M.F.Axundov adına Milli Kitabxanada prof.dr. Qəzənfər
Paşayevin müəllifi olduğu, "Ədəbi məktublar" və "Əta Tərzibaşının
folklorşünaslıq fəaliyyəti" adlı iki yeni kitabın təqdimat mərasimi
keçirilib.
Mərasimin aparıcısı, Milli Kitabxananın direktoru prof. Kərim
Tahirov, müəllifin yeni kitablarını onun çoxşaxəli və zəngin
elmi-ədəbi yaradıcılığının növbəti uğuru kimi xarakterizə edib.
Natiq bildirib ki, Milli Kitabxana ilə sıx əməkdaşlıq edən prof.
Qəzənfər Paşayevin yeni kitablarının, elm və ədəbiyyat xadimlərinin
iştirakı ilə təqdimatını da burada keçirməsi, onun bir ziyalı kimi
kitaba, kitabxanaya, milli mədəniyyətə, o cümlədən ədəbiyyata
diqqət və qayğısını göstərməklə yanaşı, biləvasitə Milli
Kitabxananın yaxın dostu olmasının sübutudur.
Akademik Teymur Bünyadov, Xalq şairləri Nəriman Həsənzadə və
Sabir Rüstəmxanlı, professorlar Şirindil Alışanov, Bədirxan
Əhmədov, Buludxan Xəlilov, Mahirə Quliyeva, Məmməd Əliyev,
professor Paşayevin ziyalı, alim şəxsiyyətindən, öz elm və sənət
kredosuna, izlədiyi estetik, milli və bəşəri dəyərlərə universal
baxışından, dosta sədaqətindən danışaraq, onu yorulmaz tədqiqatçı,
məhsuldar alim, diqqətli oxucu kimi xarakterizə etdilər. Çıxış edən
natiqlər, professorun dilşünas, folklorşünas, ədəbiyyatşünas
kimliyi ilə yanaşı, insanşünaslığını da vurğuladılar. Qeyd olundu
ki, Qəzənfər Paşayev yalnız özü elmi, ədəbi yaradıcılıqla məşğul
olmaqla yetinmir, eyni zamanda bu işlə məşğul olan istedadlı
insanlara diqqət göstərir, yeri gəldikcə, onların uğurunu,
sevincini böyütməyə, kədərini azaltmağa çalışır...
Millət vəkili dos.dr. Qənirə Paşayeva prof.dr. Qəzənfər
Paşayevin əsərləri ilə, özəlliklə, əfsanəvi "6 il Dəclə-Fərat
sahillərində" kitabı ilə böyüyən, Qəzənfər müəllimin tövsiyyələrini
hələ uşaq vaxtlarından dinləmək imkanında olan biri kimi, onun
çoxşaxəli və effektli yaradıcılıq yolunun, İraq türkmanları ilə
bağlı araşdırmalarının zaman-zaman geniş oxucu marağına səbəb
olduğunu qeyd etdi.
Novruz Bayramı ərəfəsində, üstəlik Kərküklü ziyalı soydaşlarımız
– tanınmış ədiblər – dr. Mustafa Ziya və dr. Şəmsəddin Kuzəçinin də
iştirakı ilə Milli Kitabxanada kitab təqdimatı keçirməyin özünün
anlamlı olduğunu qeyd etdi; hər yaxşı kitab özlüyündə bir
hadisədir, dedi.
Xanım Paşayeva qeyd etdi ki, "professorun yeni kitabları bütün
digər məziyyətləri ilə yanaşı, həm də bir qədirşünaslıq hadisəsi
kimi diqqəti cəlb edir. Bu amil günümüzdə böyük önəm daşıyır.
Özəlliklə gənc nəslin oxumalı olduğuna inandığım kitablar, qoy
onlara həm də qədirşünaslıq aşılamış olsun."
Xanım millət vəkili sözlərini, Kərküklü soydaşlarımızın da
qatıldığı belə tədbirləri, növbəti Novruz Bayramını yaxın gələcəkdə
Şuşada, işğaldan azad edəcəyimiz digər şəhər və rayonlarımızda
keçirməyə arzu və inamı ilə bitirdi.
Təqdimat olunan kitablardan "Əta Tərzibaşının folklorşünaslıq
fəaliyyəti"nin rəyçisi dr. Mustafa Ziya və onun həmyerlisi dr.
Şəmsəddin Kuzəçi isə İraq-Türkman ədəbiyyatının dünəni, bugünü;
ədəbi əaqələrin XX yüzil və daha öncəsinə aid tarixi, ən yeni nəsil
yazarlar arasında əməkdşalıq imkanları, habelə İraq Türkmanlarının
prof.dr. Qəzənfər Paşayevi özlərinin Azərbaycandakı könül elçisi
kimi qəbul etdiklərini dedi.
Bu təqdimatdan öncə, AYB-də "Azərbaycan – İraq-Türkman
tarixi-mədəni əlaqələri" mövzusunda görüş-müzakirə və Kərkük Kültür
Dərnəyinin "Novruz çiçəkləri" antologiyasının təqdimatının da
keçirildiyini məmnunluqla qeyd edən İraqlı ziyalılar, professor
Qəzənfər Paşayevin hər bir əsərinin İraq-Türkman oxucuları
tərəfindən də diqqətlə izləndiyini bildirdilər. Onlar, təqdim
olunan kitablardan birinin biləvasitə, ikincisinin də müəyyən
məqalələr etibarı ilə İraq-Türkman ədəbiyyatı ilə bağlı olduğunu
vurğulayaraq, bu faktları, Qəzənfər Paşayevin hələ gənclik
illərindən başladığı mübarək işi, ağsaqqal yaşında da eyni şövq və
məhəbbətlə davam etdirməsinin bariz örnəyi kimi xarakterizə
etdilər.
Sonda, bütün iştirak və çıxış edənlərə öz minnətdarlığını
bildirən prof. Qəzənfər Paşayev, deyilən hər bir sözün onunçün
qiymətli olduğunu, yüksək oxucu marağının müəllifə əlavə məsuliyyət
gətirdiyini vurğuldı, hər kəsi qarşıdan gələn Novruz Bayramı
münasibəti ilə təbrik etdi.
Qeyd edək ki, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi
Şurasının qərarı ilə çap olunan hər iki nəfis tərtibatlı kitab,
"Təhsil" Nəşriyyatında işıq üzü görüb.
"Ədəbi məktublar"da müəllifin son 35 il ərzində öz müasirlərinə
ünvaladığı 46 məktub toplanıb. Müəllif özü "..."Ədəbi məktubları"ım
çoxunun əbədiləşəcəyinə inandığım, fəxr etdiyim müasirlərim
haqqındadır" deyir. Kitabın redaktoru və önsöz yazarı prof.
Bədirxan Əhmədov, rəyçiləri f.ü.f.d. Tinatin Məmmədova, f.ü.f.d.
Aynur Xəlilovadır.
"Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" monoqrafiyası isə
professorun Türk Dünyasının görkəmli simalarından biri Əta
Tərzibaşının həyatı və folklorşünaslıq fəaliyyətinə həsr olunub.
Kitabın redaktorları prof.dr. Süphi Saatçı, prof.dr. Mahir Naqib,
rəyçiləri prof.dr. Muxtar İmanovla dr. Mustafa Ziyadır.