"…Hər ehtimala qarşı, sənə insanla insan, yaxud insanla
heyvan arasında cinsi oyunları nümayiş etdirən pornoqrafik
saytlarda vaxt keçirməməyi tövsiyə edərdim. İnsanlar arasındakı
seksual münasibətlərin bu sıxıcı hərəkətlərdən ibarət olduğuna
inanma! Bu hoqqaları məhz ona görə uydurublar ki, sən bütün gün
evdə oturasan və gedib real qızlarla tanış olmaq fikri ağlına da
gəlməsin…"
Görkəmli İtaliya yazıçısı və filosofu Umberto Eko öz nəvəsinə
(əslində, bütün gənclərə!) ünvanladığı Yeni il müraciətini təqdim
edirik:
- Əziz nəvəm!
Mən istəməzdim ki, bu Yeni il məktubu nəsihətvari, yəni, bir növ
De Amiçis (əsasən uşaqlar üçün əsərlər yazan italyan şairi, Nobel
mükafatı laureatı- İkinci Mahmud) ruhunda səslənsin və sanki,
bəşəri ideyaları təbliğ edirmiş kimi görünsün. Onsuz da, sən mənə
qulaq asmayacaqsan (mən artıq çox qocalmışam, sənsə böyümüsən), həm
də bu gün dəyərlər sistemi o qədər dəyişib ki, mənim məsləhətlərim
sənə yersiz görünə bilər. Beləliklə, bircə dənə məsləhət verəcəm,
elə bir məsləhət ki, bax bu dəqiqə sən öz planşetini əlində
tutarkən də praktik cəhətdən yararlı olsun. Mən planşetlə bağlı
sənə heç bir tövsiyə verməyəcəm, axmaq qoca kimi görünmək
istəmirəm. Axı elə mənim özüm də planşetdən istifadə edirəm. Hər
ehtimala qarşı, sənə insanla insan, yaxud insanla heyvan arasında
cinsi oyunları nümayiş etdirən pornoqrafik saytlarda vaxt
keçirməməyi tövsiyə edərdim. İnsanlar arasındakı seksual
münasibətlərin bu sıxıcı hərəkətlərdən ibarət olduğuna inanma. Bu
hoqqaları məhz ona görə uydurublar ki, sən bütün gün evdə oturasan
və gedib real qızlarla tanış olmaq fikri ağlına da gəlməsin.
Ehtimal ki, sən heteroseksualsan, ona görə də indi deyəcəklərimi
sənin vəziyyətinə uyğun qəbul et: məktəbdə və ya oyun
meydançalarında qızlara göz qoy, onlar televiziyalarda göstərilən
yalançı personajlardan daha gözəldirlər və nə vaxtsa sənə əsl
sevinc bəxş edə bilərlər, nəyinki "online qızlar". İnan mənə, çünki
mənim bu işlərdə təcrübəm var. (Əgər mən ömrüm boyu həmin seksual
oyunları izləsəydim, sənin atan dünyaya gəlməyəcəkdi və deməli, sən
də olmayacaqdın.)
Amma mən səni və bütün yaşıdlarını yoluxdurmuş, indi artıq
universitetlərdə də tədris edilən bu "xəstəlik" haqda danışmaq
istəməzdim…
Mən yaddaşın itirilməsindən danışmaq istəyirəm. Düzdü, əgər sənə
Böyük Karlın kim olması yaxud Kuala-Lanpurun harda yerləşməsi
haqqında məlumat lazım olsa, bircə düyməyə basaraq bunu internetdən
öyrənə bilərsən. Lazımdırsa, bu cür də et, amma həmin
informasiyalar növbəti dəfə yenə lazım olanda, məsələn, məktəbdə
təzədən internetə girməmək üçün çalış oradakı məlumatları
yaxşı-yaxşı yadında saxla. Bircə pis iş var ki, kompüterə istənilən
an bütün suallarına cavab verməyə qadir bir qurğu kimi baxmağın
informasiyaları yadında saxlamaq həvəsini öldürür. Məsələnin
mahiyyətini daha yaxşı dərk etmək üçün sənə balaca bir misal
çəkəcəm: adam biləndə ki, bir küçədən başqa küçəyə avtobusla yaxud
metro ilə çox rahatlıqla və ləngimədən gedib çata bilər, onda o,
fikirləşir ki, piyada getməyin heç bir mənası yoxdur. Əgər sən,
ümumiyyətlə piyada yeriməyi tərgitsən, onda yalnız əlil arabasında
hərəkət etməyə məcbur olan bir varlığa çevriləcəksən. Yox, yox,
əlbəttə mənim xəbərim var ki, sən idmanla məşğul olursan, öz
bədənini idarə etməyi bacarırsan, amma gəl qayıdaq sənin beyninin
məsələsinə…
Yaddaş da elə bir növ sənin ayaq əzələlərin kimi bir şeydi. Əgər
məşq eləməsən, o, öləziyəcək və sən idiota çevriləcəksən! Bundan
əlavə hamımızın qocalıqda Altzeymer xəstəliyinə düçar olmaq
ehtimalımız var və bu xoşagəlməz vəziyyətdən qurtulmağın ən yaxşı
yolu yaddaşımızı daima məşq elətdirməkdən ibarətdir. Gəl sənə belə
bir resept verim: uşaqlıqda bizi buna məcbur etdikləri kimi hər
səhər balaca bir şeir parçası tap, əzbərləməyə çalış. Hətta
dost-tanışlarınla birgə "yaddaş yarışı" da keçirə bilərsiz. Əgər
şeiriyyətdən bir o qədər də xoşun gəlmirsə, onda, məsələn, futbol
komandalarının tərkibini əzbərləməyə çalış, amma bir şərtlə ki,
təkcə Roma klubunun yox, həm də başqa klubların oyunçularını, eyni
zamanda həmin komandaların keçmiş tərkiblərini (təsəvvür elə, mən
Superqa təpəsinə qəzaya uğrayan təyyarənin göyərtəsindəki Turin
klubun bütün keçmiş üzvlərini xatırlayıram: Baçiqalupo, Ballarin,
Marozo və s.) yadda saxlamalısan. Yarış keçirin, görək kim oxuduğu
kitabları daha yaxşı yadında saxlayır: gör dostların üç müşkeytorun
və Dartanyanın qulluqçularının adını (Qrimo, Bazen, Muşketon və
Planşe) xatırlayırmı. Əgər "Üç müşketyor"u oxumaq istəmirsənsə,
(onu da bil ki, çox şey itirirsən!) onda bu yarışı oxuduğun hansısa
başqa bir kitab üstündə qurun. Bu, adicə oyuna bənzəsə də, –
doğrudan da, bu, adicə oyundur – bir də baxacaqsan ki, beynin
müxtəlif personajlarla, hadisələrlə və xatirələrlə aşıb-daşır. İndi
durub soruşa bilərsən ki, bəs niyə vaxtilə kompüteri "elektron
beyin" adlandırırdılar. Ona görə ki, kompüter sənin (bizim)
beyninin modeli kimi düşünülüb, amma unutma ki, insan beyni
kompüterdən qat-qat daha üstündür. Sənin beynin- sənin
kompüterindir; o, hər zaman yanındadır; onu xüsusi məşqlərlə daima
genişləndirmək imkanın var, doğruçu kompüteri isə, özün də bilirsən
ki, çox yükləyəndə sürəti zəifləyir və bir müddət sonra gərək
yeniləyənsən. Sənin beynin isə düz 90 yaşınadək sənə xidmət edə
bilər, əgər lazımi məşqləri etsən, hətta 90 yaşında da indi
xatırladıqlarını xatırlaya bilərsən. Özü də, kompyuterdən fərqli
olaraq beynindən istifadə etmək havayıdır.
Bir də tarixi yaddaş deyilən bir şey var, bunun həyatındakı
hadisələrlə, yaxud oxuduğun kitablarla əlaqəsi yoxdur. O, sən
doğulanadək baş vermiş hadisələri özündə qoruyub-saxlayır. İndiki
zamanda əgər kinoteatra gedəsi olsan, gərək filmə lap başdan
baxasan. Filmin əvvəlindən axırına kimi, elə bil, kimsə sənin uşaq
tək əlindən tutub orda baş verən hadisələri izah etməyə başlayır.
Mənim dövrümdə isə kinoteatra, kefin nə vaxt istəsə, gedə bilərdim,
hətta filmin ortasında da. Hadislərin çoxu sən içəri girənədək baş
vermişdi, indi gərək əvvəlki hadisələri özün təxmin edəydin. Film
təzədən başlayanda bayaq təxmin etdiyin şeylərin doğru
olub-olmadığını görə bilərdin, əgər film xoşuna gəlsəydi, oturub
başdan baxa bilərdin.
Həyat da, bir növ mənim dövrümdəki filmlər kimi bir şeydi. Biz
dünyaya o zaman gəlirik ki, artıq bizədək min illər ərzində çox
sayda hadisələr baş veriş olur, burda ən vacib şey- bizədək olan
hadisələri təxmin etməkdir. Bu yolla indi baş verən hadisələri daha
yaxşı dərk edə bilərsən. Bu gün məktəblərdə sənə sən doğulanadək
baş vermiş hadisələri yadda saxlamağı öyrətməlidirlər. Onlar bunu
edə bilmirlər! Müşahidələr göstərir ki, 1990 təvəllüdlü gənclər,
hətta universitet tələbəli belə, 50 il bundan əvvəli qoyaq bir
yana, heç 1980-ci illərdə baş vermiş hadisələrdən xəbərləri yoxdur,
ola bilsin, heç bilmək də istəmirlər. Statistika göstərir, bugünkü
gənclərdən Alde Moronun kim olması haqqında soruşanda onlar cavab
verirlər ki, o, "Qırmızı briqada"nın üzvü olub, əslində isə, Alde
Moro məhz bu gizli, radikal-solçu təşkilatın üzvləri tərəfindən
qətlə yetirilmişdi. "Qırmızı briqadanın" fəaliyyəti bu gün də
çoxları üçün sirr olaraq qalır, halbuki onlar cəmi otuzca il bundan
qabaq siyasi səhnədə idilər.
Mən faşistlərin hakimiyyətə gəlməsindən 10 il sonra- 1932-ci
ildə doğulmuşam, amma mən bilirdim ki, Roma marşı zamanı baş nazir
kim olub. Ola bilsin ki, mənə həmin baş nazirin necə axmaq və
qorxaq olduğunu ("qorxaq Fakta") izah etmək üçün onun haqqında
faşist məktəbində danışmışdılar. Qoy elə olsun, amma ən azından,
mən onun adını eşitmişdim. Məktəbi qoyaq bir tərəfə. İndiki gənclər
özlərindən iyirmicə il əvvəlki kino artistlərini tanımırlar, amma
mən mənim dünyaya gəlməyimdən 20 il qabaq kinoya çəkilmiş Françesko
Bertininin kim olduğunu bilirdim. Ola bilsin, bu, mənim evimizdəki
köhnə jurnalları vərəqləməyi xoşladığıma görə idi. Mən sənə də
köhnə jurnalları vərəqləməyi tövsiyə edərdim, bu, sən doğulandan
əvvəlki hadisələri daha yaxşı anlamağa kömək edəcək.
Bəs uzaq keçmişdəki hadisələri bilmək bizim nəyimizə lazımdı?
Çünki bu cür bilgilər bizə bugünkü hadisələri dərk etməkdə yardımçı
olur və hər halda, futbol komandaları haqqında olan informasiyalar
kimi yaddaşımızı yaxşılaşdırmağa xidmət edir.
Onu da bil ki, sən öz yaddaşını təkcə kitab yaxud jurnallarla
deyil, həm də internet vasitəsilə məşq etdirə bilərsən. İnternet
təkcə sən öz dostlarınla laqqırtı vurasan deyə yaradılmayıb, o, həm
də dünya tarixini öyrənmək üçün yararlı vasitədir. Xettlər və
kamizarlar kimdirlər? Kolumbun gəmiləri necə adlanırdı? Dinozavrlar
nə zaman məhv olublar? Öküzün əcdadı necə adlanırdı? Mali
imperiyası haqqında nə bilirsən? Bu haqda ilk dəfə kim məlumat
vermişdir? İlk Roma Papası kim olub? Miki Maus nə zaman
yaradılıb?
Sənə sonsuz sayda bu tip suallar verə bilərəm və bu, səninçün
gözəl araşdırma mövzusu olardı. Bunların hamısını yadda saxlamaq
lazımdır. Vaxt gələcək sən də qocalacaqsan, əgər Vaterloo döyüşündə
iştirak etsəydin; Yuli Sezarın öldürülməsinə şahid olsaydın,
Bertold Şvartsın qızıl əldə etmək üçün əlinə keçən bütün maddələri
qarışdıraraq təsadüfən barıtı kəşf etdiyi və partlayışdan havaya
uçduğu (ona bu da azdı!) yerləri gəzsəydin, sənə elə gələrdi ki,
bir yox, min ömür yaşamısan. O biri dostların isə yaddaşlarını
zənginləşdirməyə cəhd göstərmədiklərinə görə yalnız bircə ömür – öz
yeknəsəq və böyük emosiyalardan kasad ömürlərini yaşayacaqlar.
Qısası, öz yaddaşını zənginləşdir və sabah "La Vispa Tereza"nı
əzbərləməyə çalış...
Sim-sim.az