Xəbər verdiyimiz kimi, avqustun 29-da Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə
məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri
rəhbərlərinin müşavirəsi keçirilib.
Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı
bir sıra aktual məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev çıxış edib.
AzərTAc həmin çıxışın tam mətnini təqdim edir.
Bugünkü toplantımızın əsas məqsədi müasir dövrün geosiyasi
reallıqları kontekstində, habelə qlobal informasiya şəbəkəsinin
mövcudluğu şəraitində Azərbaycan Respublikasının informasiya
təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələləri müzakirə etmək
və mövzu ətrafında fikir mübadiləsi aparmaqdır.
Qeyd edilməlidir ki, son 10 ildə Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan Respublikası sürətlə inkişaf edib,
ölkəmizin güclü iqtisadi və hərbi potensialı formalaşıb, cəmiyyət
həyatının bütün sahələri müasirləşib. Dövlətimiz ümumdünya
səciyyəli proseslərin fəal iştirakçısına çevrilib, mühüm siyasi,
iqtisadi və humanitar təşəbbüslərin müəllifi və təkanverici qüvvəsi
kimi beynəlxalq arenada böyük nüfuz qazanıb. Qarşıda duran bütün
əsas vəzifələr düşünülmüş və məqsədyönlü, elmi əsaslara malik
dövlət proqramlarının həyata keçirilməsi nəticəsində uğurla icra
olunub, respublikamız "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasında nəzərdə tutulan strateji hədəflərə doğru inamla
irəliləməkdə davam edib.
Son 10 ilin statistikası bir daha təsdiq edir ki, Azərbaycanda
qısa dövr ərzində dünyanın aparıcı maliyyə və iqtisadi
qurumlarının, beyin mərkəzlərinin diqqətini cəlb edən yüksək
nəticələr əldə olunub. Təsadüfi deyil ki, 2013-cü ilin aprelində
Davos Dünya İqtisadi Forumu məhz Bakıda keçirilib. Sosial-iqtisadi
sahədə əldə olunmuş nailiyyətlər isə həqiqətən də heyrətamizdir.
2004-cü ildən sonra ötən dövr ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə
artıb, yoxsulluğun səviyyəsi 5,5 faizə, işsizlik isə 4,8 faizə
enib. Azərbaycanda müasir sosial-iqtisadi infrastruktur yaradılıb,
respublikanın enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə
əsasən təmin olunub. Minlərlə istehsal obyekti yaradılıb, müasir
texnologiyalara əsaslanan zavod və fabriklər, texnoparklar
fəaliyyətə başlayıb. Nəhəng infrastruktur layihələrinin
reallaşdırılması nəticəsində Azərbaycan Cənubi Qafqazın və Xəzər
dənizi hövzəsinin nəqliyyat-logistika mərkəzinə çevrilib. Regional
inkişaf proqramlarının davamlı olaraq həyata keçirilməsi bölgələrin
simasını əsaslı şəkildə dəyişdirib və müasirləşdirib.
Prezident İlham Əliyev bəyan edib ki, "bizim bütün
təşəbbüslərimiz Azərbaycan xalqının daha da yaxşı yaşamasına
yönəlib və yerlərdə dəstəklənir. Dövlət siyasətinin mərkəzində
Azərbaycan vətəndaşı dayanır". Məhz buna görə də enerji
resurslarının ixracından əldə olunan milli gəlirin böyük qismi
mühüm sosial proqramların həyata keçirilməsinə, ölkədə insan
kapitalının formalaşdırılmasına, elmin inkişafına, təhsilin
səviyyəsinin yüksəldilməsinə, cəmiyyət həyatının bütün sahələrində
müasir standartların, innovasiyaların tətbiqinə yönəldilir.
Güclü iqtisadi potensial, həyata keçirilən siyasətə xalqın
hərtərəfli dəstəyi imkan verir ki, Azərbaycan iqtidarı milli
maraqlara hesablanmış tam müstəqil daxili və xarici siyasət
yürütsün, ölkəmiz regionun siyasi, iqtisadi və humanitar mərkəzi
olmaqla, həm də qlobal siyasətdə fəal iştirak etsin. Bunun bariz
nümunəsi kimi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT
Təhlükəsizlik Şurasına üzv seçilməsini və dünyanın nəhəng
dövlətləri ilə birlikdə beynəlxalq münasibətlər sistemində yaxından
iştirak etmək hüququ qazanmasını göstərmək olar.
Azərbaycan həm də dünyada humanitar mərkəz, mədəniyyətlərarası
və sivilizasiyalararası dialoq məkanı kimi tanınır, Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumuna, Beynəlxalq Humanitar Foruma və
digər mötəbər tədbirlərə ev sahibliyi edir. Hesab edirik ki,
2015-ci ildə birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə,
Azərbaycan öz inkişaf səviyyəsini, yüksək potensialını bütün
dünyaya bir daha təqdim edəcək.
Bütün bunlarla yanaşı, dövlətimizin hərbi qüdrəti artmaqda davam
edir. Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq, nizam-intizam,
silah-sursat, texniki təchizat və döyüş qabiliyyəti baxımından
Cənubi Qafqazın ən güclü ordusudur. Dövlət büdcəsindən müdafiə
xərclərinə ayrılan vəsaitin məbləği 3 milyard manatdan çoxdur ki,
bu da Ermənistanın dövlət büdcəsini 1,5 dəfə üstələyir. Son illər
Azərbaycanda müdafiə sənayesi inkişaf etdirilib, buraxılan hərbi
təyinatlı məhsulların çeşidi artıb, Milli Ordunun ən müasir silah
növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılıb. İnamla
deyə bilərəm ki, Azərbaycan Ordusu ərazilərimizin işğaldan azad
edilməsi də daxil olmaqla qarşısına qoyulan bütün vəzifələri uğurla
yerinə yetirmək iqtidarındadır.
Son illər Azərbaycanda demokratik islahatların, vətəndaş
cəmiyyəti quruculuğunun daha da dərinləşdirilməsi, dövlət
orqanlarının fəaliyyətinin şəffaflaşdırılması, korrupsiya və digər
mənfi hallara qarşı mübarizənin gücləndirilməsi sahəsində də mühüm
nailiyyətlər əldə olunub. Ölkədə demokratik inkişafın vacib tərkib
hissəsi kimi söz və məlumat azadlığının tam təmin edilməsi
sahəsində məqsədyönlü addımlar atılıb, institusional və
qanunvericilik islahatları həyata keçirilib. Senzuranın ləğvindən
və kütləvi informasiya vasitələrinin fəaliyyətinə nəzarət
funksiyasını yerinə yetirən dövlət orqanının fəaliyyətinə xitam
verildikdən sonra KİV-lərin inkişafında yeni mərhələ başlanıbdır.
Azərbaycan Respublikasının Konstitusiyası, "Kütləvi informasiya
vasitələri haqqında", "İnformasiya əldə etmək haqqında" və digər
qanunlar KİV-lərin maneəsiz informasiya əldə etmək və yaymaq
hüququna tam təminat verir. Qanuna görə, KİV-lərin və
jurnalistlərin qanuni fəaliyyətinə hər hansı müdaxilə inzibati və
cinayət məsuliyyəti doğuran hal hesab edilir.
Kütləvi informasiya vasitələrinin əməkdaşları yaxşı bilirlər ki,
Azərbaycan dövləti milli informasiya resurslarının inkişafına
hərtərəfli dəstək göstərir. Bu məqsədlə 2008-ci ildə "Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət
dəstəyi" Konsepsiyası təsdiq olunub, 2009-cu ildə Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu təsis edilib. Bu
günədək media layihələrinin maliyyələşdirilməsi üçün Fonda dövlət
büdcəsindən 17 milyon manatdan artıq vəsait ayrılıb. Azərbaycanda
milli mətbuatın, milli televiziya və radionun yubileyləri dövlət
səviyyəsində qeyd olunur, KİV əməkdaşlarına fəxri adlar və
mükafatlar verilir, redaksiyalara birdəfəlik maddi yardımlar
göstərilir. Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlərin
mənzil-məişət problemləri dövlət vəsaiti hesabına həll edilir.
Məlum olduğu kimi, 2013-cü ildə 156 KİV əməkdaşı yeni mənzillə
təmin edilib, həmçinin 250 mənzilli daha bir binanın təməli qoyulub
və inşası davam etdirilir.
Təsadüfi deyil ki, bu gün Azərbaycan Cənubi Qafqazda və MDB
məkanında KİV-lərin kəmiyyəti və keyfiyyəti baxımından öncül
yerlərdən birini tutur. Bu gün Azərbaycanda 5000-dən artıq KİV
uçota götürülüb və ya müvafiq dövlət orqanında qeydiyyatdan keçib.
Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet,
100-ə yaxın jurnal, 52 televiziya və radio kanalı, 30-a yaxın
informasiya agentliyi, 300-dən artıq aktiv internet informasiya
resursu, onlarla jurnalist təşkilatı fəaliyyət göstərir.
Göründüyü kimi, Azərbaycan hakimiyyəti dövlətin uzunmüddətli
inkişaf strategiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq
güclü vətəndaş cəmiyyəti quruculuğu sahəsində üzərinə düşən
vəzifələri uğurla icra edir. Prezident İlham Əliyev hesab edir ki,
cəmiyyətin hazırkı inkişaf dinamikası yaxın gələcəkdə Azərbaycanın
dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olması üçün kifayət
qədər ciddi əsaslar yaradır. Hakimiyyətin siyasi iradəsi də bu
strateji hədəfə çatmaq üçün bütün milli resursların səfərbər
olunmasına və onların səmərəli şəkildə idarə edilməsinə
yönəlib.
Onu da qeyd etmək lazımdır ki, qlobal kataklizmlərin, mürəkkəb
geosiyasi proseslərin müşahidə olunduğu, ikili standartlar
siyasətinin hökm sürdüyü bir şəraitdə Azərbaycan öz strateji
hədəflərinə doğru inamla irəliləməyi bacarır. Əminliklə deyə
bilərəm ki, müxtəlif xarici antiazərbaycan dairələrin və onların
nəzarətində olan daxili antimilli qrupların təxribatçı fəaliyyəti
Azərbaycan hakimiyyətini öz iradəsindən, müstəqil siyasətindən
çəkindirməyəcək, cəmiyyəti müəyyən olunmuş inkişaf yolundan,
strateji seçimindən geri döndərməyə nail olmayacaqdır.
Azərbaycanın sürətli inkişafı, güclü, yüksək beynəlxalq nüfuza
malik dövlətə çevrilməsi, ölkəmizin regionda aparıcı rolu, qlobal
siyasətdə, beynəlxalq təşkilatlar çərçivəsində fəallığı müəyyən
xarici qüvvələri, xüsusilə də Ermənistanı, erməni lobbisini və onun
maraqlarını təmin edən ayrı-ayrı dairələri ciddi narahat edir. Son
bir neçə ildə ölkəmizə qarşı aparılan davamlı kampaniyanın əsasında
da məhz bu amil durur. Etiraf etməliyik ki, Azərbaycanda mövcud
olan tolerant mühitdən, demokratik ab-havadan, hakimiyyətin
humanist siyasətindən sui-istifadə edən bu dairələr ayırdıqları
maliyyə hesabına ölkəmizin daxilində müxtəlif qeyri-hökumət
təşkilatlarından və KİV-lərdən ibarət öz dayaq nöqtələrini, "5-ci
kolon"unu formalaşdırmağa nail olublar. Sxem çox sadədir. Həmin
QHT-lər və KİV-lər müvafiq tapşırıq əsasında Azərbaycanın daxili və
xarici siyasətini ləkələmək məqsədi güdən, əsassız, subyektiv
mülahizələrdən ibarət, bir çox hallarda isə iftira xarakterli
donoslar hazırlayır və ölkəmizə qarşı qərəzli münasibəti ilə
seçilən xarici təşkilatlara göndərir, onların əsasında da həmin
qurumların bəyanatları hazırlanır və yayılır. Növbəti mərhələdə bu
yalanlar müxtəlif rəsmi dairələrin tribunalarından səsləndirilir və
hesabatlara daxil edilir. Absurd "siyasi məhbus" siyahıları, guya
insan hüquqlarının pozulması, vətəndaş cəmiyyəti institutlarına və
KİV-lərə, jurnalistlərə "təzyiqlər" barədə uydurmalar, bütün
dünyada mövcud olan korrupsiya probleminin məhz Azərbaycanda
əsassız şəkildə şişirdilməsi və digər məsələlər bu məqsədyönlü,
təxribat xarakterli fəaliyyətin, işbirliyinin nəticəsidir.
Azərbaycan dövlətini gözdən salmaq, əldə olunmuş böyük
nailiyyətlərə qara yaxmaq, əsassız, uydurma məsələləri qabardaraq
Azərbaycan ictimaiyyətini çaşdırmaq "Azadlıq" qəzeti, "Azadlıq"
radiosu və digər bir çox müxalifət mediasının fəaliyyətinin başlıca
qayəsini təşkil edir. Nə qədər absurd olsa da, onların məntiqindən
belə çıxır ki, bu günə kimi Azərbaycanda müasirliyə doğru,
demokratiya yolunda heç bir müsbət iş görülməyib. Onların əsas
hədəfi Azərbaycanı ölkə və dünya ictimaiyyətinə "dəhşətli obraz"da
təqdim etməkdir. Təsadüfi deyil ki, belə media orqanlarının
fəaliyyəti hətta tanınmış xarici jurnalistlərin də kəskin etirazı
ilə qarşılanır.
Bu günlərdə tanınmış amerikalı publisist Maayan Yaffe məqalə ilə
çıxış edərək bildirib ki, ABŞ administrasiyası tərəfindən "Azadlıq"
radiosu və "Amerikanın səsi" layihələrinə hər il 750 milyon dollar
xərclənir. Lakin onlar obyektiv xəbər və təhlillər vermək, daxili
və regional məsələlər barədə müzakirələr təşkil etmək, demokratiya
və azad bazar münasibətləri barədə danışmaq əvəzinə, bu dəyərləri
bölüşən, qəbul edən müttəfiq dövlətlərə hücum edirlər. Jurnalist
müstəqillik illərində Azərbaycanın demokratiya yolu ilə inamlı
inkişafına, əldə etdiyi mühüm nailiyyətlərə toxunaraq bildirir ki,
"Azadlıq" radiosunun layihələri bu ölkə haqda qərəzli mövqe
formalaşdırır. Təkcə iyulun 1-dən avqustun 5-dək "Azadlıq"
radiosunun saytında Azərbaycan haqda 30 məqalə və video
yerləşdirilib. Onlardan heç biri Azərbaycanın nailiyyətlərindən
bəhs etmir. Nə qədər ki, Konqres "Azadlıq" radiosuna istədiyini
dərc etməyə imkan verir, Yaxın Şərqdə hava hücumlarına cəlb olunmuş
və Orta Şərqdə münasibətləri pisləşən ABŞ-dan müttəfiq ölkələr də
uzaqlaşacaq. Buna görə də ABŞ Konqresi vergi ödəyicilərinin
pullarının müttəfiq xalqlara hücum üçün istifadə edilməsini
dayandırmalıdır. Bu, Amerikanın tanınmış jurnalistinin
mövqeyidir.
Bunun əksinə olaraq, Azərbaycanda bəzi siyasiləşmiş QHT-lərin
xarici dairələrə agentlik kimi səciyyələndirilə biləcək fəaliyyəti
də hiddət doğurmaya bilməz. Sülh və Demokratiya İnstitutu,
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Hüquq
Maarifçiliyi Cəmiyyəti, Seçkilərin Monitorinqi və Demokratiyanın
Tədrisi Mərkəzi və bu kimi digər təşkilatlar yüksək qrantlar
müqabilində, insan hüquqlarının müdafiəsi adı altında xarici
təşkilatlara, dairələrə donoslar göndərməklə, Azərbaycanın üzvü
olduğu beynəlxalq təşkilatlarda ölkəmizə qarşı kampaniyalar təşkil
etməklə məşğuldurlar. Bu şəbəkənin əsas fəaliyyət istiqamətlərindən
biri də Azərbaycan dövləti, hakimiyyətin siyasəti haqqında müsbət
mövqedə olan və müsbət fikirlər səsləndirən ictimaiyyət
nümayəndələrini, ziyalıları, habelə Azərbaycana dost münasibəti
olan xarici təşkilatları, ekspertləri gözdən salmaq, onlara qarşı
inamsızlıq yaratmaqdır. İctimaiyyətimiz dəfələrlə onların xaricdə
Azərbaycana qarşı səsləndirilən və ya xarici mediada Azərbaycanın
əleyhinə dərc olunan mənfi fikirləri, materialları necə "sevinclə"
qarşıladıqlarının, yaxud da ölkəmizin beynəlxalq arenada növbəti
uğurundan necə məyus hala düşdüklərinin şahidi olub.
Baxın, Əkrəm Əylislinin məlum ermənipərəst "Daş yuxular" yazısı
Azərbaycan ictimaiyyətinin hiddətinə, vətəndaşların kəskin
etirazlarına səbəb olduğu halda, bəzi müxalif qruplar və məlum
antiazərbaycan şəbəkə onun müdafiəsinə qalxmış, guya Azərbaycanda
insanların öz fikirlərinə görə təzyiq və təqiblərə məruz qaldığı
iddia etmiş, xarici təşkilatlara müvafiq donoslar göndərmişlər.
Sülh və Demokratiya İnstitutu adlı qurumun rəhbəri Leyla Yunus
erməni xüsusi xidmət orqanları ilə işbirliyində, dövlətə xəyanətdə
və digər cinayətlər törətməkdə şübhəli bilinərək həbs olunur,
müxalif dairələr və məlum şəbəkə isə onun müdafiəsini təşkil
edirlər.
Bütün bunlar təkcə Azərbaycan hakimiyyətinə qarşı deyil,
Azərbaycan xalqına qarşı düşmənçilik və milli xəyanətdir. Onların
bu fəaliyyəti Ermənistanın və erməni lobbisinin Azərbaycana qarşı
apardığı informasiya müharibəsinə əlavə nəfəs verir, düşmənin
mövqeyinin güclənməsinə xidmət edir. Ən əsası, ölkəmizin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli
istiqamətində apardığı ardıcıl, fəal diplomatiyanı gözdən salmaq
məqsədi güdür.
Azərbaycan bütün resurslarını bir hədəfə yönəltməklə Ermənistan
və erməni lobbisi ilə informasiya müharibəsində üstünlüyü ələ
almağa nail olmuş, BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası,
Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu
qurumlar, aparıcı dövlətlər də daxil olmaqla bir çox ölkələr
Ermənistanın işğalçılıq siyasətini pisləyən və Azərbaycanın
torpaqlarını azad etməyi tələb edən qərar və qətnamələr qəbul edib.
Son illər Azərbaycanın səyləri nəticəsində ABŞ-ın bir çox ştatı,
dünyanın 10 ölkəsi Xocalı soyqırımını tanıyıb. Lakin Ermənistanın
Azərbaycana qarşı bütün resurslarının tükəndiyi, heç bir mübarizə
potensialının, arqumentinin qalmadığı bir vaxtda isə daxili
antimilli ünsürlər, Vətəni satanlar, müxalifətə yaxın QHT-lər və
media öz xalqına, dövlətinə qarşı xəyanət yolu tutaraq düşmənlə
işbirliyinə gedir və onun mövqeyini gücləndirməyə çalışır.
Onlar belə satqınlıq, düşmənçilik yolundan geri çəkilməlidirlər
və öz şəxsi və korporativ maraqlarını Azərbaycanın milli
mənafelərindən, dövlətimizin nüfuzundan üstün tutmamalıdırlar. Əks
halda cəmiyyətin kəskin qınağına məruz qalacaq, qanunları
pozduqlarına, yalan məlumat yaydıqlarına, agent fəaliyyəti
göstərdiklərinə görə müvafiq qaydada məsuliyyətə cəlb
olunacaqlar.
Hazırda cəmiyyətimiz qarşısında duran ən ağrılı problem –
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli,
beynəlxalq hüquq normalarına uyğun həllidir. Beynəlxalq birliyin
susqunluğu, ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti nəticəsində
Ermənistan 20 ildən artıqdır ki, Azərbaycan ərazilərini işğal
altında saxlayır, BMT-nin müvafiq qətnamələrini, digər beynəlxalq
təşkilatların qəbul etdiyi sənədləri icra etməkdən boyun qaçırır.
Məhz cəzasızlıq mühiti, beynəlxalq birliyin oxşar işğal faktlarına
ayrı-seçkiliklə yanaşması Ermənistanı qoşunların təmas xəttində
atəşkəsi pozmağa, çoxsaylı insan ölümünə səbəb olan diversiya
cəhdlərinə sövq edir.
Məlum olduğu kimi, avqustun əvvəlində erməni kəşfiyyat-təxribat
qrupları Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların
təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə
basqınlar edib, nəticədə Azərbaycan Ordusunun hərbçiləri həlak
olub, ermənilər isə dəfələrlə çox itki verərək geri çəkilməyə
məcbur olublar. Bu hadisə Azərbaycan Silahlı Qüvvələrinin
qüdrətini, gücünü, istənilən mürəkkəb vəzifəni müvəffəqiyyətlə icra
etmək bacarığını əyani şəkildə nümayiş etdirməklə yanaşı, həm də
hərbi əməliyyatların intensivləşməsi şəraitində cəmiyyətdə mövcud
olan bəzi narahatedici məqamların qabarmasına şərait yaratdı.
Burada söhbət konkret olaraq bəzi kütləvi informasiya
vasitələrinin, xüsusilə internet informasiya resurslarının
Azərbaycan qanunlarının tələblərinə məhəl qoymadan, qeyri-peşəkar,
bəzi hallarda isə ermənilərin maraqlarına uyğun fəaliyyətindən,
habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə
məsul olan struktur bölmələrinin yaranmış situasiyada milli
maraqlara zidd, qeyri-adekvat davranışından gedir.
Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda
hərbi əməliyyatlar alovlanan zaman hakimiyyət nümayəndələrinin,
ayrı-ayrı "ekspertlərin", kütləvi informasiya vasitələrinin
qeyri-peşəkar, qanunlara və milli maraqlara zidd, bəzi hallarda isə
bilərəkdən təxribatçı fəaliyyətinin hansı ağır fəsadlara səbəb
olduğunu unutmayıb. O vaxt məhz cəmiyyətdə hökm sürən xaosun,
özbaşınalığın nəticəsi idi ki, bəzən Azərbaycan silahlı
birləşmələrinin əməliyyat planı əvvəlcədən qəzet səhifələrində
müzakirə olunur, hərbi arsenalın həcmi, texniki göstəriciləri,
hərbi hissələrin zəif və ya güclü olduğu mövqelər, düşmənlə üzbəüz
dayanmış yaşayış məntəqələrində əhalinin sayı və əhval-ruhiyyəsi
dəqiqliklə təsvir edilirdi. Düşmən kəşfiyyatı heç bir əziyyətə
qatlaşmadan, sadəcə dövri mətbuatı, antiazərbaycan xəttini
yürüdənlərin hazırladığı telesüjetləri izləməklə özünə lazım olan
informasiyanı əldə edə bilirdi. Çox güman ki, düşmən kəşfiyyatına
belə şəffaf olmağın hansı acı nəticələrə gətirib çıxardığını xüsusi
olaraq bir daha xatırlatmağa ehtiyac yoxdur. Lakin belə halların
bir daha təkrarlanmaması üçün mövcud problemlər və onların aradan
qaldırılması yolları barədə açıq danışmaq zərurəti yaranmışdır.
Bu gün də ayrı-ayrı "ekspertlər" Azərbaycan Silahlı Qüvvələrinin
hərbi arsenalının say və texniki göstəricilərini mediada fəal
müzakirə edir, KİV-lər ordunun ali komanda heyəti barədə şayiələr
yayır, dövlətin hərbi sahədə siyasəti haqqında həqiqətə uyğun
olmayan, qərəzli məlumatlar dərc edirlər. Məsələn, özünü "hərbi
ekspert" kimi təqdim edən ehtiyatda olan polkovnik-leytenant Üzeyir
Cəfərov, vaxtilə korpus komandiri olmuş, hazırda isə xarici
ölkələrdən birində yaşayan İsa Sadıqov qərəzli, heç bir əsası
olmayan iddialarla çıxış edir, silahlı qüvvələri, onun rəhbərliyini
hədəfə götürür, müstəqillik dövründə milli ordu quruculuğu
sahəsində görülmüş işləri gözdən salmağa çalışır və öz açıqlamaları
ilə düşmənin maraqlarına xidmət edirlər. "Azadlıq" qəzeti,
"Azadlıq" radiosu və bir sıra digər KİV-lər onların qərəzli
iddialarına geniş yer verir və bu tipli çirkin, antimilli
fəaliyyətin iştirakçısına çevrilirlər.
Mən bugünkü toplantıda konkret ad çəkə bilərəm. Lakin düşünürəm
ki, dəfələrlə Prezident Administrasiyasından xəbərdarlıq almış
resursların rəhbərləri kimdən söhbət getdiyini başa düşəcəklər.
Bəzi media qurumları Milli Orduda döyüş şəraitində həlak olmuş və
ya yaralanmış hərbi qulluqçular haqqında məlumatların
ictimailəşdirilməsi üzrə "ixtisaslaşıblar". Son hadisələr zamanı
informasiya agentliklərindən biri Müdafiə Nazirliyinin rəsmi
açıqlamasını gözləmədən şəhid olmuş hərbi qulluqçular haqqında özəl
kanallarla əldə etdiyi, əsasən də yanlış məlumatlar əsasında
xəbərlər yayıb. Bəzi saytlar isə bütün mümkün sərhədləri aşaraq
həlak olanların sayı barədə fantastik rəqəmlər səsləndiriblər. Belə
canfəşanlıq bir çox hallarda yanlış informasiyanın dövriyyəsinə və
anlaşılmazlıqların yaranmasına səbəb olur. Digər tərəfdən isə
Azərbaycan Ordusunu nüfuzdan salır, cəmiyyətdə ona inamsızlıq
yaradır. Biz görməmişik ki, ermənilər bu yolla getsinlər, belə
halları geniş yaysınlar. Əksinə, onlar hər vəchlə ordunun nüfuzunu
qaldırırlar, hətta itkilərini belə gizlədirlər.
Avqustun 7-də Tovuz rayonunda ermənilərin kəşfiyyat-diversiya
qrupunun zərərsizləşdirilməsi və Karen Petrosyan adlı diversantın
yaxalanması ilə bağlı agentliklərin və Müdafiə Nazirliyinin
yaydıqları məlumatlar arasında yaranmış ziddiyyətləri buna misal
kimi göstərmək olar. Lakin rəsmi orqanların müvafiq
xəbərdarlıqlarından heç bir nəticənin çıxarılmaması KİV
əməkdaşlarının məsuliyyətsizliyindən kifayət qədər ciddi xəbər
verir.
Yeni bir fakt: digər bir sayt Müdafiə Nazirliyinin açıqlamasını
gözləmədən avqustun 26-da Qazax rayonunun Kəmərli kəndində növbəti
erməni diversantının saxlanması haqqında düzgün olmayan, səhv
məlumat yayıb. Onun ardınca başqa saytlar dərhal bu məlumatı
səhifələrinə yerləşdiriblər. Prezident Administrasiyasının
müdaxiləsindən sonra həmin məlumat saytlardan çıxarılıbdır. Lakin
bir neçə saat keçdikdən sonra həmin məlumat yenidən saytların
birində yerləşdirilib və digər resurslar da, hətta xəbərdarlıq
olunmuş saytlar da onu təkrar veriblər. Bu məsələ bizim
tərəfimizdən araşdırılıb və rayon icra hakimiyyətinin Kəmərli kəndi
üzrə nümayəndəsi bu məlumatı yaydığına görə vəzifəsindən azad
olunub. O, məlumatı diversantın verdiyi informasiya həcmində yayıb
və bununla da, faktiki olaraq, erməni tərəfinə müəyyən sirləri
çatdırıb. Bundan sonra belə faktların qarşısını almaq üçün biz
ciddi tədbirlər görəcəyik.
Açıq deməliyəm, bir sıra informasiya resursları bir tərəfdən
Ermənistan kəşfiyyatı üçün məlumat ötürücüsünə çevrilir, digər
tərəfdən də düşmənin Azərbaycan əleyhinə apardığı mənəvi-psixoloji
müharibəyə "töhfə" verərək həm əsgərlər, həm də əhali arasında
çaşqınlıq, ruh düşkünlüyü yaranmasına səbəb olurlar.
Məsələn, avqustun əvvəllərində bəzi saytlar Ermənistanla sərhəd
zonalarında azərbaycanlıların yaşayış yerlərini tərk etdiyi barədə
yanlış informasiya yaydılar və bununla da əhali arasında çaşqınlıq
yaranmasına xidmət etdilər. Nəşrlərdən biri isə sərhədyanı
zonalarda yaşayan əhalini ruhlandırmaq əvəzinə, süni şəkildə sosial
problemləri, təhlükəsizlik məsələlərini qabardaraq, əhalinin həmin
əraziləri tərk etməsi üçün təbliğat aparıb. Bu yolu tutanlar
bilməlidirlər ki, onlar Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyətə cəlb oluna
bilərlər.
Təəssüf ki, yalnız Facebook, Tvitter, Youtube kimi beynəlxalq
şəbəkələr, BBC, "Amerikanın səsi", "Azadlıq" radiosu kimi bəzi
beynəlxalq media brendlərinin yerli nümayəndəlikləri deyil, hətta
bir sıra hallarda Azərbaycan KİV-ləri də xalqımıza qarşı necə
amansız psixoloji müharibə aparıldığını unudaraq, düşmən mediasının
təxribat xarakterli məlumatlarını olduğu kimi tirajlayırlar. Bəzi
informasiya resurslarının belə məlumatları olduğu kimi yayması
qəbuledilməzdir və düşmən erməni təbliğatının düşünülmüş qaydada
Azərbaycan ictimai rəyinə yeridilməsindən başqa bir şey deyildir.
Qəzəbləndirici hal ondan ibarətdir ki, bir sıra KİV-lər isə düşmən
kəşfiyyatı üçün açıq informasiya mənbəyi rolu oynayırlar.
Məsələn, bir neçə gün əvvəl Ağstafada-sərhəd bölgəsində
Azərbaycanın hərbi texnikasının hərəkəti ilə bağlı qeyri-peşəkar
mülki şəxs tərəfindən çəkilmiş şəkillər və videosüjet ölkənin
aparıcı KİV-lərinə göndərilmiş və dərhal da onlar tərəfindən
tirajlanmışdır. Yaxud da mülki şəxslərin öz təşəbbüsləri ilə
qoşunların təmas xəttini keçərək işğal altında olan doğma
torpaqlarına getmələri və yaxalanmaları ətrafında Ermənistan
KİV-lərinin qaldırdığı ajiotajı xatırlamaq kifayətdir. Azərbaycanın
bəzi internet resursları erməni mənbələrinə istinadən həmin
şəxsləri "diversiya qrupu" kimi təqdim etdi. Bütün bunların
məntiqini anlamaq olduqca çətindir. Bu, yumşaq desək,
qeyri-peşəkarlıqdır, hüquqi məsuliyyətsizlikdir, mənəvi baxımdan
isə düşmən dəyirmanına su tökməkdir. Biz düşmənə "can yandıran"
"hüquq müdafiəçilərinin" fəaliyyətinin məqsədləri və nəticələri
haqda hüquq mühafizə orqanlarının ilkin açıqlamalarından
məlumatlıyıq.
Bəs bəzi KİV-lərin son hadisələr zamanı nümayiş etdirdiyi
davranışa necə qiymət verilməlidir? Bunun səbəb və məqsədləri
nədir? Bunlar ilk növbədə Azərbaycanın jurnalist ictimaiyyətini
narahat etməli, bu sualların cavabları tapılmalı, prinsipial qiymət
verilməli və belə məsuliyyətsiz əməllərin aradan qaldırılması üçüm
ciddi tədbirlər görülməlidir.
Qeyd edilməlidir ki, bütün kəskinliyi ilə müşahidə olunan bu
problemin başlıca səbəblərindən biri də KİV-lər arasında olan
rəqabət mühitinin mövcudluğudur. Əlbəttə, KİV-lər də sahibkarlıq
subyektləridir, onların istehsal etdiyi məhsul isə informasiyadır.
Bazar iqtisadiyyatı şəraitində bütün sahələrdə olduğu kimi, KİV-lər
arasında da sağlam rəqabət təqdirəlayiq haldır. Ancaq bu rəqabət
keyfiyyətsiz, qeyri-obyektiv, müxtəlif mənbələrdən
dəqiqləşdirilməmiş, qərəzli, qanunların tələblərinə, milli
maraqlara zidd məhsulun istehsalı və yayımı hesabına
aparılmamalıdır. Son vaxtlar dövri mətbuatda, xüsusilə də elektron
mediada bu tipli materialların sayı artıb və dözülməz səviyyəyə
çatıb. Əsası olmayan, plagiat, ilkin mənbənin göstərilməməsi,
"etibarlı", "məlumatlı mənbə"lərə istinad da bu problemdən
qaynaqlanır. Bu qərəzli işdə əsasən də müxalifət qəzetləri və
saytları seçilirlər. Birincilik uğrunda mübarizə peşəkarlıq,
operativlik, dəqiqlik, obyektivlik, qərəzsizlik, qanunlara hörmət
və dövlətə, milli maraqlara sadiqlik prinsipləri üzərində
qurulmalıdır.
Son hadisələr də nəzərə alınmaqla kütləvi informasiya
vasitələrinin yaydıqları qanunazidd məlumatları aşağıdakı kimi
təsnifləşdirmək olar:
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin strateji,
operativ və səfərbərlik üzrə yerləşdirilməsi, onların döyüş və
səfərbərlik hazırlığı haqqında məlumatların yayılması;
- silah və hərbi texnika nümunələrinin taktiki-texniki
xarakteristikaları və döyüşdə tətbiqi imkanları haqqında
məlumatların yayılması;
- milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi
əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq
və müdafiə olunma dərəcəsi haqqında məlumatların yayılması;
- qoşunların dislokasiyası, hərəkəti, həqiqi adları, təşkilati
strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı, həmçinin
hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında məlumatların
yayılması;
- Azərbaycan Respublikasının digər dövlətlərlə hərbi,
elmi-texniki və başqa sahələrdə əməkdaşlığı haqqında məlumatların
yayılması;
- kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti
sahəsində məlumatların yayılması;
- rəsmi instansiyaların açıqlamalarını gözləmədən cəbhə
xəttindəki insidentlər haqqında təhrif olunmuş və yanlış
məlumatların yayılması;
- həlak olmuş və yaralanmış hərbi qulluqçular haqqında
şişirdilmiş məlumatların təqdim olunması;
- həlak olmuş hərbi qulluqçuların adları və soyadları,
rütbələri, həlak olma şəraiti haqqında məlumatların yayılması;
- sərhəddə və qoşunların təmas xəttində Azərbaycan Silahlı
Qüvvələrinin mövqeləri haqqında məlumatların yayılması;
- hərbi hissələrin komandirləri, rəhbər vəzifəli şəxsləri
haqqında məlumatların açıqlanması və s.
Qeyd edilməlidir ki, bu məlumatların tam əksəriyyəti "Dövlət
sirri haqqında" Azərbaycan Respublikası Qanunu ilə mühafizə olunur
və həmin qanunun 5-ci maddəsinə əsasən onların yayılması
qadağandır. Qanunun tələbinə əsasən dövlətin hərbi, xarici-siyasi,
iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti
ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması
Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən
məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir. Həmin qanun
dövlət sirrini mühafizə etməyə məsul şəxsləri və icra
strukturlarını, hərbi sirr təşkil edən məlumatları sadalayır, eyni
zamanda, milli qanunvericiliyimiz bu sirrin açılmasına görə
məsuliyyət müəyyən edir.
Sual olunur: belə halların təkrarlanmaması üçün hansı əməli
addımlar atılmalıdır?
Beynəlxalq praktikaya müraciət etsək, görərik ki, hətta inkişaf
etmiş demokratik ölkələrdə belə hərbi əməliyyatlar, sosial
gərginlik və digər oxşar hallarda hakimiyyət medianın informasiyaya
çıxışını, informasiya əldə etmək və yaymaq hüququnu sərt şəkildə
məhdudlaşdırır. 2013-cü il oktyabrın 30-da Böyük Britaniya
Kraliçası II Elizabet Birləşmiş Krallıqda medianın əxlaq kodeksinə
əməl edilməsi mexanizmini müəyyənləşdirən Kral Xartiyasını
imzalayıb. Yeni qaydalara görə, Britaniya KİV-ləri jurnalistlərin
etik normalara riayət etməsini tənzimləyən qurum yaratmalıdır.
Həmin tənzimləyici qurum etik normaların pozulması faktını
aşkarladığı media orqanını 1 milyon funt sterlinq məbləğində
cərimələyə bilər. Üstəlik, bu tənzimləyici qurumun işinə nəzarət
edən xüsusi rəsmi dövlət orqanı da formalaşdırılır.
Türkiyədə "Gəzi hadisələri"ndən və "İmralı protokolları" olduğu
iddia edilən sənədlərin mətbuata sızdırılmasından sonra keçirlimiş
toplantılarda KİV-lərin fəaliyyətinə nəzarət edəcək tənzimləyici
qurumun yaradılması haqda təkliflər səsləndiyi məlumdur.
II Körfəz müharibəsi zamanı ABŞ-ın dövlət katibi Kolin Pauell
Qətər dövlətindən "Əl-Cəzirə" telekanalının müharibə haqqında
informasiyalarına nəzarət edilməsini xahiş etmişdi. Bu il avqustun
9-da ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində polisin qaradərili
gənci öldürməsi geniş etirazlara səbəb oldu. ABŞ hakimiyyətinin
həyata keçirdiyi tədbirlər göstərdi ki, bu ölkədə sosial narazılığı
artıran materiallardan söhbət getdikdə, media əməkdaşlarının
informasiya əldə etmək və yaymaq hüququ daha sərt şəkildə
məhdudlaşdırılır, jurnalistlər təzyiqlərə, həbslərə məruz
qalırlar.
Başqa bir problem kimi beynəlxalq miqyasda fəaliyyət göstərən
sosial şəbəkələrdə qeyri-obyektiv, qanunazidd informasiyaların
yayılmasını göstərmək olar. Məlumdur ki, bir sıra hallarda sosial
şəbəkələr yayılması qanunla qadağan olunmuş informasiyanın mənbəyi
rolunda çıxış edir, sonra isə həmin məlumatlar internet media
tərəfindən tirajlanır. Artıq Fransa, Böyük Britaniya, son illər isə
Türkiyə nümunəsindən bəlli olduğu kimi Youtube, Google, Tvitter,
Facebook kimi sosial şəbəkələrin ölkə qanunvericiliyinin
tələblərinə uyğun fəaliyyətini təmin etmək məqsədilə məhkəmə
prosesləri keçirilib və bu məhkəmələr qanunlara uyğun hökmlər
çıxarıblar. Eyni zamanda, həmin şəbəkələrə cəmiyyətin
təhlükəsizliyinin təmin olunması ilə bağlı müvafiq xəbərdarlıq
edilib. Həmçinin kəşfiyyat xarakterli, cəmiyyətdə gərginlik yarada
biləcək məlumatların sızmasını önləmək məqsədilə həmin ölkələrdə
sosial şəbəkələrə qarşı daha sərt addımların atılması faktları da
mövcuddur.
Məsələn, 2011-ci ildə Böyük Britaniyada iğtişaşlar zamanı
Facebook və Tvitter sosial şəbəkələrinə giriş məhdudlaşdırıldı.
2013-cü ildə İstanbulda baş vermiş kütləvi qarşıdurma ilə əlaqədar
Türkiyə hökuməti Tvitterə qarşı analoji məhdudiyyətin tətbiq
olunması ilə bağlı qərar çıxardı.
Qeyd olunmalıdır ki, Azərbaycan Prezidentinin 1998-ci il 6
avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və
digər KİV-lərdə dövlət sirlərini mühafizə edən baş idarə ləğv
edilib. Bununla hərbi senzuranın tətbiq edilməsi haqqında
Azərbaycan Prezidentinin 1992-ci il 16 aprel tarixli Fərmanı və
bütün informasiya yayımı üzərində nəzarəti nəzərdə tutan 1993-cü il
15 aprel tarixli Sərəncamı qüvvəsini itirib. Eyni zamanda, 2000-ci
ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub və dövlətin
mətbuat üzərində nəzarət funksiyasından imtina edilib. Əlbəttə,
Azərbaycan hakimiyyəti indiki mərhələdə keçmişə qayıtmaq, həmin
orqanların fəaliyyətini bu və ya digər formada bərpa etmək
niyyətində deyil. Eyni zamanda, internet mediada, sosial
şəbəkələrdə Azərbaycan haqqında, tanınmış ictimaiyyət nümayəndələri
barədə yanlış məlumatların, habelə hərbi hissələrimizin
dislokasiyası, əsgər postları, cəbhə bölgəsindəki yaşayış
məntəqələri, silahlı qüvvələrimizin texniki göstəriciləri, eləcə də
hərbi sirri özündə ehtiva edən və cəbhə bölgəsində
dəqiqləşdirilməmiş materialların yayılmasına da laqeyd qala
bilmərik.
2007-ci ildə təsdiq olunmuş Azərbaycan Respublikasının Milli
Təhlükəsizlik Konsepsiyasında qeyd olunmuşdur ki, Azərbaycan
Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə
etməklə öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycan Respublikasının
milli təhlükəsizlik siyasətinin ən ümdə vəzifəsidir. Buna görə də,
formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın
müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu
əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən
cəmiyyətin informasiya təhlükəsizliyini təhdid edən hallara qarşısı
hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm
ki, atılacaqdır.
Müasir dövrdə vahid informasiya məkanının mövcud olduğu şəraitdə
medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər
şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda
səfərbər etməkdir. KİV-lər Azərbaycanın konstitusiya quruluşu,
ərazi bütövlüyü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi,
milli təhlükəsizlik və digər bu kimi məsələlərdə kifayət qədər
həssas davranmalı, cəmiyyətə milli təəssübkeşliyin nümunəsini
təqdim etməli, onun obyektiv və operativ informasiya ehtiyacını
ödəmək missiyasını milli maraqlarla uzlaşdırmalıdırlar.
Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda
prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca elementlərini təşkil
etməlidir.
Azərbaycan KİV-ləri öz zəngin tarixi ənənələrinə sadiq qalaraq
cəmiyyətdə, xüsusilə gənc nəsildə Vətən sevgisi hisslərinin dərin
kök salmasına çalışmalıdırlar. Acınacaqlı haldır ki, milli
KİV-lərimiz bu vacib məsələyə diqqət ayırmır və maraq göstərmirlər.
Mətbuat işıqlı simaların timsalında insanlara mənəvi saflıq
aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına öz
dəyərli töhfəsini verməlidir. Hesab edirəm ki, bu amal onların
fəaliyyətinin əsasını təşkil etməlidir. Eyni zamanda, Azərbaycan
jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli
şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və
məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə
alınmalıdır.
Son 11 ildə ölkəmiz hər bir xalqın fəxr edə biləcəyi inkişaf
yolu keçib. Azərbaycanın inkişaf modeli dünyanın aparıcı iqtisadi,
siyasi mərkəzləri, ölkəmizə səfər edən xarici dövlət və hökumət
başçıları, rəsmi şəxslər, sıravi vətəndaşlar tərəfindən yüksək
qiymətləndirilir və təqdir olunur. Əlbəttə, bütün bunlar Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və onun komandasının
məqsədyönlü, milli maraqlara hesablanmış praqmatik siyasətinin
nəticəsində mümkün olub. Hesab edirəm ki, Azərbaycanın kütləvi
informasiya vasitələri ölkədə görülən işləri, cənab Prezidentin
həyata keçirdiyi uğurlu siyasəti daha geniş və obyektiv şəkildə
işıqlandırmalıdırlar.
Məsələnin digər tərəfi dövlət orqanlarının informasiyanın
verilməsinə məsul struktur bölmələrinin fəaliyyətində müşahidə
olunan çatışmazlıqlardır. Xatırlatmaq istərdim ki, 2005-ci ildə
Avropa Şurası və ATƏT ekspertlərinin, yerli QHT-lərin yaxından
iştirakı ilə hazırlanmış və qəbul edilmiş "İnformasiya əldə etmək
haqqında" Qanun hazırda Avropada ən mütərəqqi qanunvericilik
nümunələrindən biri hesab olunur. Qanun Azərbaycan Respublikası
Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə
etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə,
açıq cəmiyyətin və demokratik dövlətin prinsipləri əsasında təmin
edilməsinin hüquqi əsaslarını müəyyənləşdirir. Bununla yanaşı,
ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən
nəzarət olunmasına şərait yaradır, habelə informasiyanın əldə
edilməsinin əsas prinsiplərini, dövlət orqanlarının informasiyanın
verilməsinə məsul struktur bölmələrinin vəzifələri və
funksiyalarını, fəaliyyət istiqamətlərini müəyyənləşdirir.
Ötən müddət ərzində müvafiq qanunun implementasiyası məqsədilə
ciddi addımlar atılmış, dövlət orqanlarının informasiyanın
verilməsi funksiyasını yerinə yetirən struktur bölmələrinin və
məsul şəxslərinin fəaliyyəti təşkil olunub və təkmilləşdirilib.
Dövlət orqanlarının internet informasiya resurslarında qanunda
nəzərdə tutulmuş məlumatların və operativ informasiyaların
yerləşdirilməsi onların fəaliyyətini daha da şəffaflaşdırıb,
cəmiyyət və KİV-lərin informasiya əldə etmək imkanlarını
genişləndirib.
Müstəqil təşkilatların apardığı monitorinqlərin nəticələri
göstərir ki, 2005-ci illə müqayisədə dövlət orqanlarının
informasiya sahəsində fəaliyyətində ciddi irəliləyiş baş verib,
bəzi strukturların internet saytlarının zəruri və operativ
informasiya təminatı 70-80 faizədək yüksəlib, mətbuat xidmətləri
ilə KİV-lər arasında sıx əməkdaşlıq əlaqələri yaranıb.
Lakin etiraf etməliyik ki, bəzi dövlət orqanları hələ də bu
sahədə fəaliyyətini qanunun tələblərinə uyğun qura bilməmişlər. Bir
çox mətbuat xidmətləri qarşıda duran vəzifələri düzgün dərk etmir,
təmsil etdiyi strukturun fəaliyyətini ictimaiyyətə lazımınca
çatdırmağa səy göstərmir, KİV-lə işi səmərəli qura bilmirlər.
Nəticə etibarilə haqqında söhbət açdığımız son hadisələri də nəzərə
almaqla, deyə bilərik ki, dövlət orqanı ictimai maraq kəsb edən
hadisəyə dövlətin marağına uyğun, operativ, dolğun reaksiya
verməyəndə müxtəlif şayiələrin yaranması və dövriyyəsi üçün
əlverişli şərait yaranır. Bu isə ümumilikdə cəmiyyəti çaşdırır,
dövlətin imicinə mənfi təsir edir, fantastik və ağlasığmaz
iddiaların meydana gəlməsinə imkan yaradır.
Qeyd edilməlidir ki, 2006-cı ildə dövlət orqanlarının
informasiyanın verilməsinə məsul struktur bölmələrinin rəhbərləri
ilə görüş keçirilib, onların fəaliyyəti təhlil olunub, mövcud
nöqsanlar müəyyənləşdirilib və problemlərin aradan qaldırılması
üçün tapşırıqlar, tövsiyələr verilib, sirkulyar hazırlanaraq
paylanıb. Buna görə də mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı
məsələlərdə xüsusi dayanmağa ehtiyac yoxdur. Bununla yanaşı,
xatırlatmaq istərdim ki, dövlət orqanlarının fəaliyyəti, baş vermiş
hadisələrlə bağlı cəmiyyətin doğru-dürüst və operativ
məlumatlandırılması və digər vacib vəzifələrin həyata keçirilməsi
üçün informasiya sahiblərinin, konkret olaraq mətbuat xidmətlərinin
və ictimaiyyətlə əlaqə idarələrinin üzərinə ciddi məsuliyyət düşür.
Onlar səlahiyyətlərinə aid məsələlər üzrə dövlət siyasətini
müntəzəm izah etməli, qəbul edilən və hazırlanan qərarların
mahiyyəti üzrə açıqlamalar verməli, qeyri-obyektiv, qərəzli və
dezinformasiya xarakterli iddiaları tutarlı cavablandırmalı, öz
fəaliyyətlərini operativlik, sistemlilik, müntəzəmlik, dəqiqlik,
dolğunluq və əlaqəlilik prinsipləri üzərində qurmalıdırlar.
Ümidvaram ki, vəziyyətin təhlili, nöqsanların
müəyyənləşdirilməsi, onların aradan qaldırılması üçün verilən
tövsiyələr qarşıdan gələn dövrdə həm informasiya sahiblərinin, həm
də KİV-lərin qanunauyğun və səmərəli fəaliyyətinin tənzimlənməsinə
öz müsbət təsirini göstərəcəkdir. Unutmaq lazım deyil ki,
vəzifəsindən, mövqeyindən, sosial statusundan asılı olmayaraq, hər
bir Azərbaycan vətəndaşı vahid amal uğrunda – Azərbaycanın
inkişafı, ümummilli problemlərin həlli, dövlət və milli maraqların
təmin olunması üçün bütün qüvvəsini səfərbər etməyə və var gücü ilə
çalışmağa borcludur.