Bütün bunlar müasir gündəmdə ən vacib xəbərlərin
izləndiyi, əldə olunduğu informasiya vasitələridir. Həmin
informasiyaları çatdıran isə jurnalistlərdir. Məlumatların əldə
olunması və əhaliyə çatdırılması heç də hər zaman asan başa
gəlmir.
Gördüyünüz bu kadrlar jurnalistlərin üzləşdiyi çətin anlardan
biridir. Müxtəlif məlumatların çatdırılması zamanı bəzən KİV
nümayəndələri həyatlarını riskə atırlar. Təhlükəli zonalarda
işləyən jurnalistlərin həyatlarını hər an itirə müxtəlif dərəcəli
xəsarətlər ala bilərlər. Faktlarsa onu göstərir ki, bu cür hallarla
rastlaşan jurnalistlər heç də az olmayıb. Və onların da əksəriyyəti
KİV nümayəndələrinin ekstremal şəraitlərdə necə davranmalarını və
təhlükəsizlik qaydalarını bilməmələrindən irəli gəlir.
Azərbaycanda da hərbi sahədən və ekstremal sahədən yazan
jurnalistlər çoxdur. Lakin bu o demək deyil ki, həmin
jurnalistlərin hamısı təhlükəsizlik qaydalarını bilirlər.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il sentyabrın 24-də
imzaladığı "Cəbhəyanı zonada bəzi təhlükəsizlik tədbirləri" barədə
sərəncamından sonra artıq iki ildir ki, Azərbaycanda jurnalistlər
üçün müxtəlif təlimlər təşkil olunur. İlkin olaraq 2015-ci ildə baş
tutmuş təlim zamanı jurnalistlər ekstremal şəraitlərdə davranış
qaydalarının nəzəri biliklərini əldə ediblər.
"Dinc Dünya" araşdırma mərkəzinin təşkilatçılığı və Müdafiə
Nazirliyinin dəstəyi ilə keçirilən bu ilki təlimdə isə bir sıra
televiziya, qəzet, sayt və BDU-nun jurnalistika fakultəsinin
tələbələri iştirak edib. 40 nəfərin iştirak etdiyi təlimə ilk
olaraq MN-nin təlim mərkəzindən start verilib. Təlimin ilkin
mərhələsində 40 nəfərlik heyət psixoloji baxımdan müvafiq
testlərdən keçirilib.
Daha sonra təlim iştirakçıları iki qrupa bölünərək iyul və
avqust aylarında Müdafiə Nazirliyinin hərbi hissə və təlim
poliqonlarında təlimlərə cəlb olunublar. İlkin olaraq hər iki qrupa
təlim zamanı tədris otaqlarında hərbi rejim, hərbi həyat, hərbidə
davranış qaydaları, döyüş anında jurnalistin öz yerini müəyyən etmə
qaydaları, mənəvi psixoloji hazırlıq, dövlət sirri, məxfilik və s.
mövzularda nəzəri biliklərə yiyələniblər.
Bir həftəlik təlim çərçivəsində jurnalistlər döyüş meydanında
yaralındıqda hər hansısa şəxs və ya hərbçi yaralandıqda onun döyüş
bölgəsindən çıxarılması və ilkin tibbi yardımın göstərilməsi
qaydaları ilə tanış olunub. Jurnalistlərə tibbi ləvazimatlarla və
tibbi ləvazimatların olmadığı halda ilkin tibbi yardımın
göstərilməsi qaydaları əyani olaraq göstərilib.
Daha sonra jurnalistlərə müharibə gedən ərazidə necə davranma
qaydaları öyrədilib. Belə ki, təlimlərdə döyüş zamanı səngərlərdə
hərəkət qaydaları, hədəfə çevrilməmək, atəşdən gizlənmək kimi
həyatı önəm daşıyan dərslər keçilib. Həmçinin jurnalistlərin hərbi
obyektdən toplamalı olduqları informasiyanı zabitdən, ümumiyyətlə
döyüşçüdən necə alma qaydaları da öyrədilib. Təlim iştirakçılarına
müstəsna hallarda- məsələn, döyüş zamanı tankın altında, üzərində
çəkilişin aparılma qaydalarıda izah olunub.
Hər bir mübarizədə müxtəlif silahlardan istifadə edilir.
İnformasiya müharibəsində jurnalistin silahı təbii ki, onun qələmi,
kamerası, mikrafonu və fotoaparatıdır. Lakin bəzən elə hallar da
yarana bilər ki, kimliyindən asılı olmayaraq hər kəs silahdan
istifadə etmək məcburiyyətində qalar. Bu məqsədlə təlim zamanı hər
iki qrupa müxtəlif silahlardan istifadə qaydaları da izah olunub.
Silahlardan istifadə qaydaları izah olunduqdan sonra isə təlim
iştirakçıları kalaşnikov avtomatından atış həyata keçiriblər.
Döyüşdə qələbənin qazanmasına gətirib çıxaran ən önəmli döyüş
vasitələrindən biri də təbii ki artilleriya vasitələridir. Bu
məqsədlə təlim zamanı artilleriya silahlarından istifadə qaydaları
və silahlar olan ərazidə mövqe tutma qaydaları da izah olunub.
Müharibə gedən istənilən məkanda- yaşayış yerləri, düzən və ya
dağlıq ərazilərdə canlı qüvvəni və texnikanı məhv etmək üçün
müxtəlif sürpriz partdladıcı qurğular quraşdırılır. Belə ərazilərdə
ani ehtiyatsızlıq ölümlə nəticələnə bilər. Ona görə də media
işçiləri də dəqiq məlumatı vaxtında toplamağı bacarmalıdır. Bunun
üçün isə ilk növbədə minalanmış ərazilərdə irəliləmə və minalardan
qorunma qaydalarını bilmək vacibdir.
"Ekstremal jurnalistlərin təcrübə poliqonu" adlı layihə
çərçivəsində jurnalist və fotoqraflar həmçinin dağlıq ərazilərdə
yaşamaq, yemək və su çatışmazlığı şəraitində vəziyyəti idarə etmək,
odun təbii üsullarla necə əldə olunması kimi xüsusi qaydalarla da
tanış olublar.
Hərbi hissələrdə 4 gün ərzində silahla davranış qaydalarından
tutmuş, ən sadə məlumatlara qədər hər şeyi öyrənən hər iki qrupun
üzvlərinin növbəti təlimləri isə meşədə keçirilib. Media işçiləri
çadır quraraq səhra şəraitinə uyğun şəkildə 2 gün meşədə gecələyib.
Jurnalistlər burada da müxtəlif biliklərə yiyələniblər. Hərbi
vəzifəli şəxslər onlara meşə şəraitində kompas və ya kompassız
istiqamətin müəyyənləşdirilməsini öyrədib, ac qaldıqda qida
tələbatını ödəmək üçün hansı heyvan və bitkilərin yeyilməsi ilə
bağlı xüsusi təlimatlar veriblər.
Meşə təlimləri zamanı ikinci qrupda təlim alan jurnalistləri
daha ağır sınaqla üzləşiblər. Onlar öncədən təyin edilmiş 4 hədəfə
çatmaq üçün dağa dırmanmalı olublar. Kompas vasitəsilə 5 km dağ
yolu gedən media işçiləri hədəfləri taparaq, geri dönüblər.
Təlimlər zamanı bir neçə jurnalist əsir götürülüblər. Bir müddət
əsir kimi saxlanılan jurnalistlər sonradan sərbəst buraxılıblar.
Bununla da onlar əsirlikdə davranış qaydaları ilə tanış
olublar.
Təlim zamanı jurnalistlərin yerli sakinlərlə görüşləri də təşkil
olunub. Görüş yerli əhali ilə davranış və məlumatların əldə
edilməsi qaydalarının izahına həsr olunub. İki illik layihənin əsas
məqsədinə gəlincə, Azərbaycanda ekstremal jurnalistikanın qaydalar
bazasını yartmaqdır. Bu barədə məlumat verən layihənin müəllifi və
rəhbəri Əlisafa Mehdiyev media nümayəndələrinə təhlükəli
vəziyyətlərdə davranış qaydalarının öyrədilməsi baxımından belə
təlimlərin xüsusi önəm daşıdığını qeyd edib.
Bütün bunlar jurnalistlərin formalaşması və yetişdirilməsi
sahəsində olduqca əhəmiyyətlidir. Bəli, bir həftəlik hərbi rejimdən
sonra mülki həyata geri dönəcək mətbuat işçilərinin təlimlər
haqqında təəssüratları da maraqlıdır.
Bütün təlimlər başa çatdıqdan sonra isə Silahlı Qüvvələrin Təlim
və Tədris Mərkəzində təlim alanların yaradıcılıq məhsullarının
qiymətləndirilib. Daha sonra təlimin sonunda müdafiə nazirinin
müavini və bir sıra tanınmış şəxslərin iştirakı ilə media
işçilərinə diplomlar təqdim olunub.
Layihə rəhbərinin sözlərinə əsasən, belə tədbirlərin gələcəkdə
digər güc strukturları ilə keçirilməsi nəzərdə tutulur. Ümid edirik
ki, keçirilən təlimlərin hərbi sahədən yazan, məlumat verən
jurnalistlər, gələcəkdə bu peşəyə yiyələnəcək tələbələr üçün
faydalı olacaq. Və Azərbaycanda ekstremal şəraitlər üçün xüsusi
jurnalist bazası formalaşacaq.