"Soyuq müharibə"dən sonra dünyada yaranan təkqütblü
sistemin tarixi dönüş nöqtəsindəyik. NATO-nun keçmiş Sovet ölkələri
ilə əməkdaşlığı genişləndirməsi, Avropa Birliyinin (AB) Şərqi
Avropa ölkələri üçün "açıq qapı" siyasəti elan etməsi yeni qlobal
dünyada qütbləşməyə bir işarədir.
Şərqi Avropada Qərbin və ABŞ-ın raket əleyhinə müdafiə
sisteminin quraşdırlması Rusiyaya qarşı atılan cavab addımları kimi
dəyərləndirilə bilər. Son bir neçə ilə nəzər salsaq, dünyada gedən
proseslərin aydın eskizini görə bilərik. Gürcüstanın tərkibindən
Abxaziya və Cənubi Osetiya kimi iki cırtdan dövlətin çıxarılması
istəyi, Dağlıq Qarabağ problemi, Krımın Rusiyaya birləşdirilməsi və
şərqi Ukraynada davam edən vətəndaş müharibəsi Şərq-Qərb
qarşıdurmasının bariz nümunəsidir.
Hələ 2007-ci il fevralın 10-da Rusiya Prezidenti Vladimir
Putinin Münhen Təhlükəsizlik Konfransında "Təkqütblü dünya qəbul
edilə bilməz və bu qeyri-mümkündür" sözlərini yada salmaq lazımdır.
Putin bu sözlərlə əslində yeni qlobal dünyada qütbləşmənin necə
olacağı təsəvvürünü yaratmaq istəmişdi. Eyni zamanda, Rusiyanın Baş
naziri Dmitri Medvedev 2008-ci ildə prezident seçildikdən sonra ABŞ
ilə yeni bir səhifə açmaq səyi və NATO-nun Rusiyanı təhdid
siyahısından çıxarması uğursuzluqla nəticələnən ssenarinin tərkib
hissəsi idi. Hazırda Rusiyanın ilhaq etdiyi Krımın yenidən
Ukraynaya birləşmə ehtimalı getdikcə zəifləməkdədir. Şərqi
Ukraynanın parçalanması və yeni dondurulmuş problemli bölgələrin
meydana gəlmə riski isə hazırda çox yüksəkdir.
Bütün bunlara səbəb ABŞ-ın İraq və Əfqanıstanda
müvəffəqiyyətsizliyi və "Ərəb baharı"nın xəzana çevrilməsidir. Bu,
Moskvanın əl-qolunu açdı. Neft və təbii qaz gəlirləri ilə 500
milyard dollara yaxın ehtiyat toplayan Rusiya Çin və Uzaq Şərq
ölkələrində neftini və təbii qazını satacaq yeni bazarlar tapdı.
Çinlə imzalanan 400 milyard dollarlıq enerji razılaşması əslində
Qərbin məğlubiyyətinin başlanğıcı idi. İndi Avropa kürəyini
söykəməyə möhkəm dayaq tapan Rusiyanın əlindədir desək, yanılmarıq.
Ukraynada yaşanan hadisələrə görə tətbiq olunan sanksiya və
embarqolar Rusiyada gözlənilən effekt yaratmır. Əksinə, Avropa
şirkətləri bundan ziyan görməyə başlayıb. Artıq Şərqi Avropa
ölkələri başda olmaqla, bir çox Avropa şirkətlərinin Rusiya
bazarında itkisi ilin sonuna qədər 15 milyard dollara yaxınlaşacağı
proqnozlaşdırılır.
Ukraynada yaşanan böhran yalnız Şərqi Ukraynada ruspərəst
separatçıların zərərsizləşdirilməsi ilə sona çatan deyil. 4-5
sentyabrda Uelsdə keçiriləcək NATO zirvə toplantısında Ukrayna
Pezidenti Pyotr Poroşenkonun NATO-dan konkret kömək istəyəcəyi
gözlənilir. Kiyevin NATO-ya daxil olması barədə səsləndirilən
fikirlər, Şərqi Avropada 5 yeni hərbi bazanın qurulacağı qarşıdan
əmin-amanlıq gəldiyindən də xəbər vermir.
Kiyevin Qərbə bu qədər inteqrasiyası Moskvanı lal-dinməz saxlaya
bilməz və qarşıdan gələn zamanlarda şimal qonşumuzun Şərqi
Ukraynada "sülhün bərqərar olunması" yolunda addımlar atmasını
gözləmək ağılsızlıq olardı. "Böyük Səkkizlər"dən çıxarılan, NATO
ilə əməkdaşlığı təxirə salınan, ABŞ və AB-nin sərt sanksiyaları ilə
üzləşən bir ölkənin gələcəkdə yumşaq addımlar atması və danışıqlara
getməsi real görünmür. Bir müddət öncə bölgəyə 280 TIR "humanitar
yardım" göndərən Moskva əslində bölgədə Ukrayna ordusuna qarşı
döyüşən separatçılara dəstək verirdi. NATO-nun min nəfərə yaxın rus
əsgərinin Şərqi Ukraynada döyüşdüyü iddiasını qəbul etməyən Kreml 3
mindən artıq tərxis olunmuş zabitini münaqişə bölgəsinə
göndərməkdədir. Bundan əlavə, on minlərlə rus əsgəri Ukrayna
sərhədində tətiyi çəkməyə hazır durub.
Putinin son çıxışında "Rusiya dünyanın ən güclü nüvə ölkəsidir"
deməsi göstərir ki, bu münaqişə hələ çox qan aparacaq.