocaq qaladım,

Qəhvədan suyunun cızıltısıtək.

Dodağım altında adını tez-tez

çəkirəm körpənin mızıltısıtək.

Külək pərdələrin tozun tökəcək

pəncərən açılsa... hələ bağlıdır.

Mənim ürəyimin şah damarına

Qanlı zəncir ilə adın bağlıdır

Necəsən?..

Necəsən, yağışlar yağırmı orda?

Güzgü baxışlarım çiliklənə də.

Yenə də qayğılar ağ yelkən açır,

Dalğalı saçını kədər döyəndə.

Başını qoyduğun diz yumşaqdırmı?

əyri qırışların döngələrində.

Sənin də gözünü yağış döyürmü,

Bir özgə adamın kölgələrində.

Əlini başının altına qoyub,

boş divan küncündə büzüşürsənmi?

Dodağın göynəyib, kösöv olanda,

əlinin üstüylə öpüşürsənmi?

Necəsən?.. mən belə, babat kimiyəm,

özümü atmışam boz toranlığa.

Sənin ciyərində alışan ağrı,

mənim günəşimdir, qus qaranlığa.

Tarix
2016.10.21 / 01:29
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

Paşinyan Bişkekdə ABŞ senatoru ilə TRİPP-i müzakirə etdi

ŞƏT-ə sədrlik bu ölkəyə keçdi

Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi

ŞƏT sammiti: 30-dan çox sənəd imzalandı

İlham Əliyev Pelleqrinini təbrik etdi

İlham Əliyev “Irıs Ordo” Konqres Mərkəzində... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla