1993-cü ildə 5 ay müddətində ermənilər Qubadlını, Zəngilanı, Cəbrayılı, Füzulini, Ağdamı işğal etdilər. Məni o vaxt Baş Əməliyyat İdarəsinin rəhbəri təyin etmişdilər. Oktybarın 27-də birdən məlumat daxil oldu ki, Zəngilanı verdilər. Halbuki hələ Zəngilanda olan hərbi hissədən polkovnik Şabanov məlumat verirdi ki, Soltanlı kəndi istiqamətində döyüş gedir.
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov Axar TV-yə müsahibəsində deyib.
“O vaxt prezident noyabrın 4-də xalqa müraciət etdi və dedi ki, vətən əldən gedir. Orduda isə ağır psixoloji vəziyyət yaranmışdı - heç kim heç kimə inanmırdı, tabeçilik yox idi, şayiələr yayılmışdı ki, bizi satdılar.
Ali Baş Komandan əmr verdi ki, ordunu ruhlandırmaq üçün əks-hücuma keçib uğurlu əməliyyat aparmaq lazımdır. Mənə Nurəddin Sadıqov plan qurmağı tapşırdı. Planı elə hazırladıq ki, çox məhdud sayda insan məlumatlı idi - Ulu Öndərimizin hərbi müşaviri Nurəddin Sadıqov, müdafiə naziri Məmmədrəfi Məmmədov, bir də Əməliyyat Baş idarəsinin rəisi Rüfət Əmirov. Planı hazırlayandan sonra Nurəddin Sadıqov təsdiq üçün Ali Baş Komandana apardı. Üç variantdan biri seçildi - Füzuli istiqamətindən hücum.
Komandirlərə döyüş əmri veriləndə hamısı planın qeyri-mümkün olduğunu deyərək imtina etdi. Ermənilər artıq Beyləqan istiqamətində irəliləmişdilər və vəziyyət çox ağır idi. Məni Beyləqana çağırdılar. Briqada komandirlərini yığdım və dedim ki, əməliyyatı quran mənəm. Hamısından soruşdum: mənə inanırsınız? Dedilər ki, inanırıq.
Ayın 4-də hücuma keçdik. 3 ay əvvəl geri çəkilən ordu Füzuli istiqamətində əks-hücuma başladı. 4 gün ərzində 58 km irəlilədik, 22 kənd azad edildi - Horadiz, Böyük Mərcanlı, Lələtəpə ətrafı və digər ərazilər. Qaraxanbəyli istiqamətində dayanmalı olduq. Plan belə idi.
Prezident mənə zəng vurdu, haralı olduğumu, təhsilimi, neçə ildir döyüşdüyümü soruşdu. Daha sonra dedi ki, sənə polkovnik rütbəsi verilir və müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini təyin olunursan.
1994-cü ilin yanvarında Tərtər istiqamətinə göndərildim. Vəziyyət çox ağır idi. Ermənilər böyük qüvvə ilə hücuma hazırlaşırdı. Kəşfiyyat məlumatına görə, 10 minə yaxın canlı qüvvə cəmlənmişdi.
Dedim ki, bu zonanı saxlamasaq, düşmən Bərdəyə, oradan Yevlaxa keçəcək və Azərbaycan parçalanacaq. Texnika, demək olar, yox idi - bəzi briqadaların cəmi bir neçə tankı vardı. Onda cavanlığımıza baxmayaraq, Ulu Öndərimiz 30-32-36 yaşlı uşaqların çiyninə o boyda yük qoydu ki, Azərbaycanı siz saxlamalısınız. Tapşırıq aydın idi: hansı qüvvə varsa, onunla müdafiəni saxlamaq...” - o bildirib.