Yuxarı

Öz qəbrinin üstündə 40 il şam yandıran şairimiz

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Öz qəbrinin üstündə 40 il şam yandıran şairimiz

Kult.az çoxlarının “Azərbaycanımızın cənub bölgəsinin Salman Mümtazı” adlandırdığı Bilal Alarlı ilə müsahibəni təqdim edir:

- Bilal müəllim, doğum gününüz münasibətilə təbrik edirəm. Artıq 60-dan vərəqlənir... Necədir ab-hava?

- Təşəkkür edirəm. Hə, ömür gedir. Zamanın amansızlığını müəllim olduğum üçün daha yaxşı görürəm. Ali məktəbdə hər səksən dəqiqədən bir, orta məktəbdə isə hər qırx beş dəqiqədən bir qocaldığımı hiss edirəm. Dəqiqələri, saatları saya-saya Tanrının verdiyi ömrün sonuna doğru addımlayıram. Şükür, rəhmətlik Brejnev demişkən, “iri” addımlarla gedirəm.

- Amma 60 yaşın içində də gəncsiniz.

- Bir dəfə telekanalların birində canlı efirdə aparıcı qız məndən təvəllüdümü soruşdu, dedim, 1958-ci ildə anadan olmuşam. Aparıcı qız təəccübünü gizlətmədi, dedi, yaşınıza görə cavan qalmısınız. Dedim, bu sözü mənə yaşıdlarım da deyir, amma onlara deyirəm ki, mən cavan qalmamışam, siz tez qocalmısınız. İnsan özünün bütün varlığını bioloji ömrünə kökləyəndə tez kökdən düşür, bir az da ruhla yaşamaq lazımdır.

- Eşitdiyimə görə, həyatınızda çoxlarının bilmədiyi qəribə hadisələr olub.

- On dörd yaşımda yataq xəstəsi olmuşam, uzun müddət, təxminən doqquz ay yeriyənlərə həsrətlə baxmışam. Düşünürdüm ki, mən də durub təzədən yeriyə biləcəyəmmi? Ağrılardan klinik ölüm halı keçirmişəm və uzunmüddətli xəstə olduğuma görə ayılmağımı gözləmədən qəbrimi qazıblar. Dirilmişəm, qəbrim deyilən çalanın üzərində qırx il dalbadal Axır çərşənbələrdə şam yandırmışam. Biz tərəflərdə İlaxır çərşənbədə adamlar qəbiristanlığa gedir, ölənlərinin qəbri üzərində şam yandırıb, ruhlarını şad edirlər. Mən öz qəbrimin üzərində şam yandırırdım. Qəbir tədricən doldu və mənə yiyə durmadı. Bu müddətdə qəbrinin üstündə şam yandırmalı qohum-əqraba da çoxaldı, daha boş qəbir üçün şam yandırmağa ehtiyac qalmadı.

- Bu, həyat hekayəsidir. Niyə qələmə almırsınız?

- Bu hadisə tək deyil axı! Nəslimizdə altmışı haqlayan olmayıb, hamısı əllidən sonra aşıblar qəbirə. Atam əlli altı yaşında, əmim qırx yeddi yaşında dünyasını dəyişib. Doğma bibim, doğma xalam yoxdur, anam atasının tək qızı olub. Atamın əmisi uşaqları da altmışı haqlamayıblar. Hamısı da xərçəngdən ölüb. Bu, bizim nəslin sanki irsi xəstəliyidir. Əlli altı yaşım olanda xərçəngdən ölmüş əlli yeddi yaşlı əmi nəvəsini qəbirə qoyub, Biləsuvara USM müayinəsindən keçməyə getdim və vaxtilə atama qoyulan diaqnozu həkim mənim özümə dedi. Hər şey gözümdən düşdü, elə bil, həyat bir anın içində sönüb getdi. Bir ay dərmanların əlindən baş götürüb qaçmağa yer tapmadım. Sonra hər şeyi atdım, bircə dərman belə qəbul eləmədim. Həkimim mənə dedi ki, ölüm ölümdür, gəl, eksperiment eləyək, bəlkə özünü doğrultdu. Biz tərəflərdə güclü türkəçarəçilər var, onların da köməyi ilə mən ölçüsü əndazəni aşmış şişdən xilas oldum. Doqquz aydan sonra təzədən USM müayinəsinə getdim, həkim təəccüb etdi və soruşdu: “Şiş hanı, müəllim?” Mən sevindiyimdən həkimi qucaqlayıb uşaq kimi ağladım. Ölüm yanımdan sürüşüb keçdi. O zamandan özüm üçün iki qərar verdim. Bunun birincisi budur: Özün özünün həkimi olmasan, dünyanın bütün təbibləri yığışsa da, səni xilas edə bilməyəcəklər. İkinci qərarım belədir: Ən çətin anlarımda sıxılmıram, bu çətinlikdən bir çıxış yolu olduğuna inanıram. Çətinlik mənimçün qaranlıq tunel kimi bir şeydir, amma bilirəm ki, tunelin sonunda bir işıq var, işıqlı dünya var. Mən axı iki il də zindan həyatı yaşamışam, Azərbaycanın müstəqilliyi uğrunda apardığım mübarizəyə görə həbs edilmişəm. Hərdən başqalarına görk olsun deyə, deyirəm, mən zindandan və ölümdən keçmiş adamam, yəni qorxacağım bir şey qalmayıb.

- Paytaxtdan uzaqda olmaq nə verir və nələri alır?

- Ədəbi mərkəz - ədəbi mərkəzdir. Addımını qoyursan, istəyinə çatırsan. Mən isə aylarla Bakıya üz tuta bilmirəm. Elə bilirəm, uğur sarıdan itirilənlər var… Əyalətdə isə vəziyyət başqa cürdür. Məsələn, yaşadığım Alar kəndində üç orta məktəb var, amma mən 19 il kənarda, qonşu Zubanlı və Ocaqlı kəndlərində müəllim işləmişəm. Şikayətimə baxmırdılar, səbəbi isə sadə idi, mənim nüfuzum qarşısında direktorlar öz vəzifələrini itirəcəklərindən qorxurdular. Əyalətdə qazandığım sakit həyatımdır, vəssalam. Qırx yaşıma qədər perspektiv dalınca gedərdim, hətta ayağımı zəncirləsəydilər, zənciri qırmaq mümkün olmadığı halda ayağımı gəmirib tək ayaqla gedib uğur qazanardım. Təəssüf, belə bir perspektivi görmədim. Bundan sonra… hara gedirəm? Ayağımla gedim, çiyinlərdə gətirsinlər?! Yaş ötdü də daha! Mənim yaşadığım bölgədə Abbasağa Azərtürk, Əhməd İspər, Qasid Nağıoğlu, Misir Alarlı, Böyükxan Bağırlı kimi tanınmış ədəbiyyat adamları yazıb-yaradıb. Burada Əlizadə Nuri, Əlirza Həsrət, Ədalət Salman, Əfrahim Hüseynli, Böyüş Yaquboğlu, Ələddin Əzimli kimi şairlər yaşayır və ədəbi mühit üçün darıxmırlar.

- Son vaxtlar ictimai həyatda, sosial müstəvidə bir çox hadisələr cərəyan etdi. Yazıçılar Birliyi ilə bağlı söz-söhbət də yarandı. Bir yazar olaraq siz nə fikirləşirsiniz?

- Bir dəfə yazmışdım ki, Yazıçılar Birliyi məbəd, Anar da onun tanrısıdır. Əlbəttə, böyük mübaliğədir, amma mən Yazıçılar Birliyinə həqiqətən ədəbi məbəd kimi baxıram. Birlik mənimçün heç bir şey etməyib, üzvlük haqqımı vermişəm, kitablarımı isə özüm çıxarmışam. Heç oradan Prezident təqaüdü-zad da almamışam. Oğlum Faiqin adı o siyahıda olub, həmin vaxtda da mənim oğlum Murovda hərbi xidmətdə olub. Adını siyahıya o vaxtkı mətbuat katibi salmışdı və pulun da dəyərini o bilirdi… Amma AYB-ni AYIB kimi yazanlar, Anarı, Fikrət Qocanı söyənlər sonradan gəlib həmin təqaüdü də aldılar, AYB-yə girdilər, çıxdılar, girdilər, çıxdılar... İndi də Yazıçılar Birliyini bir təşkilat kimi gözdən salmağa çalışırlar. Mən Yazıçılar Birliyinə yenə də ədəbi məbəd kimi baxıram, ədəbi orqanlarını isə ən yüksək, səviyyəli orqanlar sayıram. Yazıçılar Birliyinin ədəbi orqanlarında yazım çıxanda oturub bir gecədə öz yazımı on-on beş dəfə oxuyuram, ürəyim soyumur. Təsəvvür edirəm ki, bu yazını indi kimlər oxuyur. Kim nə deyir, desin, AYB qorunub saxlanmalıdır. Fəxri adlara da xor baxmağı xoşlamıram, kimə verirlər, versinlər, amma qoruyub saxlasınlar.

- Yəni doğrudanmı bu, deyilən məsələdir, yoxsa bir çoxlarının iddia etdiyi kimi, söz-söhbəti ona görə böyüdürlər ki, AYB-nin binasını əllərindən alsınlar, hansısa bir quruma versinlər. Bilirsiniz, təcrübədə bu var, bir çox məşhur kitab mağazaları kommersiya strukturlarına verildi. Məsələn, ”Yazıçı”, “Azərnəşr”, “Gənclik” nəşriyyatları… Bu, mənəvi aşılanma deyil ki?

- Yox! Hər zamanın bir hökmü var. Dünənə qədər hamı metroda əlində kitab məsafə qət edirdi, indi internet imkanları olan telefon dəbdədir. Kitabxana kitabları o qədər oxunardı, vərəqləməkdən hərfləri pozulardı. İndi kitabxanalara saatda bir nəfər gəlmir. Tutaq ki, Cəlilabadda kitab mağazasının fəaliyyətini bərpa etdik, onun qapısını açan olacaqmı? Görünür, bu vərdişlərin bərpa olunması üçün vaxt lazımdır. Hələ hər şey kommersiyaya hesablanır. Nəşr məsələlərinə də toxunum. Çox gərəkli kitablar var ki, cəmi yüz nüsxə çap olunur ki, onun da əllisini müəllif ona-buna bağışlayır, əllisini bağışlamağa adam tapmır. Bağışladığı adamların da çoxu heç o kitabları oxumur. Başqa bir məsələ: AYB ictimai təşkilatdır, onun yaşaması üçün kommersiya strukturları olmalıdır. Mən deyərdim ki, bu təşkilat özünün kommersiya problemlərini həll etməkdə bir qədər gecikir. Burada təəccüblü bir şey yoxdur.

- Hər həftə cəlilabadlı yazarlar olaraq bir yerə toplaşıb ədəbi qəzetlərin, jurnalların müzakirəsini keçirirsiniz. Paytaxtla müqayisədə bölgədə ədəbi proses daha safdır, dedi-qodudan uzaqdır.

- Tamamilə razıyam. Burada hər kəs öz şöhrətinin üstündə oturub. Əgər biz bir yerə cəm ola biliriksə, bu nüfuzu böyüdürük. Vaxtilə mərhum Qasid Nağıoğlunun ətrafına toplaşardıq. Ondan sonra Böyükxan Bağırlı və Adil Ağazadə ədəbi qüvvələrin mərkəzində dayandılar. Hər ikisinə Allah rəhmət eləsin! İtirə-itirə gedirik. Son vaxtlar bunu yaxşıca anlamışıq. Daha “Yeni gün”, “Münasibət” qəzetləri çap olunmur. Təkcə Ədalət Salmanın “Sözün işığı” jurnalı müntəzəm çıxır, onun da maddi çətinlikləri var. Yığışıb bu dərdləri müzakirə edirik. Adətən, şənbə günləri həftəlik qəzetləri alıb, ədəbi yeniliklərlə tanış oluruq. Belə tədbirlərdə sən özün də iştirak etmisən və bilirsən ki, müzakirələrimiz maraqlı olur. Ədəbi mərkəzdən qonağımız olanda daha maraqlı anlar yaşayırıq.

Tarix
2017.09.20 / 08:45
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

Azərbaycanlı və erməni ekspertlər Londonda - Foto

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla