Tanınmış şair Murad Köhnəqalanın müsahibələrinin birində AYB sədri, xalq yazıçısı Anarla bağlı işlətdiyi xoş sözlər və etiraflar bəzi qələm adamları tərəfindən xoş qarşılanmayıb. Onu tənqid edib, haqqında xoş olmayan ifadələr səsləndirib, şairi mövqe dəyişkənliyində, yarınmaqda ittiham ediblər. Murad Köhnəqala sosial şəbəkədə o yazarlara sərt cavab verib.
Axar.az Müstəqil.az-a istinadən şərhi olduğu kimi yayımlayır:
"Ermənipərəst cızma-qara yazanda Əkrəmi ən çox yurdu erməni tərəfindən alınmış makaron-yumşaq uşaqların müdafiə etməsi məni heyrətə salmışdı. Mənim sərt reaksiyama görə Yalçın, Zamin (Fizuli rayonu), Günel (Cəbrayıl rayonu), Şərif (Laçın rayonu) kimi orda-burda imza buraxan yazarlar mənimlə ziddiyyətə girdilər. Yalçın sonra mənim üzümə durdu ki, Əkrəmi müdafiə etməmişəm. Həmin əsəri ermənilər çap eləyib yaxşı yararlandılar. İndi burda Yalçın yazıb, yenə üzümə durur ki, guya mən ona başqa profildən yazmışammış. Başqa profildən yazmışdımsa onun mən olduğumu hardan bilib görəsən bu "sışşik"? Sonra yazıb ki, "ayılandan sonra" qanacaq göstərib ondan üzr istəməliyəmmiş. Çatdırmaq istədiyi də bu ki, guya mən ona yazanda sərxoş olmuşam. Neyləməli, adam uzaqdan iybilmə qabiliyyətini bu formada ortaya qoyub. Bu heç. Bunun başına bir tıqqa vurub keçirəm o biri söhbətə. Balam, nə vaxtsa bir ixtiyar yazıçıya elədiyim yazılı hücumlar üçün peşman olduğumu demək nə vaxtdan yazıqlıq, yaltaqlıq sayılır? Bir insan elədiyi səhvə görə öz peşmançılığını deyirsə, niyə o yazıq adam qələminə verilməlidi? Yazıq və yaltaq mənim haqqımda bu cür düşünənlərdi. Haqsız əməlinə görə peşman olmaq nə vaxtdan qəbahət sayılır? Özünüzü qəhrəman göstərmək üçün ayağınızı mütləq kiminsə belinə qoymalısınız? Qəhrəmanlıq eləmək üçün meydan çoxdu. Başınızı gizləndiyiniz siçan deşiyindən çıxarmağınızı görmək arzusu ilə hələlik nöqtə qoyuram…"
Xatırladaq ki, Murad Köhnəqala bu rəyi şair Aqşin Yeniseyin onu müdafiə edən bu statusuna şərh olaraq yazıb:
"Murad Köhnəqalanın müsahibəsinə yazılan şərhləri oxudum. A bala, siz haçan Muradı yazıçı hesab edib onun kitabına pul verdiniz, haçan onu Anardan, Elçindən, Əkrəmdən yaxşı yazıçı hesab etdiniz, haçan onunla ortaq bir dəyəri bölüşdünüz ki, indi onu xəyanətdə mühakimə edirsiniz? Siz haçan yazıçı qədri bilən xalq oldunuz ki, Murad sizə arxa çevirdi? Deməli, belə çıxır ki, həm Muradı yazıçı hesab etməyəcəksiniz, həm də ondan sizin əvəzinizə sizin həyatınız uğrunda qurban getməsini tələb edəcəksiniz? Deməli, sizin övladlarınız övladdır, Muradınkı yox? Başqa vaxt Murad sizin üçün içki düşkünüydü axı? Guya, sizin uğrunuzda özünü, ailəsini qurban versəydi, ona heykəl qoyacaqdınız? "Əşi, alkaş idi də" deyib arxasınca vedrə bağlamayacaqdınız? Üç dənə adam içinə çıxarmalı şairiniz var, üçü də müstəmləkə dövrünün saraylarına sığınıb adam olublar. Sizə sığınan kimi qorudunuz ki, indiyə kimi, Murad bunu görüb dəyərləndirmədi?"