Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin
Mehdiyev baş katib Pan Gi Muna Xocalı soyqırımının 22-ci ildönümü
ilə əlaqədar məktub göndərib. Məktub martın 4-də BMT-nin rəsmi
sənədi kimi yayılıb.
Sənəddə qeyd olunur ki, Ermənistanla Azərbaycan arasında davamlı
silahlı münaqişə 1987-ci ilin axırlarında Dağlıq Qarabağ Muxtar
Vilayətinə açıq iddialardan başlanıb: "Bu iddialar azərbaycanlılara
hücumların başlanmasına və onların həm muxtar vilayətdən, həm də
Ermənistanın özündən qovulmasına səbəb olub. 200 mindən çox
azərbaycanlının Ermənistandakı evlərindən məcburi deportasiyası
qətllər, işgəncələr və digər cinayətlərlə müşayiət olunub
(AzərTAc).
1991-ci ilin axırı, 1992-ci ilin əvvəllərində Ermənistan
Azərbaycana qarşı geniş müharibəyə başladı. Nəticədə Azərbaycan
ərazisinin xeyli hissəsi, o cümlədən Dağlıq Qarabağ regionu və
ətraf 7 rayon işğal olundu. Həmin dövr Dağlıq Qarabağ regionunda və
onun hüdudlarından kənarda dinc azərbaycanlılara hücumların
miqyasının, intensivliyinin və tezliyinin artması ilə xarakterizə
olunur. Bu müharibə zamanı minlərlə insan qətlə yetirilib və
yaralanıb, yüz minlərlə insan qaçqına və məcburi köçkünə
çevrilib".
Məktubda iyirmi iki il əvvəl Azərbaycanın Xocalı şəhəri
sakinlərinə misli görünməmiş qəddarlıqla divan tutulduğu, şəhərin
yer üzündən silindiyi bildirilir: "Ermənistan Respublikası
hökumətini və ona tabe olan, beynəlxalq hüquqa görə onun cavabdeh
olduğu qüvvələrin münaqişə zamanı, o cümlədən Xocalıda baş
verənlərə, beynəlxalq humanitar hüquq normalarının və insan
hüquqları sahəsində beynəlxalq standartların ciddi şəkildə
pozulmasına görə məsuliyyət daşıması barədə nəticə çıxarmaq üçün
yetərincə əsas var. Müharibə aparılması qaydalarının Ermənistan
tərəfindən pozulması dinc vətəndaşların qətlə yetirilməsini, girov
götürülməsini və saxlanılmasını, habelə hərbi əsirlər və girovlarla
amansız rəftar olunmasını və onların kütləvi qətllərini ehtiva
edir.
Ermənistanın həm indiki, həm də keçmiş prezidentləri – Serj
Sərkisyan və Robert Köçəryan, bu dövlətin bir çox digər yüksək
vəzifəli siyasətçiləri və hərbçiləri Azərbaycanın işğal olunmuş
ərazisində Ermənistanın qurduğu separatçı rejimin liderləri ilə
birlikdə Azərbaycan torpaqlarının ələ keçirilməsində, Azərbaycanın
mülki şəxslərinə və hərbi əsirlərinə divan tutulmasında şəxsən
iştirak ediblər. Tamamilə aydındır ki, onların törətdikləri
cinayətlərin miqyasını və ağırlığını nəzərə alaraq rəsmi və ya
siyasi statusundan asılı olmayaraq məsuliyyət daşıyan bütün şəxslər
cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
Münaqişə zamanı törədilmiş cinayətlərdə təqsirləndirilənlərin
Ermənistanda indiyədək cəzasız qalması, o cümlədən hərbi
cinayətkarların mədh edilməsi, onlara milli qəhrəman statusunun
verilməsi münaqişənin nizama salınmasında irəliləyiş əldə
edilməsinə mane olur. Buna görə də cəzasızlığa qarşı mübarizə təkcə
cinayətlərə görə məsuliyyət daşıyanları məhkəmə məsuliyyətinə cəlb
etmək və onları ədalət mühakiməsinə vermək üçün deyil, həm də
davamlı sülhün və əmin-amanlığın təmin edilməsi üçün vacibdir.
Ermənistan Respublikası cinayətkarların məsuliyyətə cəlb
olunmasını təmin etmək üçün zəruri addımlar atmaq istəmirsə,
beynəlxalq birlik münaqişə zamanı Azərbaycanın mülki əhalisinə
qarşı törədilmiş cinayətlərə görə cəzasızlığa son qoymaq üçün daha
fəal rol oynamalıdır. Əminik ki, milli və beynəlxalq səviyyələrdə
görülən ardıcıl tədbirlər, habelə mövcud beynəlxalq-hüquqi baza
günahkarların məhkəməyə verilməsinə imkan yaradacaq".