Ana səhifə Kult Ədəbiyyat |
Qədim Yunan mifologiyasında tanrılar insanların xoşbəxtliyni ən çətin məkanlarda gizlədərək, bununla da onların sanki gizlədilənləri əziyyətlə taparaq dəyərlərini bilmələrini istədilər. Bir tanrı xoşbətliyi dəniz dibində, ikincisi meşənin dərinliyində, üçüncüsü isə göyün yeddinci qatında gizlətdi. Yalnız bir tanrı xoşbəxtliyi insanın öz qəlbində saxladı və bununla da o, ən çətinini etmiş oldu; insanın öz xoşbəxtliyini tapması üçün qəlbinə boylanması heç bir zaman ağlına gəlməyəcək deyə...
Əvvəli BURADA
Yataqxanaya döndükdən sonra uzun gecəni yata bilmədim. Yalnız səhərə doğru məni haqlayan yorğunluq beynimi mürgüləməyə vadar etdi ki, qısa müddətdən sonra öz səsimə oyandım: yuxuda İqbal kabus kimi arxamca qaçırdı...
Darya maraqla mənə baxdı. O, dərsə hazırlaşırdı və mənim əhvalımın hələ də yaxşılaşmamasından çox narahat idi.
- Dərsə getməyəcəm, - dedim, - icazə alacam.
Bu “icazələr” uzun sürdü.
İqbalın zəng və ismarışları cavabsz qalırdı. Hədsiz dərəcədə həyatdan küsmüşdüm. Bəzən insanların öz beyinlərində bütləşdirdikləri kəslər olur ki, ona bütün varlıqları ilə sığınır və güvənirlər. Bax, məhz bu bütlər sözün əsl mənasında bütləşdikdə və ya daşlaşdıqda, artıq qaçacaq yer olmur. Özündən, ətrafından qaçsan belə, ruhunun əzabı əzalarına təsir edərək, cildində, bədənində izsiz ötüşmür; gündən-günə əriyir, yox olursan sanki. Mən də bu dönəmi yaşayırdım - həyatımın ən ağır dönəmini. Düşüncələrimdə özümə bir xəyaldan ev qurarkən, təsadüfi olaraq başqa aləmə qulluq edən insanın vasitəsi ilə paramparça olan dünyama ağlayırdım daxilimdə.
Darya var gücü ilə məni depressiyanın caynağından qurtarmağa çalışırdı. Mən isə günlərlə otağımdan çölə çıxmırdım. Universiteti ümumiyyətlə unutmuşdum.
Bir gün o məni sözün əsl mənasında qapandığım dünyamdan ayırdı:
- Qulaq as, belə getsə, sən Koptsevin imtahanından keçə bilməyəcəksən.
Koptsev keçmiş kəşfiyyatçı idi. İnformatikanı tələbələrə aşılayan bu son dərəcədə nasist insan qafqazlı tələbələri ümumiyyətlə sevmirdi.
Düşünməyə başladım. Həqiqətən də universitetdə son dərəcə çox dərs buraxdığımdan, Koptsevin imtahanına da hazır deyildim. Odur ki, Daşanın kitabxanadan mənim üçün kitab daşıması fikrinə etiraz etmədim.
***
Artıq bütün beynimi, gücümü kitablara yönəltmişdim. Dərsləri davam etdirməyə başladım. Mənə mütəmadi olaraq imtahanlarıma hazırlaşmaqda köməklik göstərən Daşa isə öncəgörücülüyünü burada da əskik etmədi:
- Koptsev səni tərifləyəcək. Ondan dörd alacaqsan!..
Vaxt sürətlə keçdi, bütün imtahan həyəcanını geridə gərəksiz xatirə kimi buraxıb, Moskvanın xoş ab-havasından feyziyab olur, ətrafdakı insanların xoşbəxt həyatına baxdıqca sevinirdim. Koptsevin imtahanından Daşanın dediyi kimi “4” qiyməti aldım. Bütün kafedra dərslərə gəlməyən, lakin müəllimlərin suallarına geniş və dəqiq cavab verən qızdan, yəni məndən təəccüb və heyrətlə danışırdı.
Daşa da uğuruma sevinirdi:
- Bunu qeyd etmək lazımdır.
O, “qeydetmə”ni universitetimizə yaxın kafelerdəki dadlı yeməklərə qonaq etməklə həyata keçirirdi. Yeri gəlmişkən, içkidən uzaq olmayan qız mənim içki içmədiyimi bilən andan soyuducuda və otağımızda saxladığı alkoqol içkiləri yoxa çıxarmışdı. Mən Daryanın bu addımını özümə qarşı xüsusi hörmət hesab edirdim. O, mənim yanımda donuz əti yemirdi, namaz qıldığım vaxtlar otağın bir küncünə çəkilir və səssiz otururdı. Bu dostluq sanki zülmətlə işığın, gecəylə gündüzün, qəddarlıqla mərhəmətin, sevgiylə nifrətin dostluğu idi. Heç kəslə dosluq etməyən, danışıb-gülməyən Darya yalnız mənimlə səmimi və şən idi. Buna hər kəs təəccüblənirdi...
Daşanın istəyi ilə “qeydetmə”yə getdik və tələbələrin üz tutduğu “aristokrat bir məkan” seçdik. Küncdə ikinəfərlik boş bir masa taparaq, əyləşdik. Ofisant oğlan bizə çox gec yaxınlaşdı. Mən Daryanın üz-gözünü turşutmasından ofisanta iradını bildirəcəyini təxmin etmişdim. Amma sən demə, Daşanın bu məsələ ilə bağlı planı başqa imiş.
Ofisant oğlan qiyafəsində olan Daşanı maraqla süzərək, qızın sifarişlərini balaca kağız parçasında sürətlə qeyd edirdi. Əfsuslar olsun ki, sifarişin gəlişi ofisantın yazıdığı sürətdən fərqləndi. Daşa artıq əsəbiləşməyə başladı:
- Bunlar bizi nə sayır belə, hə?! - deyə qəzəbləndi.
O, diqqətlə masanın üzərindəki əşyalara baxmağa başladı: süni qızılgüllər, elektrik lampalı fənər və duzqabı.
Daşa diqqətini fənərə yönəltdi. Hər iki əlini elektrik fənərdən uzaq tutaraq bir-birinə sürətlə sürtməyə başladı. Bu məqamda fənərin işığı yanıb-söndü və sonra lampa tamamilə söndü.
Daşa az qala bütün kafenin eşidəcəyi tonla ofisantı çağırdı:
- Bu nədir belə, lampanız də xarabdır!
Mən özümü gülməkdən güclə saxlayırdım. Oğlan təcili administratoru çağırdı. Lampa dəyişdirildi.
Yemək sifarişinin gecikdirilməsini üzə vurmayan Daşa yeni lampa üzərində eyni hərəkətlərini icra etdi. Bu lampa da zay oldu.
Düz üç lampanı sıradan çıxartıqdan sonra onu dayandırdım:
- Daşa, bəsdir, zənnimcə, sən onların dərsini yetərincə verdin!
Daşa sözümə qulaq asdı və dördüncü lampa ilə artıq heç bir işi olmadı.
Əl-ayağı titrəyə-titrəyə gələn ofisant Daşanın sevimli mimoza salatını və qızardılmış kartofla toyuq budunu hər ikimizin qarşısına masa üzərinə düzə-düzə dil-ağız etməyi də unutmadı:
- İnanırsınız ki, burada bu cür hallar ümumiyyətlə olmayıb? Mən burada altı ildir ki, çalışıram və ilk dəfədir bu cür qəribə hal ilə qarşılaşıram. Elektrikimiz lampalara baxır, heç bir nasazlıq yoxdur, amma onlar nədənsə yanmırlar...
Daşa onun sözünü kəsdi:
- Bu cür halların olmaması üçün müştərilərə diqqətlə yanaşmalısınız, sifarişləri ləngitməməlisiniz, - deyə, mənalı-mənalı oğlana zilləndi.
Gözləri bərəli qalan ofisant oğlan bizdən güllə kimi uzaqlaşdı. Hətta sonda hesabı istəyəndə belə, masamıza başqa ofisant yaxınlaşdı.
Biz bu mənzərəyə xeyli güldük. Mən Daşanın bu cür “fokus”larına artıq vərdiş idim, insanlar isə bu cür halları qorxu və mistika dolu həyəcanla qarşılayırdılar ki, bu da mənə gülməli görünürdü.
Həmin axşam evə şən və xoşbəxt qayıdırdıq. Həyat öz axarına düşmüşdü, hər bir iş qaydasında gedirdi. Mən yataqxanaya dönərkən, Daşaya beynimdə çoxdan bəri düşündüyüm sual ilə müraciət etdim:
- Daşa, səncə, o oğlan sənin kişi geyimində olduğun üçün bizə laqeyd qulluq edirdi?
Daşa düşünməyə başladı:
- Bəlkə də, ola bilər.
- Elə isə bəlkə səninlə sabah mağazalara üz tutaq?
- Niyə? - Daşa təəccübləndi: - Mənim ki hər şeyim var!
- Sənə bir-iki don seçib alarıq.
Daşa düşünməyə başladı. Mən kompüterin arxasına keçdim, müxtəlif geyimli model qız şəkillərini seçərək, ona göstərməyə başladım:
- Bax gör, sən nə qədər fərqli görünəcəksən!
Daşanın sevincdən gözləri parıldayırdı. O, indidən artıq özünü bəyaz, şəffaf ətəkli, yüngül və rahat donlarda görürdü.
Ertəsi gün biz dəbə uyğun zəngin geyimlərlə bol mağazalara üz tutduq. Daşa üçün xeyli qadın paltarı seçib aldıq. Hətta o aksesuar və çantaları da unutmadı. Amma qəribədir ki, Daşanın sırğa və saçlarına taxacağı sancaq da özünə məxsus seçilmişdi: xırda insan kəlləsi və ya ingilis dilində müxtəlif qısaqol üstü yazılı köynəklər “yaxınlaşma”, “toxunma”, “öldürücüdür” kimi qəribə şüarlarla bol idi. Mən Daşanı haradasa anlayırdım, öz dünyasından uzaq olan bu qızın qəlibinə qayıtmağında azacıq da olsa, rol oynaya biləcəyim təqdirdə özümü xoşbəxt sanardım.
Daşa ilə yeganə barışmaz mübahisəmiz isə yataqxana eyvanında qəfəsdə saxladığı qara pişiklə bağlı idi. Mən onu heç cürə Daşaya “azad etdirə” bilmirdim. Daşa deyirdi ki, ildə mütləq bir qurban verilməlidir ki, bu ritualı o məhz bu zavallı qara pişiyin üzərində hansısa meşəlikdə həyata keçirəcəkmiş. Mən onu çox dilə tuturdum. O isə inadından dönmürdü:
- Qulaq as, dovşanlar çox bahadır, üstəgəl, satanistlərin əlindən şəhərdə qara dovşan da tapmaq mümkün deyil. Odur ki, mən dovşanı qara pişliklə əvəz etmişəm. Axı burada nə var ki?!
Komendant xanım Nadejda İvanovnanın “yataqxanada heyvan saxlamaq olmaz” şüarına riayət edən Daşa pişiyə gizlincə dovşanların saxlanılması üçün nəzərdə tutulan xüsusi qəfəsdə baxırdı. Maraqlısı budur ki, pişiyin uzun həftələr heç cınqırı da çıxmırdı. Yəqin, Daşa öz mistik dilində heyvancığaza səsini çıxartmamağı tapşırmışdı ki, yazıq da onun sözündən çıxmırdı. Onu da qeyd edim ki, Daşa heyvanlarla çox gözəl anlaşa bilirdi, hətta sahibini dinləməyən yırtıcı itlər belə onun yanına gələr, əl-ayağını yalayardı.
Daşa bir neçə qədim dil bilirdi. Bunlarda biri də latın dili idi. Qorxu filmlərini orijinal versiyada izləməyi sevən Daşa mənə tərcüməçilik edirdi.
Daşanın bacarıqlaırı sonsuz idi və mən onda hər gün bir yenilik kəşf etdikdə artıq təəccüblənmirdim, bu unikal insanı olduğu kimi qəbul edirdim.
Hər şey o qorxu dolu günə qədər yaxşı idi...
…Mən səkkiz saatlıq mühazirələrdən tez qayıtdım. Başım bərk ağrıyırdı. Narahatlığımdan doğan iznimi müəllimlər dərhal qəbul etdilər. Onsuz da onlar üçün çalışqan və zəhmətkeş tələbə sayılırdım!
Yataqxanaya döndükdə isə vaxtsız, vədəsiz gəldiyim üçün peşmançılıq hissi keçirdim. Pilləkənləri qalxa-qalxa ürəyimdə qəribə hisslər yaranırdı. Gözümün önünə Daşa gəlirdi; o, əlində qara pişiyi tutmuşdu, kimdənsə bıçaq istəyirdi. Mən addımlarımı sürətləndirdim, qaldığımız məkana çatdıqda isə yarımaçıq qapıdan otaqda Daşanın tək olmadığını gördüm. İçəridəkilər bərk mübahisə edirdilər.
Mən qapını döymədən içəri daxil oldum: qəribə, heyvanabənzər ünsürlər mənə sarı çevrildilər! Mən bu cür əcaib-qəraib varlıqları yalnız qorxu filmlərində görmüşdüm. İnandırım sizi ki, real həyatdan hər zaman uzaq bildiyim bu naməlum şəxslər indi mənim otağımda var-gəl edir, bəlkə də əşyalarıma toxunurdular ki, bu vəziyyətdən az qalırdı dəhşətə gəlim.
Daşa məni görcək əyləşdiyi çarpayıdan cəld ayağa qalxdı:
- Nə tez qayıtmısan?!
Mən qəribə varlıqları nəzərdən keçirə-keçirə:
- Hə, bir az narahat idim, - dedim.
Daşanın “qonaqları” dörd nəfər idi. Onlardan biri saman saçaqlarına bənzər qısa ətək geyinmiş, buynuzlu gözlərinin ağı da qaraya çalan yırtıcısifət qız idi. O, qəribə, heç bir zaman heç yerdə eşitmədiyim naməlum dildə Daşaya tərəf dönüb nəsə fısıldadı. Daşa təmkinlə ona cavab verdi. Aralarında dialoq gedirdi, mimikalarından və baxışlarından hiss olunurdu ki, mənim barəmdə söhbət edirlər. Digər üç nəfər də buynuzlu qızdan qorxunc zahirlərinə görə heç geridə qalmırdılar. Əllərində, alınlarında günəş döyməsi döyülmüşdü, biri olduqca hündürboylu idi və saçlarının yarısı qırxılı, yarısı isə çiyninə qədər uzadılmışdı. Hər dördünün gözləri zil qara rəngdə idi - onlara baxmaq mümkün deyildi.
Olduqca qorxunc bu varlıqlarla Daşa məni tanış etmədi. Hiss olunurdu ki, o, mənim vaxtsız qayıdışımı nəzərə almamışdı və bundan çox narahat idi.
Qız və hündürboyludan başqa digər iki nəfər də uzunboğaz qara çəkmədə və qısagol qara rəngli dəri gödəkcədə idilər. Hamısının barmağında iri qaşlı beşgüşəli üzük vardı. Mən bu cür üzüyün birini də Daşada görmüşdüm; o, bu üzüyü özünəməxsus rituallar zamanı taxırdı, qalan vaxtlar üzük onun mistik “aksesuarlar”ının yanında idi.
İki nəfərdən biri yenə də əcaib-qəraib dildə Daşaya nə isə dedi. Daşa eyvana çıxdı və əlində pişik olan qəfəslə geri döndü. Qız dişlərini qıcayıb qəfəsi götürdü. Onun dişləri mistik filmlərdəki vampirlərin dişləri kimi uzadılmışdı. Öz-özümə stomatoloqun, renoplastikin, plastik cərrahın bu heyvanabənzərlərin üzərində xeyli “tər tökdüklərini” düşündüm.
Qız Daşaya nə isə deyib, pişikqarışıq getmək istəyirdi ki, mən onun qarşısını kəsdim:
- Bilirəm ki, dediklərimi anlayırsan, - dedim: - Heyvanlara işgəncə vermək heç də doğru deyil!
Sözümdən hiddətlənən hündürboylu üzərimə şığıdı. Daşa bir göz qırpımında onunla mənim arama keçdi. Naməlum dildə qışqırmağa başlayan Darya onlara sanki nə isə izah etməyə çalışırdı. İlan kimi fısıldayan qızın qəzəbi bir az söndü, hündürboylu da sakitləşmişdi. Bircə mən qoxu içində idim. Bu cür qeyri-adekvat vəziyyəti gözləmirdim.
Əlbəttə ki, yırtıcıyabənzər insandan istənilən yırtıcılıq gözləmək olardı: kim bilir, əgər Daşa onları sakitləşdirməsəydi, bu adamyeyənlər mənim başıma hansı oyunu açardı!
Dördü də Daşa ilə sağollaşmadan və məni nifrətlə süzərək, otağı tərk etdilər. Otaqdan sonuncu çıxan hündürboylu qapının astanasından geri boylanaraq Daşaya mənim də anlayacağım rus dilində bərkdən dedi:
- Unutma ki, insanlarla dostluqdan qaçmalısan. - Sonra mənə sarı baxaraq, kinayə ilə əlavə etdi: - Bu, dostun üçün də ziyansız olar...
Onun anlaşılan dildə danışmasının mənim üçün bir eyham olduğunu gözəl anlayırdım. Əl-ayağım əsirdi, başımın ağrısı yox olmuşdu, özümü isə yerlə-göy arasında hiss edirdim; sanki bütün gördüklərim yuxu idi.
Daşa fikirli-fikirli çarpayısına oturdu, olduqca dilxor görünürdü. Mən danışmırdım. Keçirdiyim stresin izləri hələ də bədənimdən silinməmişdi.
Qəfil Daşa dilləndi:
- Sən təhlükədəsən! Onlar səni görməməli idilər!
Mən daha çox əsməyə başladım. Beynimdə vurmağa, toplamağa çalışdım: bir anda bütün bildiyim, əzbərlədiyim düsturları gözümün önündən keçirdim, çıxış yolu axtarırdım. Daşa isə sakit, əlləri sinəsində çarpazlanmış halda mənə baxırdı. Bir qədər özümə gəldikdən sonra ilk sualımı ünvanladım:
- Onlar pişiyə nə edəcəklər?
Daşa əsəblərinə hakim ola bilmədi:
- Cəhənnəm olsun pişik! Sən özünü düşün! Onlarla danışmamalı idin!
Mən səhvimi yalnız indi anladım. Sən demə, Daşa hər il satanistlərin meşəlikdə toplaşaraq insanı qurban etmələrini uzun danışıqlardan sonra qara pişiklə əvəzləmişdi. Mən isə özümü, bəlkə də, “qurban qismində” bu adamyeyənlərin əlinə vermiş oldum! Buynuzlu qızla uzun-uzadı naməlum dildə danışan Daşa, əslində, mənim onlara heç bir ziyanımın dəyməyəcəyini, əksinə, bütün gördüklərimi sakit qəbul edəcəyimi anladırmış. Mən isə “heyvan haqlarının qorunması naminə” üsyanımla Daşanın bütün “əməyinin” üzərindən böyük bir xətt çəkmiş olmuşam.
Daşa otaqda var-gəl edir, əsəbi halda deyinirdi:
- Sən anlamırsan, onlara qarşı hətta mən belə dayana bilmərəm! Əgər onlar səni qaralayıblarsa, bil ki, mütləq ardınca geri qayıdacaqlar!
Daşanın mənə təsəlli verəcəyini gözləyirdim, tam əksinə oldu. Və ən dəhşətlisi isə Daşanın proqnozunun dəqiq olması və mənim bu cür heyvanabənzərləri universitetə gedən yolda, trolleybusda, metroda, keçidlərdə, hətta... universitetdə belə arxamca gəzdiklərini görməyim oldu...
***
Kitabxanada kurs işini bitirməklə məşğul idim. Sən demə, başım kitab-dəftərə qarışdığından, ötüb keçən saatları nəzərə almamışam. Universitetdə iş saatı da bitibmiş: axşam saat doqquzun yarısıdır və mən hələ də kitabxanadayam!
Son sətri bitirərək, yataqxanaya sarı yığışmağı düşünürdüm ki, telefonuma zəng gəldi. Cavab vermək istəyim olmadığından, çantamda eşələnməyi boş vaxt itkisi hesab etdim, lakin zəng “israr edirdi”. İkinci zəngə arxaya çevirilib çantamda eşələnməyə başladıqda uzun rəflərlə bəzədilmiş və ucu-bucağı olmayan kitabxananın yarımqaranlıq dəhlizində qəfil geri çəkilən qara kölgəni gördüm. Beynimin ağıllı yarımkürəsi mənə səs etməməyi pıçıldadı: telefonumu sakit tərzdə çantamdan çıxardım, zəng edən Daşa idi:
- Sən haradasan? Niyə cavab vermirsən?
Mexaniki olaraq beynimə gələn ilk sözü dedim:
- Narahat olma! - Ardınca əlavə etdim: - Hər şey yaxşıdır!
Necə axı yaxşı ola bilər!?! Təsəvvür edin ki, gecənin qaranlığı, boş universitet və səni izləyən naməlum varlıq! Buna bəlkə də heç varlıq da deyilə bilməz ki, bir anlıq gördüyüm heyvanabənzərləri gözümün önünə gətirdiyimdə, damarlarımda axan qanım donurdu.
Daşa səsimdəki narahatlığı hiss etmişdi. Mən telepatla danışırdım və bilirdim ki, şüuraltı ona lazımi informasiya ötürüləcək!
Daşa mənə telefonda bərkdən səslənməyə başladı:
- Qulaq as, hər şey qaydasındadır! Sadəcə oranı tərk et! Eşidirsən? Oranı dərhal tərk et! Bir də ki, telefonu söndürmə, belə olduğu halda sənə yaxınlaşmağa cürət etməyəcəklər! Danış mənimlə!
Mən Daşa ilə danışa-danışa beynimin digər passiv yarımkürəsi ilə bütün tanıdığım və tanımadığım müqəddəsləri səsləyir, Allahdan mənə yardımçı göndərməyi xahiş edirdim. Kurs işi yazdığım iri dəftəri çantama dürtərək, cəld stuldan asılı gödəkcəmi əlimə aldım. Mən kitabxananın qapısına yaxınlaşdıqca arxamca gələn ağır addımlar sürətlənirdi. Ürəyimi ağzımda hiss edirdim ki, qapını açmağımla az qala üzərimə düşəcək nəhəng insanla toqquşdum, var gücümlə qışqırığım bütün universiteti bürüdü.
Özümə gəldikdə mənə tərs-tərs baxan universitet gözətçisi Lyonya dayını tanıdım. O, kitabxananın qapısını bağlayaraq, deyinirdi:
- Oxuyan olublar mənim üçün, gecədir artıq, çıx get evinə, bəsdir, Lenin olmayacaqsan onsuz da!
Mən Lyonya dayı ilə sağollaşaraq, içəridə bağlı qalan və çox güman ki, buynuzlulardan birinə aid olanın aqibətini düşünürdüm.
Birdən Lyonya dayıya tərəf çevirildim:
- Lyonya dayı, nə əcəb kitabxanaya qalxdın? Sən ki ora nadir hallarda gedirsən!
Lyonya dayı yarımyuxulu gözlərini ovucları ilə ovxalamağa başladı:
- Daşa zəng edir bayaqdan! Deyir, təcili tapım səni...
Mən onun növbəti dediklərini artıq eşitmirdim. Qəhərdən gözlərim dolmuşdu. Bu qız məni artıq neçənci dəfə idi ki, xilas edirdi!
Qaça-qaça universitetin pillələrindən enib, yaxınlıqdakı taksilərdən biri ilə yataqxanaya döndüm. Otağa daxil olan kimi Daşa mənə sarıldı, bərk qorxduğunu hiss edim. Zənnimcə, bu qızı həyatda heç bir güc, qüvvə qorxuda bilməzdi! Anladım ki, o, məni itirməkdən qorxur! Məlum oldu ki, satanistlərin ən böyüyü və rəhbər sayılanı Daşaya “ölüm fərmanı” çıxarıb və satanistlərin qanununa görə, əgər bu ölüm bir ay müddətində icra edilməsə, bu tapşırığı icra etməli şəxsin özü qətlə yetiriləcək və məsələ elə bununla da bağlanacaq. Yəni, satanistlərin qanununa görə, qan qandır və dəxli yoxdur ki, bu qan kimin qanıdır: müqəssirin, yoxsa günahsızın.
Daşanın pərişan halına baxdıqca, ürəyim sızıldayırdı: istəmədən ikimizi də təhlükəyə atmışdım.
Daşaya xüsusi xidmət orqanlarına müraciət etməyimizlə bağlı təklifimi dedikdə, o, başını buladı:
- Onlar çoxdurlar. Sənin milisin onlarla bacarmaz!
Həqiqətən də bu cür şüuraltı təsirə malik, insan beynini oxuyan varlıqlarla az insan tapılar ki, bacara bilsin, bəlkə də heç tapılmaz. Amma mən keçmiş kəşfiyyatçıdan dərs almış tələbə idim, odur ki, beynimi işlətməyə başladım. Konfutsionun sualın özündə olan cavabı axtarıb tapmağa çalışdım və... tapdım.
“Tapdım” sözünü elə qışqırdım ki, Daşa dik atıldı.
- Tapdım, Daşa, tapdım! Bir ay! Sənin və mənim qurtulmağımız üçün cəmi-cümlətanı bir ay lazımdır ki, biz o ayın da öhdəsindən sağ-salamat gələcəyik!
Daşa çiyinlərini çəkdi:
- Necə?
- İcazə al! – deyə qışqırdım, özüm isə artıq bir-bir əşyalarımı toplayırdım: - Gedirik Bakıya!
Daşa təəccüb içində idi, lakin mexaniki olaraq o da mənim kimi ən lazımlı əşyalarını toplamağa başladı. Bakıya gedişimiz onun həyatına rəng qatsa da, məmləkətimdə məni gözləyən sürprizlər buynuzlu satanistlərin təqibindən heç də geri qalmırdı...
Ardı var...
Tarix
2019.04.10 / 00:24
|
Müəllif
Aynur Nurlu
|