ABŞ-ın İraq və Əfqanıstan əməliyyatları zamanı İranın mövqeyi yenidən gündəmə gətirilib.
Axar.az xəbər verir ki, bu barədə politoloq Heydər Oğuz xüsusilə hazırkı İran müharibəsi zamanı qardaş Türkiyənin bəzi sayt və kanallarının iranyönümlü mövqe tutmaları fonunda qeyd edib.
O xatırladıb ki, ABŞ 2001-ci ildə Əfqanıstanı, 2003-cü ildə isə İraqı işğal etmişdi:
“Bəs, ona bu işğalda ən çox dəstək verən kim olmuşdu? Yəqin ki, dərhal ABŞ-ın həmin illərdə Avropa ölkələrini yanına alaraq qurduğu koalisiya qüvvələri ağlınıza gələcək. Yanılırsınız. Hətta koalisiya qüvvələrindən də artıq ABŞ-a dəstək verən bir başqa güc vardı – İran.
İranın sabiq prezidenti Əhmədinejad 2009-cu ildə seçkiqabağı kampaniyası çərçivəsində İRNA agentliyinə verdiyi müsahibəsində deyirdi: “Amerika İranın şər oxunun bir hissəsi olduğunu deyir. Onlar bizi belə təhqir edirlər, baxmayaraq ki, İran Əfqanıstan və İraqda onlarla ən çox əməkdaşlıq edən ölkə olmuşdur”.
Politoloq daha sonra bu mövzuda danışan SEPAH-ın o vaxtkı yüksək rütbəli rəsmisindən sitat gətirib:
“SEPAH-ın keçmiş yüksək rütbəli komandiri, uzun müddət molla rejiminin Məşvərət Şurasının katibi vəzifəsini icra edən Möhsün Rzai 2005-ci ildə verdiyi bir müsahibəsində demişdi: “İranın Əfqanıstan və İraqdakı müttəfiqləri Taliban və Səddam Hüseynin devrilməsində mühüm rol oynadılar və İran bu ölkələrə lazımi yardımı göstərdi. Şimal Alyansına (NATO-ya – red.) məsləhət verən bəzi İnqilab Keşikçiləri komandirləri Kabilin ələ keçirilməsində əsas rol oynadılar. Bunlar şəhər müharibəsi üçün xüsusi təlim keçmiş və İran-İraq müharibəsi zamanı bu sahədə təcrübə qazanmış qüvvələr idi. Onlar bu qrupa məsləhət verməkdə çox təsirli və fəal idilər. Lakin Amerika hərbi təbliğatı bu uğurların çoxunu öz adına çıxdı, mənimsədi”.
Həm Əfqanıstanın, həm də İraqın işğalı zamanı İranın prezidenti olan Məhəmməd Xatəminin elə həmin illərdə səsləndirdiyi bu fikirlərə də diqqət yetirin: "Taliban bizim düşmənimiz idi. Amerika da Talibanı öz düşməni hesab edirdi. Əgər onlar Talibanı devirsəydilər, bu, İranın maraqlarına xidmət olardı”. Yəni Xatəmi həzrətləri öz müsəlman düşmənçiliklərini və satqınçılıqlarını milli maraqlarla əsaslandırırdı.
Məlumatlara görə, Əfqanıstanın işğalından əvvəl Avropa şəhərlərindən birində ABŞ Dövlət Departamentinin Yaxın Şərq üzrə mütəxəssisi Ryan Kroker ilə görüşən İranın baş müzakirəçisi onun qarşısına bir xəritə qoyur - Əfqanıstanın xəritəsini. Və başlayır ona əvvəl hansı, sonra hansı istiqamətlərdə hücum etməyin qələbə qazandıracağını izah etməyə. Kroker bu əsaslı izahdan və İranın satqınlığından o qədər təəccüblənir ki, ondan qeyd götürmək üçün izn istəyir. İranlı diplomat nəinki bu xahişi qəbul edir, hətta xəritəni belə ona bağışlayır. Binəva Kroker az qala sevincindən hoppanıb-düşür. Və iddialara görə, Əfqanıstanın işğalı İranın bu tövsiyələri nəzərə alınaraq həyata keçirilir.
Maraqlıdır ki, İranın yüksək vəzifəli diplomatı Hüseyn Musəvian çox sonralar, 2017-ci ildə Xameneiyə bağlı “Keyhan” qəzetinə müsahibəsində ölkəsinin bu satqınlığını etiraf edir və sözügedən xəyanətkarlıqda “reformistləri” günahlandırır. Bəs bilirsinizmi, Musəvianın xəyanətkar “reformist diplomatı” kim idi? 15 avqust 2013 – 21 avqust 2021-ci illər arasında İranın xarici işlər naziri vəzifəsini tutmuş Məhəmməd Cavad Zərif.
Yeri gəlmişkən, hörmətli “xəyanətkar reformist diplomat” Cavad Zərif də İraq və Əfqanıstanın işğalında İranın ABŞ-a əvəzsiz dəstək verdiyini etiraf etmiş və günahı 2020-ci ildə ABŞ tərəfindən öldürülmüş Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin üstünə atmışdı: “2001-ci ildə Amerika ilə Əfqanıstanla bağlı danışıqlarda Süleymani olmasaydı, heç nəyə nail ola bilməzdim. 2003-cü ildə də İraqla bağlı Süleymaninin verdiyi məlumat olmasaydı, heç nəyə nail ola bilməzdim”.
Təsəvvür edirsinizmi, 2001-ci ildə Əfqanıstanı, 2003-cü ildə İraqı dəyər-dəyməzinə ABŞ-a satan bu diplomatın fəaliyyəti İran rəhbərliyi tərəfindən bilindiyi halda onun 8 il xarici işlər naziri işləməsinə icazə verilmişdir. Niyə? Çünki mollakratiya onun və komandasının “növbəti” satqınlığı nəticəsində İranın beynəlxalq təcridlərdən xilas olacağına ümid bəsləyirdi. Həqiqətən də 2015-ci ildə Cavad Zərifin böyük diplomatik uğurları sayəsində İranla BMT TŞ-nın 5 üzvü və Almaniyanın iştirakı ilə P5+1 sazişi imzalanmış və bu sazişin tələblərinə uyğun olaraq İran faktiki olaraq 15 ildən sonra nüvə silahı istehsal etmək hüququ qazanmışdı. Barak Obamanın “yaşıl işıq” yandırdığı bu sazişdən sonra ABŞ “dərin dövləti” Donald Trampı hakimiyyətə gətirmişdir. 2017-ci ildə hakimiyyətə gələn Tramp isə bir ildən sonra P5+1 sazişindən geri çəkilmiş, beləcə, İranın bütün ümidləri qursağında qalmışdır. Və proseslər indiki mərhələyə gəlib çıxmışdır.
İranın Əfqanıstan və İraqda ABŞ-ın və İsrailin əlinə oynadığı barədə çox dəlil gətirmək olar”.
Politoloq sonda əlavə edib ki, bütün bunlar İsrail və ABŞ cütlüyünün İrana qarşı apardığı amansız müharibəyə haqq qazandırmır.