Yuxarı

Onlar çox zəhmli, amansız və qorxulu idilər...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar çox zəhmli, amansız və qorxulu idilər...

“Ədəbi tənqid zəif mətnlərdən bəhs edərək, onun zəif olduğunu sübut etməlidir, yoxsa “ədəbiyyat deyil”, - deyib, yanından sükutla keçməlidir?”

Axar.az ədəbiyyat adamlarının bu suala cavablarını təqdim edir:

Murad Köhnəqala:

Sovet dövründə ədəbi tənqidçiləri sovet ədəbi ideologiyasının tövləsində mehtər kimi saxlayırdılar. Bu tənqidçilər çox zəhmli, amansız və qorxulu olurdu. Bütün ədəbi sferalarda birqanadlı hakimiyyət olduğundan yaradıcı adamlar tənqidçidən çəkinir, vahimələnirdi. Məsələn, bir dramaturq haqda tənqidi fikir səslənərdisə, onun əsərləri dram teatrlarında oynanıla bilməzdi. Yaxud bir tənqidçi tərəfindən yüngülcə tənqid olunan yazarın kitab çap eləməsi müşkülə çevrilirdi. Məsələn, keçən əsrin 30-cu illərində yazarı repressiya etmək üçün ilk növbədə tənqidçilər işə salınardı. Əvvəlcə, tənqidçilər həmin yazar haqda neqativ fikirlər söyləyər, onun sovet ideologiyasından sapdığını dilə gətirər, bu tipli məqalələrlə mətbuatda çıxış eləyib, repressiyanın bünövrəsini qoyardı. Ardınca isə xəfiyyə idarələri gecə qapıdöymələrinə başlayırdı. Beləcə, hər bir sovet yazıçısında ədəbi tənqid fobiyası yaranmışdı. Deyərdim, bu vahimə xroniki olaraq, bəzi yazarlarımızın canında hələ də qalıb. Lakin sivil dünyada bədii mətni tənqidçilər yox, ədəbiyyatşünaslar incələyir. Teatr haqda teatrşünas, kino haqda kinoşünas, musiqi haqda musiqişünas danışır.

Yuxarıdakı fikirlərimlə sualınıza indi verəcəyim cavaba fon yaratmaq istədim. Zənnimcə, ədəbiyyatşünas (dediyiniz tənqidçi) zəif mətnlərə baş qoşmamalı, öz enerjisini yeni ədəbi nümunələrin, modern-avanqard əsərlərin, ədəbi eksperimentlərin ədəbi-estetik izahına sərf etməlidir. Əslində, bu xidmət, əsasən, oxucuya istiqamət vermək və ədəbiyyatşünaslığı bir elm kimi inkişaf etdirmək üçün nəzərdə tutulub. Şəxsən mən bir yazar kimi indiyə qədər heç bir tənqidçinin fikri ilə hesablaşmamışam. Fikrimi burada aksioma çevirirəm: tənqidçi necə yazmağı bilsəydi, elə özü yazıçı olardı. Ancaq istərdim, tənqidçilər, Əli Kərim demiş, “tənqiddən aşağı”da olan əsərlərdə “buksovat” eləməsin.

Səhər Əhməd:

Məncə, ikincisi, yəni “ədəbiyyat deyil” - deyib, yanından keçməlidir. Çünki indiki dövrdə antireklam da bir reklamdır. Yox, əgər hər hansı bir əsər, ya müəllif layiq olmadan səs-küyə səbəb olursa, yersiz reklam edilirsə, ədəbi tənqid bu işə qarışıb, əsl qiyməti verməlidir.

Tənqidin əsas vəzifəsi müasir ədəbi prosesi təhlil etmək, ondan da əsası, dövrün yaxşı əsərlərini tapıb ortaya çıxarmaq, oxucunu yönləndirməkdir. Oxucu gedib mənasız əsərlər oxumasın, pulunu cəfəng kitablara xərcləməsin.

Təranə Turan Rəhimli:

Ədəbi tənqid elə məsuliyyətli bir yaradıcılıq sahəsidir ki, onun hər hansı çatışmazlığı görməzlikdən gəlmək kimi bir güzəşti yoxdur. Çünki tənqidin zəif ədəbi mətnin yanından sükutla keçməsi nəsillərin ədəbi zövqünü korlamağa, hər cür əllaməçiliyi ədəbiyyat adıyla tanımağa, daha dəhşətlisi, bədii sənətin əsas funksiyasına – tərbiyəvi əhəmiyyətinə kölgə salmağa yol açır. “Ədəbiyyat deyil” deyə bilmək üçün bədii mətndən çıxış etmək, bunu konkret ədəbi-elmi arqumentlərlə əsaslandırmaq zəruridir. Yoxsa tənqidçi sözünə etimad edən olmaz. Bu gün zəif mətni şedevr əsər kimi tərifləyib müəllifini, az qala, korifey qədər şöhrətləndirmək baxımından tənqidin fəallığı daha çox müzakirə obyektinə çevrilməlidir, nəinki onun yanından sükutla keçməsi. Çağdaş tənqid əksər halda ədəbiyyatın “doğma bala”sını ayırd edə bilsə də, onun “ögey bala”sına “qucaq açır”. Bu isə bədii fikrin, eləcə də ədəbi-nəzəri elmin inkişafına o “sükut”dan daha ağır zərbə vurur. Zəif yazıçının (bəlkə də cızma-qaraçı deməliydim) şöhrətlənməsi yolunda nə qədər yaxşı tənqidçiləri itirdiyimizin də fərqinə varmalıyıq. “Elə epoxalar olur ki, orada ədəbiyyat yalnız bədii ola bilməz, çünki poetik maraqdan da yüksək mətləblər mövcuddur”. İ.S.Turgenevin bu fikri sanki yaşadığımız epoxa üçün deyilib. Əslində, intellektin öz universallığını günbəgün artırdığı elmi texnologiyalar dövründə, siyasi təbəddülatlar, sosial-psixoloji ziddiyyətlərlə dolu XXI yüzillikdə çağdaş oxucunu təkcə bədiiliklə razı salmağın mümkünlüyü də şübhəli görünür. Bir sözlə, ədəbiyyatın gücü əsrin oxucusunun dünyagörüşündən yüksəkdə dayanması, ona nəsə verə bilməsi ilə ölçülürsə, tənqidin də gücü yazıçının nailiyyətini və ya nailiyyətsizliyini şərtləndirən amilləri vaxtında ayırd edib, aşkara çıxarmaqla, ona düzgün yolu göstərməklə müəyyənləşir.

Dəyanət Osmanlı:

Düşünürəm ki, əvvəlcə, bizdə ədəbi tənqid öz missiyasını və elmi-ədəbi-ictimai obrazını (və adını) dəqiqləşdirməli, yaradıcılıq funksiyasını təyin etməlidir. Eyni zamanda, keçmişin və indinin ədəbi, ictimai tələblərini dəyərləndirməlidir.

Fikrimi aydınlaşdırım: Yazıçının, ədəbi tənqidçinin sənətə münasibəti fərdilikdən kənar olmalıdır. Sovet dönəmində ədəbiyyatın kriteriyaları quruluş, siyasət diktə edirdi. Heç bir elmi institut və yaradıcı insan bundan kənara çıxa bilməzdi. Yəni fərdi yanaşma, simpatiya olsa belə, keçmirdi. Təbliğat da buna əsaslanırdı. Tam olmasa da, yaxşı-pis əsərlər mütləq qiymətini almışdı. Bu, nostalji bir hiss deyil, gerçəyi danmaq olmaz. O dövr ədəbiyyatını kim necə istəyirsə, elə də pisləyir.

Bütün zamanlarda ədalət utopik səciyyə daşıyıb. Ona görə, əvəzində hər subyekt özünün obyektivliyinə inanır. Elə inamsızlıq və şübhə də bundan başlayır.

Ədəbiyyatda olduğum sürədə istəmişəm və çalışmışam ki, özəlliklə ədəbiyyatın zövqü meyarı formalaşsın. Zövq və düşüncələr, sənətə və ortama münasibətlər bu meyara uyğunlaşsın. Yazılarımda demişəm, ədəbi tənqidçinin çörəyi yazıçının mətnlərindən çıxır. Burda da bir halallıq gərəkdir. Ədəbi tənqidçinin ədəbi kimlik məsələsi kəsinləşməlidir. Obyektivlik təkcə vicdan yox, bundan ötədə səviyyə məsələsidir. Ədəbi tənqidçi mükəmməl dilçi, ədəbiyyatçı, ictimaiyyətçi səviyyəsinə yiyələnməlidir. Bəzilərində bu səviyyə çatmadığına görə şəxsi münasibət, regionçuluq, qrupçuluq meylləri ictimai rəydə özbaşınalıq edir. Anlamadığı cərəyanlardan, üslublardan, mənasına varmadığı mətnlərdən yazanlar, habelə, yazılarında dilə, milli-mənəvi dəyərlərə qəsdən yara vurmağa cəhd edənlər və bununla reputasiya qazananlar var. Burda yaxşı-pis mətndən, dürüst yanaşmadan söhbət gedə bilməz. Orda-burda iki-üç termin öyrənən, bir-iki xarici əsər oxuyanlar iddialı tənqidçi, yazar statusunda ortalıqda fırlanırlar. Deməli, onlara da dəstək verənlər var. Sonucda millətin ədəbi zövqü hücuma məruz qalır, ədəbiyyat itirir.

Sosial şəbəkələr sanki açıq ədəbiyyat klubudur. Yazar, sənətçi, tənqidçi və sair məktəbi keçirlər. Aşiq olanlar, bir-birindən küsənlər, həyatdan inciyənlər, ədəbiyyatdan heyf (və keyf) almaq istəyənlər, populyarlıq arayanlar hamısı ədəbiyyata üz tutur. Plagiatçılıq isə bütün hədləri aşıb. Ədəbiyyatı şəbəkələşdirirlər. Bax, ən təhlükəlisi də ədəbiyyata toplu halda gəlməkdir.

Tarix
2016.11.29 / 08:30
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla