İstanbulda Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının
anadan olmasının 70 illiyinə həsr edilmiş mərasim
keçirilib.
APA-nın Türkiyə bürosunun məlumatına görə,
Türk Dünyası Araşdırmaları Vəqfi və İstanbul metropol bələdiyyəsi
tərəfindən təşkil edilən mərasimdə bələdiyyənin məsul işçisi Özcan
Ünlü azərbaycanlı şairin tərcümeyi-halını oxuyandan sonra onun
yaradıcılığı barədə danışıb. TDAV başqanı Közhan Yazqan atası Turan
Yazqanın 1989-cu ildə Türkiyədən Bakıya heyət aparmasından sonra
Sabir Rüstəmxanlı ilə aralarında yaranmış dostluğun bu gün də davam
etməsindən məmnuniyyət duyduqlarını deyib.
Akademik, millət vəkili Rəfael Hüseynov mərasimdəki çıxışında Sabir
Rüstəmxanlının sovet dövründəki yaradıcılığının və fəaliyyətinin
milli cəhətləri barədə fikirlərini mərasim iştirakçıları ilə
bölüşüb. "İndi milli məsələlər barədə danışmaq asandır. Sovet
dövründə milli məsələlərimizi gündəmə gətirərkən bizi həbs
edirdilər, incidirdilər, kitablarımızı çap etmirdilər. Sabir
Rüstəmxanlı o vaxtlar bizim milli düşüncəmizin inkişafında çox
önəmli rol oynayan bir aydınımız idi. Onun ruh dünyası heç vaxt
Azərbaycan türklüyü ilə məhdudlaşmayıb. Ruh dünyası təlatümə
gələndə Rüstəmxanlı Monqolustana gedib əski türk yazılı
abidələrinin önündə baş əyib. Heç kimin qabağında əyilməyən Sabir
Rüstəmxanlının daşın önündə baş əyməsi sizə təəccüblü gəlməsin,
Rüstəmxanlı daşın içindəki türk ruhunun önündə əyilib", - deyə
akademik Rəfael Hüseynov vurğulayıb.
Mərasimdə çıxış edən Mərmərə Universiteti Türkiyyat Araşdırmaları
İnstitutunun direktoru, professor Gülşən Alışıq isə Sabir
Rüstəmxanlının şeirlərinin poetik xüsusiyyətləri barədə
dinləyicilərə geniş məlumat verib. Rüstəmxanlının ictimai-siyasi
fəaliyyətinə də toxunan professor Alışıq onun "Ömür kitabı"
əsərinin Türkiyədə doğurduğu rezonans barədə ətraflı danışıb.
Gülşən Alışıq Türkiyədə milli şüurun daha da güclənməsində
Rüstəmxanlının bundan sonra da önəmli rolu olacağını
vurğulayıb.
İzmirdəki 9 Eylül Universitetinin professoru Əli Yavuz Akpınar
Sabir Rüstəmxanlıyla Bakıda 1978-ci ildən başlayıb bu günə qədər
davam edən dostluqlarından bəzi fraqmentləri dinləyicilərlə
bölüşüb. "Mərhum vəkil İbrahim Bozyel ilə çıxardığımız "Qardaş
ədəbiyatlar" dərgisində Sabir Rüstəmxanlının şeirlərini ilk dəfə
Türkiyədə biz çap etmişik. Sabir Rüstəmxanlı Cənubi Azərbaycan
mövzusunu qətiyyən usanıb-yorulmadan öz yaradıcılıq gündəmində
saxlayan bir söz ustasıdır. Onun misralarındakı poetik obrazların
Cənubi Azərbaycandakı milli oyanış hərəkatları üzərində həmişə
təsir gücü olacaqdır", - deyə professor Əli Yavuz Akpınar
deyib.
Professor Firudin Cəlilov Azərbaycanın müstəqilliyinə doğru gedən
yolda Sabir Rüstəmxanlıyla birgə fəaliyyətlərinə dair
xatirələrindən bəzi fraqmentlər danışıb. "Müstəqilliyimizə doğru
gedən yolda biz Sabir bəylə çox sıxıntılar çəkdik, çox təzyiqlərə
məruz qaldıq. Ancaq ən böyük arzumuz olan milli dövlətimizə
qovuşduq", - deyə professor Firudin Cəlilov vurğulayıb.
Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunun konsulu
Kənan Murtuzov mərasimdə çıxış edərək Sabir Rüstəmxanlının
Azərbaycan milli təfəkkürünün inkişafında rolu barədə danışıb.
Mərasimdə Azərbaycanın "Savalan" musiqi qrupu və müğənni Elçin
Cəfərov Sabir Rüstəmxanlının şeirlərinə bəstələnmiş mahnılar
səsləndiriblər.
Mərasimin sonunda çıxış edən xalq şairi Sabir Rüstəmxanlı TDAV-a və
İstanbul metropol bələdiyyəsinə təşəkkür edərək bir neçə şeirini
oxuyub. Türkiyədəki bəzi QHT-lər Sabir Rüstəmxanlıya xatirə
plaketləri təqdim ediblər.
Sabir Rüstəmxanlının İstanbul metropol bələdiyyəsi tərəfindən 10
min tirajla çap edilmiş "Yurdumun en güzel nağmesi" şeirler kitabı
mərasim iştirakçılarına təqdim edilib. 296 səhifəlik kitabı
türkcəyə filologiya elmləri namizədi Mayis Əlizadə tərcümə
edib.