İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Heydər
Əliyev Mərkəzində olublar.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Prezident İlham Əliyev Avropa Komissiyasının sədri Joze Manuel
Barrozu ilə birlikdə Heydər Əliyev Mərkəzini gəziblər.
Mərkəzin fəaliyyəti ilə tanış olan qonaq əvvəlcə 1969-cu ildən
2003-cü ilədək Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə
xidməti istifadəsində olan avtomobillərə baxdı. Ulu Öndərin
xatirəsinin əbədiləşdirildiyi muzey təşkil olunarkən burada
ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif
dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib.
Mərkəzdə "Azərbaycan inciləri" bölməsi də fəaliyyət göstərir.
Bölmədə Azərbaycan tarixini və mədəniyyətini əks etdirən, ölkəmizin
tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair
nadir eksponatlar nümayiş olunur.
Prezident İlham Əliyev və Joze Manuel Barrozu Mərkəzdə məşhur
britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisinə də baxdılar.
Sərgidə heykəltəraşın biri-birindən maraqlı əsərləri nümayiş
olunur.
Sonra qonaq Mərkəzin "Auditorium" və konfrans zallarına baxıb.
Daha sonra Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri
Joze Manuel Barrozu Heydər Əliyev Mərkəzinin qarşısında tanınmış
fransız rəssam və heykəltəraş Lorens Cenkellin fərdi sərgisi ilə
tanış olublar. Burada nadirliyi ilə fərqlənən və müxtəlif ölkələrin
bayraqlarını özündə təcəssüm etdirən kompozisiyalar nümayiş
olunur.