ABŞ Prezidenti Donald Trampın İran üçün verdiyi müddət azalır. Bunu görən Trampın təhdidləri və qəzəbli mövqeyi isə getdikcə artır. Eyni zamanda, 28 fevralda hücum nəticəsində ölən dini lider Əli Xamenei başda olmaqla, onlarla yüksək rütbəlinin Ərbəini (qırxıncı gün) də yaxınlaşır. Ərbəin anlayışı şiə bölgəsində çox önəmlidir və siyasi yaddaşda yalnız bir yas mərasimi deyil, həm də qisas və hesablaşma vaxtı kimi qəbul edilir. Yəni itirilənin geri alınacağı və döyüş meydanındakı balansların yenidən qurulacağına dair bir inancdır.
Axar.az xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Abdullah Ağar qeyd edib.
“Əlbəttə, Ərbəin günü təkcə taleyi müəyyən edən ani bir məqam və ya avtomatik əməliyyat başlanğıcı deyil. Lakin iradə, inam və əməliyyat qabiliyyəti ilə birləşdikdə, müharibənin gedişatını dəyişə biləcək nadir anlardan biri ortaya çıxır.
Bu qədər ağır zərbə alan, yalnız müdafiə, zamanı uzatmaq, “mən yansam, siz də yanarsınız”, həmçinin kilidləmə məqsədli hücumlar edən İran Ərbəin günü üçün xüsusi yanaşma, hətta strategiya formalaşdıra biləcəkmi? Yoxsa yenə müqavimət xəttində qalacaq?
Bu kontekstlərdə Ərbəin günü İran üçün yalnız simvolik bir ritual deyil. Xüsusilə, hərbi və kiber sahədə bacarıqların, müqavimət qruplarının və regional aktorların həmin zaman çərçivəsində yaradacağı təsir də kritik olacaq.
Təbii ki, ABŞ və İsrail bu ehtimalı nəzərə alır. Bəlkə də Trampın verdiyi müddətin bitmə günü, sərt çıxışları və proqnozlaşdırıla bilməyən davranışı da bununla bağlıdır.
Çünki maraqlı bir zamanlama var: Trampın verdiyi müddət çərşənbə günü bitir. Müharibənin Ərbəini isə cümə axşamı işə başlayır”, - o bildirib.
Ekspertin fikrincə, kritik zamanlama yaranıb:
“Çərşənbə öncəsi diplomatiya və təzyiq, çərşənbə ilə çümə axşamı arası hücumların qarşısının alınması, cümə axşamı (Ərbəin) və sonrası isə müharibənin yeni bir fazaya keçməsi baxımından kritik məqamlar ortaya çıxır.
Əgər Trampın verdiyi müddət işə yaramasa, ABŞ və İsrail “Profilaktik Hücum Doktrina”sını işə salsalar, hava zərbələri, kəşfiyyat və ehtimal olunan digər əməliyyatlarla Ərbəinin mümkün olan simvolik təsirini minimuma endirməyə çalışacaqlar. Eyni zamanda, Ərbəin təşəbbüsünü də əsasən bölgədə məzhəb qarşıdurmasını dərinləşdirmək məqsədilə öz maraqlarına uyğun istifadə etmək istəyəcəklər.
Fikrimcə, Ərbəin psixoloji və strateji sərhədləri təmsil edir. Bu nöqtədə tərəflərin qərar mexanizmləri və iradələri meydandakı düyün nöqtələrində sınanacaq.
Bu düyünlər daxili və xarici şiə cəmiyyətləri, hərbi qruplar, sahədəki güc strukturları, aktorlar və müqavimət qruplarıdır.
Bu düyünlərin canlandırılması və motivasiyalarının artırılması Ərbəin baxımdan həlledici olacaq”.