Keçmiş Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar
Vilayətində separatçı meyllərin ilk təzahürləri meydana çıxan
illərdə (1988-1989) Bakının və Mərkəzin, şübhəsiz ki, vilayətin
erməni əhalisinin bir qisminin antikonstitusion tələblərini
kökündən kəsməyə kifayət qədər gücü və vasitələri var idi. Lakin
keçmişə qayıtmaq mümkün deyil, fəqət belə təsəvvür etsək ki, o vaxt
Ermənistandan qaçqın düşmüş 250 min nəfər DQMV-yə köçürülsəydi,
SSRİ DİN Daxili qoşunları, ölkə DTK-sı və Sovet Ordusu eyni zamanda
Dağlıq Qarabağa göndərilsəydi, hadisələr tamam başqa ssenari üzrə
inkişaf edərdi və indiki mənzərə meydana gəlməzdi.
Hərçənd, o zaman Azərbaycan KP MK-nın baş katibi olmuş Kamran
Bağırov və partiyanın Bakı şəhər Komitəsinin birinci katibi Fuad
Musayev erməni separatçılığının qarşısını almaq üçün məhz bu
təklifləri vermişdilər. Onlar hətta buna cəhd də etmişdilər, lakin
Moskva bu hərəkətlərin qarşısını almış və Azərbaycanı marionet
Əbdürrəhman Vəzirovun ixtiyarına vermişdi. Yeni "birinci" Kremlin
göstərişlərinə riayət edərək Ermənistan qaçqınlarının DQMV-yə
köçürülməsinə qadağa qoydu. Və Qarabağ düyünü daha da möhkəm
sıxılmağa başladı.
Virtualaz.org-un əlinə unikal arxiv sənədləri keçib
ki, həmin sənədlərdə o zaman Ermənistan SSR rəhbərliyinin bütün
azərbaycanlı əhalisini respublikadan planlı şəkildə qovması və
Qarabağın faktiki işğalına hazırlığı, Moskvanın sözünə baxmamaqdan
qorxan Azərbaycan rəhbərliyinin passiv müdafiə mövqeyi seçməsi və
"sarsılmaz xalqlar dostluğu"ndan danışması əsk olunub.
Eyni zamanda, bu sənədlər ermənilərin o zaman Azərbaycanda
onlara qarşı guya ki yürüdülmüş izləmə və hətta az qala soyqırımı
siyasəti barədə təbliğatını alt-üst edir.
6 may 1989-cu ildə Azərbaycan Nazirlər Sovetinin o vaxtkı sədri
Ayaz Mütəllibov tərəfindən imzalanmış və 13 bənddən ibarət olan
"Azərbaycan SSR Nazirlər Sovetinin 205 saylı Qərarı"nın preambula
hissəsində deyilir:
"Azərbaycan SSR Nazirlər Soveti qeyd edir ki, DQMV-də və onunla
əlaqədar hadisələrə, Ermənistan SSR-də və Azərbaycan SSR-də
icazəsiz keçirilən mitinqlərə və tətillərə görə millətlərarası
münasibətlərin son dərəcə kəskinləşməsi nəticəsində 1988-ci ilin
ikinci yarısı ərzində azərbaycanlı və erməni vətəndaşların böyük
miqdarı daimi yaşayış yerlərini tərk etməyə məcbur oldu. Ermənistan
əhalisinin azərbaycanlılardan ibarət hissəsi (135 min nəfər) cari
il yanvarın əvvəlinədək əslində hamılıqla respublikaya köçdü. On
minlərlə erməni vətəndaş da Azərbaycandakı daimi yaşayış yerlərini
tərk etdi.
Son dərəcə gərgin bir şəraitdə on minlərlə köçkünü qəbul etmək,
respublikanın rayon və şəhərlərində müvəqqəti yerləşdirmək, onları
evlə, yeməklə və lazımi tibbi xidmətlə təmin etmək üçün Azərbaycan
KP MK-nın rəhbərliyi ilə təsirli tədbirlər görülmüşdür.
Köçkünlərin müvəqqəti yerləşdirildiyi bütün rayon və şəhərlərdə
təxirəsalınmnaz məsələlərin operativ həlli üçün rayon, şəhər
partiya komitələrinin birinci katiblərinin və ya rayon (şəhər)
icraiyyə komitələri sədrlərinin sədrliyi altında xüsusi əməli
komissiyalar yaradılmışdır.
Ermənistan SSR-də daimi yaşayış yerlərini tərk etmiş
vətəndaşlara kömək üçün nazirliklərin, baş idarələrin, müəssisə və
təşkilatların, respublikanın bütün əhalisinin imkanları səfərbər
edilmişdir. Yerli büdcə hesabına köçkünlərə 20 milyon manat,
"Qayğı" Cəmiyyəti tərəfindən 3,8 milyon manat məbləğində maddi
yardım göstərilmişdir".
Ən əsası isə, sənəddə qeyd olunur ki. "1989-cu ilin may ayına
olan vəziyyətə görə görülmüş tədbirlər nəticəsində əvvəllər
Azərbaycanı tərk etmiş ermənilərin üçdə bir hissəsi, yaxud 48 min
nəfəri respublikaya, öz evlərinə, iş yerlərinə qayıdıblar". Və bu o
zaman baş verir ki, Ermənistanda bir nəfər də azərbaycanlı
qalmayıb.
Ermənilərin Azərbaycana qayıtması onu göstərir ki, tarixi
vətənlərində millətin Bakı nümayəndələri nə qayğı, nə anlaşılma, nə
də yardım görməyiblər. Məhz orada onlar dərk ediblər ki, bunlardan
sadəcə bir vasitə kimi istifadə ediblər və Azərbaycan torpaqlarini
zəbt etməyə hazirlaşan Ermənistan hakimiyyəti üçün onlar lazımsız
və xərc tələb edən ballastdır. Qohum-əqrəbalarından bir yardım
görməyən 48 min erməni Azərbaycana, öz evlərinə qayıtmağı üstün
tutdular.
Sənəddə daha sonra deyilir: "Millətlərarası münasibətlərin
normallaşdırılması, daimi yaşayış yerlərini məcburi tərk etmiş
əhaliyə fəal kömək göstərilməsi və SSRİ Nazirlər Sovetinin 15 aprel
1989-cu il tarixli 321 nömrəli qərarının yerinə yetirilməsi
məqsədilə Azərbaycan SSR Nazirlər Soveti qərara alır:
Azərbaycan SSR nazirlikləri, baş idarələri. Naxçıvan MSSR
Nazirlər Soveti, rayon və şəhər xalq deputatları Sovetlərinin
icraiyyə komitələri azərbaycanlı və erməni vətəndaşların tərk
etdikləri daimi yaşayış yerlərinə könüllü şəkildə qayıtmasına hər
vasitə ilə şərait yaratsınlar (bununla birlikdə, sənəddə qeyd
olunmur ki, zorla Ermənistandan qovulmuş azərbaycanlılar
həyatlarına təhlükə olmadan daimi yaşayış yerlərinə necə qayıda
bilərlər);
Naxçıvan MSSR Nazirlər Sovetinə, rayon və şəhər xalq deputatları
Sovetlərinin icraiyyə komitələrinə tapşırılsın ki, tərk edilmiş
yaşayış yerlərinin başqa şəxslər tərəfindən tutulmasına tol
verməmək məqsədilə həmin yaşayış yerlərinin ciddi uçotu aparılsın,
daimi yaşayış yerlərini tərk etmiş azərbaycanlı və erməni
vətəndaşların əmlakına vurulmuş zərərin miqyasları barədə ətraflı
hesabat hazırlanaraq 20 iyul 1989-cu il tarixindən gec olmayaraq
Respublikalararası komissiyaya təqdim edilsin (yenə də ermənilərin
qeydinə qalan hökumət nədənsə yaşamağa yerləri olmayan,
Ermənistandan qovulmuş azərbaycanlıların yaşayış yerləri ilə təmin
edilməsi problemini nəzərə almır);
İctimai təşkilatlar və hüquq-mühafizə orqanları respublikada
vəziyyətin stabilləşdirilməsi və öz daimi yaşayış yerlərinə
qayıtmış vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün əlavə
tədbirlər görsünlər;
Müəssisələrə. Təşkilatlara və baş idarələrə əvvəllər daimi
yaşayış yerlərini tərk etmiş şəxslərin əvvəlki iş (təhsil)
yerlərində bərpası tapşırılsın".
Bütün bunlar onu göstərir ki, Azərbaycan hakimiyyəti bütün gücü
ilə gərginliyi azaltmaq və vəziyyəti normallaşdırmaq istəyirdi.
Hətta respublika televiziyasına və radiosuna tapşırılmışdı ki,
"millətlərarası münasibətlərin normallaşması"nı geniş
işıqlandırsınlar və azərbaycanlılarla ermənilərin daimi yaşayış
yerlərinə qayıtmalarına yönəlmiş təbliğat işini gücləndirsinlər,
həmçinin ermənilərin daimi yaşayış yerlərində DİN kadrlarının şəxsi
heyətinin sayı artırılsın.
İndi heç də azərbaycanlıların təşəbbüsü ilə dağıdılmamış əvvəlki
sülh şəraitində yaşayışa bu cür sadəlövh qayıtmaq cəhdlərini oxumaq
da gülməlidir. DİN-in şəxsi heyətinin isə gücləndirilməli olduğu
yeganə yer DQMV idi, çünki vilayət rəhbərliyi az qala 100% yerli
ermənilərdən təşkil olunmuşdu və bütün şəxsi heyət dərhal
separatçıların tərəfinə keçmişdi.
Separatçıların rəhbərlərini tutmaq əvəzinə Xankəndindəki milis
rəisləri onları öz evlərində gizlədirdilər.
Moskva tərəfindən formalaşdırılmış Azərbaycan rəhbərliyi isə
separatizm mənbəıyinə çevrilmiş vilayətdə qayda0-qanun yaratmaq
yerinə Mərkəzin çaldığına oynayır və "azərbaycanlılarla ermənilərin
çoxəsrlik dostluğu" barədə söhbətlərlə təsəlli tapırdı.
O zaman əsas məqsədinə - Qarabağın Azərbaycandan ayrılmasına
çatmaq naminə Ermənistanın faktiki olaraq Moskvanın tabeçiliyindən
çıxmasına baxmayaraq, Bakıda hələ də Kremlin göstərişlərini
gözləyirdilər. Nəticədə, erməni separatçılığına göz yuman SSRİ
dağıldı, Azərbaycan isə torpaqlarının 20%-nə nəzarəti əldən
verdi.