Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri Anarın mərhum bəstəkar, bütün SSRİ-nin
tanıdığı xalq artisti Emin Sabitoğlu haqqında xatirələrini təqdim
edirik:
Ən məşhur mahnılar necə dəyişdi?
"Gün keçdi" filmi üçün Vaqif Səmədoğlunun sözlərinə yazılmış
mahnının ilkin variantı belə idi:
"Bir axşam taksidən düşüb payıza
Bilmədik haraya, hayana gedək
Dərin sularını qatıb dayaza
Dəniz də bağlandı yay kinosutək"
Kinonun o zamankı rəhbərliyi "Dəniz də bağlandı yay kinosutək"
misrasına qəti etiraz etdi. Çünki rəhbərlik elə düşünürdü ki,
müəllif o sözlərlə kinoteatrların planı doldura bilməməsinə ehyam
vurur. Hər halda gözəl bir mahnını itirməmək üçün sözləri dəyişməli
olduq. Son iki misra dəyişildi və bu misralarla əvəz olundu:
"Bahar həsrətiylə payız axşamı
Yenə həzin-həzin titrədi ürək"
***
Radionun rəhbəri "Sən uzaq yaşıl ada" mahnısını efirə buraxmaq
istəmirdi. Eminlə Vaqifə göz vuraraq, "Lotular, bilirik də nə demək
istəyirsiniz, "uzaq yaşıl ada" deyəndə haranı nəzərdə
tutursunuz".
"Haranı?" deyə soruşduqda isə radionun rəhbəri təlaşla o
tərəf-bu tərəfə baxdıqdan sonra boynunu qısaraq, "Əlbəttə,
Türkiyəni", - deyirdi.
Bütün bunlar Eminlə Vaqifi çox hirsləndirirdi...
Emin Sabitoğlu milisləri necə ələ salırdı?
Eminin çox özünəməxsus yumoru var idi. Hamıya çatmazdı.
Rəsmilərin iştirak etdiyi bir toplantıya gələndə milislərin necə
ora-bura vurnuxduğunu görən Emin onlardan birinə yanaşır. Ağlına
gələn bir soyadı, məsələn, Kərimov soyadını soruşur. Soruşur ki,
yoldaş Kərimov gəlib? Milis maddım-maddım ona baxanda Emin eyni
ciddiliklə: - gözdə qulaqda olun, indilərdə gələcək-deyib
uzaqlaşdırdı. Milislər də bu müəmmalı "göstəriş"i bir-birilərinə
yetirirdilər.
Amaliya Pənahovanın şlyapası üçün 5 manat
Zaqatalada yaradıcı gənclərin seminarı keçirilirdi. Elə orada
artırmada dayanmışdıq, toplaşanlar qarşısında bir-bir çıxış
edirdik. Növbə Amaliya Pənahovaya çatdı. Amaliya xanımın başında
iri şlyapa var idi. Mikrafona gedəndə şlyapasını Eminə verdi. Emin
mənə dönüb: - Beş manat ver, verim bu şlyapanı sən saxla", -
dedi...
Anar Emini bu cür qurtardı
Bir yay günü Eminlə Vaqif Buzovnadakı bağımıza qonaq gəlmişdi.
Çimərliyə getdik. Bir də gördüm Emin sularda çabalayır, məni
çağırır. Mən də elə mahir üzgücü deyiləm. Amma özümü suya atdım,
Eminə tərəf üzdüm. Emin hər iki qolumu tutmuşdu buraxmırdı.
Deyirdim ki, heç olmasa bir qolumu burax ki, üzə bilim. Sahildən
çox uzaqda deyildik. Birtəhər üzüb çıxdıq. Emin yaman halda idi,
özünə gələ bilmirdi. Bir az toxtayandan sonra: - Məni qurtardın,
gərək bu gün sizi İnturistə aparım, - dedi.
Razılaşdıq. Amma bağ evinə gələ-gələ Emin sakitləşirdi. Evə
çatanda "Yaxşı deyil, Nigar xala yemək hazırlayıb. İnturist qalsın
ayrı vaxta" dedi.
Qeyd: Materialın hazırlanması zamanı Südabə
Sərvinin Emin Sabitoğluna həsr etdiyi "Bu dənizi gözü yaşlı sənsiz"
əsərindən və "Ədəbiyyat və incəsənət" qəzetindən istifadə
edilib.
Moderator.az