Prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən
çıxarılan Laçın rayonunun icra başçısı Akif Səlimov həm də şair
imiş.
Axar.az xəbər verir ki, uzun müddət polis rəisi, 3 ilə qədər isə
icra başçısı vəzifəsində çalışan A.Səlimov iki kitab
müəllifidir.
Tərcümeyi-halında Akif İsmayıl oğlu Səlimovun 7 noyabr 1950-ci
ildə Laçın rayonunun Qarıqışlaq kəndində anadan olduğu göstərilir.
1966-cı ildə Laçın rayonu Qarıqışlaq kənd orta məktəbini, 1972-ci
ildə isə Politexnik İnstitutunu bitirib.
1982-1984-cü illərdə Laçın Rayon Partiya Komitəsində təlimatçı,
1984-cü ildən 1990-cı ilədək Laçın Rayon Milis Şöbəsində rəis
müavini, 1990-1994-cü illərdə isə Laçın Rayon Polis Şöbəsinin rəisi
işləyib. 1994-1996-cı illərdə Goranboy, 1996-2000-ci illərdə Qax,
2000-2006-cı illərdə Cəlilabad Rayon Polis Şöbəsinin rəisi
olub.
56 yaşında təqaüdə çıxan polis polkovniki 2007-2013-cü illərdə
Yaqub MMC-nin direktoru kimi bizneslə məşğul olub.
Uzun müddət hüquq-mühafizə orqanlarında rəis vəzifəsində çalışan
A.Səlimovun 56 yaşında qəflətən təqaüdə çıxması müəyyən suallar
yaradır. Çünki polis rəislərinin təqaüdə çıxma yaşı 60
götürülür.
2013-cü ilin martın 4-də Laçın Rayon İcra Hakimiyyətinin başçısı
vəzifəsinə təyinat alan A.Səlimov 2016-cı il martın 3-də vəzifədən
azad edilib.
Şairliyi
Akif Səlimov 4-cü sinifdə oxuyandan şeir yazmağa başlayıb. Lakin
heç vaxt yazdığı şeirləri çap etdirməyib. Sabiq başçının iki kitabı
işıq üzü görüb – "Cığırlar birləşsələr" və "Ora Vətəndir".
Daha bir maraqlı fakt isə A.Səlimovun gələcək fəaliyyəti ilə
bağlıdır. Ötən ilin mayında
Laçın.info saytına müsahibə verən 65 yaşlı sabiq başçı
"Laçından kənarda gördüyüm Laçın" adlı kitab yazacağını deyib:
"İnşallah, təqaüdə çıxdıqdan sonra yaradıcılığı davam etdirmək
fikrindəyəm. Yazacağım kitabın təxminən mövzusu da hazırdır:
"Laçından kənarda gördüyüm Laçın". Bax, bu mövzuda bir kitab yazmaq
istəyirəm. Ancaq iki kitabım da çapa hazırdır. Onlardan biri
"Altaydan başlanan yol" adlanır. Sadəcə, ona görə çap etdirmirəm
ki, bəzi adamlar fikirləşər ki, hazırda icra başçısıdır. Kiməsə
xahiş eləyib, yazıblar".
A.Səlimov yenidən vəzifəyə qayıtmasını isə belə izah edib:
"Bu sualı mənə dostlar da veriblər. Tək bir cavabım var: Mən bu
vəzifəyə laçınlıları Laçına qaytarmaq üçün gəlmişəm".