Bu gün çağdaş Azərbaycan ədəbiyyatının görkəmli simalarından şair Vaqif Bayatlı Odərin 70 yaşı tamam olur.
Vaqif Bayatlı Odər (Vaqif Cəbrayılov) 1948-ci il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsində təhsil alan V.Cəbrayılov Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, “Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis işləyib. O, həmçinin “Ulduz” jurnalında şöbə müdiri (1981-1990), “Xəzər” toplusunun baş redaktoru (1989-1992), Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru(1992) vəzifələrində çalışıb.
1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
1991-ci ildə Azərbaycan Yazıçılar Birliyində gənclərlə iş üzrə katib seçilib. Ümumittifaq konfranslarında, Sovet ədəbiyyatı günlərində, XI poeziya festivalında iştirak edib.
Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na (1993) və Moskvanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı"na layiq görülüb.
“Tənha ulduz altında”, “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır”, “Ən gülməli ölü”, “Yupyumru bir eşq ilə” kitablarının müəllifidir.
Vaqif Bayatlı Azərbaycan poeziyasında yeni və tamam fərqli bir mərhələnin əsasını qoyub. O, şeirlərində təbiətlə, həyatla, səma ilə bütünləşməyi, yaşamın şifrələrini sözə köçürməyi böyük ustalıqla bacarır. Vaqif Bayatlı SÖZ ilə daim göyə can atır. Bu baxımdan müasirləri onu göy adamı, səma şairi adlandırırlar.
Kult.az Vaqif Bayatlının ən çox sevilən şeirlərini təqdim edir: