Bu gün Azərbaycanın ilk xalq
şairi Səməd Vurğunun oğlu şair, dramaturq Vaqif Səmədoğlunun anım
günüdür.
Axar.az xatırladır ki, Vaqif Səmədoğlu 5 iyun 1939-cu ildə
Bakıda anadan olub. Bülbül adına musiqi məktəbində, daha sonra
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil
alıb. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət
redaksiyasının müdiri, "Oğuz eli" qəzetinin baş redaktoru
vəzifələrində çalışıb.
Xalq şairi Vaqif Səmədoğlunun "Yeddi şeir" adlı ilk mətbu əsəri
1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra
davamlı olaraq dövri mətbuatda çıxış edib.
O, həm ədəbi aləmdə, həm də siyasi sferada böyük nüfuza malik
idi. İki dəfə - 2000 və 2005-ci illərdə Azərbaycan Respublikasının
Milli Məclisinin deputatı seçilən Vaqif Səmədoğlu siyasi xadim kimi
də sevilirdi.
Onun şeirlərinə "Uzaq yaşıl ada", "Düşürsən yadıma", "Bir axşam
taksidən" kimi mahnılar bəstələnib. Ssenariləri əsasında "Yaşıl
eynəkli adam", "Bəxt üzüyü", "Xəzinə" və başqa ekran əsərləri lentə
alınıb.
Vaqif Səmədoğlu atası ilə bağlı danışarkən onun öz həyatında
mühüm rol oynadığını deyirdi:
"Atam Səməd Vurğun mənim həyatımda mühüm rol oynayıb. Əgər onun
oğlu olmasaydım, Stalini 1952-ci ildə Kremldə yolka bayramında 6
metrdə canlı görəcəkdim? 1951-ci ildə mən 1 günümü Mircəfər
Bağırovla keçirmişəm. O, Cıdır meydanında, hökumət tribunasında
məni gördü. Soruşdu ki, "tı çey", yəni kimin oğlusan? Dedim ki,
Səməd Vurğunun oğlu. Bir az oturdu, sonra mənə dönüb "Ey, sın Samed
Vurquna, idi suda", - dedi. Yanına gəldim. Dedi ki, "poexali na
futbol". Bu futbola görə çox sevindim. Ona görə yox ki, Mircəfər
Bağırovla futbola gedirəm. Ona görə ki, təzəcə Bakıya 001
nömrəsiylə bir ZİM maşın gəlmişdi, o da Mircəfər Bağırovda idi. ZİM
maşınında özü arxada, mən qabaqda oturdum. Oradan gəldik futbola.
Keçmiş "İnturist" mehmanxanasının, indi də yerində "Hilton"
tikiblər, həmin yerdə stadion vardı. "Neftçi" hansısa komanda ilə
oynayırdı. Necə mən Mircəfər Bağırovla tribunaya gəldim, hamı ayağa
qalxır, mən də onun yanında bir gedirəm ki! Dünya ayağımın
altındadır. Futbolda bir az oturduq, Mircəfər Bağırov yenə darıxdı.
Dedi ki, "poexali, postrelyaem". Oturtdu məni ZİM-ə. İndi "Avropa"
mehmanxanasının yerində də ovçular üçün atıcılıq stendi vardı, ora
gəldik. Bir az orada atdıq. Sonra yemək gətirdilər. Bax burada mən
həyatımın ən ağır xatirəsini danışmaq istəyirəm. Yeməyi gətirdilər.
Mircəfər Bağırov mənə dedi ki, araq içirsən? Dedim ki, yox,
Mircəfər baba. Dedi ki, içəcəksən, başından yekə danışma, atan
içir, dayın Ağabəy küpünə girir. Yeri gəlmişkən, vaxtilə dayım
Ağabəylə Mircəfər Bağırov Həştərxanda bir yerdə olublar. Səməd
Vurğunun tutulmamasında da deyirdilər ki, Ağabəy dayımın dostu
olması rol oynayıb".
Qeyd edək ki, xalq şairi, görkəmli dramaturq Vaqif Səmədoğlu
2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib.