12:30
Xalq şairi Söhrab Tahirlə vida mərasimi
başlayıb.
Musavat.com
xəbər verir ki, Təzə Pir Məscidində keçirilən vida mərasimində
ədəbiyyat, xadimləri, ziyalılar, mərhumun yaxınları iştirak
edir.
***
Azərbaycanın xalq şairi Söhrab Tahir II Fəxri xiyabanda
dəfn edilib.
Şairin dəfn mərasimində rəsmi şəxslər, ictimaiyyət nümayəndələri
və mərhumun ailə üzvləri iştirak edib.
Qeyd edək ki, xalq şairi
Söhrab Tahir ötən gün, mayın 4-də səhər saatlarında dünyasını
dəyişib. Şairin bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin (AYB)
"Natəvan" klubunda 90 illik yubileyi keçirilmişdi. Görkəmli şair
ayağında yaranmış problemlər ilə əlaqədar olaraq öz yubileyində
iştirak edə bilməmişdi. Uzun müddət şəkər xəstəliyindən əziyyət
çəkən şairin bir neçə gün sonra hər iki ayağı amputasiya
olunmuşdu.
Xatırladaq ki, Söhrab Tahir
1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində
anadan olub. O, "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək
təhsil alıb. Sonradan ailə vəziyyətinin ağırlığı üzündən atası ilə
"İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur.
Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında
fəal iştirak edib. Söhrab Tahir 1946-cı ildə Bakıya təhsil almağa
gəlib. O, 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və
feldşerlik ixtisası almışdır. Daha sonra isə ADU-nun filologiya
fakültəsində oxuyub.
Onun bu günədək 1000-dən çox şeiri, 57 poeması, 8 romanı, 10
povesti, 70-dən çox hekayəsi, 800-dən artıq ədəbi-elmi-publisistik
məqaləsi çap olunub. Bununla yanaşı, xarici ölkələrdə də kitabları
nəşr edilib.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
"Şöhrət" ordeninə layiq görülüb.