Neft qiymətinin kəskin azalması Azərbaycanın gəlirlərini
azaldıb.
APA-nın məlumatına
görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda
keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında
deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın builki dövlət
büdcəsində neftin qiyməti 25 dollar təsbit olunub: "Bu gün neftin
qiyməti artıq 2 dəfə bahadır. Düşünürəm ki, biz bu vəziyyətdən
minimal zərərlə çıxacağıq. Azərbaycan iqtisadiyyatı şaxələndirmə
siyasəti həyata keçirir. Uzun illərdir ki, bunu həyata keçiririk.
Bunun sayəsində neft Azərbaycanın ümumdaxili məhsulunun 33 faizini
təşkil edir. Biz ümumdaxili məhsulumuzu şaxələndirməyə nail olmuşuq
və neftin qiymətlərindən asılılığımızı azaltmışıq. Bu gün
ixracımızın şaxələndirilməsi ilə məşğuluq. İstərdik ki, Avropa
bazarlarına rəqabət qabiliyyətli qeyri-neft məhsulları ilə daxil
olaq".
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda çox münbit
sərmayə atmosferi var:
"Azərbaycan postsovet məkanında adam başına düşən ümumdaxili
məhsulun həcminə görə birinci yerdədir. Bu günə qədər Azərbaycana
200 milyard dollar yatırılıb, bunun yarısı xarici sərmayə olub. Bu
gün Avropada və dünyanın digər bölgələrində böhrana baxmayaraq, biz
hələ də neft-qaz və digər sahələrə sərmayə cəlb etmək
iqtidarındayıq. Biz işsizliyin səviyyəsini kəskin şəkildə azalda
bilmişik, bu gün işsizliyin səviyyəsi 5 faizdir. Regional
infrastruktur proqramları həyata keçirilir. Bunun sayəsində
yoxsulluq da 5 faizə endirilib. Biz böyük həcmdə valyuta və qızıl
ehtiyatları toplamağa nail olmuşuq. Bunun sayəsində neft qiymətləri
kəskin düşəndə böyük manevr imkanları əldə etmişik".