Atatürk Mərkəzində Yeni
Azərbaycan Partiyasının (YAP) Humanitar məsələlər komissiyasının 31
mart azərbaycanlılara qarşı soyqırımla bağlı keçirdiyi tədbirdə
Milli Məclisin bir qrup deputatı, tarixçi alimlər və YAP Siyasi
Şurasının üzvü Aslan Aslanov iştirak edirdi.
Tədbirin əvvəlində jurnalistlərdən Aslan Aslanova müsahibə üçün
yaxınlaşalar da, ancaq sabiq nazir müavini müsahibə verməkdən
imtina etdi. Ancaq tədbirin sonunda onu müsahibə verməyə razı sala
bildik.
Aslan Aslanov müsahibəsində Azərbaycanda və Gürcüstanda
üzləşdiyi sui-qəsd halları, OMON dəstələri ilə mübarizəsindən,
Gürcüstanda gördüyü işlərdən və son vaxtlar haqqında yazılan
yazılardan danışdı.
Kənd təsərrüfatı nazirinin sabiq müavini, YAP Siyasi Şurasının
və Humanitar məsələlər komissiyasının üzvü Aslan Aslanovun
Publika.Az-a müsahibəsi:
"Dmanisdən azərbaycanlıların deportasiyası
başlanacaqdı"
-Bayaq dediniz ki, 90-cı illərin əvvəllərində ermənilər
Gürcüstanda da azərbaycanlılara qarşı soyqırımlar törədəcəkdi,
ancaq buna imkan vermədiniz. Mümkünsə bu barədə ətraflı
danışardınız.
-Ermənilər 1993-cü ildə Gürcüstanda da azərbaycanlılara qarşı
böyük soyqırımlar törədəcəkdi. O vaxt mən Şəmkir Rayon İcra
Hakimiyyətinin başçısı idim. O dövrdə ermənilər Gürcüstanda Xüsusi
Polis Dəstəsinin (OMON) rəisi olmuş Mixi Droni adlı bir şəxslə
birgə Dmanisidən başlayaraq azərbaycanlıları çıxarırdılar. 1993-cü
ildə mən Şəmkirdə icra başçısı işləyən zaman mərhum atam gəlib mənə
dedi ki, Şəmkirin Çinarlı kəndinə Gürcüstandan adamlar köçürülür.
Mən dərhal bu barədə ulu öndərimiz Heydər Əliyevə məlumat verdim. O
vaxt mənim 31 yaşım var idi, ən cavan icra başçısı idim. Ulu
öndərin də mənə cavabı o oldu ki, sən durma, elə bu dəqiqə
hazırlaşıb yardımlar topla və gedin Dmanisiyə. Mən də qışın o
çağında Gürcüstanın Dmanisi rayonuna getdim və gördüm ki, orada
azərbaycanlıların hamısı yüklərini yığıb hazırlaşıb və köç
başlayır. 1993-cü ildə Gürcüstana getmək çox çətin idi. Marneulidən
Bolnisiyə, Bolnisidən isə Dmanisiyə getmək üçün yanında mütləq
silahlı dəstə olmalı idi. Çünki o vaxtı adamları heç nədən tutub
girov götürürdülər, adamları təhqir edirdilər və s. Bütün bunlara
görə də mən o vaxt Gürcüstana silahlı dəstə ilə getmişdim.
Rəhmətlik Heydər Əliyevin tapşırığı ilə mən ora getdim və 2 yük
böyük maşını ilə ərzaq yardımları apardım. Bundan əlavə, özümlə
silahlı dəstə və tibbi yardım da götürmüşdüm. Çünki 1993-cü ildə
Gürcüstana getmək böyük risk tələb edirdi. Biz Gürcüstanda gedəndə
oradakı soydaşlarımız bizi görüb çox sevindilər. Hətta o vaxt orada
yaşayan azərbaycanlılardan biri Dmanisi rayon başçısının müavinini
vurdu və dedi ki, indi gördünüz ki, biz yiyəsiz deyilik, arxamızda
Heydər Əliyev var.
İnanın ki, o vaxt əgər biz 2 gün gec getsəydik, o zaman
Dmanisdən azərbaycanlıların deportasiyası başlanacaqdı. Hətta o
vaxtı biz ora gedəndə bir hadisə ilə da rastlaşdıq. Deməli, biz
gedib gördük ki, Azərbaycan kəndlərinin birində bəy və gəlini
toydan oğurlayıb girov götürüblər. Onun qaytarılması üçün oğrular o
vaxtı 17 min dollar pul tələb edirdilər. Mən gedib oranın icra
başçısı və polis rəisi ilə danışdım, çox çətinliklə də olsa bəy və
gəlini geri qaytardıq. Bundan sonra Gürcüstanda olan
azərbaycanlılar rahat oldular.
O vaxt özümüzlə ulu öndər Heydər Əliyevin də bir şəkilini
aparmışdıq. Gürcüstan azərbaycanlıları həmin şəkili yerə
qoymurdular, həmin şəkili öpürdülər, Heydər Əliyevə dua
edirdilər.
Daha sonra mən Dmanisidən Azərbaycana qayıdıb baş verənləri
Heydər Əliyevə məruzə etdim. Sonralar isə Heydər Əliyev Eduard
Şevardnadzeyə zəng edib danışdı və xahişlərini etdi. Biz daha sonra
qayıdanda gördük ki, Dmanisdə ermənipərəst icra başçısı, polis
rəisi və prokuroru vəzifədən çıxarılıb. Biz bir həftədən sonra yenə
Dmanisiyə getdik. Həmin vaxtı biz Dmanisidən geri qaydan zaman
yolda Mixi Droninin qara maskalı adamları bizə silahlı hücum
etdilər. Onların sayı çox idi və hamısının da əllərində avtomat
silahlar var idi. Mixi Droninin adamları silahlarını mənə
tuşlamışdılar. Fikirləri də o idi ki, bizi tutub Ermənistana
aparsınlar. Ancaq mən tez xəbər verdim ki, bizim avtomobildəki
silahlı adamlarımız gəlsinlər. Bizim silahlı olduğumuzu görən kimi
Droninin adamları qorxuya düşdülər və başladılar bizə
yaltaqlanmağa.
"Eduard Şevardnadzenin vəziyyəti yaxşı deyil
idi"
-Bəs o dövrdə Gürcüstanın sabiq prezidenti Eduard
Şevardnadze sizə dəstək vermirdi?
-O dövrdə Eduard Şevardnadzenin vəziyyəti yaxşı deyil idi. Onun
əleyhinə olan müxalif güclər var idi. Ancaq buna baxmayaraq Eduard
Şevardnadze bizə dəstək verirdi.
"Heydər Əliyevin AzTV-dəki çıxışını bəzi adamlar dərhal
Gürcüstana xəbər vermişdilər"
-O vaxt Heydər Əliyevə sizə Gürcüstanla bağlı başqa
hansı tapşırıqlar vermişdi?
-Bəli, o dövrdə ulu öndər Heydər Əliyev mənə tapşırıq verdi ki,
nəyin bahasına olursa olsun, Azərbaycanın görkəmli şəxsləri olmuş
Fətəli xan Xoyski, Həsən bəy Ağayevin Gürcüstanda məzarları
tapılmalıdır. Hətta, o vaxtı Eduard Şevardnadze prezident kimi
Azərbaycana səfərə gələndə Heydər Əliyevə söz vermişdi ki,
məzarları Tiflisdə olan Azərbaycanın görkəmli mütəfəkkirlərinin ev
muzeyi qaytarılacaq. Həmin ərəfədə ulu öndər Heydər Əliyev məni
Eduard Şevardnadzenin yanına göndərdi. Prezident Eduard Şevardnadze
mənə dedi ki, düzdür mən Heydər Əliyevə söz vermişəm, ancaq mən
bunu edə bilməyəcəm. Çünki o evlərdə ermənilər yaşayırlar və onları
oradan çıxarsaq, burada qarşıdurma olar və s. Mən Eduard
Şevardnadzenin bu sözlərindən real vəziyyəti anladım. Sadəcə olaraq
mən o vaxtı istəmədim ki, Heydər Əliyev ilə Eduard Şevardnadzenin
münasibətlərində buna görə soyuqluq yaransın. Mən özüm Nəriman
Nərimanovun Tiflisdəki evinə getdim, evdə yaşayan erməni idi. Həmin
3 mərtəbəli evi erməni bizə 31 min dollara satdığını söylədi. Bu
isə o vaxtı çox böyük pul idi. Həmin vaxt Gürcüstanın mədəniyyət
naziri ulu öndər Heydər Əliyevin AzTV-dəki çıxışını görmüşdü. Həmin
çıxış zamanı Heydər Əliyev demişdi ki, mən Azərbaycanın görkəmli
şəxslərinin, o cümlədən Nəriman Nərimanovun evinin qaytarılması
işini Aslan Aslanova tapşırmışam, o bu işlə məşğuldur. O vaxtı
Şəmkirdə Gürcüstana Yardım Fondu yaradılmışdı, imkanlı adamlarımız
həmin fonda pul köçürürdülər. Biz 31 min dolları bir təhər toplayıb
Nərimanovun evini ermənidən almaq istəyən zamanı o evin qiymətini
artırdı. Buna da səbəb o vaxtı ulu öndər Heydər Əliyevin AzTV-dəki
çıxışını bəzi adamlar dərhal Gürcüstana xəbər vermişdilər. Evin
sakini olan erməni də bundan xəbər tutub qiyməti 51 min dolaradək
qaldırdı.
Ancaq mən o vaxtı ulu öndərin tapşırığını nə yolla olursa olsun
yerinə yetirməyi özümə borc bildim və imkanlı adamlardan xahiş edib
əlavə pulu da düzəldib həmin evi ermənidən aldım. Daha sonra isə
Axundovun evində Mədəniyyət Mərkəzi və ev muzeyini yaratdıq,
Şəkidən gəlib Axundova aid şəkillər apardıq və sairə. Bu işdə isə
bizə Şəkinin keçmiş prokuroru Vilayət Zahirov köməklik etmişdi.
Tiflisdə Mədəniyyət Mərkəzi yaradılandan sonra ulu öndər Heydər
Əliyevin tapşırığı ilə orada ayda 2 dəfə azərbaycanlıların görüşü
keçirilirdi və həmin görüşlərə mən də gedirdim.
Daha sonra isə ulu öndərin tapşırığı ilə Cəlil Məmmədquluzadənin
də evini gedib tapdıq və pul verib onu da aldıq. Həmin evin aşağı
mərtəbəsində "Qeyrət" mətbəəsi yerləşirdi, həmin mətbəəni də
aldıq.
Mən sizə bir məqamı da deyim ki, Heydər Əliyev bütün sahələrdə
çox savadlı insan idi. Onunla telefonda yazıçılarla bağlı danışmaq
çox çətin idi. Çünki bir dəfə mən ulu öndər Heydər Əliyevlə
telefonla Axundovla bağlı danışan zaman mənə sual verdi ki, Aslan
Aslanov Axundovun neçə əsəri var? Hansını oxumusan?. Mən onun
suallarının bəzilərinə cavab verə bilmədim. Ulu öndər də hər şeyi
anladı və gülüb mənə dedi ki, bu istiqamətdə bilikləri
dərinləşdirmək lazımdır. Ona görə mən daha sonralar Nəriman
Nərimanovun və Cəlil Məmmədquluzadənin evini almağa gedəndə bütün
əsərlərini oxuyurdum ki, çətin vəziyyətə düşməyim. Bu, böyük
məsuliyyət idi. Yadınıza gəlirsə, Naxçıvanın 75 illiyində də yeganə
icra başçısı mən idim ki, Heydər Əliyev tərəfindən ora dəvət
olunmuşdum. Həmin mərasimdə də mən Cəlil Məmmədquluzadənin evinin
"kupçasını" orada bağışladım.
Mən 1998-ci ildə Tiflis şəhərinin fəxri vətəndaşı seçilmişdim.
Abxaziya Ali Sovetinin fərmanı ilə təltif olunmuşam, Gürcüstan
Yazıçılar İttifaqının fəxri üzvü seçilmişəm, "Sədaqət" ordeni və
Tiflisdə gördüyüm işlərə görə Tiflis meriyasının medalı ilə təltif
olunmuşam.
Mən kənd təsərrüfatı nazirinin müavini təyin olunandan sonra isə
cənab prezidentə müraciət etdim ki, Azərbaycanın görkəmli
şəxslərinin Tiflisdəki evlərini dövlətə bağışlamaq istəyirəm. Cənab
prezident də sağ olsun ki, müraciətimə müsbət cavab verdi və həmin
evlər Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin balasına
verildi.
"Afiyəddin Cəlilov və Şəmsi Rəhimov öldürülən günü mənə
29 güllə vuruldu"
-Ola bilərmi ki, mərhum oğlunuz Ruslan Aslanovun
qətlinin sifarişçiləri məhz Gürcüstan OMON-çuları
olsun?
-Yox, bu ola bilməz. Oğlumun qətlinin təşkilatçıları başqa
adamlardır. Onlar indi də yaşayırlar və məndən heyf çıxmaq üçün
bunu ediblər. Oğlumun qatilləri mənim həyatıma da 3 dəfə sui-qəsd
ediblər. Rəhmətlik Afiyəddin Cəlilov və Şəmsi Rəhimov öldürülən
günü, ayın 29-da həmin saatda və həmin dəqiqədə mənə 29 güllə
vuruldu, sürücüm və mühafizəçim ağır yaralandı, sürücüm isə bir
ildən sonra rəhmətə getdi. O vaxtı mən müdafiə naziri olmuş
Məmmədrəfi Məmmədova rəsmi formada müraciət etmişdim ki, mənə
mühafizəçi versin. O da mənə 4 nəfər mühafizəçi vermişdi.
Bilirsiniz ki, o vaxt Gəncə hadisələrinin qarşısının alınmasında
Şəmkir böyük rol oynayırdı. O dövrdə Heydər Əliyevin mənə verdiyi
ən ağır, çətin və məsuliyyəti tapşırıqların öhdəsindən gəldim.
Həmin oktyabr gecəsi heç kəs Gəncədən OMON-u çıxara bilməzdi, ancaq
mən ətrafımda olan dostlarımın sayəsində Gəncədən OMON-u çıxartdım,
hökumət binaları azad olundu. O vaxtı mənə bu işdə ətrafımda olan
nüfuzlu adamlar kömək etdi. O vaxtı Gəncədə Banditizm İdarəsi yeni
yaradılmışdı və Mədət Quliyev də Banditim İdarəsinin rəisi idi. Baş
verənləri o da təsdiq edə bilər. O dövrdə OMON-un komandiri isə
Tahir adlı şəxs idi, o əslən Şəmkirdən idi. Mən çalışırdım ki,
onları ələ alım və sabah hər hansı hadisə baş versə, bu adamlar
bizə qarşı olmasın, bizim yanımızda olsun. Doğrudan da həmin vaxtı
onlar bizim yanımızda oldu. Sonradan isə Tahiri şərlədilər. Mən
bütün bu işləri ulu öndər Heydər Əliyevin tapşırığı ilə icra
edirdim. Ovaxtkı hadisələrlə bağlı AzTV-də bir kadr yayımlanır,
orada ulu öndər Heydər Əliyev deyir ki, mən Gəncə OMON-unun
komandiri ilə danışdım. O kadrlarda səsləndirmə düzgün deyilməyib.
Əslində həmin gecə ulu öndər Heydər Əliyev Tahirlə Şəmkirdə mənim
yanımda telefonla danışıb. Hətta, həmin telefon danışığı zamanı ulu
öndər Heydər Əliyev onlara dedi ki, Aslan Aslanov nə deyirsə, onu
da edin.
"Mənim haqqımda cənab prezidentə kim yalandan məlumat
veribsə, o adam şərəfsizdir"
-Sizin vəzifədən çıxarılmağınız mətbuatda birmənalı
qarşılanmadı. Haqqınızda yazılanlara münasibətiniz
necədir?
-Mən 1992-ci ildən bəri Yeni Azərbaycan Partiyasının Siyasi
Şurasının üzvüyəm. Şəmkir zonasında YAP-ın yaradılmasında rəhmətlik
atamın rolu böyük olub. Bizim rayondakı evimiz YAP-ın Şəmkir
qərargahı olub. Mən ulu öndər Heydər Əliyevin və prezident İlham
Əliyevin tapşırıqlarını necə lazımdırsa yerinə yetirmişəm.
Mən kənd təsərrüfatı nazirinin müavini təyin olunanda da şəxsən
cənab prezidentlə danışmışam. Bu vəzifəyə gələndən sonra da
gördüyünüz kimi istehsal hər il artıb. Mən namusla, qeyrətlə xidmət
etmişəm. Kənd Təsərrüfatı Nazirliyində öz kurasiyama aid olan
işlərin öhdəsindən layiqincə gəlmişəm. Kənd Təsərrüfatı
Nazirliyində nazir müavini tək mən olmamışam, orada nazir
müavinləri çox olub. Ancaq mən nazir müavini olmağıma baxmayaraq
digər nazirlərlə danışıqları aparıb kurasiyama aid olan bitkiçilik
və heyvandarlıqla bağlı məsələləri həll edirdim. Nazirlikdə nə isə
problem olanda çox narahat olurdum, çalışırdım ki, həmin problemlər
həllini tapsın. Hər zaman kənd təsərrüfatının inkişafı üçün
çalışmışam.
O ki qaldı subsidiyaların yeyintisi ilə bağlı yazılanlara, deyə
bilərəm ki, Kənd Təsərrüfatı Nazirliyində subsidiyalar mənim
kurasiyama aid olmayıb. Subsidiyalar digər müavin İlham Quliyevin
səlahiyyətlərinə aid olub.
Cənab prezident məni hamıdan yaxşı tanıyır və mənim barəmdə
hansı qərar qəbul edibsə, bu onun səlahiyyətlərinə aid olan
məsələdir.
Digər tərəfdən isə kimsə mənim barəmdə prezidentə yalandan nə
isə çatdırıbsa, mən həmin adamı şərəfsiz sayıram. Çünki bizim
ailəmiz 1964-cü ildən bəri ulu öndər Heydər Əliyevlə tanışdır.
Rəhmətlik atam da o vaxtı Heydər Əliyevin vaxtında vəzifədə
işləyib. Ona görə də vəzifəsindən asılı olmayaraq kimsə gedib mənim
haqqımda cənab prezidentə yalandan məlumat veribsə, o adam
şərəfsizdir. Mən bu cür adamları şərəfsiz sayıram. Digər tərəfdən
isə cənab prezident heç zaman həmin adamların yalan sözlərinə
inanmaz.
"Mənim bir əqidəm var, o da YAP-dır"
-Ümumiyyətlə, nazir müavini vəzifəsindən çıxarılandan
sonra prezidentlə hər hansı görüşünüz olub?
-Görüşümüz olmasa da, ancaq mən YAP-ın tədbirlərində fəal
iştirak edirəm, mütəmadi olaraq dövlətçiliklə bağlı məqalələrim
olur və s. Mənim haqqımda yalandan danışanlara demək istəyirəm ki,
məni bütün Azərbaycan tanıyır. Mənim bir əqidəm var, o da YAP-dır.
Mən bir insana xidmət etmişəm - Heydər Əliyevə. İndi də onun oğlu
cənab İlham Əliyevə xidmət edirəm.