Natiq Rəsulzadənin “Ev”i və Evi
“Ulduz” jurnalı ilə Axar.az saytının birgə layihəsi
“Yazı masa”sının ilk qonağı həmkarım Xanım Aydın üçün də, mənim üçün də bir az sirliydi. Açığını desəm (və indi təəssüf edirəm), şəxsi münasibətimiz olmayıb. Bir neçə dəfə Yazıçılar Birliyinin dəhlizlərində rastlaşsaq da, salamlaşmağa çəkinmişəm. Görünür, həm də yazıçının ilk baxışdan qaraqabaq, sərt görünüşlü adam olduğu məni çəkindirib. Deyəsən, elə Xanım Aydın da eyni hissi yaşayıb. Odur ki, imzası sərhədləri çoxdan aşmış, kitabları ölkələri dolaşan müsahibimizi biz yaxından tanımırdıq. Odur ki, söhbəti hardan başlayıb, hara aparacağımızı müyyənləşdirə bilmirdik.
Təyin olunmuş yerdə Natiq müəllimi gözləyirdik. Nəhayət, gəlib çıxdı. Kənardan onu gördük. Telefonla danışa-danışa yaxınlaşırdı ki, Xanım Aydın soruşdu: Necə olacaq?
Natiq müəllim çox səmimi və mehriban görüşdü. Layihəmizin ilk qonağı olduğunu biləndə gülümsünüb dedi: “Dəlləkliyi mənim başımda edəcəksiz?”
Birlikdə on altıncı mərtəbəyə qalxdıq. Evə girdik. Bütün tərəddüdlərimiz, narahatlığımız mətbəxə girəndə yaz buludu kimi dağılıb getdi. Natiq müəllimin bu evindəki yazı masası mətbəxdə bir kənardaydı. Adicə kompüter stolundan ibarət olan yazı masasında əlyazma şəklində bir neçə kağız, eynəkdən başqa, demək olar, əlavə heç nə gözümə dəymədi. Arxasında ikigözlü kitab şkafı vardı, bir də divan. Divanın söykənəcəyində Nabokovun 217-ci səhifəyə qədər oxunmuş kitabı var. Bu sadə mətbəx həm isti, həm rahat, həm də iş üçün münasib yerdi.
Natiq müəllim bizə çay süzməyə qalxdı və onun nə qədər sadə və səmimi olduğunu kəşf etdik. Biz də özümüzü öz evimizdə hiss etdik. Çaylar süzüldü və isti, yemək, içməkli otaqda maraqlı söhbət başladı.
Natiq müəllim həm də yaxşı pedaqoq olduğu üçün ortamı əla almağı və söhbəti istiqamətləndirməyi bacarır. Odur ki, onunla danışmaq, fikirlərini öyrənmək, münasibətini bilmək çox maraqlı olurdu. Onu da kəşf etdik ki, Natiq müəllimin yumor hissi də çox yüksək səviyyədədi. Söhbət arası danışdığımız mövzuya uyğun yazıçıların, rejissorların başına gələn məzəli əhvalatları da danışmağı unutmurdu.
Yazı manerasındansa belə danışdı:
– Yazı masasının, əlbəttə, özünəməxsus mistikası var. Bu, müxtəlif yazıçılarda müxtəlif cür təzahür edir. Kimi böyük, geniş, işıqlı otaqda, kimi yığcam bir yerdə, kimi kitab-dəftər dolu masada, kimi siqaret çəkə-çəkə, kimi qəhvə içə-içə yazır. Mən balaca otaq, balaca masa olsun, sevirəm. Geniş otaqların da yazıya xüsusi təsiri var. Amma mən sevirəm ki, xudmani yer olsun. Yeri gəlmişkən, Dostoyevski də belə olub. Onun yazıyla məşğul olduğu otaq da, masa da balaca, yığcam olub, hətta yazı otağının tavanı da aşağı olub. Yazıçı var ki, harda gəldi, necə gəldi yazır. Mənsə sevirəm dünyama, öz yazı masama çəkilim, yazım. Hətta başqa otaqlarda kimsə addımlayanda fikrimə təsir edir. Dərhal əsəbiləşib "sakit olun" deyirəm. Mütləq sakitliyi sevirəm. Yazıdan kənar istənilən şey mənə maneə törədir. Gənclik illərimdə həddindən artıq siqaret çəkirdim – bəzən günə hətta iki qutu. Əsər yazanda onun tüstüsü gözümə dolur, məni narahat edirdi. Belə-belə siqareti tərgitməti oldum. Çünki onun tüstüsü, qoxusu məni yazıdan ayırırdı. İstəyirəm ki, fikrim-zikrim tamam yazdığım əsərdə, obrazlarda, hadisələrdə olsun.
Başqa ölkələrdə əsərlərim tərcümə edilərək çox çap olunub. Məsələn, Macarıstanın ən böyük nəşriyyatında mənim iki ildə üç kitabım işıq üzü görmüşdü. Oranın məşhur tənqidçisi əsərlərim haqqında yazmışdı ki, Qafqazda yeni Kafka peyda olub. Bilirsiz, o vaxtlar bu cür kitablar dəbdə idi. Mistika dəbə düşmüşdü. Mənim də əsərlərim bu tərzdə olduğu üçün maraq doğurmuşdu. Natiq Rəsulzadə Azərbaycanın Kafkasıdır, – bunu çoxları deyir. Amma mən hesab edirəm ki, mən elə Natiq Rəsulzadəyəm. Bu ad mənə kifayət edir.
Mənim məşhur qəhrəmanım kimdir? Bu suala cavab vermək bir az çətindir. Dostoyevskinin Raskolnikovunu oxuduqca hər dəfə oxuyub başqa şeylər açırsan. Ümumiyyətlə, vaxtdan, zamandan da çox şey asılıdır. İnsan eyni bir əsəri müxtəlif yaş dövrlərində təkrar oxuyub müxtəlif cür qəbul edir. Bu baxımdan, hansı qəhrəmanımın daha məşhur olduğunu, daha sevimli olduğu demək çətindir. Çünki mən onlarda hər dəfə başqa bir özəlliklər açıram.
70-ci illərdə Heydər Əliyevin hakimiyyətdə olan vaxtları idi. "Gecə süvarisi" adlı əsərim çap olundu. O əsər böyük hay-küyə səbəb oldu. O, senzuradan necə keçdi, bu özü bir böyük möcüzə oldu. Həmin vaxtlarda imkan vermirdilər əsərlərdə nəsə artıq-əskik yazmağa. Hər sözə, hər hərəkətə fikir verirdilər. Hətta nəşriyyatın redaktoru mənə demişdi: "Bu nədi, Natiq? Sənin qəhrəmanın araq içir?" Sonra başqa əsərimdə yol polisi rüşvət alır. Bunu o vaxtkı MTN-də də müzakirə etmişdilər. Təsəvvür edirsinizmi, 70-ci illərdə "QAİ" işçisi rüşvət alır?! Ancaq bunlar detallardır. Əsas məsələ: mənim qəhrəmanım milyonlar qazanır. Sovet dövründə o cür adamları həbs edir, güllələyirdilər. Niyə axı istedadlı yazıçı olsun, istedadlı şair olsun, amma istedadlı iş adamı olmasın?! Bax mən bu cür adamdan yazmışdım. Həmin qəhrəmanımın adı Zəfərdi. O, mənim sevimli qəhrəmanımdır. Bu senzura ki qoyulmuşdu, yazanda yazıçı fikir verirdi yazısına. Məni çox vaxt çap etmirdilər. Nəşriyyatların tematik planlarından çıxarırdılar.
Moskvada Ədəbiyyat İnstitutunda oxuyada mənə təklif etdilər ki, orda qalıb oxuyum, işləyim, orada çap olunum. Amma mən qala bilmədim. Məni Bakı həmişə özünə çəkib. Qala bilməmişəm. Sonralar Heydər Əliyev senzuranı ləğv edincə gəncləri demirəm, onlar quş kimi uçdular. Bizsə orta və yaşlı nəsil çaşıb qaldı ki, mən indi nə yazım, necə yazım. Biz öyrəşmişdik ki, hər şeyi üstüörtülü yazaq. Ağıllı oxucu bunu başa düşürdü, anlayırdı. Onu senzurada oturan məmur tutmurdu. Biz hər şeyi mətnaltı yazırdıq. Senzura ləğv olunandan sonrasa bəzi gənclər bunu düz başa düşmədilər. Hər şeyi açıq-aşkar yazmağa başladılar. Bununla heç kimi təəccübləndirmək olmaz axı. Dünya ədəbiyyatında bu çoxdan keçmiş etapdır. Adi kütləni təəccübləndirməyə nə var ki?.. Əsas ağıllı, diqqətli oxucu kütləsini təəccübləndirməkdir. O senzura götürüləndən sonra mən beş-altı il yazmadım, gözlədim.
Senzura vaxtı sürrealistikanı, fantastikanı, mistikanı qəbul etmirdilər. Deyirdilər, biz bunu başa düşmürük. Mənsə mistikanı çox sevirdim. Mənim "Ev" əsərim var. Mistik janrda yazmışam. Məhz elə o əsərə görə Macarıstanda mənə Kafka demişdilər.
– Necə oldu ki, kinoya gəldiz?
– 75-ci ildə Ədəbiyyat İnstitutunu bitirəndən sonra bir yerdə çox qala bilmirdim. Tez-tez iş yerimi dəyişirdim. Gah burda işləyirdim, gah orda. Həmin ərəfədə Cəmil Əlibəyli məni kinostudiyada redaktor işləməyə dəvət etdi. Orda bir neçə dəfə “Mozalan” üçün ssenari yazdım. Rejissorların xoşuna gəldi. Mən elə yaza-yaza ssenari yazmağa həvəsləndim. Ozü də ki, o zamanlar “Mozalan” ssenarisinə yaxşı qonorar verirdilər. Məndə maraq, həvəs yaranmışdı. Kinoya bax belə, “Mozalan”dan gəlmişəm. Sonra qısametrajlı filmlərə ssenari yazdım. O filmlərdən biri "Yaşa, qızıl balıq" qısametrajlı filmidir. Həmin film çox uzunömürlü oldu. Avtobusda bayaqdan bir-birlərindən narazı olan, bir-birini itələyən, incidən sərnişinər balığı yaşatmaq üçün birləşirlər. Sürücünü də hovuz olan yerə sürdürürlər. Məsələ bundadır ki, insanların bir məqsəd ətrafında birləşməsi mühüm məsələdir. Birlik vacib bir şeydir.
Ümumiyyətlə, ssenari başqa şeydi. Əsərdən fərqlənir. Bəzən finalı da dəyişirəm, bəzən hansısa hadisələrdə hansısa nüansları dəyişirəm. Bilirsiz, Rusiyada kino və teatr ənənəsi var, məktəb var. Bizdə yoxdur. Mən bunu ürək ağrısıyla deyirəm. Elə alababat, orta səviyyədə, hər hansı bir festivala gedəsi bir film çəkirlər, vəssalam.
Hazır əsərimin üstündə ssenari yazanda itkilərə görə ürəyim ağrımır. Yox. ədəbiyyat başqa şeydi, kino başqa şeydi. Məsələn, Dostoyevski səhifələrlə bir obrazın, bir hadisənin təsviri verirdi. Ədəbiyyatın öz dili var, kinonun öz dili var. Mən həmişə rejissoru dinləməyi bacarmışam. Ağlabatan təklif olanda mütləq razılaşmışam. Axı mənim yazdığım da Quran deyil, İncil deyil. Əlbəttə ki, dəyişmək olar. Bəzən rejissor mənim versiyamla, bəzən mən rejissorun versiyasıyla razışlaşıram. Məqsəd filmin yaxşı alınasııdr. Mən Eldar Quliyevlə, Oqtay Mirqasımovla çox maraqlı filmlər üzərində işləmişəm.
Orijinal ssenari yazmaqsa tamam başqadır. Hər ikisinin özünə görə çətinlikləri var. Ən asanı, ən maraqlısı öz ideyam əsasında ssenari qurmaqdır. Bir var əsərin motivləri əsasında, bir var əsər üstündə yazmaq. Motivləri əsasında yazanda ssenaridə əsərdən, az qala, 90 faizi qalır. Məsələn, Tolstoyun "İvan İliçin ölümü" əsərinin motivləri əsasında Kurasavanın çəkdiyi "Yaşamaq" filmi var. Kurasava o qədər gözəl, yaradıcı rejissordu ki, ola bilməz, o, Tolstoyun əsərini götürüb necə var elə də film çəksin. O cür rejissorlar filmi öz baxış bucaqları altında, gördükləri kimi maraqlı çəkirlər.
Məsələn, "Bozun 50 çaları" filmini götürək. Əsər yazıldı, film çəkildi. Partlayış oldu. Bu əsər, bu film dünyanın neçə dilinə çevrildi. Bir müddət baxıldı, oxundu, vəssalam. Məsələ burasındadır ki, elə əsər və elə film olmalıdır ki, uzunömürlü olsun. Müəyyən bir dövr üçün hadisəyə çevrilmiş əsərlər tez də unudulur. Bu cür əsərlər reklama işləyir, məşhurlaşır. Heyif ki, bizdə reklam işi yoxdur, düzgün qurulmayıb. Reklam işi düzgün qurulsa, kitablar da yaxşı satılar.
Mən Universitetdə müəllim işləyirəm. Buna baxmayaraq, özümü daha çox yaradıcılıqda hiss edirəm. Günü bu gün yenə kinoya ssenari yazmaq lazım olsa, mən universitetdən uzaqlaşaram. Çünki mən yazıda özümü tam hiss edirəm.
Əsərdə ad seçimi elə olmalıdır ki, yazıçı özü də o obrazı sevsin. Məsələn, qohumun, tanışının adını qoyanda yazıçı özündən asılı olmayaraq, o obrazı sevir. Bundan başqa, obraza da uyğun adlar olmalıdır. Yəni ad, obrazın xüsusiyyətini tamamlamalıdır.
Həyatda hər bir insann içində hər cür xarakter var. Bu səhər yaxşı adam kimi oyanan adam, günorta lap əclaf adam da ola bilər. Və ya əksinə. Mənim qəhrəmanlarım belə rəngarəngdir. Lap gənc yaşlarımdan yazıram. Və mən böyüdükcə obrazlarım da böyüyüb. Əsərlərimdən gənclər bunu öyrənə bilər ki konkret pis və ya yaxşı adam yoxdur. İnsanın içində elə mürəkkəb psixoloji proseslər gedir ki... Yəni obrazlar elə insanlar kimi ancaq ağ-qara – yaxşı-pis ola bilməz. İnsann içində hər cür xarakter böyüyür. Bu baxımdan, gənclərə əsərlərimi oxumağı tövsiyə edərdim. Yazanda gərək hər bir obrazı hərtərəfli göstərə biləsən. Həm yaxşı, həm də pis cəhətlərini göstəməyi bacarasan. Yazıçı özüylə səmimi olmalıdır. Birinci özüylə. Aldatmamalıdır. Aldadırsa, səmimiyyət yoxdursa, ağıllı oxucu onu ilk səhifədən sezir, bilir. Bütün dərin mənalı istedadlı əsərlər gəncliyə ünvanlanıb. Onlar üçün yazılıb. Çünki bizim ardımızca onlar gəlir.
...Natiq müəllim saatı da ovsunlamışdı, üç saatın hardan gəlib keçdiyini, yəqin ki, əqrəblər də hiss etmədi. Təəssüf ki, maraqlı anlar bitirdi. Əvvəldən bilsəydik ki, Natiq Rəsulzadə bu qədər qeyri-adi, bu qədər səmimi, bu qədər mehribandı, görüşünə uçaraq gələrdik. Onu da deyək ki, Natiq Rəsulzadə həm də çox fərqli, maraqlı yazıçı imiş. Təəssüf ki, vaxtında tapıb oxumamışıq və indi o boşluğu doldurmağa, əskikliyi tamamlamağa çalışırıq. Bu qədər maraqlıymış Natiq Rəsulzadə. Harda kitabını görsəniz, alın, oxuyun, rastlaşsanız, yan keçməyin, mütləq görüşün, tanış olun. Çünki o, göründüyü kimi deyil, mehribandı, səmimidi, sadədi...