Bu gün tanınmış Azərbaycan şairi Ramiz Rövşənin doğum
günüdür.
Axar.az xatırladır ki, Ramiz Rövşən 1946-cı il dekabrın 15-də
Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Filologiya
fakültəsində təhsil alıb. O, təkcə şair kimi yox, həm də ssenarist,
tərcüməçi kimi də fəaliyyət göstərib. Onun ssenariləri əsasında
"Babamızın babasının babası", "Almas İldırım", "Haram tikə" kimi
bədii və sənədli filmlər çəkilib.
Şeir və hekayələri tərcümə edilərək keçmiş SSRİ
respublikalarında, eləcə də, ABŞ-da, Almaniyada, Böyük Britaniyada,
Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap
olunub.
Ramiz Rövşən "Bir yağışlı nəğmə", "Göy üzü daş saxlamaz",
"Kəpənək qanadları", "Gedək biz olmayan yerə", "Sevgi məktubu
kimi", "Yağış yuyur, gün qurudur" və başqa kitabların müəllifidir.
Görkəmli şair "Şair ruhu", "Şeir ruhu" deyərkən şeiriyyətin yalnız
dil hadisəsi, sözlərin müxtəlif kombinasıyası olmadığını
düşünür:
"Şeiriyyətdə, musiqidə, ümumən, mədəniyyətdə ilahi ibtidanın
mövcudluğu şübhəsizdir. Qədim latın mədəniyyətində söz iki mənanı
bildirib: "kultura aqri" - torpaqdan yaranmaq və "kultura Dei" -
Allaha çatmaq. İstedad Allahın ənamıdır. Onu hansısa yolla ələ
keçirmək, ona yiyələnmək mümkün deyil".
Ramiz Rövşəni 69 yaşının tamam olması münasibətilə təbrik edir
və şeirlərindən bir neçəsini təqdim edirik:
Darıxır
Bu nə təhər darıxmaqdı,
Axı belə kim darıxır?!
Cibimdə əlim darıxır,
Ağzımda dilim darıxır.