"Bakı ilə Aşqabad arasında Xəzərin dibi ilə boru
kəmərinin çəkilməsi reallaşa bilər".
Bu barədə Publika.az-a açıqlamasında sabiq dövlət müşaviri,
politoloq Vəfa Quluzadə deyib.
Onun sözlərinə görə, burda əsas maneə yaradan Rusiyadır: "Rusiya
Xəzərdə ən böyük qüvvədir və ondan başqa ikinci qüvvənin olmasını
istəmir. Kreml düşünür ki, Xəzəryanı ölkələrdən hansısa ABŞ
qüvvələrini dənizə gətirə bilər. Həştərxanda kənar qüvvələrin dəniz
hövzəsinə müdaxilə etməməsi haqqında bəyanat da buna hesablanmışdı.
Lakin bu bəyanatdan başqa bir şey deyil. müqavilə imzalansaydı
başqa, amma bəyanatlara əməl etməmək olar. Hazırki məqamda isə
Amerikanın Xəzərə girməyə ehtiyacı yoxdur. ABŞ nə vaxt arzulasa, o
vaxt Xəzərdə peyda ola bilər".
V. Quluzadə qeyd edib ki, Rusiyanın istəmədiyi və qorxduğu
məsələlərdən biri də Türkmənistan qazının dənizin dibi ilə
çəkiləcək boru kəməri vasitəsilə Bakıya, burdan da Avropaya
çıxmasıdır.
"Lakin Rusiya nə qədər istəməsə belə, bu baş verə bilər. Necə
ki, Bakı-Tbilisi-Ceyhan reallaşdı. O vaxt da Rusiya istəyirdi ki,
bizim neftimiz Bakı-Novosibirskaya xətti ilə getsin, amma BTC
tikildi. BTC yalnız Azərbaycan neftinin yox, bütün Xəzəryanı
ölkələrin neftinin daşınmasına hesablanıb. Bu böyük strategiya
Amerikanındır. Amerika istəyir ki, gələcəkdə Qazaxıstan nefti Çinə
yox, Avropaya axsın. Bunun da ən yaxşı yolu Aktau-Bakı adlı neft
boru kəmərinin BTC-yə doğru çəkilməsidir. Eyni zamanda, qaz
kəmərləri ilə bağlı məsələ də belədir. Yəni, TANAP təkcə "Şahdəniz"
qazını deyil, digər Xəzəryanı ölkələrin, xüsusilə Türkmənistanın
qazını Avropaya daşıyacaq", -deyə politoloq qeyd edib.
V. Quluzadə hesab edir ki, bu baş verəcəksə, Rusiya heç nə edə
bilməyəcək: "Rusiya buna qarşı heç bir hərbi əməliyyat keçirdə
bilməz. Rusiyanın ən böyük əməliyyatı Qarabağ əməliyyatı idi, bu da
BTC-yə qarşı aparıldı. Düzdür, Azərbaycan, Ermənistan, daha sonra
Gürcüstan münaqişə nəticəsində qeyri-stabil ölkəyə çevrildi, amma
BTC reallaşdı və Qərb Azərbaycana da, Gürcüstana da girə bildi.
Yaxın müddətdə Ermənistana da girəcək və bu ölkədə dəyişiklik baş
verəcək".
Xəzərin statusu məsələsinə gəlincə, sabiq dövlət müşaviri deyib
ki, bu geosiyasi xəritədə proseslərin necə inkişaf edəcəyi ilə
bağlıdır.
"Həştərxan sammitində də bu məsələ həll olunmadı, ona görə də bu
sammit ciddi heç nəyi ilə yadda qalmadı. Gələn sammitdə də həll
olunacağını düşünmürəm. Bu daha çox Rusiyanın Ukrayna böhranından
və sanksiyalardan necə çıxacağından asılı olacaq, eləcə də bir sıra
digər məsələlərdən", -deyə V. Quluzadə vurğulayıb.
Qeyd edək ki, Rusiyanın "Nezavisimaya qazeta" Bakıdakı mənbələrə
istinadən xəbər verir ki, Bakı ilə Aşqabad dənizin dibi ilə boru
kəmərinin çəkilməsində razılığa gəliblər.
"Hər iki ölkə lideri Xəzərin dibi ilə boru kəmərinin
çəkilməsinin tərəfdarıdır. Həştərxanda Xəzər sammitinin ardından bu
iclasın keçirilməsi də diqqətdən yayınmır. Ortaq yanaşmaların
tapılması tərəflərə əlavə problemlərə güc sərf etmədən birgə
layihələrin reallaşmasına imkan verir. Hansı ki, burda əsas məsələ
dənizin dibi ilə boru kəmərin çəkilməsi və beləliklə, Avropanın
enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan boru
kəmərlərinin əlavə enerji mənbələri ilə təmin edilməsidir.
Bu marşrut iki ölkə üçün də strateji baxımdan olduqca
əhəmiyyətlidir.
Aşqabad öz qazını dünya bazarlarına çıxarmaq üçün
şaxələndirilmiş marşrutlara üstünlük verir. Hansı ki, türkmən
qazına maraqlı olan Uzaq Şərq alıcıları da var. Bununla yanaşı,
Ukrayna hadisələri fonunda Avropanın qaz problemi kəskinləşir və
türkmən qazı Qərb üçün aktuallığını artırıb. Türkmən qazının
Avropaya ən sərfəli çıxışı isə "Transxəzər" marşurutudur. Belə ki,
Rusiyadan yan keçərək dənizin dibi ilə Bakıya, ordan da bu günlərdə
təməli atılan "Cənub qaz dəhlizi" ilə Türkiyə, Yunanıstan və
İtaliya olmaqla Avropaya çıxarıla bilər.
Artıq rəsmi Bakı Türkmənistan və Mərkəzi Asiya qazına öz
kommunikasiya vasitələrini verə biləcəyini açıqlayıb. Aşqabad isə
öz sərhədləri yaxınlığında qazı satır, gələcək isə onlar üçün
maraqlı görünmür. O da faktdır ki, Türkmənistan Avropa üçün 10
milyard kubmetr qaz ehtiyatı saxlayır. Türkmənbaşı Qurbanqulu
Berdiməhəmmədovun mövqeyi belədir ki, qazın Avropaya çıxması üçün
lazım olan dənizin dibi ilə boru kəmərinin tikintisi yalnız
Xəzəryanı ölkələrin razılığı ilə baş tuta bilər.
Beləliklə, Bakı və Aşqabad bu məsələdə razıdır.
İndi söz Qərbə qalır. Ekspertlərin fikrincə, əgər Avropa lazımlı
siyasi iradə göstərib Rusiya və İranın öhdəsindən gələcəksə, bu baş
tuta bilər. Yəni bu işdə enerji təhlükəsi ilə qarşı-qarşıya qalan
Qərb çalışmalıdır. Bakı və Aşqabad isə öz qazını satır və əlavə
problem istəmirlər", -deyə nəşr qeyd edir.