Romolo Martelloni: "Mən başqalarının mülahizə, arzu və
istəklərinə görə deyil, konkret faktlara istinad edərək fikir
yürüdürəm".
Axar.az-ın xəbər verdiyi kimi, jurnalist Romolo Martelloninin
İtaliyanın nüfuzlu mətbuat orqanlarında və internet portallarında
dərc olunmuş yazıları erməni diaosporunun dünyanın müxtəlif
ölkələrində yaşayan təmsilçilərinin etirazına səbəb olub. Ermənilər
yazıların yayımlandığı media qurumlarına və jurnalistin özünə
təhdid və böhtan dolu məktublar göndəriblər. Romolo Martelloni
ermənilərin bu etirazlarını da cavabsız qoymayıb. Jurnalistin
nüfuzlu "L'Opinione" qəzetində və "Opinione.it" portalında
yayımlanmış cavab məktubunun tam mətnin oxucularımıza təqdim
edirik:
Hörmətli cənablar,
Sizin etiraz hüququnuza hörmət edirəm və ümid edirəm ki, siz də
mənimkinə hörmət edəcəksiz. İcazə verin deyim ki, mənim "Dağlıq
Qarabağ haqqında mətbuatın sükutu" adlı məqaləmə sizin əsassız və
qəzəbli reaksiyanız məni heç təəccübləndirmir ona görə ki, mən
münaqişə haqqında həqiqəti üzə çıxarmaq istəyənlərə qarşı ölkəmdə
aparılan hazırkı kampaniyalar barəsində məlumatlıyam. Təkzib
etdiyiniz məqaləmin məhz bu məsələni işıqlandırması təsadüfi deyil
və sizin etirazınız da buna bir daha sübutdur.
Məqaləmdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yer alan faktların
heç birini sizin iddia etdiyiniz kimi Azərbaycan tərəfi təqdim
etməyib. Mənə elə gəlir ki, bu, sadəcə olaraq öz "dəlil"lərini
irəli sürmək istəyən və beynəlxalq sənədlərdə göstərilən
məlumatları nəzərə almayanların özünə haqq qazandırmasıdır.
Münaqişə haqqında aydın və obyektiv təsəvvür əldə etmək üçün
nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər,
təkzibolunmaz faktlar var.
Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan torpaqlarının
Ermənistan tərəfindən işğal olunması və işğal nəticəsində 1 milyon
insanın öz doğma torpaqlarından qaçqın düşmələri ilə bağlı fakt
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən bütün beynəlxalq
sənədlərdə öz əksini tapıb.
Lazım hesab etsəniz, bununla bağlı məlumatı BMT Təhlükəsizlik
Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrindən, ATƏT, Avropa
Şurası, Avropa Birliyi parlament Assambleyasının qəbul etdiyi
sənədlərdən, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik
missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun həmsədr
ölkələrinin dövlət başçılarının birgə bəyanatlarından və digər
etibarlı mənbələrdən əldə edə bilərsiniz, necə ki mən əldə
etmişəm.
Xocalıda erməni hərbi birləşmələrinin törətdiyi qətliam barədə
məlumat əldə etmək üçün də Azərbaycan mənbələrinin təqdim etdiyi
məlumatlara istinad etməyə ehtiyac yoxdur, çünki bu məsələ ilə
bağlı "Human Rights Watch" təşkilatının 1993-cü il tarixli
hesabatı, 16 mart 1992-ci "Time" jurnalında dərc olunmuş "Xocalı
soyqırımı faciəsi", 3 mart 1992-ci il "Nyu York Tayms" "Ermənilər
tərəfindən soyqırım", Rusiyanın Memorial hüquq müdafiə təşkilatının
Xocalı yaşayış məntəqəsində insan hüquqlarının kütləvi şəkildə
pozulması ilə bağlı hesabatı, jurnalist Conatan Lyonsun 27 fevral
1992-ci ildə "The Herald (Glasgow)" qəzetində dərc olunmuş
Armenians take Azeri stronghold in Karabakh reportajı, jurnalist
Anatol Lievenin 3 mart 1992-ci il "The Times" (London) qəzetində
dərc olunmuş məqaləsi, "Röyter" agentliyinin fotoqrafı Frederik
Lenqaiqnenin çəkdiyi şəkillər, jurnalist Françis X. Klinesin "Nyu
York Tayms" qəzetində dərc olunmuş reportajı və adlarını
sadalamadığım çoxsaylı hesabat, məqalə, video və foto materiallar
var.
Bu sıraya Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və
Herseqovina, Peru, Honduras parlamentlərinin, ABŞ-ın Texas,
Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkansaz, Missisipi,
Oklahoma, Tennessi, Pensilvaniya, Vest Virciniya, Konnektikut və
Florida ştatlarının Xocalı qətliamını "soyqırım" kimi tanımaları
barədə qərarlarını da əlavə etsək Xocalıda baş verənlər barədə
obyektiv informasiya əldə etmək üçün kifayət qədər müstəqil
mənbələrin mövcud olduğunu təsdiq edə bilərik.
Azərbaycanda mətbuat azadlığı barədə iddialarınıza gəldikdə isə
qeyd etmək istərdim ki, bir ölkədə mətbuatın azad olma dərəcəsi
başqa ölkələrə onun ərazisini işğal etməyə haqq vermir.
Azərbaycanda mətbuatın vəziyyəti barədə fikirləriniz məqaləmdə yer
alan faktlar qarşısında nə qədər məntiqsiz olduğunu göstərir.
Düzgün dəlilləriniz olsaydı, Dağlıq Qarabağ münaqişəsinə heç bir
aidiyyatı olmayan köməkçi vasitələrə əl atmazdınız. Bununla belə,
Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətinə gəldikdə
xatırladıram ki, Azərbaycanda müstəqil mətbuatlar mövcuddur,
internet azaddır, burada 1.300.000 Feysbuk istifadəçisi, 30 min
blogger, 50 internet radio və televiziyası var. Arzu etsəniz, siz
də bu məlumatlara beynəlxalq media institutlarının son
hesabatlarında rast gələ bilərsiniz.
Məndə olan məlumatlara görə, Azərbaycanda yox, məhz Ermənistanda
1999-cu ildə Parlament iclasında Baş nazir və digər erməni
siyasətçiləri qətlə yetiriliblər. Yaxud Azərbaycanda deyil, məhz
Ermənistanda 2008-ci ildə parlament seçkilərinin nəticələrinə
etiraz edən 10 nəfər dinc nümayişçini öldürüblər. 2013-cü ildə
prezidentliyə namizədi öldürmə cəhdi də elə Ermənistanda baş
vermişdi, Azərbaycanda yox. Zənnimcə, sadaladığım bu faktlar sizin
demokratiya və söz azadlığı barədə təsəvvürlərinizə daha da
aydınlıq gətirdi.
Erməni xalqının öz müqəddəratını təyin etmə hüququ barədə
mülahizələrə gəldikdə isə erməni xalqının özü müqqəddəratını
1991-ci ildə təyin etdiyini və Ermənistan dövlətini yaratdığını siz
məndən yaxşı bilirsiniz. Beynəlxalq birlik işğal altında olan
Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu Azərbaycanın
ərazisi hesab edir və bir jurnalist olaraq beynəlxalq hüququn
prinsiplərinə hörmət etmək mənim peşə borcumdur. Mən başqalarının
mülahizə, arzu və istəklərinə görə deyil, konkret faktlara istinad
edərək fikir yürüdürəm.
Bir jurnalist olaraq sizi qəzəbləndirən məqaləni yazmaqda
məqsədim İtaliya cəmiyyətini həll olunmadığı təqdirdə fəlakətli
nəticələrə səbəb ola biləcək bir münaqişə haqqında
məlumatlandırmaqdan ibarət olub. Qeyd etmək istəyirəm ki, mən təkcə
jurnalist kimi yox, ilk öncə bir insan kimi Cənubi Qafqazda və
dünyada müharibə və ədavətin olduğu digər ölkələrdə sülhün və
əmin-amanlığın bərqərar olmasını arzulayıram.