Kitablar, bədii əsərlər mədəniyyətin ayrılmaz
hissəsidir. Ümumiyyətlə, ədəbiyyat həm kinematoqrafiyanın, həm də
musiqinin inkişafında mühüm rol oynayıb. Bəs, hansı ədəbiyyat
nümunəsi məşhur sənət adamlarının həyatında xüsusi əhəmiyyətə
malikdir?
Axar.az bu suala cavab tapmaq üçün sənət adamları arasında belə
bir sorğu keçirib:
"Hansı kitab və ya bədii əsər sizi daha çox təsirləndirib?"
Xalq artisti Həmidə Ömərova dünyada bestseller olan bir əsərin
adını çəkdi:
"Mən çox kitab oxumuşam. Amma indiyə kimi mənə ən çox Nobel
mükafatlı kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin "Yüz ilin
tənhalığı" romanı təsir edib. O əsərdə əsas obraz olan qızın sonda
ölməsi məni çox sarsıtdı".
Xalq artisti Rasim Balayev isə oxuduğu bütün kitablardan
təsirlənib:
"Mən gənc vaxtlarımdan kitab oxumağı çox sevmişəm. Həm dünya
ədəbiyyatına, həm də yerli ədəbiyyatımıza tez-tez müraciət etmişəm.
Kitablar arasında fərq qoya bilmirəm. Hərəsinin öz gözəlliyi, öz
hekayəsi var. Mən bu günə kimi oxuduğum bütün kitablardan
təsirlənmişəm".
Xalq artisti Flora Kərimova 15 ildir kitab oxumur:
"Artıq 15 ildir ki, kitab oxumuram. Ən təsirləndiyim kitab həyat
olub. Yeni həyatımın hər günü, hər dəqiqəsi mənim üçün artıq bir
kitab idi. O qədər ağrılı-acılı və nəticə çıxardığım bir kitab oldu
ki, bu kitab mənə bütün çətinlikləri öyrətdi. Ona görə də mənim
digər kitabları oxumağa nə vaxtım, nə də həvəsim qaldı".
Əməkdar artist Dilarə Əliyeva "Əli və Nino" əsərinin təsirindən
çıxa bilmir:
"Ən çox Qurban Səidin "Əli və Nino" əsərini oxuyarkən
təsirlənmişəm. Yay istirahətində Antalyada olarkən o kitabı
oxumuşdum və deyərdim, hələ də onun təsirindən çıxa bilmirəm. Əli
obrazının sevgisi, vətəni uğrunda göstərdiyi mübarizə və sonda
ölməsi məni çox üzmüşdü".
Xalq artisti Faiq Ağayev bütün kitabların dəyərli olduğunu
deyir:
"Mən oxuduğum heç bir kitabı bütləşdirmirəm. Bilirsiniz, mənim
üçün masaüstü kitab anlayışı yoxdur. Buna baxmayaraq, təsirləndiyim
kitablar da olub. Çox olduğu üçün adlarını çəkə bilmirəm".
Əməkdar artist Tahir İmanov "Ölülər" əsərinin adını çəkdi:
"Mənə ən təsir edən əsər böyük yazıçımız Cəlil Məmmədquluzadənin
"Ölülər" əsəri olub. Orada cəmiyyətin, bəzi insanların avamlığı elə
indi də aktualdır. 100 il bundan əvvəl də eyni səviyyədə idi, indi
də. Kitabın əsas qəhrəmanı Kefli İsgəndərin bir sözünü deyim: "Elmi
olanın hörməti yoxdur, hörməti olanın elmi".
Müğənni Xuraman Şuşalı düşünür ki, Qurandan daha təsiredici
kitab yoxdur:
"Məni bu həyatda ən çox təsirləndirən kitab, əlbəttə ki,
müsəlmanların dini kitabı - Qurandır. Quranı oxuduqdan sonra
insanın həyatı yaxşı mənada dəyişir. Quranı oxuduqdan sonra artıq
düşünməyə başlayırsan ki, haradan gəlmişəm, haradayam və hara
gedirəm?"
Aktyor Elməddin Cəfərov 20 il əvvəl oxuduğu kitabı unuda
bilmir:
"Düz 20 il bundan əvvəl 12-13 yaşım olanda türk mətbuatına aid
bir kitab oxumuşdum. Müəllifin adı təəssüf ki, yadımda qalmayıb.
Amma kitabın adı "İstanbul məktubları" idi. Əsərdə əsas obraz olan
qız xərçəng xəstəsi olur. Bir oğlanla bir-birlərini sevirlər və
axırda oğlan qızın xəstə olduğunu öyrənir. Sonda isə qız vəfat
edir. O əsərin süjeti məni ağlatmışdı".
Müğənni Nura Surini ən çox realist əsərlər təsirləndirib:
"Xalid Hüseyninin bütün kitablarını oxumuşam. Amma ən çox mənə
"Çərpələng uçuran" əsəri təsir edib. Əsərdə uşaqların başına
gələnlər, onların məruz qaldıqları şiddət, daha sonra cinsi
istismar məni çox üzmüşdü. Bu əsərin, sadəcə, yazıçı təxəyyülü
olmadığını biləndən sonra uzun müddət depressiyada oldum. O
hadisələr hər an, hər gün orada baş verir, insan özünə gələ
bilmir".