Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət
Hacıyev Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyanın
jurnalistlərin ümumerməni forumundakı çıxışına münasibət
bildirib.
H.Hacıyev APA-ya
açıqlamasında bildirib ki, Ermənistan xarici işlər nazirinin
açıqlaması ötən əsrdə I və II dünya müharibələrinin törədilməsinə
görə məsuliyyət daşıyan şəxslərin məntiqinə bənzəyir: "Diplomatiya
ünsiyyət qurmağı və danışıqlar yolu ilə məsələlərin həllini tələb
etsə də, bu açıqlama feodal və faşist təfəkkürlü insanlarla sülh və
birgəyaşayış haqqında danışmağın qeyri-mümkünlüyünü bir daha
göstərir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni və
Azərbaycan icmasının muxtar statusda yenidən birgə yaşaması kimi
konstruktiv yanaşmanı "təhdid" kimi dəyərləndirən Ermənistan
rejimindən bundan artıq nə gözləmək olar?"
H. Hacıyev deyib ki, Azərbaycanın münaqişəni həlli ilə əlaqədar
mövqeyi aydın, qəti və konstruktiv xarakter daşıyır:
"Dövlətimizin başçısı tərəfindən "Sputnik" informasiya kanalına
verilmiş son müsahibədə bu mövqe bir daha aydın şəkildə ifadə
olundu. Münaqişənin həlli ilə əlaqədar Azərbaycanın mövqeyi
beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik
Şurasının məlum qətnamələri, Helsinki Yekun Aktı və digər
beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrinə əsaslanır.
Münaqişənin yeganə və mümkün həlli Azərbaycanın işğal olunmuş
ərazilərinin işğaldan azad olunması, Azərbaycanın Dağlıq Qarabağ
bölgəsinin erməni və Azərbaycan icmasının ölkəmizin tərkibində
muxtar statusda yenidən sülh şəraitində birgə yaşayışıdır. Yalnız
Ermənistanın və erməni lobbisinin təsiri altında olan bəzi məhdud
dairələr Qarabağın "müstəqilliyi" kimi utopik və cəfəng fikirlərlə
Azərbaycana təzyiq göstərməyə çalışır və bunun mümkünsüzlüyünü
görərək, Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirirlər.
Ermənistan tərəfi ATƏT Minsk Qrupunun həmsədrlərinin bəyanatlarına
tez-tez istinad etsə də, hələ onların mahiyyətini dərk etmir. Bu
bəyanatlarda birinci addım kimi Ermənistan qoşunlarının işğal
olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur.
Bəyanatlarda istifadə olunan güc tətbiq etməmək və güc tətbiq
edərək hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını
təyin etməsi prinsipləri Helsinki Yekun Aktından irəli gəlir.
Helsinki Yekun Aktında isə xalqların öz müqəddəratını təyin etməsi
prinsipi ifadəsinin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına
xələl gətirməməsi təsbit olunub. Ermənistan xarici işlər nazirinin
özünün də etiraf etdiyi kimi, bu prinsiplər tam xarakter daşıyıq və
biri-digərinə qarşı ola bilməz. Münaqişənin həlli ilə əlaqədar
planlar da hər kəsə çox yaxşı məlumdur. Tragikomik səhnələr,
təxribat və bəhanələrlə münaqişənin həllinə maneə olan tərəfin də
Ermənistan olduğu hamıya yaxşı məlumdur. Ermənistanın xunta
rejiminin münaqişə xofu altında yürütdüyü siyasət nəticəsində
Ermənistanın gələcəyi yoxdur. Ölkə əhalisinin 70 faizindən çoxu
nəinki yoxsulluq, hətta aclıqdan əziyyət çəkir. İşsizliyin
səviyyəsi 50 faizə qədər yüksəlib. 2,5 milyard dollar büdcəsi olan
ölkənin xarici borcu 5 milyarda yaxınlaşır. Xarici borcun real
gəlirləri üstələməsi Ermənistanın tam defolta yaxınlaşmasının
göstəricisidir. Siyasi mənsubiyyətinə və baxışına görə insanların
öldürülməsi və terrora məruz qalması, polis və dövlətin nəzarətində
olan qeyri-qanuni silahlı qruplaşmaların zorakılığı Ermənistanda
insan hüquqlarının dözülməz vəziyyətdə olduğunu göstərir.
Ermənistan yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində dünyada
yeganə monoetnik tərkibli dövlətdir".
H. Hacıyevin sözlərinə görə, heç kim qonşuluğunda ac və yoxsul
ölkənin olmasını istəmir, o cümlədən Azərbaycan: "Bu kimi ucuz və
cəfəng təbliğatla və mif yaradıcılığı ilə məşğul olaraq, öz xalqını
və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə Ermənistan rəhbərliyi
münaqişənin həlli prosesində konstruktiv addımlar atmalı, işğal
olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalı və
regionda davamlı sülhün təmin olunmasına çalışmalıdır. Ermənistan
rejimi bu reallığı nə qədər tez dərk edərsə, erməni xalqı da bir o
qədər tez regiondakı sülh və əməkdaşlıqdan faydalana bilər.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması
Azərbaycan xalqının haqlı tələbidir. Azərbaycan beynəlxalq
səviyyədə tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü və
suverenliyin təmin edəcək".