Payız gəldi, çoxdan uçubdu quşlar
Emin Sabitoğlunun "Payız gəldi" ("Payız gəldi, uçdu getdi
quşlar") mahnısını gənclik illərindən çox sevirəm. Özü də Xədicə
Abbasovanın ifasında. İmkan düşdükcə dinləyirəm. Amma bu mahnı indi
məndə tamam başqa bir ovqat yaradır. Elə bilirəm mahnıdakı sözlər
dəyişib: "Payız gəldi, çoxdan uçubdu quşlar" kimi oxunur …
İlk avtomat, ilk top səsindən diksinən quşlar qanadlarını geniş,
çox geniş açıb bacardıqları qədər uzaqlara uçub getdilər. Qorxdular
barıt qoxusunda boğulmaqdan. Ocağının istiliyini uzaqlarda tapa
bilməyən adamlar təki quşların da bəziləri yaxınlıqda özlərinə
müvəqqəti yuva qurdular. Ara sakitləşən kimi güllədən yayınmaq üçün
lap hündürdən uçaraq sərhədi keçib öz yurduna, dağılmış yuvasına
baxıb qayıdırlar. Quşlar bizdən xoşbəxtdirlər.
Hərəkət edə bilən bütün canlılar tərk etdi o yerləri. Ağaclar,
kollar, torpaqlar, dağlar… qaldı. Demək, onlar torpağa bizdən daha
çox bağlıdılar.
Ayrılıqdan, xiffətdən ağacların yarpaqları saraldı. Dağlar
bozardı. Ağappaq ağaran evlərin yerə sərilən daşları nəm çəkdi.
Dəyişdi rəngi. Lalələr də dərd çəkdiyindən üstündəki qara xalı
qırmızı rəngindən böyük görsəndi. Nişangah kimi.
Qarabağa hər mənada payız gəldi. Qarabağın baharı sonbahara
döndü.
Daha oraların narı qızarmır. Qoz da qabıqdan gecələr düşür.
Qorxur səsi eşidilər, tutular atəşə.
Ağacların yarpaqları payız yarpaqlarının başqa rəng çalarlarını
da almır. Saralıb tökülən yarpaqların üstünə qara buludlar göz yaşı
tökür. İsladır. İsladır ki, külək əsəndə xışıltı səsi salmasın.
Adam yox üstündə yeriyə…
Tutu araq dadır. Arxından hələ də qan axır. Buralarda qızaran
ancaq qan rəngidir.
Lal bir sükut var. Gecələr ancaq atəş səslərinin pozduğu lal-ölü
bir sükut.
Cığırlar dərddən üzülüb. Dəli olmuş külək izləri itirib.
Saralmış otlar, kol-koslar qapayıb yolların üzünü. Pas atmış
dəmiryol relsləri sarala bilən nə varsa, onların arasında ard-arda
düzülmüş ilan sürüsü kimi qaralır. Üzüqoylu uzanmış künbəz
sınıq-sökük baş daşlarını qucaqlayıb ağı deyir. Dağlar, dərələr
bizim yerimizə çəkdiyi xəcalətdən kiçilib. Təpələr düzən olub,
düzəni çala yerdə.
Qarabağın payızına payız gəlib.
O yerlərə öz istəyilə ancaq payızla qış gəlir. Özü də daha sərt.
İlımlı heç nə yoxdur orda. Bu dərdə dözə bilməyib infark keçirən
torpağın sinəsi cadar-cadardı.
Bulud bu yerlərin üstünü kabus kimi alıb. Yağış balasını itirmiş
ana təki aramsız göz yaşı tökür. Qəmin, kədərin göz yaşı duzlu
olduğundan düşdüyü yeri sapsarı saraldır.
Hər dəfə soyuqlar başlayanda; yağış, qar yağanda mənə elə gəlir
ki, oralar da mənim kimi üşüyür. O yerlərə yağan yağış, qar sanki
içimə yağır. Əsim-əsim əsirəm. Titrədirəm.
O yerlər soyuqdan daha çox yiyəsizlikdən üşüyür. Yetim kimi.
Atılmış kimi...
Göynərtisi sinəmizi göynədən, acısı yuxumuzu ərşə çəkdirən bu
həsrət üzəcək bizi. Torpaq, dağ qarışıq.
Payız ömürlü yurdun durnalara qoşulub gedən quşları biz gələn
yazı gözləyir. O yerlərə bahar, yaşıllıq sevincin şirin göz
yaşlarıyla gələcək.
Həsrətə rəng qatmaq lazımdır. Yaşıl rəng sarı ilə mavinin
qarışığından alınır. Sarı ümid, mavi isə azadlıq rəngidir.
Azadlığa olan Umid Qarabağa yaşıllıq, həyat gətirəcək…