Bir neçə gün əvvəl yazıçı Eyvaz Zeynalovun Feysbuk
səhifəsində bir foto gördüm. Kinoşünas Aydın Dadaş paylaşdığı
fotoya belə şərh yazmışdı:
"Eyvaz Zeynalov, Ziyəddin Səlimovla ("Yaşıl qələmlər" dərnəyinin
son yarpaqları)
Biz də bu dərnək haqda məlumat almaq üçün Eyvaz Zeynalova
müraciət etdik.
Axar.az yazıçı Eyvaz Zeynalovla "Yaşıl qələmlər" ədəbi dərnəyi
haqda söhbəti təqdim edir:
Qarabağ hadisələrinə qədər...
- Əslində, bu dərnəyin adı "Gənc qələmlər" olub. Aydın Dadaşov
(şəkildə ortada) onu rəmzi mənada "Yaşıl qələmlər" adlandırıb.
Çünki onun üzvləri orada iştirak edərkən gənc olublar. Orada ilk
qələm təcrübələrini keçib, ilk addımlarını atıb, ilk uğurlarını
qazanıblar. Sonralar hərəsi bir tərəfdə özlərini doğruldub, qələm
adamı, şair, yazıçı kimi məşhurlaşıblar.
"Gənc qələmlər" dərnəyi 60-cı illərin sonları, 70-ci illər və
ondan sonra, arada bir qədər fasilələrlə də olsa, Qarabağ
hadisələrinəcən fəaliyyətini davam etdirib. Ağdamda, "Lenin yolu"
rayon qəzetinin nəzdində yaradılıb. Üzvlərinin ilk qələm
təcrübələri elə həmin qəzetdə də vaxtaşırı çap olunub. Elə olub,
hər ay dalbadal bir nömrə "Ədəbiyyat" səhifəsi buraxılıb. Dərnəyin
rəhbəri gözəl şair, "Lenin yolu" qəzetinin işçisi Xudu Sadiq
(Mustafayev) olub. Sonralar o, Bakıda Kənd Təsərrüfatı
nəşriyyatında, partiya işində çalışıb.
Buna ehtiyac duyulmurdu...
Dərnək üzvləri, demək olar, hər bazar günü saat 10:00-da "Lenin
yolu" qəzetinin redaksiyasında toplaşırdı. Bu yığıncaqlar çox gur
keçir, 3-4 saat uzanırdı. Dərnəkdə Bakıdan gələn məşhur şair və
yazıçılardan, elm adamlarından qonaqlar da olurdu. O zaman bu cür
dərnəklərin özlərinin xüsusi bir jurnal təsis etməsi, buraxması
təcrübəsi yoxdu. Həm də buna ehtiyac da duyulmurdu. "Lenin yolu"
qəzetinin "Ədəbiyyat" səhifəsi çıxan nömrəsi əl-əl gəzirdi. Mən
deyərdim, şeirə, hekayəyə həmin dərnəkdəki ciddi tələb, yanaşma heç
bu saat rəsmi yazarlar birliklərində, jurnal və qəzetlərdə,
saytlarda da yoxdur. Məhz elə bunun nəticəsiydi ki, sonralar dərnək
üzvlərinin çoxu öz yazıları, əsərləri ilə nəinki respublikda, ondan
kənarda da tanındılar. Onların yazıları "Lenin yolu"ndan başqa,
rayonda fəaliyyət göstərən radio dalğalarında səsləndirilir,
respublika mətbuatında çap edilir, almanaxlara salınır, şeir,
hekayə toplularında yer alırdı. Sonralar dərnək üzvlərinin Bakıda
dalbadal ayrıca kitabları çıxmağa başladı.
Keçən il dünyasını dəyişdi...
"Gənc qələmlər" dərnəyində bu ədəbiyyat adamları yer alırdı:
Şahmar Əkbərzadə, Aqil Abbas, Həsən Qəhrəmanov, Vaqif Məmmədov,
Rəhman Babaxanlı, Qamboy Əliyev, Mustafa Çəmənli, Elçin Mehrəliyev,
Aydın Dadaşov, Ziyəddin Səlimov, Möhsüm Hüseynov, Xanış Məmmədov,
Ramiz Mövsüm, Eyvaz Zeynalov, Fəxrəddin Sofulu, Vaqif Zeynalov,
Şamil Namaz, Qulu Ağsəs, Ziyəddin Soltanov, Rəşad Məcid, Yusif
Rzayev, Elçin İsgəndərzadə, Rəfail Tağızadə... Çoxdur... Adlarını
xatırlamadıqlarım günahımdan keçsinlər. Adlarını sadaladıqlarım
neçə kitab çap etdirmişlər, hazırda Milli Akademiyada, qəzet və
jurnallarda, nəşriyyatlarda, radio, televizorda çalışanlardır. Şair
B. Rəhman televiziyada idi, keçən il dünyasını dəyişdi, o
birilərdən də dünyasını dəyişənlər var. Onlar haqqında internetdə
də az-çox məlumat var.
Kara(b)ağlayan hikayeler...
Mən hələ orta məktəbin 9-cu sinfində oxuyanda həmin dərnəkdə
iştirak etmişəm. Elə həmin vaxt da ilk hekayəmi bəyənib qəzetdə çap
ediblər. İndi ondan artıq kitabım çıxıb. Bir kitabım 2010-cu ildə
Tiflisdə 2 dildə, Azərbaycan və gürcü dilində ("Uşaq hekayələri və
nağıllar" – bu 700 tirajla ordakı məktəblərdə sinifdənxaric oxu
üçün nəzərdə tutulmuşdu), 2011-də Ankarada türk dilində
"Kara(b)ağlayan hikayeler", 2015-ci ildə əvvəl Almaniyada alman
dilində "Bələdçi" romanım, sonra bu yaxınlarda İstanbulda yenə türk
dilində "Əski bisiklet" (Köhnə velosiped) adlı hekayələr kitabım
nəşr olundu.