"O, Şeyx Nəsrullahdan daha
bədtər canidir"
"Əfəndilər! Hər kəsə bəllidir ki, daim, hər halda çox vaxt
məhkəmələrdə iki mübariz tərəf: müddəi-ümumi və müdafiələr
bir-birilə çarpışır və nə vasitə ilə olursa olsun yekdigərlərinə
qalıb gəlmək istəyirlər. Müddəi çox vaxt həqiqət və ədalətlə belə
hesablaşmadan müttəhimin hər bir işini, sözünü və hərəkətini
fənalığa yozar və müttəhimin məhkum edilməsinə çalışar. Eynilə
müdafiələr caniliklərini açıq bildikləri bir adamı belə müdafiə
edərkən bütün fəna hərəkətlərini bilərək yaxşıhğa yozmağa,
cinayətləri örtüb-pərdələməyə və nə vasitə ilə olursa-olsun
müqəssiri pak, təqsirsiz çıxarmağa çalışarlar. Burası hər iki
tərəfin bir növ vəzifələridir. Fəqət bu gün mən arzu edərdim ki,
heç bir tərəf yoxdur. Mütəəssiblüyə qapılmayıb bir haqq, bir ədalət
naminə mühakimə yürütsün, heç kəs bilərik haqdan qaçmasın və
böyləliklə bu gün müttəhimlər sandalyasında oturmuş İskəndərin əsl
siması aydınlaşıb araya çıxmış olsun. Biz buna söz veriyor və əhd
ediyoruz. Həmin bunu, bu bitərəflik və ədaləti də müdafiə
vətəndaşlardan gözlər, ümid və arzu edəriz.
Nemətlərindən istifadə etdiyi mühitin bir yavrusu bir fərdi
doğurur, bəsləyir, yaşadır, böyüdür, tərbiyə edir, öz-özünü idarə
edə biləcək, dolandıra biləcək bir insan halına döndərir ki, bunlar
həpsi həmin şəxsin möhtac dövrlərində dirilmiş bir borcudur. Alınan
bir borc, şübhəsiz ki, qaytarılmalıdır. Bunu inkar etmək olmaz. Həm
də bu borcun məqsədi nasıl olmalıdır? Təbiətdə ümumi bir qanun
vardır. Təsir əks təsirə müsavidir. Bu qanun dediyiniz məsələdə də
işlədəcək olursaq, böylə şəkildə deyə biləriz ki, hər bir fərd üçün
nə qədər artıq zəhmət çəkilmişsə, o qədər də artıq zəhmət çəkməli,
nə qədər artıq faydalanmışsa, o qədər artıq fayda verməlidir.
İnsan adlı bir təbir meydana çıxıyor ki, onun da mənası belədir:
Sən bəşəriyyətin bir üzvünü, onun illər boyu qazandığı
təcrübələrindən, tərəqqi və təalisindən istifadə etmişsən. Sən ona
bir mənfəət yetirməlisən. Sən içində bulunduğun xalqın bir üzvü,
ölkənin bir yavrususan. Onun biliyindən, ruzisindən, ab-həvasından
istifadə etmisən, ona bir mənfəət verməlisən. Həm də bu mənfəət
aldığın faydanın miqdarına çox da olmazsa, bərabər olmalıdır. İştə
buradan tarixdə öylə qüvvətli simalar təsadüf ediyor ki, bütün
varlığını xəlqə borclu olduğunu hiss ediyor və kəndisini unudub
varlığını da həmin xalqa vəqf ediyor. Fəqət öylə simalar da vardır
ki, onlar deyil ki, öz vəzifeyi-ictimaiyyətlərini ifa etməyir,
xalqa, cəmiyyətə bir fayda gətirməyir, hətta bir çox zərərlər də
toxundururlar. Bu adamlar aldıqları borcu, aldıqları şeyləri
qaytarmadıqları üçün... toxundurduqları zərərlər için¬də bir
canidirlər. İştə böylə simalardan biri də bu gün müddəilər
skamyasında qarşınızda oturmuş kefli İskəndərdir.
O, bu gün qarşınızda gördüyünüz, uzun illər uyğudan sonra göz
açmış və kəndisini XX əsrin tərəqqi və təkamülünə qarşı yoxsul,
gücsüz və qaranlıqda bulmuş zavallı, halına ağlanacaq şaşqın bir
mühitin oğludur. Mən burada asanlıq üçün xalqı, cəmiyyəti bir
ailəyə, ailəni də Hacı Həsən əmi olmaq üzrə bir şəxsin simasında
toplayıb ümumi nəzəriyyələrdən ayrılmaq və həqiqətin içinə girmək
istərəm. Hacı Həsən əmi kəndi avamlığına, qaranlıqda
parçalanmasınna baxmayaraq, həmin bu İskəndəri min cür nazla
tərbiyə etmiş, böyütmüş, gecələr yatmamış, qazanmış, ona
yedirtmişdir. Fəqət Hacı Həsən əmi bununla iktifa etməmiş,
İskəndəri başlı-başına buraxmamışdır. Onu məktəbə göndərmiş,
illərlə oxutmuşdur. Bulunduğu dairədəki hər kəslə bərabər bir
yüksəkliyə qaldırmışdır. Mühiti nəzərə alarsaq, deyə bilərik ki,
bu¬nunla Hacı Həsən əmi öz atalıq vəzifəsini ifa etmişdir. Fəqət
Hacı Həsən əmi adi atalar və yaxşı bir ata olmaqla da iktifa
etməmiş, o, öz oğlunu daha gözəl tərbiyə etmək istəmiş, ağırlığınca
pul qoymuş, onu ta Firəngistana qədər göndərmişdir. 7 il onu orada
oxutmuşdur. Bu, bizim vəqtimizdə bir qədər qəribə gəlməyir. Fəqət
mən istərdim ki, buradakı adamların təsəvvüratı bir qədər geniş
olsun və həmin bu mühit içinə girib görsün ki, Hacı Həsən əmi
bununla nə kimi böyük bir fədakarlıq göstərmişdir. Şübhəsiz,
tanışlar-bilişlər, Hacılar onu töhmətləndirmiş, oğlunun kafir
olacağı ilə qorxutmuş, o, zavallı oğluna nə olacağı xəyalilə
gecələr uyuşmamış, Allah mənim oğlumu yoldan sapdırma, ona kömək
ol, mənim üzümü xalq içində qara eləmə deyə bəlkə də bir çox
uyğusuz gecələri ağlamışdır. O bu kədərlər, şübhələr içində "Allah
sənə pənah" - deyə kəndisinə təsəlli vermiş və oğlunun qayıtmasını
gözləmişdir. O, istəyir ki, onun oğlu oxusun, böyük, adlı bir adam
olsun və o da qoca vaxtında öz oğlunun əqlilə, adı ilə iftixar
etsin, lovğalansın.
Qoy bunu kimsə onun fənalığına yozmasın. Qoy burada olan
vətəndaşlardan ata olmayanlar psixologiyaya, ata olanlar kəndi
ürəklərinə müraciət etsinlər və görsünlər ki, bu hər bir atada
təbii bir atalıq hissidir. Xüsusilə Hacı Həsən əmi tək bunları da
düşünməmiş deyil, müsəlmanları oxumadıqları üçün töhmətləndirir...
Qoy müsəlmanlar da oxuyan olsun, burada bir vətəndaşlıq, dindaşlıq,
nə isə ictimai bir duyğu bir rəng də vardır. Soruyoram mən hər
kəsdən ki, bu yoxsul, zavallı mühitdə bundan artıq nə yaxşılıq, nə
atalıq haqqı gözləmək olar?! Hətta vəqtimizin ataları belə, iki
faiz böylə atalar göstərə bilməzlər ki, hər hansı bir fransız, ya
ingilis öz oğluna bundan artıq əmək sərf etmişdir. Hacı Həsən əmi
öz atalıq vəzifəsini bir qədər geniş ölçüdə götürüb, mühit,
İskəndər xüsusunda öz vəzifəsini artıqlamasilə ifa etmişdir.
İştə on il keçir, İskəndər Firəngistandan dönüb gəliyor, Hacı
Həsən əminin ürəyi döyünür, çünki bu qədər çəkdiyi zəhmətlərin,
töhmətlərin, iztirabların hədərmi, yerlimi olduğu, ümumiyyətlə
nəticəsi şimdi anlaşılacaqdır. Hər kəs maraqlanıyor ki, əcəba
İskəndər nə olmuş qayıtmışdır. Zatən şimdi də hər kəs maraqlanıyor.
Fəqət mən sizi maraq içində boğmamaq üçün əvvəlcədən söyləyirəm.
Bilirmisiniz İskəndər nə üçün qayıtmışdır? Hakim əfəndilərin
müsaidəsilə kefli İskəndər ki, mühitin ona verdiyi bu adı təhlil
etdikdə əxlaqsız, tərbiyəsiz, işsiz-gücsüz, tənbəl, birisinə it
küskürər, o birisini yalandan aldadar, çocuqları yoldan çıxarıb
səfalətə alışdırmağa çalışar, mühitin adətlərilə ənənələrilə
hesablaşmaz, heç bir sözün yerini, heç bir hərəkətin vaxtını
bilməz, başsız-ayaqsız bir səfil, bir sərxoş qarşısında mühiti, bu
bədbəxt, qaranlıq xalqı cəhalət didiyor, əziyor, parçalayor, məhv
ediyor, möminlərlə Şeyx Nəsrullah bu bədbəxtləri aldadaraq
namuslarına toxunuyor, irzlərini-namuslarını canavarlar kimi
çamurlara çırpıb tapdayor, bunların həpsini görüyor, bir ölü kimi
hərəkətsiz qalıb ona müəyyən bir yol göstərməyir, onun üçün
çalışmayır, xalqın səadəti üçün bir diləyi yox, bir ideyası yox,
ictimai işlər üçün bir projesi yox, öylə səfil bir halda diyirlənib
gediyor. Fəqət əfv edərsiniz. "İskəndərin bir idealı, diləyi
yoxdur" - deyincə, mən burada bir haqsızlıq tapdım. Hər halda
İskəndərin bir diləyi, bir idealı vardır. O da bilirmisiniz nədir?
Bir şüşəni səhərdən içib axşama kimi, o biri şüşəni də axşamdan
içib səhərə kimi keflənmək və İsrafil surini çalıncayadək
ayılmamaq. Əfəndilər, mən bilirəm və siz şimdicə görərsiniz ki,
müdafe əfəndilər deyəcəklər ki, İskəndəri içməyə məcbur edən mühit
özüdür. O, mühitdə gördüyü rəzalətləri, qaranlığı görmiyor, mühit
onu anlamıyor, o da bütün bu fəlakətləri alkoqolla sərxoş qoynunda
boğmaq, xırpalamaq istəyor. Əvət mən əvvəlcə dedim ki,
yürüdəcəyimiz mühakimələr bitərəflik və ədalətdən ayrılmalı, haqlar
etiraf edilməlidir. İştə mən də sözümə sadiq qalıyor, hətta etiraf
ediyor və deyirəm: mühit İskəndəri anlamayor. Fəqət qoy buna qarşı
hər kəs, xüsusilə müdafe əfəndilər əllərini vicdanlarının üzərinə
qoyub etiraf etsinlər ki, İskəndər özü də mühiti anlamayor,
anlamağa çalışmayor, anlamaq istəmiyor.
Xalq etiraf edir ki, o qaranlıqdır, anlamayor. Bu, onun üçün bir
o qədər də ayıb deyil və bir günah da deyildir. İskəndər 10 il
Firəngistanda oxuyub gəlmiş, heç şübhəsiz, bu avam mühitdən
yüksəkdə olacaqdır və Parisdə götürdüyü XX əsrin pək uzaqlara
getmiş fikrini, fəlsəfəsini, Nuh dövrünü yaşayan xalqa birdən
söyləyərkən o anlamayacaqdır, ürkəcəkdir. Cəhalət xalqı parçalayır.
Burada mübarizə gərəkdir ki, gecələr uyumasın, müəyyən yollar,
planlar düzəltsin. Bütün varlığılə ayıq bir fikir, düşüncə ilə
xalqın içinə atılıb onun ruhunu, adət və ənənələrini,
tradisiyasını, psixologiyasını bütün dərinliklərinə, görülməz
incəliklərinə qədər öyrənib onu təhlil etsin və bunlar üzərinə
gecələr uyumayıb müəyyən planlar qursun, yollar düzəltsin və
gündüzlər haman yolları xalqın anlayacağı bir tərzdə həyata
keçirsin, xalqa anlatsın, öyrətsin, xalq üçün bir müəllim olsun.
Fəqət İskəndərdən böylə başyorucu şeyləri sormayın, zatən bunları
düzəltmək üçün ayıq bir vaxtı yox ki! O, böylə cəfəngiyata baxmaz.
O, hər şeyi təsadüfi görmək istər. O, sistema, üsul-filan tanımaz.
Yolunda yaxşılıqdan başqa heç bir şey etməyən, kəndisini heç bir
şeydə müqəssir bilməyən Hacı Həsən əminin yanına gəlir və heç bir
söz demədən, səbəbini anlatmadan birdən başlar: tfu sənin üzünə!
Hacı Nəcəfəliyə yetişir, heç bir söz demədən mars-mars, kus-kus
deyə itə yedirtmək istəyir. Axı neçin? Səbəbi bəlli deyil. İskəndər
özü bilir. Və yaxud iki aydan sonra gedib qəbiristanda ölülərin
məzar daşlarına nəsihət söylər. İştə İskəndərin bütün mübarizəsi
"mühit onu anlamayır" - deməklə buradan çıxılmaz hər bir yenilik,
hər daim kəndisinə bir çox rəqiblər bulmuş və ancaq böyük
sistematik mübarizələrdən sonra, anladandan sonra təzvic edilə
bilmişdir. Bu gün mühiti təqsirləndirəcək və İskəndəri
haqlandırmağa çalışacaq. XX əsrin oğulları olan müdafiələr qəti
deyə bilərlərmi ki, yarın onlar özləri bir İskəndər qarşısında
qalınca Hacı Həsəndən daha fəna bir vəziyyət almayacaqlar. Təsəvvür
ediniz güzdəkli... oğlu Səməndəri böyük zəhmətlərlə Petroqrada
oxutmağa göndərmiş ki, gəlsin adətən bir insan olsun. Səməndər
getmiş, 10 ildən sonra Güzdəyə qayıtmış, fəqət nə cür qayıtmış?
Bütün paltarlarını soyunmuş, lüt madərizad o kəndin içində gəziyor.
Bir qonaqlıqdan gələn anasını küçənin ortasında yaxalamış və birdən
birə: tfu sənin üzünə! Kim ona dəli deməz? Hətta müdafelərin öz
başlarına bu iş gələrsə, ona dəli deməyəcəklərinə söz verə
bilərlərmi? Fəqət bu adam dəli deyilmiş, bilirmisiniz nə imiş? Bir
fotoqrist imiş. Anasının da üzünə onun üçün tüpürürmüş ki, neçin
başına ipək yaylıq bağlamış, köynək geymiş. Halbuki o bir təbiətin
qızıdır, çılpaq gəzsə daha gözəl olur. Biz heç kəsə istədiyi
fikirdə olmasını yasaq etməyirik. Fəqət hər kəs etiraf edir ki,
yeni bir fikri təzvic üçün keflənməyib çalışmaq, o fikri anlatmaq
lazımdır. İskəndər mühit üçün bir müəllimdir. Şübhəsiz, mühit onu
anlamayacaqdı. Mühit onu anlayacaq dərəcədə olursa, xalqın idrakı
onun yüksəkliyində olursa, o zaman kimə lazım idi. İskəndər
cəhənnəm olub getsin, şüşə ilə deyil, istəyirsə boçka ilə içsin.
Əsl dərd orasıdır ki, mühit ondan aşağı, o isə bir müəllim
vəziyyətindədir. Nəhayət, söylədiyimiz hal ki, məktəbə bir müəllim
göndərilərkən, mütəəllimlər əvvəlcədən həmin müəllimin bildiyi
dərəcədə öyrədilir. O zaman kimə lazımdır müəllim. Müəllim
bilməyənlərə, anlamayanlara gərəkdir ki, gəlsin, müxtəlif yollar,
vasitələr ilə bir yol, beş yol, yüz yol desin, anlatsın, öyrətsin.
Yoxsa müəllim içəri girəcək: Həsən - 5! Kərəm - 5! Müəllim
başlayacaq: "Tfu sizin üzünüzə! Mənə bir küp şərab, bunlar məni
anlamayırlar." Bu bir cəhəti, fəqət bizim əlimizdə tutarlı sənədlər
vardır ki, İskəndəri kefli halına salan mühit deyil, onun keyf
mayişadan alkoqola alışdığıdır. O, mədəniyyətin özünü belə alkoqola
dəyişir. İskəndər evdə, təklikdə oturub düşünür: nədir elm? "Elm
ona deyərlər ki, bir adam bu şüşəni çəksin başına, həpsini içsin".
Bu, onun xüsusi düşüncəsidir ki, heç kəsə dəxli yoxdur və
təkliyində İskəndərin düşündüklərini bir şeyə qarşı nümayiş kimi
götürmək olmaz. iştə böyləlik ilə İskəndər bütün varlığını
alkaqolun müdhiş pəncəsinə tapşırmış, heç bir
vəzifəyi-ictimaiyyəsini ifa etməmiş, mühitdən aldığı faydaları da,
borcları da bir midvər kimi mənimsəmiş, qaytarmamışdır. Mühit
mübarizələrə möhtac ikən o heç bir yaxşı iş görməmişdir. Hətta
İskəndərin qarşısında cinayətlər işlənir. Şeyx Nəsrullah hər gün
məsum, zavallı bir yavrucuğun namusunu tapdayır, İskəndər susuyor.
Heç bir əməli, qəti, təşəbbüsə girişməyir, halbuki, bu mümkün idi
də. Şeyx Nəsrullah ölüləri diriltməyi iddia edirdi. İskəndər
bilirdi ki, bu yalandır. Orada xalqa bu yalanı anlatmaq üçün böyük
fədakarlıqlar lazım idi. Bir igid istəyirdi ki, bu kor xalqın
qarşısına çıxsın və şeyxə söyləsin ki, şeyxanə, bu ölülərin həpsini
dirilt, ya Heydər ağanı öyrədib göndərə idi ki, get ölülərini
diriltməyi xahiş et. Şeyx bunu bacarmayacaq və yalanların üstü
açılacaq, cinayətləri aradan qalxacaqdı. İskəndər bunu etməyir,
çünki ayıq deyil idi. O, hər şey bitəndən sonra sallana-sallana
durub gəlmiş və toydan sonra nağara və ruslar demişkən "Posle draki
kulakami maşet". Ölülərə vəz ediyor. İskəndər... ümumi ölçüdə
çalışmayır, hətta bir ailəyə də təsir edəməyir. Çünki tanındığı
qiyafətlə onu kimsə tanımaq istəməz, ona kimsə etibar etməz.
İskəndər yalançıdır, duyğusuz və canidir. Bacısını müdafiə etməyə
söz vermişkən bir fəlakətə məruz qalmış, zavallı yavru son gündə
hər yerdən əli üzülmüş, bircə ona ümid edər, ona iltica edər, ondan
müdafiə gözləyirkən "Gəl-bacım, mən ölmədikcə səni kimsə məndən
ayırmaz" - deyə qollarını açib onu qucmaq və qəhrəman kimi araya
atılmaqdansa onu kobudcasına itələyib yıxır, fəqət İskəndər
qollarını açıb qucuyur da. Həm də qucduğunu şübhəsiz ki, bilirsiniz
nədir: Haman şüşə ki, bütün varlığı ondan ibarət bulur. Bəzilərində
öylə bir nəzəriyyə var ki, nəhayət, şeyxin torları açıldı,
İskəndərin fikri qalib gəldi, İskəndər qalib gəldi. Xalq anladı ki,
İskəndər haqlı imiş. Bəlkə bu özü də bir metoddur. Fəqət bu yanlış
bir nəzəriyyədir. Əvət şeyxin fırıldaqları açıldı. Həm də bir çox
məsum qızlar çeynənəndən sonra açıldı. Fəqət bunda İskəndərin
iştirakı olmadı, qalib gələn İskəndər deyildi, bir təsadüf idi.
Xalqın anladığı İskəndərin fikri deyildi, bəlkə şeyx Nəsrullahın
fırıl¬daqları idi. İskəndər olmasaydı da bu fırıldaqlar açılacaq
idi. O, burada arabanın beşinci çərxi də ola bilməmişdir. İskəndər
bütün o cinayətlərə qarşı susmuş, özü də bir cani olmuşdur.
Bəziləri, xüsusilə İskəndər özü də düşünə bilər ki, pəki Hacı
Baxşəli də cəmiyyət üçün, xalq üçün çalışmayır, onu nə üçün
mühakimə etməyirlər. "Şərab da içirəm özüm bilirəm, can mənim,
cəhənnəm tanrının" Fəqət onun üçün mütəəssüfanə olaraq burası böylə
deyildir. Qanun kodekslərində bir qanun vardır. Bir nəfər Səməndər
keflənib, ya da hətta dəli olub öz evini yıxarsa, ola bilər ki, onu
cəzalandırsınlar, ola bilər ki, bir növ əfv etsinlər. Fəqət həmin
Səməndər keflənib öz evini yaxarsa və onun üzərinə köydəki evlərin
həpsi od alıb yaxıla,külə dönərsə, Səməndər mütləqa cəzalanmalıdır.
Onu heç bir qanun əfv edəməz. Şimdi baxalım, İskəndər keflənməsilə
yalnız öz evini yaxıyor. Çünki dediyimiz kimi şərait böylə düşmüş
ki, İskəndər Firəngistandan qayıtmış, xalq mədəniyyətinin, elmin,
maarifin nə olduğunu bilməyir. İskəndər həmin mədəniyyətin,
maarifin yeni fikirlərin bir timsal mücəssəmi kimi görünür. Ona
baxacaq mədəniyyətə öz münasibətini təyin edəcəkdir. Bu bir
həqiqətdir. İskəndər bir nümunədir ki, onu görüncə hanki bir axmaq
öz oğlunu Firəngistana göndərəcəkdir.
Xalq anlamış, daha doğrusu, İskəndər onlara anlatmış ki,
oxuyanlar Allahı, peyğəmbəri tanımaz, gecə kefli, gündüz kefli,
böyük bilməz, kiçik bilməz, əxlaqsız, tərbiyəsiz, işsiz-gücsüz bir
sərsəm olaraq, küp dibində yatacaqdır. Bunu görən Hacı Həsən on il
əvvəl oğlunu Firəngistana göndərmişdi. Bilirmisiniz nə düşünür, nə
qənaət hasil etmiş...
Nə oluyor, nə düşünür mən onu sizə təcəssüm etdirmək
istərəm...
İştə qoy, canı çıxsın, zavallı mollaların ölsün, qaranlıqda məhv
olsun. Çünki İskəndər bütün mədəniyyəti, bütün elmi, maarifi, onun
əsl məna və əhəmiyyətini məhv etdi. İskəndər onların ölümünə bais
oldu. İştə buna görə də İskəndər Firəngistanda keflənib qalsaydı,
öz evini yaxmış olurdu, fəqət gəlib bu zavallı mühit içində
keflənmiş, minlərlə evləri yaxmış, ailələri məhv etmiş, minlərlə
zavallının cəlladların qaranlıq pəncəsində can çəkişməsinə səbəb
olmuşdur. Ona görə bu gün ona bəraət qazandırmaq istəyənlərəsə,
bütün gəncliyin haqqı vardır ki, qalxıb bir səslə bağırsın:
Qaldırın onu mühitdən, o bizə gərək deyildir. O gələcək nəslin
qatilidir. O, Şeyx Nəsrüllahdan daha bədtər canidir. Yolları ayrı,
fəqət hədəfləri birdir. Şeyx Nəsrullah xalqı elmdən uzaqlaşdırıyor,
qaranlıqda boğuyor. İskəndər elmi xalqdan uzaqlaşdırıyor, xalqı
tapdayor, öldürüyor, məhv ediyor. Mən sözümü bitiriyor və əsl
mühakiməyi möhtərəm hakimlərə tapşırıyoram, qoy onlar özləri
kəsdirsinlər, kim daha böyük müqəssirdir? Müəyyən bir psixoloji
xəstəlik nəticəsində cinayətlər işləmiş və bu mühitə bir şey borclu
olmayan Şeyx Nəsrullahmı? Və ya mühitdən böyük faydalar alıb ona
bir çox şeylər borclu olan, eyni vaxtda zavallı xalqı bir qaranlığa
doğru sürükləyən, gələcəyin, gəncliyin qatili kefli
İskəndərmi?"
Baki-baku.az