Gələcəkdə rayonların birləşməsi, bunun nəticələri,
prosesin müsbət və mənfi tərəfləri barədə indidən nəsə söyləmək
çətindir.
Bu sözləri Axar.az-a regionlarda idarəetmə sahəsində ciddi
islahatlar aparılması fonunda rayonların birləşməsi məsələsinə
aydınlıq gətirərkən Regional məsələlər komitəsinin sədri Arif
Rəhimzadə deyib.
A.Rəhimzadə sözügedən islahatların baş tutacağı təqdirdə bunun
ştatların sayının azalmasına gətirib çıxaracağını qeyd edib.
"Rayonlar birləşsə, onda böyük bir təşkilat yaranacaq. Ancaq bu
təşkilatın ştat çərçivəsində olub-olmayacağı bilinmir".
Məsələ ilə bağlı hazırda fikirlərin birmənalı olmadığını
vurğulayan Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli isə
bildirib ki, prosesi dövlət strukturlarını dərindən bilən şəxslər
daha adekvat dəyərləndirə bilərlər:
"Bu məsələ birbaşa prezidentin səlahiyyətində olan işdir. Ona
görə də ancaq rayonların birləşməsi mümkün olduqdan sonra konkret
mövqe ortaya qoymaq olar. Yəni hansısa nəticə olmalıdır ki, bu
barədə də dəqiq fikir yürütmək mümkün olsun. Bax o zaman bilinəcək
ki, rayonlar birləşdikdən sonra vəziyyət necə olacaq, işsizlik
yaranacaqmı, aparatlar ixtisara düşəcəkmi? Bilirsiniz, hər bir
məsələnin mənfi və müsbət tərəfləri var. Bu struktur dəyişikliyinin
xeyirli və ya ziyanlı olacağını zaman göstərəcək. İndidən heç kim
bu haqda proqnoz verə bilməz".
Millət vəkilinin sözlərinə görə, rayonların birləşməsinin
prinsip etibarilə bizə nə verəcəyi hələ qeyri-müəyyəndir:
"Fikrimcə, bir rayonun problemlərinin həlli icra başçısı və onun
komandası ilə daha rahatdır, nəinki iki rayonun birləşib onu bir
komanda ilə həll etməsi. Başa düşmürəm ki, bundan nə əldə edə
bilərik. Rayonlar ayrı-ayrılıqda fəaliyyət göstərdikdə insanların
qəbulu, onların problemlərinə münasibət də daha asan olur".
Qeyd edək ki, ölkəyə
xarici investisiyaların cəlb olunması üçün regionlarda idarəetmədə
ciddi islahatlar və bu kontekstdə rayonların birləşdirilməsi
məsələsi yenidən gündəmə gəlib. Bir sıra millət vəkilləri isə
məsələyə müsbət yanaşma ortaya qoyaraq, bu struktur dəyişikliyinin
müsbət nəticələr verə biləcəyini düşünürlər.