Xalid Mədətovun qudurğanlığı onun diplomat qardaşının da
karyerasına son qoydu.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin keçmiş sədr müavini
Mübariz Mədətovun oğlu Xalid Mədətovun "Mercedes Galendewagen
AMG63" markalı avtomobillə Zığ-aeroport yolunda törətdiyi, iki
nəfərin ölümü, üçünün yaralanması ilə nəticələnən dəhşətli qəza ilə
bağlı "virtualaz.org"a yeni məlumatlar daxil olub.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dəki mənbədən məlum olub
ki, harın məmur oğlu əslində həmin gün daha bir neçə nəfər özü kimi
qudurğan zəngin balaları ilə hərəyə 10 min manatdan atışaraq
avtomobil yarışı təşkil ediblər.
Məlumata görə, Xalid Mədətov və dostları (cəmi 8 nəfər) şəhərin
mərkəzindəki elit restoranların birində yaxşıca yeyib-içdikdən
sonra kimin daha bərk maşın sürməsi məsələsi üstündə bəhsə
giriblər. Mübahisə zamanı belə ideya ortaya atılıb ki, kimin daha
bərk sürdüyünü və kimin maşınının daha sürətli olduğunu sübut etmək
üçün ortaya pul qoyub yarış təşkil etmək lazımdır. Yarışın
şərtlərinə görə, hər bir iştirakçı 10 min manat pul qoyaraq
"mükafat fondu" yaradıblar. Zığ şossesi (beton yol kimi tanınır)
ilə şütüyərək Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportuna
birinci çatan "qonşik" 80 min manatlıq uduşa da sahib olmalı
idi.
X.Mədətovun digər 7 qudurğan dostunun adları hələlik məlum
olmasa da onların da "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr
müavininin oğlu kimi yüksək vəzifəli şəxslərin uşaqları olduğu
bildirilir. Həmin harın balalar da X.Mədətov kimi qiyməti yüz
minlərlə manat olan superkarlarda - "Mercedes McLaren", "Mercedes
Benz SLK", "Porsche Panamera", sonuncu model "Audi" və s. markalı
maşınlarda yarışa çıxıblar. Söhbət hər birinin qiyməti 200-250 min
manat olan maşınlardan gedir.
Hamısı bərk sərxoş olan yarış iştirakçıları gecə saat 1
radələrində Zığ şossesi ilə vəhşi sürətlə hərəkətə başlayıblar.
X.Mədətovun "Galendewagen"i digər iştirakçıların maşınlarından bir
azca geri qalıb. Oğul Mədətov yarışı udmaq üçün sürəti daha da
artırıb və avtomobilin sürəti saatda 240 kilometrə çatıb.
Ancaq "Galendewagen" idarəetməni itirib və arxadan dəhşətli
zərbə ilə xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin idarə
etdiyi, içərisində sənətkarın ailə üzvləri, o cümlədən azyaşlı
nəvəsi olan "VAZ-2106"-ya çırpılıb. Zərbənin təsirindən "Jiquli"
darmadağın olub, "Galendewagen" isə şosse yolunu ayıran dəmir
arakəsmələrə çırpılaraq dayanıb.
Qəzadan bir neçə dəqiqə sonra yarışın digər iştirakçıları öz
superkarlarında geri qayıdaraq hadisə yerinə çatıblar və X.Mədətovu
maşından çıxarıblar. Daha sonra onlar X.Mədətovu da götürərək
hadisə yerindən uzaqlaşıblar.
Şahidlərin qəza yerindən mobil telefonla çəkdikləri görüntülərdə
də X.Mədətovun dostlarının bəzilərini görmək mümkündür.
Xatırladaq ki, böyük ictimai rezonans doğuran bu cinayət
əməlindən sonra prezident İlham Əliyev X.Mədətovun atasını
vəzifədən qovdu. Neft pulları hesabına quduran məmur oğlu isə həbs
olundu.
Virtualaz.org saytına o da məlum olub ki, prezident İlham Əliyev
X.Mədətovun bu cinayət əməlinə görə təkcə onun atasını işdən
qovmayıb. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr
müavininin kiçik oğlu, Azərbaycanın Almaniyadakı səfirliyində
işləyən Yusf Mədətov da geri çağırılıb və diplomatik xidmətdən
qovulub.
Yusif Mübariz oğlu Mədətov Azərbaycanın Almaniyadakı
səfirliyində II katib vəzifəsində işləyən diplomat olub və 2006-cı
ildə Almaniya XİN-in gənc diplomatlar üçün təşkil etdiyi bir illik
hazırlıq ("Diplomatenkolleg") kursunu bitirib. Onun qəzadan (martın
15-nə keçən gecə) üç gün sonra geri çağırıldığı bildirilir. Hazırda
Azərbaycanın Almaniyadakı səfirliyinin işçilərinin XİN-in saytında
yer alan siyahısında Y.Mədətovun adı yoxdur.
Göründüyü kimi, prezident İlham Əliyev qudurğan məmur balaları
ilə bağlı məlum xəbərdarlığı boş yerə etməmişdi və M.Mədətov kimi
bu xəbərdarlıqdan dərs götürməyən məmurlar dövlət başçısının
qətiyyətinə bir daha əmin ola bilərlər.
Şübhəsiz ki, qudurğan məmur balalarının martın 15-nə keçən gecə
Zığ şossesində təşkil etdikləri yarışın görüntüləri videomüşahidə
kameralarına düşüb və bu cinayətlə bağlı istintaq aparan
müstəntiqlər digər iştirakçıları da asanlıqla müəyyən edə
bilərlər.
Təbii ki, yüksək sürətlə avtomobil idarə edib başqalarının
həyatını təhlükədə qoyan bu şəxslərin əməllərini ört-basdır etmək
niyyəti yoxdursa...