Moskvanın "Politiçeskaya ensiklopediya" nəşriyyatında
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı, Əməkdar
Jurnalist Elmira Axundovanın "İlham Əliyev. Prezidentin portreti
dəyişikliklər fonunda" ("Ильхам Алиев. Портрет президента на фоне
перемен") kitabı rus dilində çapdan çıxıb.
Axar.az xəbər verir ki, nəfis tərtib olunmuş kitabda tanınmış
yazıçı-publisist Elmira Axundova postsovet məkanının ən praqmatik
siyasi xadimlərindən biri İlham Əliyev haqqında faktlar və
materiallar əsasında açıq və inandırıcı şəkildə, sadə və aydın
dildə söhbət açır, onun uğur fenomenini təhlil edir. Müəllif
"Uğurlu, nüfuzlu şəxsiyyət, prezident olmaq üçün nə etmək
lazımdır?", "Xalqın lideri missiyası nədir?" suallarına cavab
axtarır.
Açıq mənbələrdən götürülmüş sənədlərdən, müəllifin Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevi və Prezident İlham Əliyevi
əhatə edən adamlardan şəxsən aldığı nadir müsahibələrdən istifadə
olunmuş kitabda toplanmış faktlar, hadisələr və rəylər Azərbaycan
Prezidenti haqqında geniş məlumat verir.
Kitabın əvvəlində Elmira Axundova AZƏRTAC-ın fotoarxivindən
təqdim olunan fotomateriallara görə agentliyin baş direktoru Aslan
Aslanova təşəkkürünü bildirib.
Müəllif xalqının gələcəyi naminə öz üzərinə böyük məsuliyyət
götürmüş müasir Azərbaycanın liderinin hakimiyyətə gəldiyi şəraiti
təhlil edir.
Ailə kiçik dövlətdir
Şəxsiyyətin dünyaya baxışının, mənəvi dəyərlərinin
formalaşmasında əsas məsuliyyət məhz valideynlərin üzərinə düşür.
Müəllifin yazdığı kimi, gələcək prezidentin valideynləri – Heydər
Əliyev və Zərifə Əliyeva dahi insanlar idi. Yüksək vəzifə,
şan-şöhrət sahibi olmalarına baxmayaraq, onlar olduqca sadə,
təvazökar, səmimi idilər. E.Axundova yazır: "Bir çox xüsusiyyətləri
ona valideynlərindən irsən keçib. Ancaq tərbiyənin də rolu az
deyil. Onlar övladlarını, ilk növbədə, şəxsi nümunələri ilə tərbiyə
edirdilər. Valideynlərinin əsas öyüdünü – həmişə, hər şəraitdə
insanlığını itirməmək təlimini gələcək prezident yaxşı
mənimsəmişdi". Elə ailəyə, yaxınlarına, xalqına sevgi də Heydər
Əliyevin və Zərifə Əliyevanın övladlarına aşıladıqları başlıca
örnəkdir. Müsahibələrinin birində dövlət başçısı ailəsindən müsbət
enerji aldığını, ailəsi ilə fəxr etdiyini deyir: "Axşam evə
gələndə, əgər heç bir fövqəladə hal, zəng olmursa, artıq
onilliklərdir məni əhatə edən tamamilə başqa mühitə- ailə mühitinə
düşürəm".
Müəllifin fikrincə, Prezidentin şəxsiyyətini daha dəqiq onun
xanımı Mehriban Əliyeva səciyyələndirib: "O, heç zaman dəyişmir və
ətrafında səmimilik və xeyirxahlıq mühiti yarada bilir. Pafosluq və
sünilik onun xarakterinə yaddır. Buna görə də tamamilə fərqli
insanlar onunla ünsiyyətə can atırlar. İlham hər zaman öz
prinsiplərinə və ideallarına sadiqdir. İşində, Vətənə xidmətdə heç
bir kompromisə və sövdələşməyə getmir. Ölkənin və xalqın mənafeyi
onun üçün sözsüz prioritetdir".
Çətin yolun başlanğıcı
Müəllif İlham Əliyevin keçmiş SSRİ-nin ən nüfuzlu ali
məktəblərindən birində - Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunda (MDBMİ) təhsil aldığı illərdən, müəllimləri və tələbə
yoldaşları, artıq sonralar, bu ali məktəbdə mühazirələr oxuduğu
dövrdə tələbələri ilə münasibətlərindən yazır. MDBMİ-nin
əməkdaşlarından biri Raisa Polevaya İlham Əliyevi belə xatırlayır:
"Hələ 1970-ci illərdən tanıdığım İlham Əliyev parlaq şəxsiyyətlər
sırasında xüsusi yer tutur. O, qeyri-adi şəxsiyyətdir. İlham
Əliyevin tələbələrə, əməkdaşlara, müəllimlərə olduqca xeyirxah
münasibəti bizi bir qədər təəccübləndirirdi. Özünüz də başa
düşürsünüz ki, institutumuz adi ali məktəb deyil, burada elitar
ailələrin övladları təhsil alırdı. İlham Əliyev bütün tələbələrdən
seçilirdi".
Gələcək prezidentin hələ gənc yaşlarından taleyin bir-birinin
ardınca vurduğu zərbələrə mətinliklə sinə gərdiyini vurğulayan
Elmira Axundova yazır ki, İlham Əliyev hələ gənc yaşlarından
zərbələri dəf etməyi öyrənmişdi. Həyat onu heç də həmişə
əzizləməyib. Əliyevlər ailəsi XX əsrin 80-ci illərinin ikinci
yarısında böyük sarsıntılarla üzləşdi. İlham Əliyev 24 yaşında ən
əziz adamını – anasını itirdi. Heydər Əliyevin səhhətində ciddi
problemlər yarandı və bunun ardınca da o, vəzifəsindən istefa
verməli oldu. İlham Əliyev bu zərbələrə də ləyaqətlə sinə
gərib.
Sonrakı illər Azərbaycan xalqının təkidi ilə Heydər Əliyevin
hakimiyyətə qayıdışı və ölkədə bütün sahələrdə dirçəliş dövrü ilə
əlamətdardır. Müəllif yazır ki, Azərbaycanın darmadağın,
parçalanmış, müharibələrdən və təzyiqlərdən yorulmuş bir dövründə
Heydər Əliyevə sədaqətli komanda lazım idi. Bu komandada əsas
mövqelərdən biri – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
vitse-prezidenti vəzifəsi İlham Əliyevə həvalə olundu. O zaman neft
şirkətinin prezidenti işləmiş Natiq Əliyev müsahibələrindən birində
deyir: "Bilirsiniz, məndən İlham Əliyev haqqında soruşanda onun
daim Heydər Əliyevin yanında olmasını yada salıram. Bu isə hər bir
siyasətçi üçün ən yaxşı məktəbdir".
Yeni nəslin lideri
Ulu öndər Heydər Əliyevin vəfatından sonra onun rəhbərliyi
dövründə artıq sürətli inkişaf kursu götürmüş Azərbaycanın bu yola
sadiq qalacaq güclü, ziyalı, uzaqgörən liderə ehtiyacı var idi.
Elmira Axundova yazır ki, prezident seçkilərində İlham Əliyevin
namizədliyinin həm Azərbaycan xalqı, həm də dünya və region
ölkələrinin aparıcı siyasətçiləri tərəfindən dəstəklənməsi Heydər
Əliyevin seçimində yanılmadığını göstərdi, çünki regionun əsas
siyasətçiləri və çoxsaylı əcnəbi investorlar üçün İlham Əliyevin
Prezidentin oğlu olması faktı önəmli deyildi. Azərbaycanın siyasi
və iqtisadi kursunun ardıcıllığı onlar üçün daha vacib idi.
Əlbəttə, bu, mühüm amil idi. Ancaq başlıca amil hakim partiyanın
yeni nəslinə məxsus parlaq namizədin - İlham Əliyevin şəxsiyyəti
idi.
Müəllifin fikrincə, ölkənin yeni liderinin qarşısında artıq
fərqli vəzifələr dururdu: "İndi ölkəni tənəzzüldən çıxarmaq, normal
inkişaf relsinə qoymaq deyil, gələcəyə sıçrayış etmək,
iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qaldırmaq, cəmiyyəti XXI
əsrin çağırışlarına uyğun yenidən qurmaq lazım idi".
Elmira Axundova Azərbaycan dövlətinin başçısının hakimiyyət
fenomenini, ölkəmizin sosial modelinin formalaşması prosesini
təhlil edərək iqtidarın sosialyönümlü layihələri, vətəndaş
birliyinin və sabitliyin əsaslarından olan multikulturalizm
ənənələrinin qorunması və inkişafı, idman sahəsində əldə olunan
nailiyyətləri mühüm amil kimi önə çəkir. Müəllif yazır: "Müasir
Azərbaycan ən cəsarətli arzuların və möhtəşəm layihələrin həyata
keçirildiyi coğrafi məkandır. Özü də bu işlər ardıcıl, dəqiq qrafik
üzrə görülür. Uğurun sirri ondadır ki, respublikada ən müxtəlif
istiqamətlərdə dəqiq, elmi-nəzəri, iqtisadi təmələ əsaslanan
modernləşmə strategiyası işlənib hazırlanıb. Bu strategiyada sosial
prioritetlər – insan, onun rifahı, sosial müdafiəsi, gələcəyi ön
sıradadır".
Kitabda Prezidentin daxili və xarici, hərbi, sənaye, mədəniyyət,
idman, multikulturalizm və informasiya sahələrində siyasətinin ən
müxtəlif aspektləri təhlil edilir.
Son söz əvəzi
Kitabın sonunda Elmira Axundova oxucularına müraciətlə yazır:
"Siz məndən soruşa bilərsiniz: məgər respublikada problem qalmayıb?
Əlbəttə, problemlər var, onlardan qaçmaq çətindir. Ancaq bu,
inkişafdan doğan problemlərdir. Ölkənin inkişaf dinamikası göz
qabağındadır və İlham Əliyev o qədər müasir və səmərəli işləyir ki,
bir çox problemlər yeni işlərin, təşəbbüslərin axarında əriyir,
keçmişə çevrilir".
Müəllifin Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin "İkili standartların dünya nizamı və
müasir Azərbaycan" məqaləsindən gətirdiyi sitatda İlham Əliyevin
Azərbaycanın ən yeni tarixində rolu belə müəyyənləşdirilir:
"Prezident İlham Əliyevin öz qurucu fəaliyyətində əsaslandığı
innovasiyalı inkişaf konsepsiyası ölkənin modernləşməsi, postsənaye
cəmiyyəti quruculuğu proqramında müstəsna rol oynayır. Dövlətimizin
başçısı sosial-iqtisadi xarakterli mühüm təşəbbüsləri bir-birinin
ardınca həyata keçirməklə öz müasirlərində fəaliyyət əzmini
coşdurmağa, layiqli gələcəyin möhkəm əsaslarını qurmaq üçün
həmfikirlərini arxasınca aparmağa nail oldu. O, xalqa verdiyi
sözünün üstündə durdu. Quruculuq sərhədlərini ilbəil genişləndirən
nəhəng islahatlar proqramının xalqa faydası göz qabağındadır".
Rusiyada geniş oxucu kütləsi Elmira Axundovanın "İlham Əliyev.
Prezidentin portreti dəyişikliklər fonunda" kitabını Moskvanın və
Sankt-Peterburqun bir çox kitab mağazalarından əldə edə bilər. Bu
ilin noyabr-dekabr aylarında kitab "Rosspen" nəşriyyatı tərəfindən
Moskva Mərkəzi Rəssamlar Evində keçiriləcək intellektual ədəbiyyat
yarmarkasında ən yaxşı nəşr kimi təqdim olunacaq.