Yuxarı

Prezident qurultay iştirakçılarına müraciət ünvanladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident qurultay iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbəti VIII qurultayının iştirakçılarına müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov oxuyub.

"Hörmətli Qurultay iştirakçıları!

Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında salamlayıram.

Azərbaycan həmkarlar ittifaqları çoxşaxəli fəaliyyəti, əmək münasibətlərinin inkişafında rolu və vətəndaş cəmiyyətinin möhkəmlənməsinə verdiyi töhfələrlə respublikanın ictimai və sosial həyatında önəmli yer tutur.

Ölkəmizdə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, layiqli iş şəraitinin yaradılması, sosial tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli addımlar atılır. Müasir dövrün çağırışlarına çevik uyğunlaşmaq, həmkarlar ittifaqları üzvləri ilə sıx əlaqələr qurmaq, xidmətləri rəqəmsallaşdırmaq, müvafiq sahələrdə süni intellektin tətbiqi imkanlarını genişləndirmək, xidmət keyfiyyətini və məmnunluq səviyyəsini yüksəltmək xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq əmək standartlarına uyğun fəaliyyət, dünya həmkarlar hərəkatı ilə əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi həmkarlar ittifaqlarının nüfuzunun daha da artırılmasına xidmət edir. Güclü və sağlam vətəndaş cəmiyyətinin inkişafında, həmrəyliyin möhkəmlənməsində həmkarlar ittifaqları mühüm işlər görür.

Respublikamızın dinamik sosial-iqtisadi inkişafı, "yaşıl iqtisadiyyat"a ədalətli keçid, süni intellektin əmək bazarına təsiri həmkarlar ittifaqlarının qarşısında məsuliyyətli və strateji vəzifələr qoyur, onları daha fəal olmağa sövq edir. İşçilərlə işəgötürənlər arasında sosial dialoqun əsas tərəfdaşı və əmək dəyərlərinin qoruyucusu kimi çıxış edən həmkarlar ittifaqları peşə birliklərinin möhkəmləndirilməsi, işçilərin maarifləndirilməsi, əmək hüquqları sahəsində onların bilik və bacarıqlarının artırılması prosesində yaxından iştirak etməlidir. Bütün bunlar əmək münasibətlərinin düzgün tənzimlənməsinə, sosial ədalətin və qarşılıqlı məsuliyyətin təmin olunmasına xidmət edir.

Azərbaycan dövləti həmkarlar ittifaqlarının müstəqil və sərbəst fəaliyyət hüququnu qanunvericilik çərçivəsində tam təmin edir və bu sahədə onların azad fəaliyyəti üçün geniş imkanlar yaradıbdır.

Sahə həmkarlar ittifaqlarının sosial tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı etimad mühitinin formalaşdırılmasına, kollektiv məsuliyyətin artırılmasına xüsusi diqqət yetirilməlidir.

Hörmətli Qurultay iştirakçıları!

Əminəm ki, Azərbaycan həmkarlar ittifaqları bundan sonra da üzvlərinin hüquq və maraqlarını əzmlə müdafiə edəcək, əmək münasibətlərinin müasir və sivil əsaslarla tənzimlənməsinə, bütünlükdə ölkəmizin sosial-iqtisadi inkişafına töhfələr verəcəkdir.

Hesab edirəm ki, bu Qurultay həmkarlar hərəkatının yeni çağırışlara uyğun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və təkmil fəaliyyət strategiyasının formalaşması baxımından böyük önəm daşıyacaqdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının işinə uğurlar arzulayıram", - müraciətdə bildirilib.

Tarix
2025.12.16 / 10:44
Müəllif
Axar.az
Digər xəbərlər

İranın düşdüyü hazırkı vəziyyət... - Sabir Rüstəmxanlı

Bu gün Bakıda mühüm iclas keçiriləcək

Qazaxıstan da Azərbaycana təşəkkür etdi

ABŞ İranı bombalayan B-1-lərin görüntülərini yaydı - Video

Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini dayandırdı

Üzərliklə bağlı daha bir rəsmi xəbərdarlıq

Xameneinin olduğu yerin koordinatlarını kim verib?

İranda müharibə: Azərbaycan heç vaxt olmadığı qədər çalışır...

Ceyhun Bayramov İranla bağlı Səfadi ilə də danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla