"Bu gün Azərbaycanda I dərəcəli Ali Media Mükafatına
layiq jurnalist yoxdur".
Bu sözləri Axar.az-a "Ayna" və "Zerkalo" qəzetlərinin baş
redaktoru Elçin Şıxlı Mətbuat Şurasının təsis etdiyi 1-ci dərəcəli
Ali Media Mükafatına bu il heç bir jurnalistin layiq görülmədiyini
şərh edərkən dedi.
E.Şıxlı Mətbuat Şurasının mükafatlandırma tədbirində iştirak
etmədiyi üçün bu barədə əlavə söz demək istəmədiyini bildirdi. Buna
baxmayaraq, mükafata layiq jurnalistlərin olduğunu da qeyd
etdi:
"Təbii ki, bu gün Azərbaycanda müxtəlif mükafatlara layiq olan
jurnalistlər var. Ancaq I dərəcəli Ali Media Mükafatına layiq
jurnalist yoxdur. Görün ölkə mediasının vəziyyəti hansı
səviyyədədir ki, Mətbuat Şurası da I dərəcəli Ali Media Mükafatını
heç kəsə verməyib".
Media eksperti Zeynal Məmmədlinin bu məsələ ilə bağlı fikirləri
isə tam fərqlidir:
"Bu tipli mükafatlar veriləndə bir neçə faktor nəzərə
alınmalıdır. Əvvəlcə, bir ictimai sual olmalıdır. Cəmiyyətin
müxtəlif təbəqələrinin fikiri öyrənilməlidir. İkinci növbədə,
Mətbuat Şurası, orada toplaşan adamlar bunu müəyyənləşdirməlidir.
Daha sonra isə peşəkarlar, sırf praktik jurnalistikada olan və adı,
uğurları şübhə doğurmayan insanlar bunu müəyyən etməlidir ki,
mükafat kimlərə verilsin. Sadaladığım hər üç təbəqədən olan
insanların gəldiyi ortaq qərarla I dərəcəli ali mükafatın kimlərə
verilməsi müəyyən edilməlidir. Ancaq bu tipli müəyyənləşdirmələr
olanda nəticələr mübahisə doğurmaya bilər. İndiki halda qaliblərin
necə müəyyənləşməsi, reallığın nəzərə alınıb-alınmaması bir qədər
şübhəli qalır".
Ekspert əlavə edir ki, bu il I dərəcəli Ali Media Mükafatının
kiməsə verilməməsi nəyisə dəyişmir:
"Bu il 1-ci dərəcəli Ali Media Mükafatı hansısa jurnalistə
verilməsə də, bundan öncəki illərdə bu mükafata layiq görülənlər
olub. Deməli, Mətbuat Şurasının gəldiyi nəticəyə əsasən,
Azərbaycanda bu mükafata layiq olanlar var. Mükafat bu il
verilməyibsə, bu, nəyisə dəyişmir. Bundan öncə o mükafata layiq
görülənlərə nəzər salınmalıdır ki, onlardan hansı buna layiq
olub?"
Media eksperti Qulu Məhərrəmli isə deyir ki, birmənalı olaraq
demək mümkün deyil - bu gün ölkədə bu mükafat layiq olan jurnalist
var, ya yox:
"Təbii ki, ayrı-ayrı istedadlı jurnalistlərimiz var. Ancaq
adətən neçə illərdir ki, media ali mükafatını nəşrlərə, dərsliklərə
verirlər. Nəşrlər və dərsliklər də mükafata layiqdir, ancaq Ali
Media Mükafatı parlaq və peşəkar jurnalist araşdırmalarına
verilməlidir. Bu baxımdan hesab edirəm ki, I dərəcəli Ali Media
Mükafatını bu il heç kəsə verməməklə düzgün qərar veriblər".
Q.Məhərrmlinin fikrincə, bu gün jurnalistikanın ümumi səviyyəsi
və peşəkarlığı heç də yüksəlməyib:
"Həmçinin yazarların azadlığı da məhdudlaşdırılır. Bu kimi başqa
ciddi problemlər də var. Bu baxımdan, bu gün əksər jurnalistlər
fikirlərini ifadə edə bilmirlər. Xüsusən bu və ya digər şəkildə
hökumətdən, biznes mərkəzlərindən asılı olan mətbu orqanlar var ki,
məhdudiyyətləri çoxdur. Bu səbəbdən bu mükafata layiq kiminsə adını
çəkməyə çətinlik çəkərəm".
Qeyd edək ki, Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatı
2014-cü ildə ümumilikdə 8 nəfərə və 2 qəzetə verilib.
Bu il I dərəcəli Ali Media Mükafatı isə heç kimə verilməyib.
II dərəcəli Ali Media mükafatına isə "Teleqraf Holdinq"in
rəhbəri Aynur Camalqızı, "Haqqin.az" və "Virtualaz.org" saytlarının
rəhbəri Eynulla Fətullayev, eləcə də Naxçıvanda nəşr olunan "Şərq
qapısı" qəzeti layiq görülüb.
III dərəcəli Ali Media Mükafatına layiq görülənlərin siyahısı
isə belədir: Salyan rayonunun "Qələbə" qəzetinin baş redaktoru
Rüstəm Məlikov, Zərdabişünas alim Eldəniz Həsənov, "Azərbaycan"
qəzetinin baş redaktor müavini Amil Novruzov, veteran jurnalistlər
Şakir Yaqubov və Hidayət Elvüsal, "Xalq qəzeti"nin əməkdaşı İlqar
Həsənov və "Azərbaycan müəllimi" qəzeti.