Hansı xalq qonşu xalqların maddi və mənəvi
zənginliklərindən ağılla, yaradıcılıqla, soy-kökə bağlılıq və milli
özəlliklərə uyğunluq (uyğunlaşdırmaq) səmtindən yanaşmaqla bəzi
adət, məişət vərdişləri, ənənələrini özününkü edə bilirsə, burda
bir qəbahət yoxdur.
Əksinə. Bu qarşılıqlı zənginləşmədir və dünya da bunun üzərində
inkişaf tapıb. Hərbə münasibət, döyüşkənlik, düşmənə elliklə
vaxtında layiqli cavab vermək, hərbçiliyi dövlətçilik yolunda
həlledici amil olaraq görmək xalqların "gör-götür" prinsipi
əsasında ortaqlaşdırdıqları ümumi dəyərlər olub.
Futbolu ingilislər icad ediblər, çox adam elə bilir ki, bu oyun
növü braziliyalılara məxsusdur. Yay-oxu qədim türklər kəşf etdilər,
ancaq bu silah olaraq monqolların əlində daha öldürücü oldu.
Yəhudi xalqı ən azı iki min il dünya üzərində dalaşmalı oldu və
1948-ci ildə dövlətlərini qurandan az sonra bu kiçik ərazili dövlət
dünyaya elmi, iqtisadi, hərbi cəhətdən meydan oxumağa başladı.
İyirmidən çox varlı ərəb dövlətləri onun əlində əsir-yesir oldular.
Bizim xalq da fars, türkmən, gürcü, kürd, rus və Dağıstan xalqları
ilə qonşuluqdan demək olar ki, bütün səpkilərdə yararlanıb və
bizlərin də o xalqlara ciddi məişət, mədəniyyət, humanitar
təsirimiz olub. Musiqidə, məişət adətlərində, şənlik, yaxud dəfn
mərasimlərində xeyli ortaq ilişkilər görünməkdədir. Qısa zamanda
çox da dərindən bilmədiyimiz, həvəs göstərmədiyimiz əkinçiliyi xalq
olaraq öyrəndik (pambıq, üzüm, taxıl, bostan məhsulları). Zaman
keçdikcə at belindən düşüb xiyar tağlarının yanına çökdük, pambıq
alağı vurduq, kişilər önlərinə döşlük taxdı, alma dərdik, pomidor
qablaşdırdıq, qış ayları yüz cür üsulla Rusiyaya gül daşıdıq, tez
bitən kələmləri musiqi sədaları altında Leninqrad zəhmətkeşlərinə
göndərdik. İxtisaslaşdıq, sovet bazarının təminatı üzrə çoxaldıqca
bazarlaşdıq. Bazarlaşdıqca psixologiyamızda ciddi dəyişikliklər
yarandı. İnsanların böyük bir qismi il boyu torpaqda
eşələndirilməklə genimizə, soykökümüzə bağlı əsas keyfiyyətlərdən
uzaqlaşdırılırdı.
Bazar tərəzisi xeyli sayda insanı yaltaqlığa, qorxaqlığa,
mütiliyə öyrətdi. Rus bazarkomuna yarınan millət oğlunun ürəyində
həmişəlik rus xofu kök saldı. Bu haqda düşünənlər az idi. Düşünə
bilənlər, az-çox dünyanı dərk eləməyə çalışanlarımız qonşu
respublikalara baxanda görürdülər ki, Tbilisinin "Dinamo" futbol
komandası "Neftçi"dən yaxşı oynayır, onlarda daha çox məşhur
güləşçilər var, ermənilərin ağırlıqqaldıranları, şahmatçıları
dünyaca məşhur idilər. Eyni zamanda bu millətlər də əkin-biçinlə
məşğul idilər...
Əsgərlikdə gördük ki, bizim millətdən heç zabit yoxdur. Erməni
və gürcülərdən isə olurdu. Sovet quruluşu erməni və gürcüləri
sındırmadı, bizi sındırdılar. İşləyib pul qazanmaq, çörək gətirmək
Azərbaycan ailəsinin ən böyük amalı oldu. Ondan o tərəfə isə xəyal
aləmi... Babək, Cavanşir, Koroğlu, Qaçaq Nəbi, "Əsli-Kərəm", "Aşıq
Qərib", "Dədə Qorqud" bilgilərimiz... Gözümüzün önündə əsilsiz
"bəyzadələr", Sosialist realizminin pambıqçı, suçu, naxırçı,
baramaçı istiqamətli yeni insan axtarışları... Qəsdən unutdurulan
onlarla Sultan bəy şəxsiyyətli erməni qənimləri...
Çeçenlərin də igidliklərindən o qədər eşitmişdik ki...
Laçın rayonunda bağlı-bağatlı varlı bir kənd var idi. Bu kəndin
camaatı qapılarında kolxozda olan bol meyvələri satmağa ar
edərdilər. Satmadılar da. At belindən də enmədilər. Genlərində olan
minillik tarixlərdən o tərəfə söykənən Altaydan başlanan oxçuluq
peşələrinə (sonralar tüfənglə ovçuluq) sadiq qaldılar.
Əyilib-bükülüb yaltaqlanmadı bu camaat.
Zaman keçdikcə xalqımız türk döyüş ənənələrindən yan oldu,
ruslar bizi döyüşə aparmayanda sevindik, öldürmək vərdişlərindən
uzaqlaşdıq, ağciyər olduq. Qarabağ müharibəsi bizi haqlayanda
müharibə psixologiyasından uzaq idik. Bazar psixologiyalılar, pul
iyi bilənlər vuruşmadılar.
Bu gün əsas düşmənimiz olan ermənilər isə müharibəni heç vaxt
yaddan çıxarmayıblarmış. Yüzdən artıq erməni Sovet İttifaqı
qəhrəmanı Dağlıq Qarabağ əsillidir, 4 Sovet İttifaqı marşalı da
Qarabağlıdırlar. Adam hesab etmədiyimiz, "erməni qandan qorxur"
dediyimiz erməninin 75 yaşlı general-leytenant Xristofor İvanyan
Stepanakertdə (Xankəndidə) oturub döyüşlərə kömək edirdi. Həmin an
Şuşada hansı generalımız, hansı polkovnikimiz olub? Olmayıblar!
Bakıda idilər! Qarabağın taleyi Şuşada həll olunsaydı Şuşaya
gələrdilər! Ermənilər bizi düşmən olaraq unutmamış və vaxtında
başlanacaq müharibəyə hərbi, psixoloji, insani baxımdan elliklə
hazır olmuşlar. Onlardan ibrət götürə bilmişikmi?
Dövlətdaxili maddiyyatı, mədəniyyəti, cəmiyyəti, var-dövləti
müharibə tamamilə məhv edə bilir. Güclü iş adamı, şair, aşıq, muğam
ustası, alim, idmançı, peşəkar məmur... Bunlar dövlət üçün, xalq
üçün lazımdır, varlıqları zərurətdən doğur. Amma hərbə münasibət
hər şeydən öncə daha önəmlidir.
Xalq müharibə aparmağa qadir deyilsə, tam dəyərli olmur. Başqa
sözlə, formalaşmanın müəyyən etaplarında qanı tökülüb, qan
tökməyibsə, xalq yeniləşmir, inkişaf, qüdrət, yenilməzlik,
özünüdərk, milli fəxarət kimi əlamətlər ümumi axarda axsayır, topuq
çalır, ahəng pozulur, hərə ağzını bir səmtə tutur...
Unutduğumuz, gen düşdüyümüz, yadlaşdığımız kişi sənətinə kişi
səviyyəsində yanaşsaq, ingilisin, fransızın, amerikalının,
türkiyəlinin həyatda və dövlətdə mövqeyindən asılı olmadan hərbə
münasibətlərindən ibrət götürək. Bizim döyüşçü kimi rusdan,
çeçendən, osmanlı türkündən, bu gün ayaq üstə ölümə gedən bədəvi
ərəblərdən əskikliyimizmi var? Yox! Silahla, döyüşlə, müharibələrlə
haqqımızı aldığımız zamanın psixologiyasını beynimizə, ruhunu
qəlbimizə dolduraq.
Braziliyalılarsayağı futbolu ingilisdən yaxşı oynamasaq, ingilis
kraliçasının nəvəsindən yaxşı təyyarəçi olmasaq, oğlunun
Əfqanıstanda həlak olma xəbərini soyuqqanlıqla qarşılayan holland
general kimi oğlumuzu döyüşə göndərsək, osmanlı türkü olaraq
müharibəyə yola saldığımız övladımızın alnına qurbanlıq hənası
yaxmasaq, Azərbaycan kişisi olaraq hamılıqla ayağa qalxıb
erməniləri torpaqlarımızdan qovmasaq, qəddi dikəlməyəcək bu xalqın!
Özünə gələ bilməyəcək bu millət! Müharibədə qalib gələn inamlı,
başı uca, qürurlu, şərəfli olur. Bəzi müharibə biliciləri,
"ekspertlər", canıyanan siyasətçilər döyüşlər başlayacağı təqdirdə
millətin genefonduna ağır zərbə dəyəcəyini qabardırlar. Həyatları
müharibələrdə keçmiş ingilis, fransız, alman, rus və türklərdə
genefond yox idimi? Ölüm-itimsiz müharibəmi olur? Ağac doğrananda
pöhrələnir. Çox olub başıaşağı, gözükölgəli olmaqdansa...
Hər kəs bir cana borcludur! Qələbə! Özü də nəyin bahasına
olursa-olsun qələbə!
Bu millət Qələbə dadmalıdır!..
Laçın rayonunun icra başçısı - Akif SƏLİMOV
İstefada olan
polkovnik