Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Cənubi
Koreyanın paytaxtı Seul şəhərində yerləşən və dəyəri 447 milyon ABŞ
dolları təşkil edən "Payn Avenyu A qülləsi" ofis kompleksini satın
alıb.
Dövlət Neft Fondunun mətbuat xidmətindən
"Axar.az"a daxil olan məlumata görə, daşınmaz
əmlakın alınması prosesi kompleksin dörd sahibinin adından
(NongHyup Bank, NongHyup Həyat sığorta şirkəti, Vuri Bank və KDB
Həyat sığorta şirkəti) çıxış edən "Miraye" Vəsaitlərin İdarə
edilməsi şirkəti tərəfindən təşkil edilən auksion vasitəsilə həyata
keçirilib.
Seulda əldə edilmiş daşınmaz əmlak kompleksi Neft Fondu
tərəfindən Asiya və Sakit okean hövzəsində həyata keçirilən bu
tipli ilk investisiyadır. Seul Asiyada uzun müddət ərzində ofis
sektorunda davamlı mənfəətliliyi ilə seçilən ən cəlbedici
investisiya regionlarından biridir. Bu, güclü inkişaf etmiş daxili
iqtisadiyyata və yüksək kapitallı maliyyə sektorunun mövcudluğuna
əsaslanır.
"Payn Avenyu A qülləsi" Seulun biznes mərkəzində - aparıcı
Koreya və beynəlxalq təşkilatların ofislərinin cəmləşdiyi ərazidə
yerləşir. Binanın tikintisi 2011-ci ildə başa çatdırılıb və son
dövrlər ərzində Seul biznes mərkəzində yerləşən ən cəlbedici
investisiya aktivlərindən biridir.
Əmlakın A klass sinfinə aid olması icarədarların bütün
tələblərini cavablandıraraq binanın uzun müddətdə dəyərinin
artmasına zəmin yaradır.
Binanın ümumi ərazisi təqribən 65 min kvadratmetr təşkil edir və
bütünlüklə Cənubi Koreyanın ən böyük şirkətlərindən olan "S&K
Qrup" tərəfindən icarəyə götürülüb. Daşınmaz əmlak üzrə xalis illik
icarə haqqı 23,4 milyon ABŞ dolları təşkil edir.
ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Asiyada həyata
keçirilmiş daşınmaz əmlak investisiyası barədə qeyd edib: "Biz bir
ilə yaxın müddətdir ki, Asiyanın ən böyük paytaxt şəhərlərində
daşınmaz əmlaka investisiya imkanlarını nəzərdən keçirirdik və
nəhayət bu gün Seulda ilk belə yatırımın həyata keçirilməsini
açıqlamaqdan məmnunluq duyuram. Bu əhəmiyyətli bir investisiyadır
və bizim son dövrlərdə stabil gəlirlilik nümayiş etdirən Asiya
daşınmaz əmlak bazarına olan etimadımızın göstəricisidir. Biz
gələcəkdə də Asiya və Sakit okean hövzəsində investisiya
imkanlarını dəyərləndirəcəyik".
Xatırladaq ki, Dövlət Neft Fondu indiyə qədər Moskva, London və
Parisdə daşınmaz əmlak alıb. Bununla da ARDNF-nun aldığı əmlakların
dəyəri təxminən 1 milyard dolları ötüb.
Qeyd edək ki, Azərbaycanın Suveren Fondu olan Dövlət Neft Fondu
1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft
və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı
Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması,
səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını
təmin etmək məqsədilə yaradılıb. 1 mart 2014-cü il tarixinə
ARDNF-nin vəsaitlərinin ümumi həcmi 36 319 milyon ABŞ dolları
təşkil edir. Qeyd edilən daşınmaz əmlaka investisiya Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr
tarixli 519 nömrəli fərmanı ilə dəyişikliklər edilmiş "Azərbaycan
Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin
saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında
Qaydalar"a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni
investisiya siyasətinə əsasən həyata keçirilib. Yeni investisiya
siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə
qədəri səhmlərə, 5%-ə qədəri qızıla, eləcə də eyni həcmdə vəsaiti,
yəni 5%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.