Yuxarı

Putinə şeir yazan azərbaycanlı: Əl çək...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinə şeir yazan azərbaycanlı:

Görəsən, dünyada Azərbaycan xalqı qədər yaradıcılıq eşqi qabarmış başqa xalq varmı?! Xüsusən, mövzu şeir oldumu, hamı bir nəfər kimi yazıb-yaratmağa başlayır.

Məsələn, başqa xalqlar həm də texnika yaradıb göyə uçur. Biz isə ancaq ilham pərisi gələndə uçuruq, yazırıq və havalanırıq.

Bir müddət əvvəl telekanallarımızın birində “Xalqın şairi” adlı yarışma proqramı başlamışdı. Əlinə qələm alan, sözləri bir-birinə calaşdıranlar vaxt itirmədən bu yarışmaya üz tutdular. Sonra hansısa səbəblərdən yarışma özünü yuxululuğa vurdu. Söz-söhbət başladı ki, qalibə vəd edilən ev hədiyyəsini almağa pul tapmayıblar, ona görə də veriliş davam edə bilmir. Sonra xəbər yayıldı ki, qalib əvvəldən müəyyənləşdirilibmiş, bu müsabiqə də, sadəcə, qurama bir oyun imiş.

Nəsə, birtəhər qaliblər müəyyən edildi, mükafatlandırıldı. Amma nədənsə ev verilmədi, əvəzində pul mükafatı verildi.

Ümumiyyətlə, bu yarışma başlayanda ilk düşündüyüm o olmuşdu ki, “Xalqın şairi” yarışması nədir, a kişi? Yox bir xalqın fitçalanı! Hansı ağıl sahibi belə bir yarışma düşünüb, ərsəyə gətirib? Məqsədi nədir, bu millətin şairəmi ehtiyacı var?

Onsuz da hamı şeir yazır da məmləkətdə.

Sanki insanlarımızın vücudunda şeir adlı bir orqan var və ağına-bozuna baxmadan hamıda ürək əvəzinə bu orqan döyünür. Və bu halda, artıq fərqi olmur sən haradasan, kimsən, nəçisən. Mütləq iki sözün qulpundan yapışıb, başlayacaqsan qafiyə axtarmağa: Xoşbaxtlıx, xoşbaxtlıx...

Bir də görürsən hansısa məşhur klinikada cərrahlıq edən bir professor elan verir ki, bəs yığışın, şeir kitabım işıq üzü görüb. A kişi, sən hələ bir xəstələrinə işıq üzü göstər, sonra gedib başqa işlərlə məşğul olarsan. Elə iki daşın arasında bir sənin şeirlərin çatmırdı.

Baxırsan div boyda universitet müəllimidir, gedib vəzifəsiylə məşğul olmaq əvəzinə oturur kabinetində, qızı yaşda xanımlara sevgi şeiri həsr edir.

Bir sözlə, uşağından gəncinə, gəncindən qocasına, qadınından kişisinə - hamı şeir yazmaq eşqinə düşüb. Bizim bu televiziya şou-fırıldaqçıları da bilmirlər nə etsinlər, qərara gəlirlər ki, başdan-ayağa şair olan xalqa, xalqın şairini seçdirsinlər.

Bütün bunlar aylar öncəki bir hadisəni yadıma saldı. Bir ağsaqqal yaxınlaşmışdı ki, a bala, eşitdim sənin bu “şeirdən-meirdən” başın çıxır. Rusiya Prezidenti Vladimir Putin cənablarına bir şeir yazmışam, bax gör neynirsən. İmkan elə sayıtdan-qazetdən (vallah, belə dedi: sayıt, qazet) bir yerdə çap eləsinlər.

Ağsaqqalın ayaqları, az qala, 80 yaşı haqlamışdı, gözləri təzəcə 90 yaşını qeyd edirdi. Heç əlində qırxı çıxan əsasını demirəm, bir-iki gün də öz ağırlığını əsaya versəydi, qonum-qonşu ilinə yığışacaqdı.

Nəsə, dedim, yaşlı kişidir də, arzusunu ürəyində qoymayım. Aldım əlindən iki səhifəlik kağızı, baxdım ki, mətn başdan-ayağa əl yazısıdır. Dedim, ağsaqqal, nəvədən-nəticədən yox idi bunu kompüterdə yazdırmağa?
Qayıtdı ki, yox e, ay bala, mənim gözlərim yaxşı görmür ha, elə bu şeiri mən demişəm, nəvəm də kağıza köçürüb.

Ağsaqqalla sağollaşıb evə qayıtdım. Verdiyi kağızlara göz gəzdirdim. Elə ikicə bənd oxuyub kağızları tulladım. Təxminən belə bir şey yazmışdı:

Əvvəla, salam sənə
Çox hörmətli Putin, Putin!
Əlini çək ölkəmdən,
Sənin deyil bu yol, bu tin!

Onsuz da Qarabağımız,
Erməni tapdağındadır.
Günahsa sənin ölkənin
Bostanında, bağındadır.

Əvvəl möhkəm əsəbiləşdim, sonra gic gülmək tutdu məni. Sonra yenə əsəbiləşib, başladım öz-özümə deyinməyə.

Doğrudan, maraqlıdır, baxırsan yaşlı adamdır, nəvəsiylə vaxt keçirən, lap uzağı, yaşıdlarıyla nərd oynayan vaxtıdır, ancaq oturub yekə-yekə Putinə şeir yazır.

Niyə, ay qardaş, niyə elə düşünürsünüz ki, şeir yazmalıyıq?! Məsələn, şəxsən mən şeir yazmaq haqda heç düşünmürəm, amma iki kitablıq şeirim var.

Qınamayın ha məni, mən də sizlərdən biriyəm...

Tarix
2018.06.30 / 08:15
Müəllif
Vəli Hüseyn
Digər xəbərlər

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

Rusiya Azərbaycanın təklifini dəstəklədi

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla