Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nida Vətəndaş Hərəkatının
üzvləri və Azad Gənclik Hərəkatının üzvünün cinayət işi üzrə
məhkəmənin hazırlıq iclası davam etdirilib.
"Axar.az" APA-ya istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun
sədrliyi ilə keçirilən prosesdə Avropa Birliyinin Azərbaycan
nümayəndəliyi, Amerika Birləşmiş Ştatlarının və Almaniya
Respublikasının səfirliklərinin nümayəndələri, Müsavat Partiyasının
başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli
Kərimli və digər müxalifət funksionerləri izləyiblər.
Prosesdə iştirak edən İsa Qəmbər hakimlərə iradını bildirib:
"Siz cavan uşaqları həbsdə saxlayıb, gecə evinizdə necə
yatırsız? Ağsaqqal adamsız, ayıb olsun ".
Hakim İ. Qəmbərdən zalı tərk etməyi tələb edib. İ. Qəmbər məhkəmə
salonunu tərk edib.
Hakim bildirib ki, təqsirləndirilən şəxsin taleyi ilə maraqlananlar
özlərini məhkəmədə reklam etməməlidirlər.
Hakim məhkəmə qaydalarına riayət etməyin vacib olduğunu
bildirib.
Daha sonra prosesdə Zaur Qurbanlı və İlkin Rüstəmzadənin vəkili
Xalid Bağırov vəsatətlə çıxış edib. O, müdafiə etdiyi şəxslərin
yanında əyləşmələri, prosesdə audio və video çəkilişlərin
aparılmasına icazə verilməsi, İ. Rüstəmzadəyə xuliqanlıqla bağlı
verilmiş ittihama xitam verilməsi barədə vəsatət qaldırıb.
Vəkil qeyd edib ki, İ. Rüstəmzadənin əməlində xuliqanlıq yoxdur. X.
Bağırov Z. Qurbanlının digər vəkili Aslan İsmayılovun cinayət
işinin materialları ilə tanış olmağa şərait yaradılmadığını
bildirib. O bu qanun pozuntusuna görə, Z. Qurbanlı barəsində olan
cinayət işinə xitam verilməsi və yenidən istintaq orqanlarına
qaytarılması barədə vəsatət verib.
Hakim vəsatətlərin növbəti prosesdə müzakirəyə çıxarılacağını
deyib.
Proses noyabrın 21-də davam etdiriləcək.
Qeyd edək ki, "Nida"nın 7 üzvü həbs edilib. Milli Təhlükəsizlik
Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata
keçirdikləri axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü,
Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Quliyev
Bəxtiyar Səməndər oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu,
S.Hüseynov küçəsi ev 3B-yə baxış keçirilərkən oradan 19 ədəd şüşə
butulkaların içərisində tez alışan "Molotov kokteyli" adlanan maye,
narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram
qurudulmuş marixuana aşkarlandığı, eyni zamanda 1995-ci il
təvəllüdlü, "Odlar Yurdu" Universitetinin 3-cü kurs tələbəsi
Novruzlu Şahin İbrahim oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu,
28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı
oradan 3 ədəd "Molotov kokteyli", 94 min manat məbləğində pul,
252,27 qram həşiş qətranı tapıldığı, həmçinin 1992-ci il
təvəllüdlü, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əzizov
Məmməd Rasim oğlunun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu,
Mir-Cəlal küçəsi ev 18, mənzil 88-ə keçirilən baxış zamanı 174,54
qram qurudulmuş marixuana, üzərində "Təcili demokratiya tələb
olunur tel:+994 ünvan: Azərbaycan" sözləri yazılmış 28 ədəd
vərəqlərin kserosurətləri aşkar edilərək götürüldüyü
bildirilib.
Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər
üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz
olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və
228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular
əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi
başlanıb və "Nida" üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin
Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur
Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs
olunublar.
İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1
(zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv
edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya
belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan
olunub.