Sabir Rüstəmxanlının 70
illiyinə essevari fraqmentlər
…Çoxdan tanısam da, dəfələrlə görüşüb duz-çörək kəssək belə,
xalqın şairi, haqqın nasiri, Türkün görkəmli oğlu Sabir Rüstəmxanlı
haqqında ilk dəfədir ki, əlimə qələm alıb yazıram. Bu gecikmiş
yazıya görə, özü olmasa da, onu dəfələrlə sayılıb-SEÇİLƏN ölkə
ziyalıları arasından millət vəkili SEÇƏNLƏR və türk dünyasına səs
salan əsərlərinə görə sevənlər məni bəlkə də qınayacaq. Amma burası
da var ki, çox vaxt qələm əhli özünə doğma bildiyi şəxsiyyətlər
haqqında yazmaqda çətinlik çəkir. Yaddaşımın saxlancında Sabir
bəylə bağlı o qədər fraqmentlər var ki, hansından başlayım, özüm də
bilmirəm…
Birinci fraqment: Tale elə gətirdi ki, 80-ci illərin sonu Sabir
bəyin Masallıda müstəntiq işləyən qardaşı Əlövsət bəylə bir müddət
qapıbir qonşu olduq. Bakıdan Yardımlıya gedəndə Sabir bəy həmişə
yolüstü Əlövsətgilə baş çəkərdi. Milli ruhun oyanmasına təkan verən
"Ömür kitabı"nın oxucular tərəfindən böyük maraqla oxunduğu vaxtlar
idi. Bir dəfə necə oldusa, Əlövsətgil evdə olmadı. Sabir bəyi evə
dəvət edib: "Mən də sizin qardaşınız, buyurun bizə" - dedim. O,
gülümsünərək "çox sağ olun, yolçu yolunda gərək" - dedi və dönüb
getmək istədi. Bu zaman qapı ağzında üç yaşlı oğlum İsmayılın
əlində ağ, qalın cildli "Ömür kitabı"nı görəndə ayaq saxladı. Və
döş çibindən çıxardığı qələmlə avtoqraf yazıb mənə öz ömür kitabımı
yazmağı dilədi.
İkinci fraqment və ya görüşümüz Almaniyadan yaşayan və əslən
Cənubi Azərbaycandan olan dostu İbrahim Əhrari ilə birlikdə
Yardımlıya səfərimiz oldu. Bu, mənim həm də Sabir bəyin öz
dünyasına sözün əsl mənasında, ilk ekskursiyam oldu: Masallının
qaynar İstisuyundan yuxarı - dağlıq əraziləri keçəndən sonra sakit
təbiət qoynuna çəkilib, daşların-qayaların qoynundan süzülüb gələn
dupduru çayın hövzəsində dəbdəbədən uzaq xudmani süfrə açmağımız,
təndir çörəyi, üzlü-gözlü motal pendiri, yüksək keyfiyyətli
"Drezden" arağı və Sabir bəyin şirin söhbətləri…
Gördüklərim-eşitdiklərim sanki öncədən hazırlanmış ssenaridə
yazılmışdı.
Sonra Sabir bəy yaxınlıqdakı yoxuşu cəld və çevik addımlarla
qalxaraq bizə qocaman palıdın dibində çağlayan bulağı göstərdi…
İlahi, elə bil mən ondan yox, o, məndən on iki yaş gənc idi… O
zaman Xəlil Rza Ulutürk "Sabir Rüstəmxanlı şəlaləsi" adlı şeirini
yazmışdı. Mən də tövşüyə-tövşüyə, nəfəsimi güc-bəla ilə dərib adsız
bulağa "Sabir bulağı" dedim və əyilib çeşməsindən su da içdim. Amma
o dağlara çıxmağın yorğunluğu uzun müddət canımdan çıxmadı…
Mən Sabir bəyin sayəsində onun doğma kəndi Hamarkənddən adını
eşidib üzünü görmədiyim başı qarlı Savalanın ilk dəfə uzaqdan seyr
etdim. Və Xəqani Şirvaninin ulu Savalanı vəsf etdiyi bu misraları
xatırladım:
Səadət qibləsi Savalan dağı,
Şərəfdə Kəbətək qazanıb şöhrət.
Kəbə yaşıl geyər, ağ bürünər o,
Çünki, ehram tutan geyər ağ xələt…
Üçüncü fraqment: Bir müddətdə sonra Yardımlıda tikdirdiyi
yarımçıq evində olduq. Yenə dəbdəbədən uzaq süfrə açıldı, qarpız,
pendir, deyəsən bu dəfə boyat bozartma da vardı… İkinci mərtəbənin
hələ çərçivəsi salınmayan pəncərələrindən Yardımlının möhtəşəm
mənzərələri görünürdü. Dördkünc, eyni ölçülü-biçili o pəncərələrdən
elə bil daş çərçivəyə salınmış canlı tablolar "asılmışdı". Sabir
bəy sağlıq söyləyəndə dedi ki, rəhmətlik Səttar Bəhlulzadə sağ indi
sağ olsaydı, burada oturub əziyyət çəkmədən bu mənzərələri kətana
köçürərdi…
Dördüncü fraqment: 1990-cı il, Faiqin toy günü… Xudu kişinin öz
əli saldığı bağda Yardımlı rayon partiya komitəsinin birinci katibi
Fəzail Tağıyev başda olmaqla bir neçə yüksək vəzifəli şəxslər,
Əlövsət bəyin Masallıda hüquq –mühafizə orqanlarında çalışan
həmkarları ilə gözəl təamlar düzülmüş toy masasının ətrafında
oturub Sabir bəyi dinləyirik. Mənimlə üzbəüz əyləşən "Salam dar
ağacı" kitabının müəllifi şair Rüstəm Behrudini ilk dəfə yaxından
görürdüm və nədənsə o an içimdən "Salam, çörək ağacı" adlı bir esse
yazmaq keçdi. Sabir bəy o zaman bir il olardı ki, Azərbaycanda ilk
müstəqil, demokratik ruhlu "Azərbaycan" qəzetini təsis etmişdi və
onun baş redaktoru idi. İki il idi ki, milli azadlıq hərəkatının
ilk təşkilatçılarından və liderlərindən biri kimi tanınırdı. Faiqin
toy günü bəlkə də heç kim ağlına belə gətirmirdi ki, vur-tut bir
neçə aydan sonra Sabir bəy Azərbaycanın Müstəqillik Aktının
müəlliflərindən biri, 1991-ci ildə Mətbuat və İnformasiya naziri
olacaq…
…O toy gecəsi Hamarkənddən Yardımlıya, ordan da dağlara
qıvrıla-qıvrıla dolanan yolla Masallıya dönəndə Xəzər adlı ümmana
can atan Viləş çayına düşən dolğun və parlaq Ayın əksinə baxa-baxa
Sabir bəy haqqında düşünürdüm. Axı o da bu coşqun dağ çayına
oxşayırdı: Hamarkənddən - ata ocağından götürdüyü nuru ürəyində
tonqala çevirib Azərbaycan adlı ümmana, böyük Türk dünyasına işıq
daşıyırdı.
O zaman 44-45 yaşlarında Sabir bəyin ən üstün cəhətləri nədə
idi? Nəfsinə müxalifətçilik etməkdə, haqqa yar olmaqda, qılıncla
qələmin birliyini yaratmaq amalı ilə yaşamağında… Əgər söhbət
demokratik dövlət quruculuğundan gedirdisə, demək, vəzifədən istefa
vermək, hər hansı mükafatdan imtina etmək adamdan cəsarət və yüksək
mədəniyyət tələb edir.
Məncə 92-də MM-in sədrliyinə namizədliyini geri götürməsi, 95-də
nazir postundan istefa verməsi, 96-da Prezidentinin fərmanıyla
təltif olunduğu "Şöhrət" ordenini almaqdan imtina etməsi Sabir
Rüstəmxanlının ilk növbədə mənsub olduğu türk xalqına, Azərbaycan
dövlətçiliyinə hörmət və ehtiramından qaynaqlanırdı. O, nazir
olanda qapısı Azərbaycanın bütün bölgələrindən olan yazarların
üzünə açıq oldu. Gəlin görək, indi hər hansı nazirin, komitə
sədrinin, icra başçısının, heç şöbə müdirlərinin qəbuluna düşmək
olurmu?!
Haşiyə: …Rəhmətlik Nüsrət Kəsəmənlinin Sabir bəyə ötən əsrin
70-ci illərində həsr elədiyi bir şeiri var: "Mənim bu şəhərdə kimim
var axı, hər qapı döyməyə əlim gəlməyir…" Doğmalarının qapısının
zəngini çalmağa qalxmayan o əllər Sabir bəyin qapısını ərklə döyə
bilir. Niyə? Sabir bəyin ki, o zaman heç bir titulu, fəxri adı ki
yox idi! Çünki ürək genişliyi Sabir bəyə atadan-babadan,
Rüstəmxandan miras qalmışdı, layiq olduğu titulları da, fəxri
adları da, oxucu sevgisini də ona QƏLƏM Xaqan qazandırdı …
Əsas fraqmentlərdən biri: Bu məqamda mən Sabir bəyin və onun
qardaşlarının xarakterində əsas rol oynayan Xudu kişi haqqında
bir-iki kəlmə yazmaq istəyirəm. Xudu kişi ilə Əlövsətgildə çox
həmsöhbət olmuşdum. Dünyagörmüş, zəhmətkeş kişi idi. Bir dəfə
Masallıdan Yardımlıya getmək üçün bir taksiyə yaxınlaşır. Adətən,
İsgəndərli körpüsündən aşağısında dayanan taksilər dörd nəfə
sərnişin götürməmiş yola düşməzdilər. Özbəy adlı bir taksi sürücüsü
Xudu kişini şəxsən tanıyır və qabaqda oturacaqda oturan cavan
oğlana deyir ki, sən keç arxada otur, bu kişi Sabir Rüstəmxanlının
atasıdır, bir oğlu Əlövsət də Masallıda müstəntiq işləyir, qoy o,
qabaqda rahat otursun!
Xudu kişi sürücüyə də, cavan oğlana da üzünü tutub deyir ki: Ay
bala, siz Sabirə, Əlövsətə görə yox, ağsaqqal olduğuma görə mənə
hörmət edin!..
Bəli, çox gözəl ibrət dərsidir. Yəni hər ağsaqqalın ola bilər
ki, Sabir Rüstəmxanlı, Əlövsət Əliyev, Şahbaz Xuduoğlu kimi
oğulları olmasın, amma bu o demək deyil ki, sən o ağsaqqala hörmət
etməyəsən!..
Bir dəfə də Əlövsətlə stadionda futbol oynayanda yüngülcə
mübahisə etmişdik və ondan küsmüşdüm. Xudu kişi növbəti dəfə onlara
baş çəkməyə gələndə necə oldusa, incik olmağımdan duyuq düşdü və
Əlövsətə dedi: "Bala, sənin Yardımlıda böyük qardaşın Sadatdı,
Sumqayıtda Mədətdi, Bakıda Sabirdi, Masallıda da Nurəddin…"
Xudu kişidən bütün övladlarına - Sabir bəy başda olmaqla Sadata,
Mədətə, Əlövsətə, Şahbaza, Faiqə, Dilavərə, Cəlala hazırcavablıqla
bərabər, gözütoxluq, mərdlik, mətinlik kimi xüsusiyyətlər,
dözümlülük, zəhmətsevərlik və haqq-ədalət uğrunda mübarizlik əzmi
keçmişdi. Onu da qeyd edim ki, Sabir bəy atası Xudu kişinin son
günlərini, psixoloji dəqiqliklə "Atamın ruhu" romanında çox maraqlı
və yaddaqalan ştrixlərlə qələmə almışdır.
90-cı illərin ortalarında baş redaktoru olduğum "Masallı"
qəzetində respublikanın tanınmış ziyalılarına, xalq şairi və
yazıçılarına ünvanlanan müraciətim böyük əks-səda doğurdu. Həmin
müraciətə ilk münasibəti bildirən Sabir bəy oldu: "…Özünü ziyalı
adlandıran şəxs respublikada bu gün baş verən proseslərdən kənarda
qala bilməz! Bəzən deyirlər ki, yazıçı və şairlərin borcu ancaq
yazmaq, yaradıcılıqla məşğul olmaqdır. Amma şair və yazıçı mücərrəd
bir auditoriyaya müraciət etmir, hər bir əsərin konkret ünvanı var.
Bu ünvanın adı Azərbaycan xalqıdır! Sevinirəm ki, bu müraciəti
mənim millət vəkili seçilmiş olduğum bölgənin ziyalıları ediblər.
Doğrudan da Masallı ziyalılar rayonudur…"
Sabir bəy təkcə sözdə bu fikri demirdi, həm də dəfələrlə istər
Bakıda, istər Masallıda ziyalılarla görüşürdü… O, bu gün də bir
ağsaqqal qələm sahibi olaraq indiki çağda ziyalıların enerjilərini
millətin inkişafına deyil, məhkəmələrə sərf etməsini yolverilməz
hesab edir… Və çalışır ki, bir-birindən incik düşən ziyalıları
barışdırsın!
Sabir bəyin bir gözəl kəlamı da var: "Dünyada yalnız xalqın
sevgisinə bel bağlamaq olar! Ən etibarlı abidə də, ən toxunulmaz
arxiv də xalqın yaddaşıdır!"
Hərçənd Napoleon Bonapart kimi sərkərdə "Yaratmaq məsələsində
zor gücsüzdür" desə də, son zamanlar ZORUN bir çox yaradıcı
adamlardan, vətənpərvər insanlardan güclü olduğuna az şahid
olmamışıq. Mən "Qarabağa aparan yol" qəzetində redaktor müavini
olanda bir müddət parlament müxbiri kimi MM-in iclaslarında iştirak
etmişəm… Yadımdadır, bir dəfə cari məsələlər müzakirə olunanda
deputatlardan biri tanınmış tele-jurnalistin anasının ünvanına
nalayiq sözlər dedi, əslində jurnalistdən çox Azərbaycan qadını
təhqir olundu. Yalnız Sabir bəy özündə cəsarət tapıb öz çıxışında
həmin deputata etiraz elədi.
Yaxud Türkiyənin "Kanal 24" telekanalında Şah İsmayıl Xətai
təhqir olunanda yenə Sabir bəy və həyat yoldaşı,"Azəri-Türk
Qadınlar Birliyi"nin sədri Tənzilə Rüstəmxanlı öz etiraz səslərini
ucaltdılar. Sabir bəy parlamentdə Azərbaycandan həmin kanala
himayədarlıqda adı hallanan qurumdan məsələyə aydınlıq gətirməsini
xahiş etsə də, demək olar ki, onun təklifinə laqeyd yanaşdılar.
Görəsən niyə? Məgər millət vəkilləri Xətai Yurdunun – Şah İsmayıl
Səfəvidən dili, Ali divan məclisi, ərazisinin yeddidə bir hissəsi
miras qalan Azərbaycanda ən yüksək maaş aldıqlarının fərqində
deyildilərmi?! Üstəlik deputatlar arasından da Şah İsmayılın
ünvanına tənqidi fikirlər səsləndirənlər oldu və böyük qardaş
dediyimiz Türkiyədə Şah İsmayılı aşağılayan kitablar nəşr olundu,
"Möhtəşəm yüz il" serialında həm özü, həm oğlu Təhmasib şah yenə
təhqir olundu…
Sabir Rüstəmxanlı çox haqlı olaraq bir şeirində deyir: "bir
çiçəyin mehrinə sıxılıb ağlamayan məni anlamaz əsla!" Sabir bəy
ölüvaylığın, cəhalətin, cahilliyin, sərkərdə mundiri geymiş
köləliyin əleyhinədir:
Yandır, şəhid qanı, bu daşı yandır!
Bu daşa çevrilən qardaşı yandır!
Ya tamam yox elə, ya da oyandır,
Bu uzun cəhalət uyğusu bitsin…
Dünən olduğu kimi bu gün də Sabir Rüstəmxanlının daxilində
sönməyən Zərdüşt odu var. Sabir Rüstəmxanlının əlində Xətainin
qılıncı kimi kəsərli qələmi var. Onun amalı "Əbədi sevda" və Ata
yadigarı olan ruhla "Tonqal başında" Vətəndaş həmrəyliyinə xidmət
etməkdir! Çünki Türk xalqının nicat yolu – Zəka qüvvələrinin
birliyindədir, zəka qüvvələrinin vəhdəti isə Qılıncla Qələmin
həmrəyliyindədir…
Son söz yerinə təbrik: Sabir bəy, dağ adamları binayi-qədimdən
Allaha yaxın olublar. Bu gün düz otuz il öncə Sizinlə dağlara çıxıb
– "Sabir bulağı"ndan su içdiyim günü xatırlayanda, ürəyimdə bu arzu
keçdi: Qoy o uca dağlar "Rüstəmxanlı şəlaləsi", "Sabir bulağı" 70
illik yubileyinizə hədiyyə kimi ruhunuzu daha da
cavanlaşdırsın!