Yuxarı

Nüsrət Kəsəmənlinin ot basmış tənha qəbri – Foto/Video

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nüsrət Kəsəmənlinin ot basmış tənha qəbri – Foto/Video

O, sevgi şairi idi. Onu sevirdilər. İlk sevgi həyəcanını yaşayanlar öz hislərini onun şeirlərilə ifadə edirdilər. Sözlərinə yazılan mahnıların sədası altında qol götürüb oynayanlar – qanad açıb xoşbəxtliyə uçurmuş kimi qanadlananlar vardı...

Bir nağıl dünyası idi onun lirik şeirləri... özlərini şairin hər misrasında görənlər o qədər idi ki...

Kənardan xoşbəxt bir həyat yaşamını sezdirən şair:

"Üzümə baxmayın, mən güləndə də

Bir sevda ağlayır içimdə mənim", - deyirdi.

Şeirlərinin ona milyonlarla oxucu sevgisi qazandırdığı bir zamanda isə haqqında bəhs etdiyim Nüsrət Kəsəmənli: "Daha nağıllara inanmıram mən", - dedi. Sanki bu sevginin, rəğbətin bir gün unudulacağının fərqinə varırdı bu misraları yazanda...

On bir il bundan qabaq bir qış günü qürbətdə dünyasını dəyişdi. Qürbətə "Gəzməyə qürbət ölkə", - deyib getməmişdi. Getmişdi ki, canındakı ağrılardan qurtula bilsin, qayıtsın "Gəzməyə vətən yaxşı" desin.

Yazsın, sevilsin...

Onu şair kimi indi də sevirlər. Şeirləri ilə yenə də ilk sevgi həyəcanı yaşayanlar təskinlik tapır...

Şeirləri sevilən, oxunan şairin son mənzilinə baş çəkdik. Ürək ağrıdan mənzərə ilə qarşılaşdıq. Ehtiramımızı bildirdik, qəbrinin üstündə dua oxuduq. Şairin son mənzilini ot-ələfdən təmizlədik. Fotomüxbirimiz İsmi ilə başdaşını və sinədaşını yuduq.

Tozdan bozarmış qara mərmər başdaşının sağ tərəfində qurumaqda olan palma ağacı var. Bu ağac qürbətin ağacıdır, şairin məzarının başında son günlərini yaşayır, qayğısına qalınsa yaşatmaq olar...

Baş daşının sol kənarında, ürəyi tərəfdə isə doğma torpaqların bitkisi olan yemişan kolu əkilib. Yam-yaşıldır. Bir ağ kəpənək kolun yarpaqları arasında zərifcəsinə qanad çalır. Qanadlar ürək kimi döyünür... Şairin şeirini pıçıldayan dodaqlar kimi tərpənir.

Unudulmaz şairin unudulmaqda olan son mənzilinin qonşuluğundakı qəbirlər təmizliyi ilə seçilir. Qəbirlərə xüsusi diqqətin olması kənardan hiss olunur.

Qonşu qəbirlərin birində yasəmən kolu əkilib. Budaqlarından tuturam. Şairin misralarını pıçıldayıram:

"Sənə deyim dərdimi, gül ağacı,

Kimiyə gül, kimiyə əl ağacı..."

Elə həmin şeirdə deyirdi ki, yüyürürəm qəmə sarı kəsə mən...

Qəbristanlıqda qəbirlərin üstünü təmizləyən bir neçə qadın diqqətimi çəkir. Yaxınlaşırıq. Məlum olur ki, bunlar dünyalarını dəyişmiş insanların doğmaları tərəfindən işə cəlb olunublar. İş yeri kimi gəlib hər gün bu qəbirləri təmizləyirlər...

Qəbiristanlığın qapısı ağzındakı mollalarla, xadimə qadınlarla söhbət edirəm.

- Biz buradan maaş almırıq. Kim gəlib sifariş versə, onun qəbrini təmizləyir, qulluq edirik.

- Nüsrət Kəsəmənlinin qəbrini ziyarət edənlər olurmu?

- O gün Sabir Rüstəmxanlı gəlmişdi. Ara-sıra o gəlir. O cür şairin qəbrini niyə yiyəsiz qoyurlar? Nə yaxşı siz gəlmisiz! – bunu yaşlı qadın deyir.

- Bəs siz o boyda şairin qəbrini arada heç təmizləyirsiz?

- Yox, təmizləməmişik. Onun şeirlərini isə cavan olanda əzbər bilərdik. O, ölməli adam deyildi.

Aralanıram. Şairə oxucu sevgisi heç azalmayıb. Bunu burda iş-gücü, gecəsi-gündüzü qəbirlərin arasında keçən insanların münasibətindən də hiss etmək olar... ona olan məhəbbət qalıb, səngimir. Özü isə zamanında demişdi:

"ÖZÜM BAŞ DAŞIYAM O MƏHƏBBƏTƏ"...

Bəs görəsən Nüsrət Kəsəmənlinin mahnıları ilə şöhrət qazanan sənət adamlarının necə, yadına düşürmü şairin məzarını ziyarət etmək? İnanmıram. İnandığım təkcə odur ki:

İllər vida deyib, fəsillər ötüb,

Uzun sözlərinin qısası qalıb.

Özü şeirlərə qarışıb itib,

"Nüsrət Kəsəmənli" imzası qalıb...

Bəli Nüsrət Kəsəmənli imzası qalıb və qalacaq da. Bu dünyadakı mənzillər, axirət dünyasının mənzilləri ilə dəyişilsə də, şairə olan sevgilərin ünvanı heç vaxt dəyişməyəcək. Bu ünvan şairin imzasıdır: "Nüsrət Kəsəmənli" imzası..

Tarix
2014.05.20 / 21:50
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla