Tanınmış türkoloq alim, filologiya elmləri doktoru,
professor Minəxanım Nuriyeva-Təkləli eşitdiyi, gördüyü və oxuduğu
maraqlı əhvalatları kiçik hekayətlər şəklində yazır.
Axar.az professorun xalq yazıçısı Yusif Səmədoğlu və xalq şairi
Vaqif Səmədoğlu ilə bağlı qələmə aldığı xatirə yazısını təqdim
edir:
Mənim qızlarım var, sən isə...
Şair İslam Səfərli Vaqif küçəsindəki "Yazıçılar Evi"ndə xalq
şairi Səməd Vurğunun oğlu Yusif Səmədoğlu ilə qonşu idi. O evdə
olan hər kəs bilir ki, təpə döşündə yerləşdiyindən mərtəbələr
həyətdən girəndə və ya küçədən girəndə düz gəlmirdi. Bunların da
evlərində mərtəbə fərqləri vardı: eyni evin alt və üst qatlarında
yaşayırdılar. Bir gün şair İslam evinə gələrkən mərtəbəni səhv
salıb, Yusifin qapısını döyür. Qapını ona açan Yusif də şairi qonaq
olaraq evə buraxır. İslam Səfərli isə elə bilir ki, öz evindədir.
Yusif Səmədoğlunu da evində müsafir sanaraq, onun əynindəki şorta
baxıb, özündən çıxır. "Bala, evimdə gənc qızlarım var, sən isə belə
gəzirsən, axı sən yaxşı bir kişinin oğlusan, eyib deyilmi?" -
deyir.
Eh, televizorda görmüşəm də...
Yusif Səmədoğlu yazıçı dostları ilə Misirdə yaradıcılıq
ezamiyyətində olarkən onlar qaydalara müvafiq olaraq bəlli bir
proqram üzrə gəzməli, görüşlər keçirməli, tədbirlərdə iştirak
etməli, əylənməli, istirahət etməli idilər. Lakin Yusif Səmədoğlu
bu məhdudiyyətlərə alışa bilmir, öz bildiyi şəkildə hərəkət etmək
istəyir. Həm də Misirin istisi onu təntidir, sərin hoteldə qalıb
dincəlməyi üstün tutur. Növbəti səfər Misir ehramlarına idi. Səhər
yeməyindən az sonra servis maşınlarına doluşub getməli idilər. Nə
qədər dilə tutsalar da, Yusif bəy tərpənmək istəmir. Axır yaxasını
onlardan qoparmaq üçün "eh, əl çəkin... televizorda görmüşəm də..."
- deyir.
Nazim Hikmətin tövsiyəsi
Yusif Moskvada Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olub
oxumağa başlayanda Səməd Vurğun sağ idi. Bu zaman şair onu Nazim
Hikmətlə də tanış etmişdi. Bir dəfə söhbət zamanı Nazim Hikmət
Yusifdən öz yazılarını hansı təxəllüslə yazacağını soruşur. Yusif
ona cavab verir ki, Yusif Vəkilov. Nazim Hikmət özünəməxsus
qətiyyətlə "Onda elə biləcəklər, russan. Atan böyük insandır, onun
adını özünə təxəllüs götür, ol Yusif Səmədoğlu", - deyir. Sonralar
ona baxaraq kiçik qardaşı Vaqif də həmin təxəllüsü götürür: Vaqif
Səmədoğlu.
Səməd Vurğun Stalin öləndə...
Yusif Səmədoğlu orta məktəbi qızıl medalla bitirir. Çoxdankı
arzusunu yerinə yetirməyin vaxtı çatmışdı: adı dillər əzbəri olan
Qorki adına Ədәbiyyat İnstitutunun tələbəsi olmaq, o binanın
qapısından içəri girmək, pilləkənlərini qalxmaq, divarları arasında
ədəbiyyat yolçuluğuna çıxan yüzlərlə müdavimə qaynayıb-qarışmaq.
Yusifin Ədəbiyyat İnstitutuna qəbul olunması evdə böyük sevinclə
qarşılandı. Hamıdan çox atası Səməd Vurğun sevinirdi.
Vaqif Səmədoğlu deyir:
- Atam Sәmәd Vurğunun ağlamasını iki dəfə görmüşәm: bir Stalin
ölәndә, bir dә Yusif Moskvada Әdәbiyyat İnstitutuna qәbul
olunanda.
İkisi də gəncəlidir axı...
Xalq şairi Vaqif Səmədoğlu xatırlayır: "Ədəbiyyat muzeyində
Nizaminin portretinin müzakirəsi gedir (bu, Nizaminin yubileyi
ərəfəsində 1940-cı illər olmalıdır). Hazır portret ciddi müzakirə
edilir. Hansı rəsm qəbul olunsa, demək, o, bundan sonra şairin
şəkli olaraq rəsmiləşəcək. Hamı öz fikrini deyir, bəzilərinin isə
söz demək xətrinə danışdığı görünür. Şair Zeynal Xəlil "Bu
portretlərdə nəqş olunan kişilər hamısı yaraşıqlıdır, amma nə
bilək, bəlkə, Nizami adidən adi bir çöhrəyə, xarici görünüşə malik
adam olub", - deyir.
Səməd Vurğun da yerdən məzəli-məzəli dillənir:
- Kişi düz deyir də, bəlkə, Nizami Gəncəvi elə Zeynala oxşayıb,
onun kimi qara, balacaboy olub – ikisi də gəncəlidir axı.