1956-cı ilin noyabrında, iş otağı artilleriya atəşi ilə
yerlə-yeksan edilməmişdən bir az əvvəl Macarıstan Xəbər
Agentliyinin direktoru rusların Budapeştə soxulması barədə bütün
dünyaya ünvanlanmış ümidsizlik dolu müraciət göndərdi.
Mətn bu sözlərlə bitirdi:
"Biz Macarıstan və Avropa uğrunda ölürük".
Bu sözlər hansı mənaya gəlirdi? Şübhəsiz ki, bu, rus tanklarının
Macarıstana və bu yolla Avropaya təhdidi demək idi. Bəs bu təhdidin
Avropaya nə aidiyyəti vardı? Məgər rus tanklarının macar
sərhədlərini aşıb Qərbə istiqamətlənmək niyyəti vardı? Əsla, yox.
Macarıstan Xəbər Agentliyinin direktoru hesab edirdi ki,
Macarıstana hücum etməklə ruslar Avropaya hücum edib. O,
Macarıstanın Avropanın bir hissəsi kimi qalması uğrunda ölməyə
hazır idi.
Lakin bu ibarəli sözlərin mənası, zənnimcə, aydın olsa da, hələ
də bizdə müəmma oyadır. Həqiqətən də, istər Fransada, istərsə də
Amerikada adətən belə hesab edilir ki, yadellilərin ölkə ərazisinə
soxulması Macarıstanın və ya Avropanın varlığına yox, mövcud siyasi
rejimin varlığına təhlükə yaradır. Nə Amerikada, nə də Fransada heç
kim düşünmür ki, bu təhdid məhz Macarıstan dövlətinədir və yəqin
ki, heç kim başa düşmədi ki, ölümün üzünə baxan bir macar niyə
Avropaya müraciət edir. Məgər kommunist əsarətinə qarşı çıxış edən
Soljenitsın fundamental dəyərlər məcmusu kimi Avropayamı müraciət
edirdi? Yox. "Vətən və Avropa naminə ölümə getmək" – bu, nə
Moskvada, nə də Leninqradda heç kimin ağlına belə gəlməz. Ancaq
Budapeştdə və Varşavada məhz belə düşünəcəklər.
Bəs onda macarlar, çexlər, polyaklar üçün Avropa nə deməkdir?
Min illər boyu bu xalqlar özülü Roma xristianlığına söykənən
Avropaya mənsub olublar. Onların tarixi bilavasitə Avropa ilə
bağlıdır. "Avropa" onlar üçün coğrafi ərazidən çox mənəvi məfhum
olmaqla yanaşı, "Qərb" sözünün sinonimidir. Və əgər Macarıstan
Avropanın bir hissəsi olmaqdan məhrum olunursa, elə o andan Qərbin
də bir hissəsi olmur, deməli, öz tarixi keçmişindən, taleyindən
məhrum edilir və öz mahiyyətini itirir.
Atlantik okeandan Ural dağlarınadək uzanan "Cografi Avropa"
binayi-qədimdən hər biri müstəqil inkişaf edən iki hissəyə bölünüb:
onlardan biri antik Roma və katolik kilsəsi ilə bilavasitə qırılmaz
zəncirlərlə bağlı olub, digəri isə Bizans və pravoslav kilsəsindən.
1945-ci ildən sonra bu iki Avropa arasındakı sərhəd bir neçə yüz
kilometr qərbə tərəf yerini dəyişdi və günlərin birində özünü daim
Qərbə aid edən bir neçə millət artıq şərqdə olduqlarını dərk
etdilər. Nəticədə müharibədən sonra Avropanın üç hissəsində
müxtəlif şərait yarandı: Qərbi Avropa, Şərqi Avropa və mədəniyyəti
Qərbə aid olsa da, siyasi rejiminə görə Şərqə aid olan daha
təzadlı, coğrafi baxımdan mərkəzdə yerləşən hissə Mərkəzi
Avropa.
Mənim Mərkəzi Avropa adlandırdığım hissədə mövcud təzadlar son
otuz beş ildə baş verən dramatik hadisələrin nədən məhz bu ərazidə
baş verməsinə aydınlıq gətirməyə imkan yaradır: 1956-cı ilin böyük
macar üsyanı və onun qırğınla qana boyanması, 1968-ci ilin Praqa
baharı və Çexoslovakiyanın zəbt edilməsi, 1956, 1968, 1970-ci illər
və Polşadakı son hadisələr (Müstəqillik hərəkatı nəzərdə tutulur –
tərcüməçidən). "Coğrafi Avropada" – Qərbi və ya Şərqi – baş verən
heç bir hadisə öz dramatizmi, tarixə göstərdiyi nüfuz və
əhəmiyyətinə görə Mərkəzi Avropa dövlətlərində baş verən üsyanlarla
müqayisəyə belə gələ bilməz. Hər bir üsyan demək olar ki, bütün
əhali tərəfindən dəstəkləndi və rusların köməyi olmadan heç bir
rejim hakimiyyətdə üç saatdan artıq davam gətirə bilməzdi. Artıq
etiraf etməliyik ki, Praqada və ya Varşavada baş verənlər mahiyyət
etibarı ilə Şərqi Avropa ilə Sovet bloku və ya kommunizm arasındakı
faciənin təzahürü deyil. Bu, ümumilikdə Qərbin faciəsidir – onu
təhdid edirlər, onu sıxışdırırlar, beyinlərə təsir göstərməyə
çalışırlar, o isə əzmlə öz mahiyyətini qoruyur.
Xalqın və ya sivilizasiyanın özünüdərki və şüuru bizim
"mədəniyyət" adlandırdığımız məfhumda cəmlənir. Və bu şüur məhv
olma təhlükəsi ilə təhdid olunursa, bu halda mədəni həyatın
səmərəliliyi (intensivliyi) müvafiq olaraq artır, o daha böyük
əhəmiyyət kəsb etməyə başlayır, nəticədə milləti, xalqı birləşdirən
həyati vacib dəyərə çevrilir. Məhz bu səbəbdən Avropada baş verən
kütləvi iğtişaşlarla müqayisədə, Mərkəzi Avropa üsyanları zamanı
mədəni ənənələr və müasirlərin bədii yaradıcılığı əhəmiyyətli,
həlledici məna kəsb edibdir.
Məhz macar yazıçıları romantik şair Şandor Petöfinin şərəfinə
adlandırılmış dərnəkdə birləşərək rejimi güclü tənqid atəşinə
tutaraq 1956-cı ilin partlayışına zəmin yaratdılar. Məhz teatrın,
kinonun, bədii ədəbiyyatın, fəlsəfənin təsiri 1968-ci ilin Praqa
Baharı ilə nəticələndi. Romantik şair Adam Mitskeviçin pyesinə
qoyulan qadağa 1968-ci ildə məşhur polşalı tələbələrin üsyanına
səbəb oldu. Mədəniyyətin və həyatın, yaradıcılığın və xalq
hərəkatının məsud ittifaqı Mərkəzi Avropa üsyanlarına o dövrdə
yaşamış hər bir kəsi məftun edən özünəməxsus cazibədarlıq bəxş
etmişdi.
Mənə deyə bilərlər ki, doğrudur, Mərkəzi Avropa ölkələri
təhlükəyə məruz qalmış özünəməxsusluqlarını qoruyurdular, lakin bu
heç də istisna kimi dəyərləndirilməməlidir. Rusiya özü də belə
vəziyyətdədir. O da özünəməxsusluğunu itirə bilər. Mübahisə
etməyəcəyəm, əlbəttə, millətləri öz kökündən ayıran Rusiya deyil,
kommunizmdir. Rus xalqı özü bunun ilk qurbanıdır. Rus dilinin sovet
imperiyasındakı digər xalqların dillərini sıxışdırıb boğmağının
səbəbi hamını "ruslaşdırmaq" deyil, sadəcə olaraq sovet
bürokratiyası millilikdən uzaq, antimilli, millilikdən üstün
olmaqla, bu ölkələri vahid şəklə salmağa ehtiyac duyur. Mən bu
məntiqi başa düşürəm. Mən hətta rusların sevimli vətənlərini iyrənc
kommunizmlə eyniləşdirmək təhlükəsindən qorxduqlarını da başa
düşürəm. Lakin iki dünya müharibəsi arasında, qısa zaman istisna
olmaqla, iki yüz il ərzində Rusiya tərəfindən işğal olunan və
amansızca ruslaşma siyasətinə məruz qalmış polşalıları da başa
düşmək vacibdir. Qərbin şərq sərhədi olan Mərkəzi Avropada rus
əzəmətindən qaynaqlanan təhlükəyə polşalılar kimi hamı xüsusən
həssasdır.
XIX əsrin çex siyasi dairələrin tipik nümayəndəsi və görkəmli
tarixçi Frantişek Palatski 1848-ci ildə Frankfurtun inqilabi
parlamentinə ünvanlanmış və sonralar geniş yayılmış məktub
yazmışdı. Bu məktubda o, Habsburqlar imperiyasının uzunmüddətli
varlığına Rusiyaya qarşı yeganə sipər olması ilə bəraət qazandırır
və bildirir ki, "Rusiya elə bir dövlətdir ki, hətta bu gün müdhiş
gücə sahib olsa da, yenə onu artırmaqla məşğuldur və istənilən
Avropa dövləti üçün yenilməz qüvvəyə çevrilib". Palatski xəbərdar
edirdi: Rusiya "ümumdünya monarxiyasına" çevrilmək istəyir, dünyaya
ağalıq etmək niyyətindədir. Palatski yazırdı: "Rusiya ümumdünya
monarxiyası yaransa, nəhəng, ağlasığmaz fəlakətə, müqayisə edilməz
və hüdudsuz bədbəxtliyə çevriləcək." Palatskinin fikrincə, Mərkəzi
Avropa güclü dövlətin himayəsi altında hər biri öz fərdiliyini
qoruyan, bir-birinə hörmətlə yanaşan bərabərhüquqlu xalqların
ailəsinə çevrilməlidir.
Bu, sonacan həyata keçirilməyən arzu hələ də öz cazibədarlığını
və qüvvəsini itirməyib. Mərkəzi Avropa daim çalışıb ki, çox da
böyük olmayan minimal ərazidə maksimum müxtəlifliyə nail olmaqla,
bütöv Avropada olduğu kimi, çeşidli mədəniyyətləri cəmləşdirib
balaca fövqəl-Avropaya çevrilsin. Buna görə də, tam əksinə,
maksimal ərazidə minimum rəngarənglik prinsipi ilə qurulmuş
Rusiyanı görəndə necə dəhşətə gəlməsinlər? Monolit,
mərkəzləşdirilmiş, imperiyaya daxil olan millətləri (ukraynalıları,
belorusları, litvalıları, latviyalıları və digərlərini) vahid rus
millətinə (və ya özlərinin dediyi kimi, "vahid sovet xalqına)
çevirməyə tuşlanmış Rusiyadan rəngarənglik şövqü ilə yoğrulmuş
Mərkəzi Avropa üçün yad və yabançı nə ola bilər?
Yaxşı bəs görəsən kommunizm rus tarixinin inkarı, yoxsa real
icrasıdır? Şübhəsiz ki, həm inkarı (məsələn, rusların dindarlığının
inkar etməsi), həm də real icrasıdır ( mərkəz-yönlü təmayüllərin
yaradılması və imperiya meylləri).
Rusiyada əsasən birinci aspekti – ənənələrin qırılmasını daha
vacib sayırlar. Əsarətdə olan ölkələrsə daha çox ikinci aspektə
–kommunizmin varisliyinə üstünlük verirlər.
Bəlkə mən Rusiyanı Avropaya qarşı qoymaqda ədalətsizlik edirəm?
Məgər Avropa bu gün qərbə-şərqə bölünsə də, antik Yunan və
yəhudi-xristian fəlsəfəsinin varisi olmaqla keçmişdəki kimi vahid
birlik deyilmi? Əlbəttə, belədir. Hətta bütün XIX əsr boyu Avropaya
məftun olmuş Rusiya oraya can atırdı. Rilke iddia edirdi ki, Rusiya
onun mənəvi vətənidir və əzəmətli rus romanları ümumavropa mədəni
irsinin ayrılmaz hissəsi olmaqla hamımıza böyük təsir göstəriblər.
Doğrudan da belədir. O dövrdə iki Avropanın mədəni yaxınlığı gözəl
və unudulmaz xatirələrdir. Lakin bu da acı həqiqətdir ki, kommunizm
Rusiyada köhnə anti-qərb fobiyaları oyatdı və kobudcasına Avropaya
qarşı yönəltdi.
Lakin mənim düşüncələrimin mövzusu Rusiya deyil və mən bu barədə
xüsusi biliklərə malik deyiləm, qorxuram ki, onun saysız-hesabsız
problemləri arasında itib-bataram. Mən sadəcə bir daha qeyd etmək
istəyirəm ki, Rusiya sadəcə Avropaya aid dövlət olsa da, Qərbin
şərq sərhədlərində yerləşən xüsusi mədəniyyətdir, fərqli
mədəniyyətdir.
Özünün "Doğma Avropa" əsərində Çeslav Miloş yazır:
"XVI və XVII əsrlərdə polşalılar ruslarla bütün sərhəd boyu
müharibələr aparıblar. Doğrusu, ruslar heç kəsi xüsusi
maraqlandırmırdı… Bu müharibələrdə polşalılar şərqdə yaşayış
olmayan geniş, boş sahələrlə üzləşdilər və bu onlarda Rusiya barədə
dünyanın axırı təsəvvürü yaratdı."
Kazimir Brandıs "Varşava gündəliyi"ndə bir polşalı yazıçının
Anna Axmatova ilə görüşməsi barədə yazır. Polşalı şikayət edir ki,
onun bütün əsərlərinə qadağa qoyulub.
Axmatova onun sözünü kəsir:
– Siz həbsdə olmusuz?
– Yox.
– Yəqin ki, sizi Yazıçılar İttifaqından xaric ediblər?
– Yox!
Axmatova təəccübünü gizlədə bilməyib:
– Bəs onda nədən şikayət edirsiz?
Brandıs qeyd edir:
"Bu, əsil rus təsəllisidir. Rusiyada baş verənlərdən sonra
onları heç nə qorxutmur. Lakin bu məntiq bizim üçün məqbul
sayılmır. Rusiyanın taleyi bizlər üçün yaddır, biz buna cavabdeh
deyilik. O bizi əzir, iztirab verir, lakin bizim taleyimiz
başqadır. Bunu rus ədəbiyyatı barədə də deyə bilərəm. O məni
qorxudur. Hətta indi Qoqolun bəzi əsərləri, Saltıkov-Şedrinin bütün
qələmə aldıqları məni sarsıdır, lərzəyə salır. Düzünə qalsa,
onların dünyasını tanımaq, hətta onun varlığını belə duymaq
istəməzdim."
Brandsın mülahizələri, əlbəttə ki, Qoqolun əhəmiyyətini inkar
etmir, əksinə onun əsərlərində əks olunan dünyanın yaratdığı
dəhşəti büruzə verir. Bu dünya, kifayət qədər aralı məsafədən
müşahidə etmək şərti ilə, bizi məftun və cəzb edir. Lakin oraya
daxil olan kimi başa düşürsən ki, bu nə qədər bizə yaddır. Doğrusu,
bizim dünyamızdan pis olduğunu iddia edə bilmərəm, lakin o
başqadır, fərqlidir: Rusiyada bədbəxtliyin miqyası (böyükdür),
məkanın obrazı (o qədər böyükdür ki, hətta millətlər itə bilir),
zaman hissi (yavaş və səbirli) başqadır, gülmək, yaşamaq və ölmək
tərzi fərqlidir. Məhz buna görə Mərkəzi Avropa ölkələri əmindirlər:
1945-ci ildən sonra baş vermiş hadisələr təkcə siyasi faciə deyil,
onların mədəniyyətinə hücum və təhdiddir. Buna görə də onların
müqavimətlərinin özülündə fərdi mahiyyətlərini və dolayısıyla qərbə
aid olduqlarını qorumaq uğrunda mübarizə durur.
Artıq Rusiya əsarəti altında olan dövlətlərin siyasi rejimləri
barədə heç bir illüziya qalmamışdır. Lakin biz onların yaşadığı
faciəni unuduruq: Qərbin siyasi xəritəsində bu dövlətlər yoxdur.
Bəs nədən onların "qeyb olması" diqqətdən yayındı? Hesab edirik ki,
səbəb elə Mərkəzi Avropadadır. Polyakların, çexlərin, slovakların,
macarların tarixi coşqulu və qarmaqarışıqlıqla zəngin olub. Böyük
Avropa dövlətlərindən fərqli olaraq, bunlarda dövlətçilik ənənələri
zəif və dayanaqsız olub. Rusiya və Almaniya arasında sıxışmış
Mərkəzi Avropa xalqları bütün qüvvələrini bir millət kimi sağ
qalmağa, ana dillərini qorumağa sərf ediblər. Onlar heç vaxt Avropa
cəmiyyətində mövqe sahibi olmayıb və Qərbin daim qəribə, başa
düşülməyən dillərlə pərdələnmiş naməlum, dayanıqsız hissəsi
olublar. Avstriya imperiyasının Mərkəzi Avropanı vahid, güclü bir
dövlətə çevirmək imkanı var idi. Lakin təəssüf ki, alman
millətçiliyi avstriyalılara Mərkəzi Avropa missiyasının icrasına
mane oldu. Onlar bərabərhüquqlu millətlər federasiyasını yarada
bilmədi və bu, bütün Avropanın faciəsinə çevrildi. Vəziyyətlərindən
narazı olan Mərkəzi Avropa xalqları 1918-ci ildə imperiyanı
daxildən dağıtdılar. Heç ağıllarından da keçmədi ki, imperiya pis
olsa da, onu əvəz edəcək heç nə yoxdur. Birinci dünya
müharibəsindən sonra Mərkəzi Avropa kiçik, zəif dövlətlərə bölündü.
Məhz zəiflik səbəbindən əvvəlcə Hitler, sonra da Stalin tərəfindən
fəth olundular. Yəqin ki, elə bu hadisələri xatırlayan avropalılar
Mərkəzi Avropaya fəlakət mənbəyi kimi baxırlar.
Düzünə qalsa, düşünürəm ki, Mərkəzi Avropanın səhvi "slavyan
dünyası ideologiyası" ilə bağlıdır. Mən bilərəkdən "ideologiya"
sözünü işlədirəm. Çünki bu XIX əsrdə düşünülmüş siyasi uydurmadır.
Çexlərin (öz elitalarının xəbərdarlığına rəğmən) uşaqsayağı
"slavyan ideologiyası"nı bayraq kimi yelləmək xoşlarına gəlirdi, bu
yolla alman təcavüzündən müdafiə olunacağını düşünürdülər. Ruslar
da həmçinin böyük məmnuniyyətlə bundan imperiya planlarına bəraət
qazandırmaq niyyətində idilər. "Ruslar özlərinə aid hər şeyi
slavyan adlandırırlar ki, sonradan slavyanlara aid olanı rus
adlandırsınlar" – bu sözləri çex yazıçısı Karel Qavliçek 1844-cü
ildə həmvətənlərinin Rusiyaya heyranlığının yaratdığı təhlükələrdən
bəhs edən əsərində yazmışdı. Bu sözlərə məhəl qoyan olmadı, çünki
çexlər min illər boyu ruslarla bilavasitə təmasda olmayıblar. Oxşar
ümumi dil birliyinə mənsub olsalar da, çexlərlə ruslar heç vaxt
eyni dünyanın, tarixin, mədəniyyətin hissəsi olmayıblar.
Polyaklarla rusların münasibətini ancaq "ölüm, ya qalım" kimi
dəyərləndirmək olar.
Polşa əsilli yazıçı Cozef Konradı və əsərlərini "rus ruhu" kimi
dəyərləndirəndə o, əsəbiləşirdi. Təqribən altmış il əvvəl o
yazırdı: "İnsan hüquqlarına yüksək hörmətlə yanaşan və mənəvi
dəyərlər çərçivəsinə sadiq cəngavər xarakterli polşalıya ədəbiyyat
aləmində "slavyan ruhu" adlandırılan məfhumdan daha yad, yabançı
ola biləcək başqa şey yoxdur". Mən onu gözəl başa düşürəm. Mən də
vaxtaşırı adıma qoşulan boş və dumanlı mülahizələr yığını olan
məzmunsuz "slavyan ruhu" kimi mənasız şey tanımıram. Buna
baxmayaraq, "slavyan dünyası" ideyası tarixi mənbələrdə özünə yer
elədi. Və Avropanın 1945-ci ildə bölünməsi, guya mövcud slavyan
dünyasının birləşməsi (doğrusu biçarə macarlar və rumınların
dilləri slavyan olmasa da, bu xırdalıqlara görə narahat olmağa
dəyməz) demək olar ki, vəziyyətdən təbii çıxış yolu kimi
qarşılandı. Deməli, günah elə Mərkəzi Avropanın özündədir ki, Qərb
onu itirdiyini hiss etmədi? Əlbəttə, belə demək olmaz. XX əsrin
əvvəllərində siyasi baxımdan zəif olsa da, Mərkəzi Avropa böyük,
bəlkə də, ən əzəmətli mədəniyyətə malik idi. Dünyaya Freyd və Maler
kimi şəxsiyyətləri bəxş etmiş Vyananın əhəmiyyətini hamı qəbul etsə
də, bu əhəmiyyət və orijinallıq Mərkəzi Avropanın digər şəhər və
ölkələrində çağlayan yaradıcılıq mühitinin təsirindən qaynaqlanıb.
Atonal sistemi Şönberq məktəbi yaratsa da, iyirminci əsrin dahi
musiqiçilərindən biri olan, əslən macar Bela Bartok tonallıq
prinsipinə əsaslanan musiqinin mümkün həddini müəyyənləşdirdi.
Praqalı yazıçılar Kafka və Haşekin romanları Vyanalı yazıçılar
Müzil və Broxun əsərləri ilə harmonik vəhdət yaratdılar. 1918-ci
ildən sonra qeyri-almandilli ölkələrdə bədii yaradıcılıq geniş
vüsət aldı. Dünya Praqa linqvist dərnəyi və onların strukturalizmdə
əldə etdikləri nailiyyətlərlə tanış oldu. Polşada Vitold Qombroviç,
Bruno Şults və Stanislav Vitkeviç dahi üçlüyü dövrlərini
qabaqlayaraq, 50-ci illərdə Avropada geniş vüsət almış modernizmin,
xüsusən də absurd teatrının təməlini qoydular. Belə bir sual ortaya
çıxır: bu geniş ərazini əhatə edən mədəni sıçrayış bəsit
təsadüfdürmü? Bəlkə səbəb qədim ənənədə və birgə keçmişdədir? Başqa
sözlə desək, həqiqətənmi Mərkəzi Avropa müstəqil tarixə malik vahid
mədəni varlıqdır? Və əgər bu varlıq mövcuddursa, onun sərhədləri
harada qurtarır? Bu sərhədləri dəqiq müəyyənləşdirməyə lüzum
yoxdur. Mərkəzi Avropa dövlət deyil, bu özünəməxsus mədəniyyət və
ya taledir. Onun sərhədləri ancaq xəyallardadır və tarixi şəraitdən
asılı olaraq yerini dəyişir. Məsələn, XIV əsrin ortalarında Praqada
yerləşən Karlov Universitetinə dövrün intellektualları (təkcə
müəllimlər yox, tələbələr də) hər biri öz ana dilini qoruyan
çoxmillətli cəmiyyətin nümayəndələri kimi, çexlərdən,
avstriyalılardan, bavariyalılardan, saksoniyalılardan,
polyaklardan, litvalılardan, macarlardan və rumınlardan ibarət
olmaqla, bir yerə yığılmışdılar. Əslində elə Karlov Universitetinin
təsiri ilə dini islahatçı Yan Qusun rektorluğu dövründə Tövrat və
İncilin rumın, macar dillərinə ilk tərcümələri nəşr olunmuşdu.
Sonralar qusçuların müharibəsi, bütün Avropaya böyük təsir
göstərmiş Matiaş Korvin dövründə macar renessansı, üç müstəqil
dövlətin-Bohemiya, Macarıstan və Avstriyanın birləşməsindən yaranan
Habsburq imperiyası, türklərlə müharibə, XVII əsrin əks-islahatları
baş verdi. Bu dövrlər ərzində Avropanın mədəni həyatında
Zalsburqdan Vilnüsə qədər geniş sahəni əhatə edən ərazidə barokko
üsulu geniş vüsət aldı. Avropa xəritəsində iki əks-istiqamətli qütb
yarandı: barokkolu Mərkəzi Avropa (irrasionalizmə əsaslanan,
rəngkarlığa, heykəltəraşlığa, xüsusən də musiqiyə üstünlük verən)
və klassik Fransa (rasionalizmə əsaslanan, ədəbiyyata və fəlsəfəyə
üstünlük verən).
Bir çoxları məhz barokko dövrünü Mərkəzi Avropa musiqisinin
püxtələşərək Haydndan Şönberqə və Listdən Bartoka qədər, son dərəcə
gözəl sıçrayışının əsası sayır və bütövlükdə qitənin musiqi
sahəsində əldə edilmiş nailiyyətlərin təmərküzləşməsinin təzahürü
kimi dəyərləndirirlər.
XIX əsrdə milli dövlət yaratmaq uğrunda apardıqları mübarizə
müxtəlif xalqları (polyakları, macarları, çexləri, slovakları,
xorvatları, sloveniyalıları, rumınları, yəhudiləri ) bir-birinə
qarşı qoydu. Buna baxmayaraq, onların hamısı – əlaqələri itirmiş,
eqoist, təcrid olunmuş – ekzistensial sınaqlardan, olum və ya ölüm
seçimindən, daha böyük etnosun tərkibində özünəməxsusluğunu qorumaq
və ya assimilasiyaya uğramaq təhlükəsindən keçdilər. Hətta
imperiyanın aparıcı milləti olsalar da, avstriyalılar daha iri
Almaniya tərəfindən həzmolunma təhlükəsi ilə üzləşdi. Yəhudilər də
bu təhlükələrdən sığortalanmamışdılar. Məhz Mərkəzi Avropada
yaranmış sionizm onların assimilyasiyasına qarşı seçim idi. XX əsr
Avstriya imperiyasının süqutunun, rus işğalının və Mərkəzi Avropa
dövlətlərinin vaxtaşırı sürəkli üsyanlarının şahidi oldu.
Beləliklə, Mərkəzi Avropa siyasi kordonlarla məhdudlaşdırıla və
müəyyənləşdirilə bilməz, lakin ümumi tale, xatirələr, müsibətlər,
döyüşlər və ənənələr bir-birinə bağlı olan bu xalqları xəyallarda
yaradılmış mücərrəd sərhədlərlə çərçivələnmiş ərazidə yenə
yaxınlaşdırır.
Ziqmund Freydin valideynləri Polşada doğulsalar da, onun uşaqlıq
illəri Moraviyada, bugünki Çexoslovakiyada keçib. Edmund Husserl
ilə Qustav Maler də burada böyüyüblər. Vyanalı yazıçı Yozef Rotun
da əsli Polşadandır. Görkəmli çex şairi Yulius Zeyer Praqada
almandilli ailədə doğulsa da, şeirlərini çex dilində yazmağı özü
seçmişdi. Bunun əksinə, Herman Kafkanın ana dili çex dili idi, oğlu
Frans isə almanca yazırdı. 1956-cı il macar üsyanının aparıcı
şəxslərindən olan Tibor Derinin ailəsində almanca və macarca
danışılırdı. Gözəl romanlar müəllifi və mənim dostum Danila Kişin
dünyaya göz açdığı ailədə macar və serb dillərində danışılırdı.
Göründüyü kimi, hər bir dövlətin görkəmli şəxsiyyətlərin taleyində
qəribə qarışıqlıq müşahidə olunur. Yuxarıda adları çəkilənlərin
hamısı yəhudidir. Dünyanın heç bir hissəsi burada olduğu kimi
yəhudi ruhunun təsirinə meyilli deyildi. Hər yerdə həm özgə, həm də
özününkü olan, milli ixtilaflardan yüksəyə qalxmış yəhudilər
iyirminci əsrdə Mərkəzi Avropanı birləşdirən başlıca amil oldular,
həm intellektual sement, həm də mənəvi birliyin yaradıcısı kimi.
Elə buna görə də yəhudi irsi mənim üçün dəyərlidir və mən onu sanki
özümə aid olduğu üçün ehtiras və nostalji hissləri ilə tutub
buraxmaq istəmirəm. Yəhudilərin mənim üçün dəyərli olmaqlarının bir
başqa səbəbi də var. Onların taleyi Mərkəzi Avropanın aqibətinin
təzahürü, onun simvoluna çevrilməsidir. Əslində axı Mərkəzi Avropa
nədir? Müəmmalı sərhədləri ilə Rusiya ilə Almaniya arasında
sıxışmış, kiçik xalqlarla məskunlaşmış ərazi. Bunu xüsusi
vurğulayıram: kiçik xalqlar. Əslində bəs yəhudilər kiçik xalq
deyillər? Onlar kiçik xalqlar arasında yeganə xalqdır ki,
imperiyaların və tarixin acı sınaqlarından özünəməxsusluğunu
qoruyaraq keçə biliblər.
Əslində, kiçik xalq nə deməkdir? Mənim öz tərifim var – bu elə
bir xalqdır ki, istənilən vaxt onun varlığı təhdidə məruz qala
bilər və onlar bunu gözəl başa düşürlər. Fransızlar, ingilislər,
ruslar millətlərinin varlığı barədə narahat olmaya bilərlər.
Onların himnlərində əzəmət və əbədiyyət vəsf olunur. Polşalıların
himni isə əksinə bu sözlərlə başlayır: "Polşa hələ məhv
olmayıb…"
Mərkəzi Avropa kiçik xalqlar ailəsi olaraq dünyaya fərqli baxır.
Bu baxış tarixə dərin inamsızlıqdan qaynaqlanır. Hegelin və Marksın
ilahiləşdirdiyi Tarix taleləri həll edən qüvvələrin hərəkətinin
təzahürü, istilaların əksidir. Mərkəzi Avropa xalqları işğalçı
deyillər. Onlar Avropa tarixinin ayrılmaz hissələri olsalar da,
məzlum və autsayderdirlər.
Tarixə bəslədikləri ayıq münasibət onların mədəniyyətlərinin,
müdrikliklərinin, şöhrət və əzəmətə təbəssümlə yanaşan "ironiya
ruhu"nun mənbəyidir. "Unutmayın, tarixi keçmişimizə qarşı dayanıqlı
olmağımız bugünkü tariximizə müqavimət göstərə biləcəyimizə zəmin
yaradır". Vitold Qombroviçin bu sözlərini mən Mərkəzi Avropanın
girişinə yazardım.
"Hələ də yaşayan" bu kiçik xalqlar məkanı bütöv Avropanın zəif
nöqtəsidir. Çünki daim qüdrətini artıran iri dövlətlərin mövcud
olduğu müasir dünyada Avropanın digər xalqları kiçik xalqa çevrilə
və Mərkəzi Avropa xalqlarının aqibətini yaşara bilərlər. Bu
baxımdan Mərkəzi Avropanın aqibəti bütün Avropa üçün örnək ola
bilər və bu səbəbdən onun mədəniyyəti xüsusi əhəmiyyət kəsb edir.
Bunun üçün Mərkəzi Avropa yazarlarının dahi romanlarını oxumaq
kifayətdir: Herman Broxun "Lunatiklər" əsərində tarix idealların
davamlı tənəzzülüdür, Robert Muzilin "Özəlliksiz adam" əsərində
eyforiyaya qovuşmuş və sonun yaxınlaşdığını hiss etməyən cəmiyyəti
qələmə alınıb, Yaroslav Haşek "İgid əsgər Şveykin
sərgüzəştləri"romanında azad qalmağın yeganə yolunu özünü səfeh
kimi aparmaqda görür, Kafka tarix bitəndən sonra keçmişini,
yaddaşını itirmiş dünyanın yaranacağını qabaqcadan xəbərdar edir.
İyirminci əsrdə Mərkəzi Avropada yaradılmış bütün dahi əsərlər
Avropa mədəniyyətinin mümkün ölümü barədə sürəkli
düşüncələrdir.
Bu gün doğma mühitindən uzaqlaşmış, təsadüfən müstəqil qalmış
Avstriya istisna olmaqla, Rusiya bütün Mərkəzi Avropanı ram
etmişdir. Bu səbəbdən bu dövlətlər özünəməxsusluğunu və
əhəmiyyətini tam itiriblər. Şübhəsiz Mərkəzi Avropa mədəniyyət
ocağının itirilməsi qərb sivilizasiyası üçün ən vacib hadisədir.
Məhz bu səbəbdən mən sualımı təkrarlayıram: bu hadisə necə nəzərə
çarpmadan baş verdi?
Sualın cavabı çox sadədir. Avropanın bu itkini hiss etməməsinin
səbəbi ondadır ki, artıq öz birliyini vahid mədəni birlik kimi
dəyərləndirmir. Həqiqətən Avropanın birliyi nədən qaynaqlanırdı?
Orta əsrlərdə ümumi dini ayinlərdən. Orta əsrlər tanrısının "Deus
absconditius"a çevrilmiş Yeni Dövrdə din yerini mədəniyyətə verdi
və artıq mədəniyyət Avropa sivilizasiyasının özünü dərk edib Avropa
kimi müəyyənləşdirməsində yüksək dəyərlərin daşıyıcısı rolunu
oynamağa başladı. Göründüyü kimi, yaşadığımız yüzillikdə orta
əsrləri Yeni zamandan ayırdığı kimi daha bir əhəmiyyətli hadisə baş
vermişdir. Qədimdə olduğu kimi, tanrı yerini mədəniyyətə təslim
etdiyi kimi, mədəniyyət də öz yerini güzəşt etdi. Lakin nəyə və
kimə? Hansı yüksək dəyərlər Avropanı birləşdirə bilər? Texniki
nailiyyətlər? Ümumi bazar? Kütləvi informasiya vasitələri? Dahi
şairlərin yerini jurnalistlərmi tutacaq? Bəlkə siyasət? Onda hansı
yöndə? Sağçılıq və ya solçuluq? Görəsən hamı tərəfindən qəbul
olunan, sağçılar və solçuların boşboğazlığından üstün, sadə olduğu
qədər etinasızlıqdan uzaq ideal mövcuddurmu? Başqa xalqın fikir,
məslək və əqidəsinə hörmətlə yanaşma, dözümlülük ideal ola bilərmi?
Və əgər bu dözümlülüyün arxasında yaradıcı fəallıq və dərin
ideyalar olmasa, o məzmunsuz və mənasız bir şeyə çevrilməzmi?
Mədəniyyətin sanki ağır yükdən azad olmağa nişanə kimi öz yerini
güzəşt etməsi elə bizlərin də azadlığı deməkdir? Bəlkə "Deus
absconditius" geri qayıdacaq və yaranmış boşluğu dolduracaq?
Doğrusu bilmirəm. Mənim bu suallara cavabım yoxdur. Zənnimcə,
bildiyim odur ki, mədəniyyət bizimlə vidalaşdı.
Frans Verfel ömrünün üçdə birini Praqada, digər hissəsini
Vyanada, sonuncu üçüncü hissəsini mühacirətdə, əvvəlcə Fransada,
sonra Amerikada keçirdi. Bu tipik, səciyyəvi Mərkəzi Avropalının
tərcümeyi-halıdır. 1937-ci ildə Frans Verfel Malerin dul qadını,
sonralar ona həyat yoldaşı olmuş məşhur Alma ilə Parisə gəlir.
Millətlər Liqasının nəzdində İntellektual Əməkdaşlıq Cəmiyyəti onu
"Ədəbiyyatın gələcəyi" adlı konfransa dəvət etmişdi. O öz çıxışında
təkcə hitlerizmin əleyhinə deyil, ümumilikdə totalitar təhdidləri,
ideologiya və mətbuatın acizliyini tənqid atəşinə tutdu.
Mədəniyyəti dağılma təhlükəsi ilə üzləşmiş dünyanı bu təhdidlərdən
qorumaq və hifz etmək üçün, onun fikrincə, Şair və Mütəfəkkirlərin
Ümumdünya Akademiyasını (Weltakademie der Dicher und Denker)
yaratmaq lazımdır. Bu akademiyaya üzvləri heç bir halda dövlət
tərəfindən təyin oluna bilməz. Hər bir üzvlüyə iddiaçının
yaradıcılığı seçim üçün göstərici ola bilər. Akademiyada iyirmi
dörd nəfərdən qırx nəfərədək dünyanın tutarlı söz sahibləri,
yazıçılar olmalıdır. Onların məqsədi siyasət və təbliğatdan uzaq
"dünyanın ifrat siyasiliyə və barbarlığa yuvarlanmasının" qarşısını
almaq olsun.
Bu təklif nəinki qəbul olunmadı, hətta gülüşlə qarşılandı.
Əlbəttə, bu sadəlövhlükdür. İfrat sadəlövhlük. Başdan ayağa
siyasiləşmiş dünyada, yazıçı və mütəfəkkirlərin siyasi baxımdan
müxtəlif düşərgələrdə olduğu dövrdə müstəqil akademiya yaratmaq
qeyri-mümkündür. Ən yaxşı halda o nəcib ürəklərin ittifaqına
çevrilə bilərdi.
Ancaq bu təklif məni hər dəfə düşüncələrə qərq edir, bu,
mənasını itirmiş dünyada təkrar-təkrar mənəvi oriyentirlərin
müəyyənləşdirmək ehtiyacından xəbər verir. Bu mədəniyyətin
pıçıltıya çevrilmiş səsini eşitmək istəyidir.
Yaddaşımda oyanmış bu xatirələr mənə acı bir itkini xatırlatdı.
Çexiyalı filosof dostlarımdan birinin evində polis axtarış
apararkən onun min səhifəlik əlyazmadakı əsərini müsadirə etmişdi.
Bu hadisədən bir müddət sonra Praqanın küçələri ilə birgə gəzintiyə
çıxmışdıq. Baş verənləri o zarafata çevirmək istəyirdi: ariflər
üçün yazılmış mətndən polis nə başa düşə bilər? Lakin bu zarafat
ağrını-acını boğa bilməzdi: on il ərzində yazılmış bu əlyazma
həmişəlik itirilmişdi, axı o yeganə nüsxə idi. Biz xaricə açıq
məktubla müraciət edib bu müsadirə ilə bağlı qalmaqal yaratmaq
niyyətində idik. Biz əmin idik ki, bu məktubu dövlət xadimi və ya
qurumlarına deyil, bütün Avropanın tanıdığı, siyasətdən üstdə
duran, mübaliğəsiz mənəvi dəyərlər daşıyıcısı, böyük mədəni xadimə
göndərmək lazımdır. Bəs bu kim ola bilər? Qəflətən başa düşdük ki,
belə adam yoxdur. Əlbəttə, görkəmli rəssamlar, yazarlar və
musiqiçilər mövcud idi, lakin cəmiyyət artıq onları nə bütöv Avropa
ruhunun təcəssümü, nə də mənəvi dəyərlərinin daşıyıcısı kimi nüfuz
sahibi hesab etmirdi. Yüksək dəyərlərin çiçəklənəndiyi mədəniyyət
səltənəti artıq mövcud deyildi. Birlikdə mənim yaşadığım Köhnə
Şəhərdə yerləşən meydana tərəf addımlayır və sarsıdıcı tənhalıq,
boşluq hiss edirdik. Mədəniyyətin tədricən qeyb olduğu boş Avropa
mühiti.
Mərkəzi Avropa dövlətləri Qərbin tərkibində son dəfə 1918-ci
ildən 1938-ci ilədək olan dövrdə daxil olmuşlar. Müvafiq olaraq
onların təsəvvürlərindəki Qərb artıq mövcud deyil. Qərb artıq
mədəniyyətlə vidalaşıb. Bunları nəzərə alıb mühüm bir şeyi
vurğulamaq istəyirəm: Mərkəzi Avropa dövlətlərində baş vermiş
üsyanları nə qəzetlər, nə radio və ya televizor, yəni kütləvi
informasiya vasitələri yetişdirməyib. Onları hazırlayan,
formalaşdıran və hərəkətə gətirən romanlar, poeziya, teatr, kino,
tarixşünaslıq, ədəbiyyatşünaslıq, komediyalar, fəlsəfi müzakirələr,
yəni mədəniyyət olmuşdur. Bu gün qərbə aid etdiyimiz fransız və ya
amerikalı üçün gündəlik həyatın ayrılmaz hissəsi olan kütləvi
informasiya vasitələrinin bu hadisələrlə heç bir əlaqəsi yoxdur.
(KİV və televiziya tam dövlət nəzarətində idi)
Elə buna görə də Rusiya Çexoslovakiyanı zəbt edəndən sonra
çexlərin mədəniyyətini məhv etmək üçün hər üsula əl atdı. Rusiya
bununla üç məqsədə nail olmaq istəyirdi: əvvəla müxalifətin
bünövrəsini məhv etsin, ikincisi millətlərarası birliyi dağıtmaqla
gələcəkdə çexləri rus mədəniyyətində həzm etsin, üçüncüsü Yeni
Dövrü, mədəniyyətin ali dəyər olduğu dövrü zor tətbiq etməklə
bitirsin. Sonuncu, zənnimcə, daha böyük əhəmiyyət kəsb edir.
Mahiyyət etibarı ilə rus totalitar mədəniyyəti dörd yüz il bundan
əvvəl Yeni Zamanın ilk çağından yaranan müasir qərb mədəniyyətinin
inkarı deməkdir. Bu mədəniyyətin əsas meyarı istənilən iddianı
şübhə altına alan düşünən şəxsiyyətdir və bu nadir şəxsiyyəti vəsf
edən bədii sənət əsərləridir. Rus işğalı Çexoslovakiyanı
"postmədəniyyət" erasına düçar etdi, onu rus ordusu və hər yeri
əhatə edən dövlət televiziyasının qarşısında aciz etdi.
Rus işğalının faciəli nəticələrindən sarsılmış halda mən
Fransaya gəldim və buradakı dostlarıma çex mədəniyyətinin tarimar
olmasını çatdırmaq istədim: "Təsəvvür edin, bütün dövri ədəbi-bədii
nəşrlər ləğv edilib və bağlanıb. Belə hal hətta Hitler işğalı
zamanı baş verməmişdi. "Dostlarım mənə səbirlə və səbəbini sonra
öyrəndiyim bir az pəjmürdə halda qulaq asdılar.
Çexoslovakiyada bütün dövrü mətbuatın bağlandığını bütün xalq
bilirdi və bu hadisənin acı nəticələrini ürək ağrısı ilə təsəvvür
edirdi. Lakin Fransa və ya İngiltərədə tənqidi dövrü mətbuat birdən
yoxa çıxsa idi, bunu, naşirlərin özü də daxil olmaqla, heç kim hiss
etməzdi. Parisin özündə belə ziyalı məclislərində ədəbiyyatda baş
verən yeniliklər yox, televiziyada göstərilənlər müzakirə olunur.
Çünki mədəniyyət artıq buraları tərk edib. Mədəniyyətin itirilməsi
Praqada fəlakət, faciə, şok kimi dəyərləndirilirdisə, Parisdə buna
adi, bəsit, vacib olmayan, diqqət çəkməyən hadisə kimi
yanaşırdılar.
Avstriya-Macar imperiyasının süqutundan sonra Mərkəzi Avropa az
qala divarlarını itirdi. Məgər yəhudi xalqını burada xəritədən
silən Osvensimdən sonra bu Avropa ruhunu itirmədimi? 1945-ci ildə
Avropadan qoparılandan sonra o mövcuddurmu? Əlbəttə, yaradıcılıq
aktivliyi və üsyanlar göstərir ki, o, "hələ ölməyib". Əgər yaşamaq
sevdiklərimizin gözlərində mövcud olmaqdırsa, onda Mərkəzi Avropa
artıq yoxdur. Sevimli Avropanın gözündə Mərkəzi Avropa Sovet
imperiyasından başqa bir şey deyil.
Əslində, təəccüblənməyə səbəb yoxdur. Siyasi sistem baxımından
Mərkəzi Avropa Şərqə aiddir, mədəniyyət baxımından Qərbə. Lakin
müasir Avropa mədəni özünəməxsusluğunu itirir, bu səbəbdən o
Mərkəzi Avropanı sırf siyasi rejim kimi dəyərləndirir. Başqa sözlə
desək, Mərkəzi Avropanı yalnız Şərqi Avropa qismində görür. Bu isə
o deməkdir ki, Mərkəzi Avropa təkcə böyük əzazil qonşusu ilə deyil,
həmçinin mədəniyyət əsrini arxada qoymuş zamanla mübarizə
aparmalıdır. Elə bu səbəbdən Mərkəzi Avropa üsyanlarında
konservatizm və arxaik çalarlar nəzərə çarpır: onlar fədakarcasına
mədəniyyətin, Yeni Dövrün ab-havasını bərpa etmək istəyirlər. Çünki
mədəni dəyərləri qoruyan bu dünyada, bu dövrdə Mərkəzi Avropa
özünəməxsusluğunu qoruyub saxlaya və olduğu kimi qala bilər.
Beləliklə, Mərkəzi Avropanın həqiqi faciəsi bundadır ki, o
Rusiya deyil, Avropadır. Bu Avropa elə yüksək dəyərlər məcmusudur
ki, onun naminə Macar Xəbərlər Agentliyinin direktoru həyatını
qurban verməyə hazır idi və həqiqətən də verdi. Dəmir pərdənin
arxasında olan bu insan heç təsəvvür belə edə bilməzdi ki, artıq
zəmanə dəyişib, Avropanın özündə artıq Avropa dəyər kimi
qiymətləndirilmir. O heç güman belə etməzdi ki, xaricə göndərdiyi
çağırış dəbdən düşmüş, köhnəlmiş görünəcək və onu başa
düşməyəcəklər.
"The New York Review of Books", Aprel, 1984