Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva-Təkləli eşitdiyi, gördüyü və oxuduğu maraqlı əhvalatları kiçik hekayətlər şəklində yazır.
Axar.az professor Minəxanım Nuriyeva-Təkləlinin müxtəlif sənətkarlarla bağlı qələmə aldığı xatirə yazısını təqdim edir:
Mən Məhəmmədin anasıyam...
Azərbaycan Dövlət Sirki yaradılanda məşhur bəstəkar Üzeyir Hacıbəyli ora direktor təyin olunur. Zatən, sirkin təşkilində böyük zəhmət çəkmişdi. Rəqqasə Əminə Dilbazini də sirkdə baş baletmeyster vəzifəsində işləməyə dəvət edir. Əvvəl-əvvəl Əminə xanım razılıq vermir: sirkdə meymun oynadarlar, mənim nə işim var orada?! Lakin maaş yüksək idi, yoldaşı gənc Əhməd Cövdət Hacıyev Moskvada konservatoriyada oxuyurdu. Bu ərəfədə o da evə zəng edib, Moskvada yaşamı üçün xərcliyi olmadığından geri dönmək istədiyini söyləmişdi. Əminə xanım yoldaşına "gəlmə, mən sənə lazım olan pulu göndərəcəyəm", - deyib sirkdə işə girir və tələbə Cövdətin pulunu vaxtlı-vaxtında, artıqlaması ilə göndərir. Əri ondan "bu pullar səndə haradandır" - deyə, soruşduqda Əminə xanım "Cövdət, mən Əminə xanımam, Məhəmmədin anasıyam", - cavabını verir.
Müşfiqin vəfalı bacısı
Şair Mikayıl Müşfiq "xalq düşməni" adı ilə həbs olunub güllələndikdən sonra həyat yoldaşı Dilbər xanımı tuturlar, lakin tez də buraxırlar. Bacısı Balacaxanımı isə həbs edib Sibirə göndərirlər. 18 il həbsdən sonra o, Bakıya dönür. Artıq "ellər atası" sayılan Stalin özü xalq düşməni elan olunur, həbs və sürgünlərin yolu açılır. Balacaxanımın da üstündən ittiham götürülür, bəraət alıb adını təmizə çıxarırlar. Hökumət ona Müşfiqin zərər görmüş yaxını kimi böyük məbləğdə pul kəsir. Vəfalı bacı "qanpulu" adı verdiyi bu pulu götürə bilmir, "bu pulla qardaşımın abidəsini, kiçik büstünü qoyun", - deyir. Büst şairin sökülən ata evinin yerində - dağlı məhəllələrinin başlanğıcında qurulur.
"Şumel" başqa, Şumer başqa...
Gənc Oljas Süleymenovun bədii yaradıcılığa sonsuz marağı var idi: vaxtını redaksiyalarda keçirirdi. Günlərin bir günü burada yaşlı bir kişi ilə qarşılaşır; kişi şeir gətirmişdi... Oljası ədəbi işçi bilib qoltuğundakı şeirləri onun qabağına tökür. İlk gözünə dəyən "tyomnıy les şumer" misrası olur. Bu cümlə onu necə tutursa, şairi də, şeiri də unudur, sanki başqa bir aləm - sirli-soraqlı qocaman türk aləmi onu ağuşuna çəkir. Əlbəttə, buradakı şumel - "səs salırdı; gurlayırdı" (qalın və qorxunc meşə səs salırdı) sözü səhvən şumer (xalq adı) ilə qarışdırılmışdı. Oljas yanlış sözü düzəldir, şeiri də tamamlayıb müəllifə verir, amma öz həyatının bu saat başqa axara girməsinin qarşısını ala bilmir: necə alsın - qulaqlarında hər an qalın və qorxunc meşə timsalında titrəyən uğultu. O bir yanlış hərf bu gənc şairin bütün amalını, məqsədini dəyişdirir, həyat tərzini kökündən tar-mar edib təzədən doğurur.
Leyla Bədirbəyli və Sara Qədimova...
1944-cü il Tiflisdə keçirilən "Zaqafqaziya incəsənəti ongünlüyü"ndə Azərbaycan incəsənət ustalarının müvəffəqiyyəti səs-səda salmışdı. Hamı sevinirdi, Üzeyir Hacıbəyli da hamıdan artıq. Yekun konsertində artistlərimizin və mədəniyyət işçilərimizin şərəfinə olan alqışlar daha da gücləndi. Həqiqətən, salon narahat bir okean timsalında idi: tamaşaçılar onların salona girişini ayaq üstə, gurultulu alqışlarla qarşıladılar. Əlbəttə, bu alqışların çox hissəsi Üzeyirin payına düşürdü. Üzeyir bəyə ön sırada əyləşməsini təklif etdikdə, o, Qafqaz gözəli sayılan Leylanı və Sara Qədimovanı da yanına çağırtdırdı və "qızlar, elə əyləşin ki, gözümün qabağında olasınız. Bura Gürcüstandır, gürcü oğlanları da yaman coşub, birdən sizi qaçırarlar", - deyib gülümsədi. Sevimli müğənnimiz Sara Qədimova ilə sağlığında bu məzəli, şirin xatirəni xatırlayıb gülərdik.