"Jurnalist, ümumiyyətlə, məlumat verdiyi zaman faktlara
əsaslanmalıdır. Hərbi sahədə olan məlumatlarda isə buna xüsusi
diqqət verməlidir".
Bu sözləri Axar.az-a açıqlamasında media eksperti Zeynal
Məmmədli Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sirri ilə
bağlı məlumatların yayılmaması barədə son sərəncamını şərh edərkən
söyləyib. O, jurnalist yanlışlarının əksər vaxt dövlət qurumlarının
mətbuata məlumat verməməsindən qaynaqlandığını da bildirib:
"Azərbaycanın hazırkı durumunu hamımız anlamalıyıq. Jurnalist,
ümumiyyətlə, məlumat verdiyi zaman faktlara əsaslanmalıdır. Hərbi
sahədə olan məlumatlarda buna xüsusi diqqət verməlidir. Ancaq
unutmaq lazım deyil ki, mətbuatın doğrunun açılmasına xidmət edən
yalan siyasəti də var. Yəni siz heç bir açıqlama ala bilməsəniz,
ictimai aktuallığı nəzərə alıb məlumatı yayırsınız. Bu məlumat
yanlış çıxsa belə onu təkzibləyərkən böyük bir həqiqətin üstü
açılmış olur.
Amma bu praktikanı heç bir halda hərbiyə aid etmək olmaz. Hərbi
məlumatlar istisnadır. Jurnalistlər xüsusilə bu sahədə olduqca
diqqətli olmalıdır. Həmçinin dövlət qurumları da bu sahədə
jurnalistlərə dəstək verməlidir. Xatırlayırsızsa, bu məqam PA
rəhbərinin təşkil etdiyi toplantıda da vurğulandı və mətbuat
xidmətləri ilə bağlı xüsusi tapşırıq verildi. Gərək Müdafiə
Nazirliyinin Mətbuat Xidməti jurnalistlərlə daha yaxşı işləsin.
Jurnalistlər konfliktləri dərinləşdirməməlidir, mətbuat xidmətləri
isə onlara müraciət edildiyi an media qurumu ilə əlaqəyə keçməli və
sıx işləməlidir. Jurnalistlər olanlara xəbər verməli, rəsmi
qurumlar isə buna münasibət bildirməlidir. Təkcə jurnalistlər
deyil, dövlət qurumları da hərbi və dövlət sirri, prezidentin
imzaladığı sərəncamla bağlı ciddi düşünməlidir. Yəni mediaya
yönəlik bu sərəncam təkcə jurnalistlərə aid deyil. Bütün
informasiya daşıyıcılarına və mənbələrə aiddir".
"Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı isə əsas
məsələnin mediaya inamı geri qaytarmaqdan ibarət olduğunu
söyləyib:
"Biz sosial şəbəkəni media adlandırırıq. Ancaq düşünürəm ki,
sosial şəbəkəni media hesab etmək və bir çox məsələlərdə ona
istinad etmək olmaz.
Təbii ki, mediadakı hərc-mərcliyə son qoyulmalıdır. Əsas məsələ
sərəncamın verilməsindən sonra onun həyata keçirilməsi və
işləməsini təmin etməkdir. İcra olunarsa, hesab edirəm, peşəkar
jurnalistikaya, mediaya inamı yenidən bərpa etmək mümkün olar.
Çünki qeyri-rəsmi, bəzən təsdiqlənməyən xəbərlərlə özümüz özümüzü
məhv eləmişik".
Qeyd edək ki, bir müddət öncə Prezident
İlham Əliyev dövlət sirri təşkil edən məlumatların KİV-də və
sosial şəbəkələrdə yayılmasını qadağan edən sərəncam imzalayıb.