Yuxarı

Tramp işğala hazırlaşır - Putin yardım edəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp işğala hazırlaşır - Putin yardım edəcək?

Venesuela və İrandan sonra Qrenlandiya geosiyasi şərtləri yenidən böhran şkalasına yaxınlaşdırır. Tramp təbii sərvətləri və strateji mövqeyinə görə əhəmiyyətli olan adanı ələ keçirmək niyyətini gizlətmir, hətta güc tətbiqi hesabına olsa da.

Qrenlandiya ABŞ-ın qlobal planında vacib coğrafiyadır:

- Rusiya, xüsusilə Çinə qarşı qlobal üstünlük qazanmaq;

- Arktikaya nəzarət uğrunda mübarizədə mövqelərini gücləndirmək;

- Monro doktrinasına əsaslanan Qərb yarımkürəsinə hakim olmaq (Vaşinqton Arktikanı da artıq bu doktrinanın prinsiplərinə daxil edir);

Bu baxımdan Trampın “Çin və Rusiya gəmiləri adanı mühasirəyə alıb” iddiası obrazlı görünsə də, reallıqdan uzaq deyil. Qrenlandiyada müxtəlif layihələrin iştirakçısı olan Çin mineral ehtiyatların istehsalında inhisarçı mövqe qazana bilib. Bu, ABŞ-ı həm karbohidrogen ehtiyatlardan sonra açıq müstəviyə keçən minerallar uğrundakı qlobal mübarizədə geri salır, həm Arktika bölgəsinə nəzarətdə. Vaşinqton Çinin ada üzərindəki təsirlərini öz zonası hesab etdiyi Qərb yarımkürəsinə əsas təhlükə kimi qəbul edir. Venesuela əməliyyatı ilə Monro doktrinasının tətbiqinin yenidən praktiki müstəviyə keçməsi fonunda Tramp Adminstrasiyasının Qrenlandiyanı nəzarətə götürəcəyi ehtimalları güclənməkdədir. Amma necə?

Birinci variant, adanın satın alınmasıdır: Tramp 80 il öncə - 1946-cı ildə satın almaq təklifini irəli sürmüş Prezident Trumanın təcrübəsinə istinad etsə də, Qrenlandiya və bağlı olduğu Danimarka buna qarşı çıxıb;

İkinci variant, hibrid taktikanın tətbiqidir: Qrenlandiyanı müstəqilliyə şirnikləndirmək, buna nail olduqdan sonra ilhaq etmək; adanın müstəqillik istəkləri əvvəldən mövcud olsa da, ABŞ-ın ələ keçirmək planı fonunda bu məsələ arxa plana keçib;

Hər iki variantda ABŞ-ın çətinliklə üzləşməsində Avropanın xüsusi rolu var. Qrenlandiya ilə Arktika mübarizəsində üstünlük qazanan Avropa anlayır ki, adanın ABŞ-ın nəzarətinə keçməsi təkcə strateji və coğrafi itkilər gətirməyəcək, həm də qlobal siyasətdə mövqelərini zəiflədəcək. Avropa ölkələrinin adaya hərbçi göndərmələri də say və güc baxımdan simvolik xarakter daşısa belə, Vaşinqton qarşısında mövqe sərgiləmək idi.

İki mümkün variantın işləmədiyini anlayan ABŞ üçüncü variantı - güc tətbiqini - gündəmə gətirib. Birləşmiş Ştatların azsaylı hərbçi ilə qısa müddətdə adanı ələ keçirməsi çətin deyil, çətin olan bunun siyasi nəticələridir:

a) Qrenlandiyaya hərbi müdaxilə NATO-ya hücum deməkdir;

b) Bu cəhd ABŞ-Avropa qarşıdurması yarada və NATO-nun dağılma prosesini başlada bilər.

Bu risklər ABŞ-ın özündə də narahatlıqla qarşılanır, hərçənd, Vaşinqtonun planından imtina edəcəyi ehtimalı zəifdir, xüsusilə geosiyasi planlarında adanın strateji əhəmiyyət kəsb etməsi bunu deməyə əsas verir.

Hazırda Vaşinqton geri çəkilməsi üçün Avropaya iqtisadi rıçaqlarla təzyiq edir, lakin ticarət müharibəsi riskini yaradan bu gediş də yetərli olmaya bilər. Bu halda gözlənilməz ssenari - Avropanın fakt qarşısında qoyulması - mümkün variantlardandır.

- Arktikada geniş hərbi qüvvələrə malik olan Rusiya Qrenlandiyaya “təhlükə” yaradacaq addımlar ata - təlimlər keçirə, yaxud müdaxilə görüntüsü yarada - bilər;

- ABŞ da “təhlükə” qarşısında Avropanın adanı qoruya bilmədiyi əsası ilə hərbi variantı işə sala bilər.

Ukraynada “yaxınlaşan” Moskva və Vaşinqtonun Pekinə qarşı uzlaşan maraqları da bu ssenarinin mümkünsüz olmadığını deməyə əsas verir. Qarşılığında Rusiya Ukraynada güzəştlər əldə edə, o cümlədən, Arktika bölgəsində Çinin artan təsirini neytrallaşdıra və adanın təbii sərvətlərinin istehsalında payçıya çevrilə bilər.

Avropada ABŞ-ın müttəfiqlik prinsiplərinə - NATO nizamnaməsinə qarşı dağıdıcı addım atmayacağına dair ümidlər hələ tükənməyib. Hərçənd, Vaşinqtonun köhnə nizamdan açıq şəkildə imtina etməsi Qenlandiyanın Qərb ittifaqı üçün çətin sınaq olacağını göstərir.

Tarix
2026.01.21 / 13:26
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Azərbaycan niyə Trampın Sülh Şurasına qoşuldu? - 4 səbəb

İlham Əliyev İsrail prezidenti ilə görüşdü - Foto

SOCAR Türkiyədə bu hava limanını qazla təmin edəcək

İlham Əliyevdən Trampa: Dəvəti qəbul edirəm...

Tramp İlham Əliyevə məktub göndərdi

Məşhur amerikalı analitikdən Əliyevlə bağlı möhtəşəm sözlər

İlham Əliyev Davosda Adrian Makdonaldla görüşdü - Foto

İlham Əliyev Davosda Çexiyanın baş naziri ilə görüşdü

Prezident Davosda Konnor Teski ilə görüşdü

Sülh şəraitində yaşamağa öyrəşirik - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla